Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8717/2024 12.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı X2, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinə qarşı “müharibə veteranı adı verilməsi” tələbi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 Azərbaycan Respublikası Rabitə Nazirliyinin xx.xx.1992-ci tarixli 56 nömrəli (və xx.xx.1992-ci il tarixli 62 nömrəli) “Dağlıq Qarabağla sərhədyanı rayonlarda radiorabitənin təşkili haqqında” əmri ilə ezam olunaraq, Azərbaycan Respublikası Müdafə Nazirliyinin 22 aprel 1992-ci il tarixli 47 saylı səfərbərlik sərəncamına müvafiq olaraq, Şuşa-Laçın rayonlarına 40 (qırx) gün müddətinə N saylı hərbi hissəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ehtiyatda olan bazasından “ZİL-131” avtomaşınının bazsında quraşdırılmış P-108 markalı radiostansiyanı təhvil alaraq, Elbrus Orucovun komandirlik etdiyi Şuşa-Laçın bölgəsində yerləşən hərbi hissəyə rabitə əlaqəsi yaratmaq üçün ezam edilmişdir, ezamiyyətdə məqsəd yeni yaradılmış hərbi hissə üçün rabitə xidmətini təşkil etmək və rabitəçilər qrupu hazırlamaq olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər çərçivəsində Elbrus Orucovun birqadasında ezam olunduğu zaman komandirdən aldığı tapşırıqlardan biri də, Şuşa şəhərində yrləşən hərbi hissə ilə Müdafiə Nazirliyi və MN-nin digər hərbi hissələri ilə rabitə əlaqəsinin təşkil etmək olmuşdur. Erməni dilini bildiyi üçün 1992-ci il may ayının 7-i və 8-i erməni hərbi hissələrinin Şuşa şəhərinə hücumları və hücumdan əvvəl E.Orucovun göstərişi ilə radiokəşfıyyat bilavasitə iddiaçıya həvalə edilmişdir. İddiaçının radiokəşfıyyat zamanı əldə etdiyi məlumatlar erməni silahlı birləşmələrinin Şuşaya hücum vaxtının əvvəlcədən əldə edərək məlumat verməyi, hücum zamanı erməni hansı döyüş mövqeləri tutmaları, döyüş hərəkətlərinin istiqamətləri və s. olmuşdur. İddiaçı Şuşa şəhərinin müdafiəsi uğrunda gedən döyüşlərdə sona qədər iştirak etmişdir. Briqada Şuşa şəhərini tərk etdikdə iddiaçı da, 1992-ci ilin may ayının 7-dən 8-nə keçən gecə saat 23:00-da Laçın şəhərinə gəlmiş və döyüşdüyü AKM 084995 nömrəli avtomat silahını, iki ədəd sandıqca və ona məxsus döyüş sursatlarını Laçın ƏMP-nin silahlandırma rəisi, leytenent Sadıqova təhvil vermişdir. İddiaçının sərəncamımda olan “ZİL-131” avtomaşınına quraşdırılmış P- 108 markalı radiostansiyası döyüşdə sıradan çıxdığı üçün onu Bakının Xırdalan qəsəbəsində yerləşən hərbi hissədə təmir etdirdikdən sonra Füzuli rayonunda yerləşən N saylı hərbi hissəyə təhvil verdikdən sonra geriyə, Bakıya qayıtmışdır. 1992-ci ilin sonunda E.Orucov Müdafiə Nazirliyinə Şuşa şəhərində döyüşənlərin siyahısını təqdim edərkən iddiaçının daimi həmin siyahıya daxil etməyi unutmuşdur. Bu səbəbdəndə iddiaçı bu günə qədər müharibə veteranı statusu ala bilmir, tərəfindən bu barədə Azərbaycan Respublikası Prezidentinə, Müdafiə Nazirliyinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (Suraxanı rayon idarəsinə) və Məhkəmə hakimiyyətinə dəfələrlə müracət olunmasına baxmayaraq, heç bir nəticəyə nail olmamışdır. Hətta iddiaçı, Şuşanın işğalı ilə bağlı Ali Məhkəmədə keçirilən məhkəmə proseslərində dəfələrlə şahid qismində iştirak etmiş və dindirilmişdir. Azərbaycan Respublikası Rabitə Nazirliyinin “müharibə gedən bölgələrdə aktiv iştirak edən bir qrup rabitə işçilərinin mükafatlandırılması haqqında” xx.xx.1992-ci il tarixli 131 nömrəli əmri ilə 1992-ci ilin aprel-may aylarında müharibə gedən bölgələrdə rabitənin təşkil edilməsi məqsədilə bir qrup işçilər kimi mən də “Teleradio” İBnin mühəndisi kimi “Təşəkkür” elan edilmiş və 3000 manat məbləğində pul mükafatı verilmişdir. Müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair bir neçə inistansiya Məhkəmə iclasları keçirilib: 1.İddiaçı X3 cavabdehlər Azərbaycan Respublikası Hərbi Komissarlığına və Suraxanı rayon Hərbi Komissarlığına qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində 09 fevral 2006-cı il tarixdə Səbail rayon məhkəməsi tərəfinidən açıq məhkəmə iclasında baxılaraq, QƏT ETDİ: İddiaçı X3 iddia tələbi təmin edilsin. İdiaçı Z.İsmayılova “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi cavabdehlər Azərbaycan Respublikası Hərbi Komissarlığına və Suraxanı rayon Hərbi Komissarlığına həvalə edilsin. Qətnamədən 1 ay müddətində Səbail rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. 2. Bakı şəhəri, Səbail rayon məhkəməsinin 09 fevral 2006-cı il tarixli qətnaməsindən iş üzrə cavabdeh Bakı şəhəri, Suraxanı rayon, Hərbi Komissarlığı tərəfindən Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının verilmiş apellyasiya şikayəti əsasında işə 28 aprel 2006-cı il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxılaraq, QƏT ETDİ: Cavabdeh Bakı şəhəri, Suraxanı rayon, Hərbi Komissarlığının apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri, Səbail rayon məhkəməsinin 09 fevral 2006-cı il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin olunmasın. 3.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyası Bakı şəhəri, 27 sentyabr 2006-cı il tarixdə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 28 aprel 2006-cı il tarixli qətnaməsindən iddiaçı kimi verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, verdiyi kassasiya şikayəti təmin edilməməşdir. 4.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Bakı şəhəri, 09 iyul 2007-ci il tarixdə etdiyi şikayətə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında: QƏRARA ALDİ: 1. Z.İsmayılovun Azərbaycan Respublikası Hərbi Komissarlığı və Suraxanı rayon Hərbi Komissarlığına qarşı “Müharibə veteranı” adı və müvafiq vəsiqəsinin verilməsi iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.0.3 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab olunsun. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə baxılsın. 2. Qərar dərc olunduğu gündən qüvvəyə minir. 5.Azərbaycan Respublikası Hərbi Komissarlığının Bakı şəhəri Suraxanı rayon Hərbi Komissarlığı tərəfindən iddiaçıya xx.xx.2007-ci il tarixdə M/V № 075413 nömrəli “müharibə veteranı” vəsiqəsi verilmişdir. 6.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Bakı şəhəri, 18 sentyabr 2007- ci il tarixli qərarında şikayətinə əsasən “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2007-ci il tarixli qərarına əsasən hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat qaydasında işə baxaraq, QƏRARA ALİR: Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 27 sentyabr 2006-cı il tarixli qərarı və onunla əlaqədar Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 28 aprel 2006-cı il tarixli qətnaməsi ləğv olunsun. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. 7. Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyası Bakı şəhəri, 25 oktyabr 2007-ci il tarixdə Bakı şəhəri Səbail rayon məhkəməsinin 2-315/06 saylı iş üzrə qəbul etdiyi xx.xx.2006-cı il tarixli qətnaməsinin ləğv edilməsi barədə Suraxanı rayon Hərbi Komissarlığının apellyasiya şikayəti üzrə işə xx.xx.2007-ci il tarixdə məhkəmənin binasında baxaraq, qərara aldı: 1MK- 1933/2007 saylı mülki iş apellyasiya qaydasında yenidən baxılmaq üçün icraata qəbul olnsun. İşə baxılması xx.xx.2007-ci il tarixə saat 10-30-a təyin edilsin. 8. Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyası Bakı şəhəri, 30 noyabr 2007-ci il tarixdə Bakı şəhəri Səbail rayon məhkəməsinin 2-315/06 saylı iş üzrə qəbul etdiyi xx.xx.2006-cı il tarixli qətnaməsinin ləğv edilməsi barədə Suraxanı rayon Hərbi Komissarlığının apellyasiya şikayəti üzrə işə xx.xx.2007-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, QƏT ETDİ: Bakı şəhəri Səbail rayon məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 09 fevral 2006-cı il tarixli qətnaməsinin ləğv edilsin. X1 “müharibə veteranı” adı və vəsiqəsi verilməsi barədə iddia tələbi rədd edilsin. Suraxanı rayon Hərbi Komissarlığının apellyasiya şikayəti təmin edilsin. Azərbaycan Respublikası Hərbi Komissarlığının Bakı şəhəri Suraxanı rayon Hərbi Komissarlığı tərəfindən iddiaçıya verilən M/V № 075413 nömrəli “müharibə veteranı” vəsiqəsi xx.xx.2008-ci il tarixdə Suraxanı rayon Hərbi Komissarlığının təkidinə əsasən təhvil verilmişdir. 2020-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək iddiaçıya müharibə veteranı adı verilməsi xahiş olunmuşdur. Lakin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavab məktubunda döyüş əməliyyatları aparılan zaman Şuşa və Laçın rayonlarına Rabitə Nazirliyindən ezam olunarkən və həmin ərazilərdə fəaliyyət göstərərkən hərbi qulluqçu statusuna malik olmadığına görə iddiaçıya müharibə veteranı vəsiqəsinin dublikatının verilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı ona “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsini cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsindən tələb edir, halbuki həmin idarənin belə bir səlahiyyəti yoxdur. Belə ki, “Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli. Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsciiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İV hissəsinin 4-1 və 4-1.1.1-ci yarımbəndlərinə müvafiq olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri ayrı-ayrılıqda inzibati orqanlardır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını. İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərara müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki. inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan sənədlərdən görünür ki: Bakı şəhəri Səbail rayon məhkəməsinin 2-315/2006 №-li, 09 fevral 2006-cı il tarixli qətnaməsi ilə iddiaçı Z.M.İsmayılova müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehlər Azərbaycan Respublikası Hərbi Komissarlığına və Suraxanı Rayon Hərbi Komissarlığına həvalə edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə kollegiyasının 1 MK № 3081/2006-cı il, 28 aprel 2006-cı il tarixli qətnamədən görünür ki, həmin məhkəmə qətnaməsi ilə cavabdeh Bakı şəhəri Suraxanı rayon Hərbi Komissarlığının apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Səbail rayon məhkəməsinin 09 fevral 2006-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı X2 “müharibə veteranı adı və vəsiqəsi verilməsi” barədə iddiasının rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 6k-2081 №-li, 27 sentyabr 2006-cı il tarixli qərarı ilə iddiaçı X3 verdiyi kassasiya şikayətinin təmin edilməməsi, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın bu iş üzrə 28 aprel 2006-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. X4 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2007-ci il tarixli qərarından görünür ki, həmin qərar əsasında Z.İsmayılovun Azərbaycan Respublikası Hərbi komissarlığı və Suraxanı rayon Hərbi komissarlığına qarşı «Müharibə veteranı» adı və müvafiq vəsiqənin verilməsi iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.0.3 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2007-ci il tarixli, 8m(k)-8/07 №-li qərarından görünür ki, həmin qərar ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 27 sentyabr 2006-cı il tarixli qərarı və onunla əlaqədar Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 28 aprel 2006-cı il tarixli qətnaməsinin ləğv olunması, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının 1MK-1933 nömrəli, 30 noyabr 2007-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail rayon məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 09 fevral 2006- cı il tarixli qətnaməsinin ləğv edilməsi, X2 “müharibə veteranı”adı və vəsiqəsi verilməsi barədə iddia tələbinin rədd edilməsi, Suraxanı rayon Hərbi Komissarlığının apellyasiya şikayətinin təmin edilməsi qət edilmişdir. İPM-nin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır Həmin Məcəllənin 45.5 və 45.5.1-ci maddələrinə əsasən iddia ərizəsinin icraata qəbul edildiyi təqdirdə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə tərəfindən iddia hüquqi cəhətdən iki mərhələdə yoxlanılır. İlkin mərhələdə iddianın mümkünlüyü şərtlərinin mövcud olub-olmaması yoxlanılır. Yalnız iddianın mümkün sayıldığı təqdirdə məhkəmə tərəfindən növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur İlkin olaraq qeyd olunmalıdır ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülən tələb – müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlıdır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının eyni cavabdehə (həmin dövrdə adı Komissarlıq olmuşdur) qarşı qaldırılmış tələbə, daha dəqiq desək “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” barədə işə mülki məhkəmə icraatı çərçivəsində baxılmış, həmin icraat çərçivəsidə birinci instansiya məhkəməsi tərəfindən iddia iddiaçının xeyrinə nəticələnsədə, daha sonra yuxarı instansiya məhkəmələrinin mövqeyinə əsasən iddiaçının həmin tələbi əsassız hesab olunaraq rədd edilmişdir. Göründüyü kimi iddiaçının müharibə veteranı adı və vəsiqəsini almaq hüququnun olub-olmaması ilə bağlı məhkəmə tərəfindən qanuni qüvvəsini almış məhkəmə qərarı ilə münasibət bildirilmişdir. Göründüyü kimi hazırda irəli sürülən iddia tələbi ilə bağlı apellyasiya instansiya məhkəməsi hüquqi mövqe nümayiş etdirərək həmin iddianın rədd edilməli olduğu qənaətinə gəlmişdir ki, bu hal hazırki iddia tələbinin yenidən mahiyyəti üzrə qiymət verilməsini istisna edir. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan qərar qüvvədə olduğundan, iddia tələbi mümkünlük şərtlərini ödəmir. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Eyni zamanda, qeyd olunur ki, məhkəmə, həmçinin hazırkı iş üzrə AR İPM-nin 13cü maddəsinin tələbinin nəzərə alınması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, “məhkəmənin yardım etmək vəzifəsi” inzibati məhkəmə icraatının həyata keçirilməsinə yönələn məhkəmə icraatının təməl prinsiplərindən biri hesab olunur. Maddənin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə də yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçı isə hazırkı tələbini müdafiə etdiyini, eyni tələb ilə bağlı əvvəlki qərarın mövcudluğunun, onun yenidən məhkəməyə müraciət etmək hüququnun istisna etmədiyini bildirərək, işə mahiyyəti üzrə baxılıb iddia ərizəsinin nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı X2 iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibatiMəhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-8717/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8717/2024
12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver