Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8714/2024 14.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödəmənin qaytarılması və həmin məbləğ geri qaytarılacağı günədək gecikdirilən hər gün üçün vergi ödəyicisinə 0.1 faiz məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil. Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödəmənin qaytarılması və həmin məbləğ geri qaytarılacağı günədək gecikdirilən hər gün üçün vergi ödəyicisinə 0.1 faiz məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə xx.xx.2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş fiziki şəxslərin vergi uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ********** VÖEN-lə qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. xx.xx.2021-ci il tarixdə X3 21.926,43 manat əlavə dəyər vergisi qismində artıq ödəmə etmişdir. Ölüm haqqında şəhadətnaməyə əsasən X3 28 aprel 2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 05 ayının 03 günündə 396 № ilə qeyd edilmişdir. Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi - əri İddiaçıdur (bundan sonra iddiaçı) və o miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********642100 nömrəli məktuba əsasən X1 (VÖEN: **********) 21.926 manat 43 qəpik (iyirmi bir min doqquz yüz iyirmi altı manat qırx üç qəpik) vergilər üzrə artıq ödəmə məbləğindən ibarətdir. İddiaçının nümayəndəsi (X6) xx.xx.2022-ci il tarixdə 21.500 manat artıq ödənilmiş vergilərin qaytarılması ilə bağlı ərizə ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh həmin məktuba cavab olaraq iddiaçıya ünvanladığı məktubda göstərmişdir ki, "... X3 (VÖEN **********) tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na uyğun olaraq müraciət olunduqda qeyd olunan məsələyə yenidən baxıla bilər...” Şəxsi hesab vərəqəsində olan son məlumatdan görünür ki, X1 01 sentyabr 2022-ci il tarixə artıq ödəmə kimi müəyyən olunan məbləğ 19.868 manat 23 qəpik təşkil edir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiləşməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək X1 dövlət büdcəsinə artıq ödənilən 19868,0 manat pul vəsaitinin onun vərəsəsi İddiaçı geri qaytarılması və artıq ödəmənin geri qaytarılması barədə ərizə təqdim edilən tarixdən artıq ödəmənin geri qaytarılması tarixinədək gecikdirilən hər gün üçün ödəməm günü də daxil olmaqla müvafiq məbləğin 0,1 % məbləğinin ödənilməsi barədə rəy verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, X1 (VÖEN **********) dövlət büdcəsində 21926,43 manat məbləğində artıq ödənilmiş vergiləri mövcud olmuşdur. Həmin şəxs xx.xx.2021-ci il tarixdə vəfat etmiş və onun həyat yoldaşı, hazırki işdə iddiaçı onun vərəsəsi kimi tanınmış və qeyd olunan vəsaitin onun tərəfindən əldə olunması hüququna dair vərəsəlik şəhadətnaməsi təqdim olunmuşdur. Bundan sonra iddiaçının səlahiyyətli nümayəndəsi X6 xx.xx.2022-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə yerli vergi orqanına müraciət etmişdir. Qeyd olunan müraciət yerli vergi orqanı tərəfindən səthi araşdırılaraq əsassız imtina məktubu ilə cavablandırılmışdır. xx.xx.2024cü il tarixdə iddiaçı yenidən vergi orqanına müraciət edərək təqdim olunmuş ərizənin araşdırılmasını və icrasını xahiş etsə də, vergi orqanı yenidən məsələyə laqeyd münasibət bildirmişdir. Hətta o dərəcədə müraciətə əhəmiyyət verilməmişdir ki, mərhum Elmira Nəsirovanın ərizə ilə müraciət etməsi barədə qeyd əks olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət etməsinə baxmayaraq hazırkı tələb ilə vergi orqanına müraciət etməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nın tələbinə görə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların, o cümlədən vergi orqanlarının yalnız rəy vermək səlahiyyətinin olduğu müəyyən edilmişdir. Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması və qaytarılmanın kecikdirilməsinə görə hesablanmış faizlərin ödənilməsi isə Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı əlavə olaraq bildirir ki, cavabdeh iddiaçının iddia tələbinin dəqiqləşdirilməsində göstərilən tələblə bağlı müraciət edilmədiyinə istinad etsə də, cavabdeh nəzərə almamışdır ki, iddiaçı məhz “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na 1 nömrəli əlavə ilə müəyyən olunan ərizə ilə müraciət etmişdir. Yəni, artıq ödəmənin geri qaytarılması tarixinədək gecikdirilən hər gün üçün ödəmə günü də daxil olmaqla müvafiq məbləğin 0,1 % məbləğinin ödənilməsi ilə bağlı əlavə müraciətə zərurət yoxdur. Çünki bu tələb əsas tələbdən yəni, artıq ödənilmiş vəsaitin ödənilməsi barədə rəyin tərtib edilməsindən irəli gəlir. Həmçinin iddiaçının tələbinin dəqiqləşməsi, şəxsi hesab vərəqdə olan azalma ilə əlaqədar olaraq tələbin həcminin azaldılması ilə bağlı olmuşdur. Azaldılmış tələblə bağlı isə cavadehə yernidən müraciət edilməsi məntiqsiz və işin əsassız yubadılmasına yönəlmiş cavabdehin prosessual hüquqlardan sui-istifadə imkan cəhdidir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən halıdır ki, vergi ödyicisi olmuş mərhum X1 şəxsi hesab vərəqində 19.868,23 manat artıq ödənilmiş vəsait olmuşdur. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə ərizə ilə artıq ödənilmiş vəsaitin geri qaytarılması barədə cavabdehə müraciət etmiş, cavabdeh isə həmin məbləğin qaytarılmasından imtina etmişdir. Məhəmə cavabdehin imtinasını aşağıda qeyd edilənlərə əsasən əsassız hesab edir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -15.1-ci maddəsinə görə vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək. - 24.0-cı maddəsinə görə vergi orqanları: 24.0.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludur. - 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. - 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. - 4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. -4.2-ci bəndinə əsasən vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. 4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. 4.10. Vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi, yazılı ərizənin surəti və ya bu Qaydaların 4.1.3-cü yarımbəndinə uyğun olaraq tərtib edilmiş elektron ərizənin, habelə şəxsi vərəqədən çıxarışın “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun surətləri vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına müvafiq olaraq kağız daşıyıcıda və ya elektron formada (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. -6.1-ci bəndinə görə vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. -6.2-ci bəndinə görə vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir. Göstərilən normaların məzmunundan aydın olur ki, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. Hazırki işin faktiki hallarından göründüyü kimi iddiaçı vergi ödəyicisi olmuş X1 qanuni vərəsəsi olaraq sonuncu tərəfindən vergilər üzrə artıq ödənilmiş pul vəsaitinin və həmin məbləğ geri qaytarılacağı günədək gecikdirilən hər gün üçün vergi ödəyicisinə 0.1 faiz məbləğinin ödənilməsini tələb edir. Cavabdeh isə həmin müraciətə cavab olaraq, X3 tərəfindən artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması ilə bağlı ərizənin daxil olduqdan sonra müraciətə baxılacağını bildirir. Daha sonra cavabdeh iddia tələbinə münasibətdə təqdim etdiyi yazılı etirazda əlavə əsas göstərərək artıq ödənilmiş vergilərin və onların qaytarılmasının gecikdirilməsinə görə faiz məbləğlərinin Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ödənilməli olduğunu vurğulamışdır. Məhkəmə cavabdehin istinad etdiyi imtina əsaslarının hər birinə ayrı-ayrılıqda münasibət bildirilməsini zəruri hesab edir. Məhkəmə ilk imtina əsası ilə bağlı diqqətə çatdırır ki, vergi ödəyicisi kimi qeydiyyatda olmuş X3 28 aprel 2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı mərhumun qanuni vərəsəsi olduğundan, hüquqi aspekt baxımından onun mərhum X3 tərəfindən artıq ödənilmiş pul vəsaitinin geri alınmasını tələb etmək hüququ yaranır. Bununla bağlı məhkəmə aşağıdakiları diqqətə çatdırır: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar, məsələn səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icraə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətinin əmələ gəlməsini (mirasın açılmasını) mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir. Fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır, bunun nəticəsində müəyyən dairə şəxslər vərəsəliyə çağrılır, həmin şəxslər mirası qəbul və əldə edirlər. Məhz mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə edilməsi ilə əlaqədar yaranan münasibətlər vərəsəlik münasibətləridir. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik miras qoyan şəxsin hansı hüquq və vəzifələrinin mirasın tərkibinə daxil olduğunu fərqləndirmişdir. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını və bundan irəli gələn digər fəaliyyət sferası Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə tənzimlənir. Həmin Məcəllənin 77.4.3-cü yarımmadəsinə əsasən vergi ödəyicisi vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə vergi öhdəliyinə xitam verilmiş hesab olunur. Vəfat etmiş və ya ölmüş hesab edilmiş şəxsin əmlak vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir. Qüvvədə olan qanunvericiliyin müddəalarından görünür ki, vergi ödəyicisi vəfat etdikdə, onun vergi öhdəliklərinə (əmlak vergisi istisna olmaqla) xitam verilir. Göründüyü kimi vergidə ödəyicisinin ölümü ilə əlaqədar yalnız onun vergi öhdəliklərinə xitam verilir ki, vergi öhdəlikləri dedikdə isə VM-də göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi başa düşülür. Göstərilən bu hal isə ona dəlalət edir ki, vəfat etmiş vergi ödəyicisinin yalnız vergi öhdəliklərinə xitam verilir, artıq ödənilmiş vəsaitin vərəsələri tərəfindən tələb edilməsini istisna edən hal VM-də nəzərdə tutulmur. Belə olan halda Məhkəmə hesab edir ki, X3 tərəfindən ödənilmiş artıq pul vəsaiti İddiaçı tərəfindən tələb oluna bilər. Göründüyü kimi cavabdeh iddiaçının müraciətini təmin etməkdən formal səbəblər göstərərək imtina etmişdir. Cavabdehin yazılı etirazda istinad etdiyi digər əsas ilə bağlı məhkəmə bildirir ki, doğrudur ki, hal-hazırda qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə görə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə rəy tərtib etmək vergi orqanının səlahiyyətləri çərçivəsindədir. Hazırda iddiaçı iddia tələbini dəqiqləşdirdiyindən və tələbi məhz 19868,0 manat pul vəsaitinin geri qaytarılması və artıq ödəmənin geri qaytarılması barədə ərizə təqdim edilən tarixdən artıq ödəmənin geri qaytarılması tarixinədək gecikdirilən hər gün üçün ödəməm günü də daxil olmaqla müvafiq məbləğin 0,1 % məbləğinin ödənilməsi ilə bağlı olduğundan, yazılı etirazda göstərilən imtina əsası aradan qalxır. Beləliklə, hazırkı halda vergi ödəyicisi olmuş X3 tərəfindən artıq vergi məbləğinin ödənilməsi sübut olunduğundan iddia tələbi əsaslıdır. Cavabdeh isə həmin ödəməni qaytarmaqdan imtina edərək öz vəzifələrinin icrasından yayınmış, bununla da iddiaçının hüquqlarını pozmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-236/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. Hazırkı halda iddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsi sübut olunduğundan iddia tələbi əsaslıdır. Cavabdeh isə həmin ödəməni qaytarmaqdan imtina edərək öz vəzifələrinin icrasında yayınmış, bununla da iddiaçının hüquqlarını pozmuşdur.” Kassasiya instansiya məhkəməsinin eyni mövqeyi həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-38/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında da əks olunmuşdur. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, “Hazırkı mübahisəyə münasibətdə qeyd olunmalıdır ki, artıq ödənilmiş vergi borcunun qaytarılması barədə rəy verilməsi ilə bağlı iddiaçının dəfələrlə edilən müraciətlərinə cavabdeh tərəfindən ərizənin düzgün tərtib olunmaması, vergi orqanının adının və ödəmə tarixinin düzgün göstərilməməsi şəklində verilən cavablar inzibati orqan tərəfindən həmin müraciətlər üzrə lazımi icraatın və obyektiv araşdırmanın aparılmadığını, “İnzibati icraat haqqında” Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş inzibati orqanın yardım etmək vəzifəsinin müvafiq qaydada yerinə yetirilmədiyini göstərir.” Beləliklə də, məhkəmə araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair öhdəliyin icrası haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin büdcəyə artıq ödəmələrin yazılı ərizəsinə əsasən vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə rəyin tərtib edilməsindən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-in 14.2-ci maddəsi), cavabdehə Vergi Məcəlləsinin və “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın müvafiq müddəaları ilə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası mahiyyətcə qanunazidd olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur, imtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə də mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri) Lakin məhkəmə hesab edir ki, iddia tələbi 0,1 % pulun ödənilməsi hissəsində rədd edilməlidir. Belə ki, tələbin həmin hissəsi üzrə iddiaçı artıq ödəmənin geri qaytarılması barədə ərizə təqdim edilən tarixdən artıq ödəmənin geri qaytarılması tarixinədək gecikdirilən hər gün üçün ödəməm günü də daxil olmaqla müvafiq məbləğin 0,1 % məbləğinin ödənilməsini xahiş edir. Göründüyü kimi, tələbin həmin hissəsi qeyri-müəyyəndir. Çünki artıq ödəmənin hansı tarixdə geri qaytarılacağı qeyri-müəyyən olduğundan, hansı tarixdə, hansı məbləğdə gecikdirilən faiz məbləğinin tutulmasının (hesablanmasının) hazırda qeyri-müəyyən olması gələcəkədə qərarın icrasının çətinləşdirən və ya qeyrimümkün edən haldır. Həmin 0,1 % məbləğ yalnız, artıq ödəmənin geri qaytarılması hissədə qərar icra olunduğu halda, dəqiq günü və məbləği göstərilməklə həmin məsələyə baxıla bilər. Məhkəmə icraatında olan analoji işlər üzrə məhkəmə qərarlarının həmin hissələrədə icrasında çətinliklər yaranmaqla, məhkəmə qərarlarına izah verilməsinə, məcburi icra tədbirlərinin görülməsinə dair əlavə məhkəmə çəkişmələrinin yaranmasına səbəb olur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 4 № li Qərarının 5-ci bəndinə görə. məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinə tələbin “0,1% məbləğin iddia verilənədək və ya məhkəmə qərarı çıxarılan günədək hesablanaraq” qaytarılması kimi dəqiqləşdirilməsi təklif edilsə də, iddiaçı tələbini olduğu kimi müdafiə etmişdir. Odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi qismən təmin edilsin. X1 dövlət büdcəsinə artıq ödənilən 19868,0 manat pul vəsaitinin onun vərəsəsi İddiaçı geri qaytarılması barədə rəy verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. İddia tələbi artıq ödəmənin geri qaytarılması barədə ərizə təqdim edilən tarixdən artıq ödəmənin geri qaytarılması tarixinədək gecikdirilən hər gün üçün ödəməm günü də daxil olmaqla müvafiq məbləğin 0,1 % məbləğinin ödənilməsi hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-8714/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8714/2024
14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver