Məhkəmə qərarları › İş №2-1(112)-8712/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8712/2025

28.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8712/2025 28.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçının vəkili X2, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə müavinətin bərpa olunması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsi çərçivəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbi olmasını əsas götürərək, sosial təminat hüququnun təmin edilməsi və aylıq əlilliyə görə müavinətin bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “X8 xx.xx.2024-cü il tarixdən əlilliyə görə müavinətin ödənilməsi barədə qərar qəbul edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı - xx.xx.1967-ci il təvəllüdlü X10 İran İslam Respublikası vətəndaşıdır. İranda mövcud vəziyyətlə əlaqədar 1995-ci ildə Azərbaycana köçərək, burada qaçqın statusu almışdır. Həmin statusu təsdiq edən Azərbaycan Respublikası tərəfindən verilmiş QV №0000*** identifikasiya nömrəli qaçqın qeydiyyat vəsiqəsinin daşıyıcısıdır. Eyni zamanda BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığınında qeydiyyatdadır. Təxminən 10 ildir ki, əlilliyə görə müavinət alırdı. Beləliklə, artıq 30 ildir ki, Azərbaycan Respublikasında daimi və qanuni əsaslarla yaşayır. İddiaçının dövlət tərəfindən təyin edilən sosial müavinət almasına dövlət orqanları tərəfindən maneçilik yaradılır və bununla, Azərbaycan Respublikası vətəndaşları ilə bərabər olmayan şərait yaradılaraq hüquqları məhdudlaşdırılır. Belə ki, 18 noyabr 2024-cü il tarixdə ona sosial müavinətin təyin edilməsinin mümkün olmaması haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından 3-17-1/2-m- 283040/2024 nömrəli məktub gəlmiş və burada ona İİ dərəcə əlilliyə görə sosial müavinətin təyin edilməsinin mümkünsüz olduğu göstərilmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, həmin Qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, həmin Qanunla Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydalarla aylıq müavinət almaq hüququna malikdir.” Bu qanunvericilik tələbinə istinad edərək, dövlət orqanı iddiaçının Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin olmadığına görə müavinət verilməsindən imtina etmişdir. Belə ki, qeyd olunan məsələ ilə bağlı 20 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir və bu müraciətinə eyni cavab gəlmişdir. 06 fevral 2025ci il tarixli №3-17-1/2-m-26978/2025 saylı cavab məktubunda əks edilmiş imtina cavabı onunla əsaslandırılmışdır ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, həmin Qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, həmin Qanunla Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydalarla aylıq müavinət almaq hüququna malikdir. İddiaçı dövlət tərəfindən qaçqın statusu almış əcnəbi şəxs kimi artıq 32 ildir ki, Azərbaycan Respublikasının ərazisində daimi əsaslarla yaşayır və onun qaçqın vəsiqəsində Azərbaycan Respublikası daimi yaşadığı ölkə kimi göstərilmişdir. Bütün sadalananlar onun Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbi olmağını sübut edir. Beləliklə hazırkı iş üzrə cavabdeh olan inzibati orqan öz öhdəliyini icra etməkdən yayınmış, imtina etmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçı əlilliyə görə müavinətin bərpa olunması ilə bağlı Mərkəzi Filiala müraciət etmiş, qaçqın vəsiqəsi əsasında ona “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinin tələblərinə uyğun olaraq əlilliyə görə sosial müavinətin təyin edilməsi mümkün hesab edilməmişdir. Belə ki, Mərkəzi Filial tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək əlilliyə görə müavinət təyin edilmiş, X5 xx.xx.2025-ci il tarixli qərarı ilə Hasan Mahdavinin Azərbaycan Respublikasının ərazisində daimi yaşama icazəsi olmadığından təyin edilmiş sözügedən müavinətin ödənişi əsassız hesab edilmiş və xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək artıq ödəmə müəyyən edilmişdir. Həmin qərarla iddiaçıya da məlumat verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2025-ci il tarixli, 07/8615 saylı məktubunda qeyd edildiyi kimi, İran İslam Respublikasının vətəndaşı xx.xx.1967-ci il təvəllüdlü Mahdavi Hasana Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixli, QS-013 saylı Qərarla qaçqın statusu verilmiş və o, hazırda Azərbaycan Respublikasında qaçqın statusu əsasında yaşayır. Mahdavi Hasan sonuncu dəfə Dövlət Miqrasiya Xidməti tərəfindən etibarlılıq müddəti xx.xx.2024-cü il tarixindən xx.xx.2026-cı il tarixinədək olan QV 0000*** saylı qaçqın vəsiqəsi ilə təmin edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında"Azərbaycan Respublikasının 1999-cu il 21 may tarixli Qanununun 12-ci maddəsinin 3-cü hissəsinə əsasən müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir. Qanunvericilik normalarının təhlilindən də göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər, iddiaçıya məxsus qaçqın vəsiqəsi isə ona Azərbaycan Respublikasının ərazisində daimi deyil, qanuni qalmaq hüququ verən sənəddir və həmin sənəd əsasında ona əlilliyə görə sosial müavinətin təyin edilməsi mümkün hesab edilmir. İddiaçıya əvvəllər təyin edilmiş əlilliyə görə müavinətin ödənişi isə əsassız hesab edilmiş və xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək artıq ödəmə müəyyən edilmişdir. Odur ki, Mərkəzi Filial tərəfindən verilmiş imtina qanuni və əsaslı olmuşdur. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsini dəqiqləşdirilmiş formada müdafiə edərək tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda göstərilən əsasları müdafiə edərək tələbin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzmunda imtina verilmişdir. -Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi Departamentinin xx.xx.2005-ci il tarixli, QS-013 saylı Qərarının surətindən görünür ki, İran İslam Respublikasının vətəndaşı olan X6 “qaçqın” statusu verilmişdir. -Azərbaycan Respublikasının Qaçqın Vəsiqəsinin surətindən görünür ki, İran İslam Respublikasının vətəndaşı olan, xx.xx.1967-ci il təvəllüdlü X7 daimi yaşadığı ölkə Azərbaycan Respublikası, yaşadığı yer Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün qərb sahili, ev 159 A-dır. Vəsiqə xx.xx.2024-cü il tarixdə verilmişdir, xx.xx.2026-cı il tarixədək etibarlıdır. -Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, İran İslam Respublikasının vətəndaşı xx.xx.1967-ci il təvəllüdlü Məhdəvi Həsənə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən 28 fevral 2005-ci il tarixli, QS-013 saylı Qərarla qaçqın statusu verilmiş və o, hazırda Azərbaycan Respublikasında qaçqın statusu əsasında yaşayır. Məhdəvi Həsən sonuncu dəfə Dövlət Miqrasiya Xidməti tərəfindən etibarlılıq müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək olan QV 0000*** saylı qaçqın vəsiqəsi ilə təmin edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının 1999-cu il 21 may tarixli Qanununun 12-ci maddəsinin 3-cü hissəsinə əsasən müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 13 saylı Tibbi Sosial Ekspert Komissiyasında müayinə olunan şəxs üzrə məlumatdan görünür ki, X9 xx.xx.2015-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. TSEK diaqnozu: arterial hipertenziya İİ dərəcə QDÇ İİ dərəcə, Əlilliyin müəyyən olunması meyarı: 2.2.İkinci dərəcə əlillik – Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı. -Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (Abşeron) xx.xx.2015-ci il tarixli, 21 №-li qərarından görünür ki, X9 İİ qrup əlil kimi xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək aylıq 50 manat məbləğində sosial müavinət təyin olunmuşdur. -Müavinət miqdarının dəyişdirilməsi haqqında xx.xx.2016-cı il tarixli Sərəncam ilə X9 xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək İİ qrup əlil kimi aylıq 55 manat məbləğində müavinət verilməsi göstrimişdir. -Cavabdehin Sosial müavinətin təyinatı üzrə xx.xx.2020-ci il tarixli, 3883 №-li qərarından görünür ki, X8 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İİ qrup əlilliyə görə aylıq 130 manat məbləğində müavinət təyin edilmişdir. -Cavabdehin Sosial müavinətin təyinatı üzrə xx.xx.2020-ci il tarixli, 8953 №-li qərarından görünür ki, X8 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İİ qrup əlilliyə görə aylıq 130 manat məbləğində müavinət təyin edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X8 xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə (xx.xx.2026-cı ilədək) ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin müəyyən olunması meyarı: 2.2.İkinci dərəcə əlillik – 2.2.9.qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müctəlif mənşəli xəstəlikləri. -Cavabdehin Sosial müavinətin təyinatı üzrə xx.xx.2021-ci il tarixli, 36017 №-li qərarından görünür ki, X8 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İİ qrup əlilliyə görə aylıq 130 manat məbləğində müavinət təyin edilmişdir. -Cavabdehin Sosial müavinətin təyinatı üzrə xx.xx.2022-ci il tarixli, **********9 №-li qərarından görünür ki, X8 xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək İİ qrup əlilliyə görə aylıq 180 manat məbləğində müavinət təyin edilmişdir. -Cavabdehin Sosial ödənişin təyin edilməsindən imtina olunması haqqında xx.xx.2025-ci il tarixli, 3-17-1/3-1-39682/2025 №-li qərarından görünür ki, “Sosial müavinətlər haqqında” Qanunun 3.2-ci maddəsində əsaslanmaqla, X8 sosial ödənişin təyin ounmasından imtina edilmiş, onun Azərbaycan Respublikasının ərazisində daimi yaşama icazəsi olmadığından (qaçqın vəsiqəsi) əlilliyə görə müavinət ödənişində xx.xx.2016-xx.xx.2020, xx.xx.2021-xx.xx.2024-cü il tarixlərində artıqalma müəyyən edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2014-cü ildən cavabdehin müxtəlif tarixli qərarları əsasında İİ qrup əlilliyə görə sosial müavinət təyin edilərək ödənilmişdir. X5 xx.xx.2025-ci il tarixli qərarı ilə Hasan Mahdavinin Azərbaycan Respublikasının ərazisində daimi yaşama icazəsi olmadığından təyin edilmiş sözügedən müavinətin ödənişi əsassız hesab edilmiş və xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək artıq ödəmə müəyyən edilmişdir. İddiaçı uzun müdətdir Azərbaycan Respublikasında yaşadığına, həmçinin QV № 0000*** nömrəli qaçqın vəsiəsinə istinad edərək cavabdehin hərəkəti ilə razılaşmır və hesab edir ki, ona xx.xx.2024-cü il tarixdən əlilliyə görə müavinətin ödənilməsi barədə qərar qəbul edilməli və həmin tarixdən hesablanaraq ödənilməlidir. Cavabdeh isə bu qənaətini iddiaçının əcnəbi vətəndaş kimi Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin olmaması ilə əsaslandırmışdır. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununa əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun: -6-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: ...dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq. Qaçqın statusu almış şəxs Azərbaycan Respublikasının qanunvericiliyində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün nəzərdə tutulan hüquqlarından istifadə edir və vəzifələri daşıyır. -12-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini, yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir. -17-ci madddəsinə əsasən, qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli, 148 nömrəli Fərmanına əsasən, həmin Qanunun 17-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. “Sosial müavinətlər haqqında” Qanunun: -1.0.1-ci maddəsinə əsasən, sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. -3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, bu Qanunun 4.0.1.1ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, bu Qanunla Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. -7.0-cı maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: ...7.0.3. əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsindən: Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirir. 3.0.1. əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs. 3.0.8. Azərbaycan Respublikasında daimi yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs. 4.3. Azərbaycan Respublikasında qaçqın statusunun verilməsi, qaçqın statusunun itirilməsi, qaçqın statusundan məhrum etmə, habelə qaçqın statusu almış şəxslərə verilən sənədlər və həmin şəxslərin hüquqi vəziyyətinin əsasları müvafiq qanunla tənzimlənir. Göründüyü kimi istinad olunan müvafiq qanunvericilik aktlarında (eyni zamanda Miqrasiya Məcəlləsinin Vİİİ fəsli) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qaçqın statusu verilmiş şəxslərə həmçinin daimi yaşamaq üçün icazənin verilməsi nəzərdə tutulmur. Belə olan halda məhkəmə hesab edir ki, vətəndaşlığı olmayan şəxslərə və ya əcnəbilərə verilmiş qaçqın vəsiqəsi özlüyündə həmin şəxsin şəxsiyyətini müəyyən edən və ona Respublika ərazisində qanuni qalmaq hüququ verən sənəd kimi daimi yaşamaq icazəsinə bərabər sənəd hesab olunur. Beləliklə, iddiaçıya da müvafiq icra hakimiyyəti orqanı tərəfindən qaçqın vəsiqəsinin verilməsi işin mübahisəsiz halı olduğundan ona əlilliyə görə sosial müavinətin təyin edilməsindən cavabdehin imtinası qanunazidd sayılmalı, iddia əsaslı olduğundan təmin edilməlidir. «İnzibati icraat haqqında» Qanununun: -15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı X8 xx.xx.2024-cü il tarixdən əlilliyə görə müavinətin ödənilməsi barədə qərar qəbul edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar