Məhkəmə qərarları › İş №2-1(112)-8715/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8715/2024

02.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8715/2024 02.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “təsqilənməmiş azalma məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə. Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “azalma məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi” tələbinə dair iddiası üzrə inzibati işə 2 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) ********** VÖEN-lə qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. İddiaçının şəxsi hesab vərəqəsində təsdiqlənməmiş 60983,84 manat azalma məbləği göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə şəxsi hesab vərəqəsində təsdiqlənməmiş 60983,84 manat azalmanın silinməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh ərizəyə cavab olaraq iddiaçıya ünvanladığı məktubda göstərmişdir ki, "...Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.2-cü yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi olduğunuz müəyyən edilmişdir. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vegi güzəşti tətbiq olunmur. Aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların “Meyarları”na əsasən tərəfinizdən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar olaraq tərəfinizdən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar tərəfinizdən 2022-ci il üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilərək, yaranmış kənarlaşmanın aradan qaldırılması Sizə bildirilir”. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsi hesab vərəqəsində mövcud olan 60983,84 manat təsdiqlənməmiş azalma məbləğinin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən vergi orqanına müraciət olunmuş, lakin həmin müraciətə heç bir hüquqi əsası olmayan cavab təqdim edilmişdir. Belə ki, cavabdeh iddiaçının riskli əməliyyatlar apardığını və bu səbəbdən uyğunsuzluqlar yarandığını bildirir, lakin qeyd olunanların təsdiqlənməmiş azalma ilə hansı bağlılığının olduğuna aydınlıq gətirməmişdir. Göründüyü kimi, cavabdeh heç bir qanuni əsası olmayan və mövcud mübahisəyə aidiyyəti olmayan hala istinad edərək iddiaçıya yaratdığı süni borc məbləğini azaltmaqdan imtina etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən İddiaçı fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə ümumilikdə 46924 manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə “Əməliyyatçı masası (90x55x90), Moyka (180x55), işçi masası (90x55x90) və.s” adlı malların qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında və idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə 74.6 min manat dəyərində “Leo banka dolabçaların yığılması, nəzarətçi podiumların alınması (yeni leo filialı/Ə.Rəcəbli küçəsinə 2-ci paralel küçə) (250x160x110), Divarların üzlənməsi və.s” adlı xidmətlər göstərilmişdir. Təhlil zamanı qeyd edilən işlərin görülməsi üçün zəruri iqtisadi göstəricilərinin (maşın, avadanlıq, nəqliyyat vasitəsi və.s) olmaması müəyyən edilmişdir və vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********723700 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”nın 2.1.1,-ci və 3.1.1,-ci bəndlərinə əsasən İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli **********345200 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsində “Kameral yoxlanılmalı məbləğ” sətrindəki mövcud olan 60983,84 manat məbləğ 2022-ci il üçün təqdim edilmiş Gəlir vergisi bəyannaməsinin kameral vergi yoxlaması ilə əlavə hesablanmış məbləğlərin ləğv edilməsinin təsdiq edilməməsi nəticəsində yaranmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçının şəxsi hesab vərəqində 60983,84 manat təsdiqlənməmiş azalma məbləği qeyd edilmişdir. Cavabdeh şəxsi hesaba həmin məbləği əlavə etməsini onunla əsaslandırır ki, iddiaçının təqdim etdiyi elektron qaimə fakturalar üzrə işlərin görülməsi üçün zəruri iqtisadi göstəricilərinin (maşın, avadanlıq, nəqliyyat vasitəsi və.s) olmaması müəyyən edilmişdir və iddiaçı xx.xx.2023-cü il tarixli qərarla riskli vergi ödəyicisi hesab edilmişdir. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsində “Kameral yoxlanılmalı məbləğ” sətrindəki mövcud olan 60983,84 manat məbləğ 2022-ci il üçün təqdim edilmiş Gəlir vergisi bəyannaməsinin kameral vergi yoxlaması ilə əlavə hesablanmış məbləğlərin ləğv edilməsinin təsdiq edilməməsi nəticəsində yaranmışdır. İddiaçının hazırkı iddia tələbini irəli sürməkdə hüquqi marağı həmin məbləğin şəxsi hesabdan silinməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar (xx.xx.2020ci il tarixdən qüvvədə olan redaksiyada); Maddə 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada); Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur Məhkəmə qeyd edir ki, iddiaçının riskli vergi ödəyicisi olmasını iddiaçı mübahisələndirmir. Məhkəm qeyd edir ki, hüquqi təhlükəsizlik prinsipinin tələbləri baxımından şəxsin hüquqları və qanunla qorunan maraqları sferasına yalnız qanun əsasında və ya ən azından qanunda nəzərdə tutulmuş göndərici normaya uyğun olaraq qəbul edilmiş institusional əsas üzərindən müdaxilə edilə bilər. Hazırkı mübahisəyə münasibətdə cavabdehin davranışının qanuni və ya institusional əsasının mövcud olduğu müəyyən olunmur. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli, 474VQ nömrəli Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli qərardadında aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “...”Dürüstləşmə” əməliyyatının aparılmasının hüquqi əsasına gəldikdə, qeyd olunmalıdır ki, belə adda əməliyyat vergi qanunvericiliyində birbaşa tənzimlənməmişdir. Bununla belə, nəzərə alınmalıdır ki, vergi orqanlarının vergilərin və digər məcburi ödənişlərin ödənilməsini təmin etməyə yönəlmiş hərəkətlərinin bitkin siyahısını qanunvericilikdə təsbit etmək obyektiv səbəblərə görə həmişə mümkün olmaya bilər. Yuxarıda da qeyd edildiyi kimi, ictimai münasibətlərin inkişafı və dəyişkənliyi nöqteyinəzərindən, şəxs-dövlət münasibətləri müstəvisində baş verəcək bütün halların öncədən görülməsinin və tənzimlənməsinin mümkünsüz olması səbəbindən, yeni ortaya çıxmış bir vəziyyətdə inzibati orqanların hərəkət qaydalarının müəyyən edilməsi həmin inzibati orqanların səlahiyyətindədir ki, bu zaman onların “hərəkət zolağını” hüquqi dövlətin ümumi prinsipləri müəyyən edir. Bu mənada, vergi orqanı tərəfindən həyata keçirilən bu əməliyyata qiymət verilərkən onun qanunvericilikdə birbaşa təsbit edilib-edilməmiş olmasından daha çox, həmin əməliyyatın mahiyyəti və məqsədi nəzərə alınmalıdır. Kollegiya bu mövqeyinə uyğun olaraq hesab edir ki, vergi orqanının “dürüstləşmə” əməliyyatı adı altında vergi ödəyicisi üçün əlavə (yeni) vergi öhdəliyi yaratmadan, uçot sənədlərindəki dürüstlüyü təmin etmək məqsədi ilə, əslində həmin məqamadək yaranmış və faktiki mövcud olan (hər hansı hüquqi əsasa görə aradan qalxmayan, xitam verilməyən) vergi öhdəliyinə dair məlumatı şəxsi hesab vərəqəsində əks etdirməkdə ifadə edilən faktiki xarakterli hərəkəti verginin hesablanması (yeni, əlavə vergi öhdəliyinin yaranması) kimi qiymətləndirilməli deyil. Hər hansı normativ-hüquqi aktın və ya inzibati aktın tətbiqi ilə əlaqədar vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində vergi orqanı tərəfindən vergilərin hesablanması ilə əlaqəli olmayan əməliyyatların (o cümlədən, yol verilmiş texniki səhvlərlə bağlı dürüstləşmə adı altında edildiyi bildirilən düzəlişlərin) edilməsi üçün yazılı inzibati aktın qəbul olunması tələb olunmur. Hər hansı normativ-hüquqi aktın və ya inzibati aktın tətbiqi zamanı həmin aktların müddəaları bunu tələb etdikdə, eləcə də belə bir tələb olmadıqda həmin aktların tətbiqi ilə əlaqələndirilsə də, faktiki olaraq onların icrası ilə bağlı olmayan və mahiyyətcə vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində vergi orqanı tərəfindən vergilərin hesablanmasına yönələn əməliyyatların həyata keçirilməsi üçün müvafiq yazılı inzibati aktın qəbul edilməsi tələb olunur”. Hazırkı işdə, iddiaçı cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) onun hüquqlarına müdaxilə etdiyini və bunun üçün hüquqi əsas olmadığını bəyan edərək, həmin hərəkətin (fəaliyyətin) şəxsi hesab vərəqəsində ifadə olunan nəticəsinin aradan qaldırılmasını, yəni şəxsi vərəqədə göstərilən 60983,84 manat məbləğində təsdiqlənməmiş azalmanın təsdiqlənməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, vergi qanunvericiliyində şəxsi hesab vərəqəsində aparılacaq əməliyyatlara münasibətdə “təsdiqlənməmiş azalma” və ya “kameral yoxlanılmalı məbləğ” kimi hüquq institutları nəzərdə tutulmamışdır. Belə olan halda, vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrdə əksini tapan göstəricilərə şəxsi hesab vərəqəsində bu şəkildə müdaxilə edilməsinin məqsədi və mahiyyəti təhlil olunmaqla, iddiaçıya münasibətdə doğurduğu nəticələrdən çıxış edilməlidir. Bu mənada, sözügedən hərəkətlər iddiaçının vergi öhdəliyinə təsir edən xarakterlidir, həmin hərəkətlər ona münasibətdə bəyannamə məlumatlarının nəzərə alınmamasını, həmçinin əlavə vergi öhdəliyinin yaranmasına gətirib çıxarır. Bu qaydada davrana bilmək üçün isə cavabdeh konkret hüquqi əsaslara malik olmalıdır. Yuxarıda göstərildiyi kimi cavabdeh belə bir hüquqi əsas sahib olmamışdır. Ona görə də, cavabdehin sözügedən faktiki xarakterli hərəkətləri qanunsuz sayılmalıdır. İnzibati aktlar kimi, faktiki xarakterli hərəkətlər də qanunun tələblərinə uyğun olmalıdır, əks hal, qanunçuluq prinsipinə zidd hərəkət kimi qiymətləndirilir. Bu hüquqi yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsini İnzibati Kollegiyasının 2-1(102)-2060/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarında (3 ulduzla işarələnmiş məhkəmə qərarı) qeyd edilmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı şəxsi vərəqəsində göstərilən 60983,84 manat məbləğində təsdiqlənməmiş azalmanın silinməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı şəxsi vərəqəsində göstərilən 60983,84 manat məbləğində təsdiqlənməmiş azalmanın silinməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar