Məhkəmə qərarları › İş №2-1(112)-872/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-872/2021

18.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-872/2021 18.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı «iddiaçının müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün ərizəsinin qəbul edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı «müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün iddiaçının ərizəsinin qəbul edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) Şəki rayon sakinidir. 2008-ci ildə X5 və Texnologiya Kollecini bitirərək ibtidai sinif müəllimi ixtisasına yiyələnmişdir. 1 fevral 2010-cu il tarixdən Şəki rayonunun Aran kənd əsas məktəbində əmək fəaliyyətinə başlamışdır. Hazırda təhsil müəssisəsində təhsilini davam etdirir. Pedaqoji fəaliyyət dövründə vəzifələrini vicdanla icra etmiş, intizam məsuliyyətinə cəlb olunmamışdır. Məlum olduğu kimi, redaqoji kadrların işə qəbulu «Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə təlabatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları»na uyğun həyata keçirilir. Həmin Qaydaların tələbinə görə müəllimlərin işə qəbulu müsabiqəsində ona ixtisas və ali tıhsil müəssisələrini pedaqoji ixtisas üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış Azərbaycan Respublikasının vətəndaşları işyirak edə bilər. Həmin Qaydalara görə müəllimlərin işə qəbulu müsabiqəsinə yalnız məhkəmənin qərarına əsasən pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslər buraxılmırlar. Bu Qaydalarda nəzərdə tutulmayan hallara bilavasitə AR Təhsil Nazirliyi tərəfindən fərdi qaydada baxılır. Lakin iddiaçının AR Təhsil Nazirliyi tərəfindən aparılan elektron sistem tərəfindən müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək barədə ərizəsi qəbul olunmamışdır. İddiaçı bu məsələyə köməklik göstəriləməsi ilə bağlı AR Təhsil Nazirliyinə müraciət etmiş, cavabdeh onun müraciətini cavablandırsa da, ərizəni icraata qəbul edilməsini təmin etməmişdir. İddiaçı cavabdeh AR Təhsil Nazirliyinin hərəkətlərini insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini və əmək hüququnu bəyan edən müvafiq konstitusion hüququnun pozulması kimi qiymətləndirir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səməliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı»na, insan haqları, hüquqi dövlət quruculuğu, insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərinin təsdiqetmə imkanlarının artırılması ilə bağlı mövqeyə ziddir. İş materiallarından görünür ki, iddiaçının işlədiyi məktəb AR Təhsil Nazirliyi sisteminə daxildir və bu məktəb onun yeganə və əsas iş yeridir. O, təhsil müəssisəsini bitirdikdən sonra dövlət nümunəli təhsil sənədi almış, daha sonra AR Əmək Məcəlləsinin tələblərinə uyğun işə qəbul olunmuşdur. Təhsil aldığı müəssisənin qanuni və ya qanunsuz fəaliyyət göstərməsi və diplomun dövlət nümunəli olub-olmaması ilə bağlı qeyd olunmalıdır ki, həmin təhsil müəssisəsi AR Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və fəaliyyət göstərmişdir. Diplom AR Təhsil Nazirliyinin xüsusi sifarişi ilə Azərbaycan Respublikasında çap olunmuşdur. Bu təhsil müəssisəsini bitirərək işə qəbul olunmuş, dəfələrlə ixtisasartırma kurslarına göndərilmişdir. Bundan başqa, burada vətəndaşların dövlət orqanlarına etimad məsələsi də var. Hər bir şəxs hər bir dövlət orqanına və təhsil müəssisəsinə, onların fəaliyyətinə etimad bəsləyir. Təhsil aldığı təsisatın qanunsuz fəaliyyət göstərməməsindən irəli gələn bu problemlər vətəndaşların üzərinə qoyula bilməz. Diplomun etibarsızlığı ilə bağlı isə bildirilir ki, AR Təhsil Nazirliyi 2011-ci ildə Şəki rayonunda ümumtəhsil məktəblərində işləyən müəllimlərin sənədləri üzrə araşdırma aparmışdır. Bunun nəticəsində Nazirlik Şəki Rayon Təhsil Şöbəsinə “qanunsuz fəaliyyət göstərən təhsil müəssisələrinin diplomu ilə müəllim işləyənlərin işdən azad edilməsi onlarla bağlanan əmək müqavilələrinə xitam verilməsi barədə” məktub ünvanlamışdır. Nazirliyin bu məktubunu rəhbər tutaraq, Şəki şəhərinin məktəblərinin rəhbərləri əmrləri ilə belə diplomlarla işləyən müəllimləri işdən azad edərək, birtərəfli qaydada onlarla bağlanan əmək müqavilələrinə xitam vermişlər. Bununla bağlı çoxlu sayda müəllim Şəki Rayon Məhkəməsində «əmrin ləğv edilməsi, işə bərpa» barədə tələb irəli sürməklə iddia qaldırmışlar, Məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri ilə həmin iddialar təmin olunmuşdur. Daha sonra isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarları əsasında həmin iddiaçılar, o cümlədən hazırkı iddiaçı da fəaliyyətlərini davam etdirmişlər. Bununla bərabər, belə təhsil müəssisələrini bitirmiş şəxsləri məktəblərə işə qəbul etməklə dövlət (Təhsil Nazirliyi) artıq bu diplomları tanımışdır. Göstərilənlərə və İPMin 12, 14.3, 68-ci maddələrinə əsaslanaraq, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün iddiaçının ərizəsinin qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsinin məhkəməyə iddiaya qarşı təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilmişdir: - İddia tələbindən göründüyü kimi, iş üzrə İddiaçı X5 və Texnologiya Kollecində təhsil almış və 2008-ci ildə ona ibtidai sinif müəllimi ixtisası üzrə diplom verilmişdir. İddiaçının müəllimlərin işə qəbulu üzrə sənədləri Təhsil Nazirliyi tərəfindən aparılan elektron sisyem tərəfindən qəbul edilməmişdir. Sənədlər Təhsil Nazirliyinə təqdim edilərərkən məlum olmuşdur ki, iddiaçıya məxsus diplomun hüquqi əsası yoxdur və həmin diplom dövlət nümunəli təhsil sənədi deyil, bu əsasla da onu müsabiqəyə buraxmamışlar. Hesab edilir ki, Təhsil Nazirliyi iddiaçını müəllimlərin işə qəbulu zamanı müsabiqəyə buraxmamaqla heç bir qanun pozuntusuna yol verməmişdir. «Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə təlabatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları»na əsasən müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedoqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər. Bu Qaydaların məzmunundan göründüyü kimi, müəllimlərin işə qəbulu müsabiqəsinin əsas şərtlərindən biri diplomunun dövlət nümunəli təhsil sənədi olmasıdır. Belə ki, 7 oktyabr 1992-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun 2-ci maddəsinə əsasən, dövlətin təhsil siyasətinin əsas prinsiplərindən biri, hüquqi baxımdan hamının dövlət standartı çərçivəsində təhsil almaq imkanına malik olması öz əksini tapmışdır. Həmin Qanunun 8-ci maddəsinə görə təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Həmin dövrdə qüvvədə olan normativ-hüquqi aktlardan göründüyü kimi, təhsil müəssisəsi məzunlara verdiyi diplomların nümunələri AR Nazirlər Kabineti tərəfindən təsdiq edilməli olduğu halda, müəssisə bunu özü etmiş və AR Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd iddiaçının adına Kollecə təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş diplomun sürətindən məlum olur ki, müəssisə diplomları verərkən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun 8-ci maddəsinin tələblərinə əməl etməmiş və bununla da məzunların hüquqlarını kobud şəkildə pozmuşdur. Bu Qanunun 13-cü maddəsində qeyd edilir ki, təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alır. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası Höküməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edir. Həmin dövrdə olan Azərbaycan Respublikasının Təhsil Qanununun 21-cı maddəsinə əsasən ali və orta ixtsas təhsil müəssisələrinə tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət sənədidir. Qəbul imtahanlarının sayı və sorğu sistemi müəyyən edilərkən , habelə imtahanlar keçirilərkən ixtisas biliyi və bacarığına üstünlük verilir. Tələbə qəbulunda heç bir imtiyaza yol verilmir. Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada həyata keçirilir. Göründüyü kimi, təqdim olunmuş diplomların qanuni və ya qanunsuz olmasını müəyyən etmək səlahiyyəti bilavasitə Təhsil Nazirliyinə aid edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edilir ki, iddiaçının diplomu dövlət nümunəli təhsil sənədi olmadığından, onun müsabiqəyə buraxılmaması qanuni olmuşdur. Göstərilənlərə və İPM-in 73-cü maddəsinə əsaslanaraq, iddiann mümkün sayılmaması məhkəmədən xahiş olunur. İşin məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı tərəf gəlməmiş, cavabdehin nümayəndəsi gəlmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiq etdi və iddianın əsassız olduğunu bildirdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.29-cu maddəsinə görə kollec – orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsidir. Həmin Qanunun 14.5.5-ci maddəsinə görə təhsil müəssisəsinin tipləri və növlərinin sırasına orta ixtisas təhsili müəssisələri (kolleclər) də daxildir. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 12-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə icraatında AR X2 müvafiq sorğuya cavab olaraq həmin qurumdan məhkəməyə daxil olmuş 25 may 2021-ci il tarixli məktubda aşağıdakılar bildirilir: - xx xxxxxxxx 1985-ci il tarixdə doğulmuş Məmmədova (Qasımova) Rəvanı Devran qızı 2005-ci ildə tam orta təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmiş, 18.75 bal toplamış, heç bir təhsil müəssisəsinə qəbul olmamış və barəsində X6 (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri almamışdır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı Məmmədova (Qasımova) Rəvanə Devran qızı 2008-ci ildə ona X5 və Texnologiya Kolleci tərəfindən verilmiş diplomu (surətini) ərizəsinə əlavə edərək AR Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün müraciət etmişdir. Cavabdeh AR Təhsil Nazirliyi diplomunun dövlət nümunəli olmadığını əsas gətirərək, onun ərizəsinin qəbulunda imtina etmişdir. Məhkəmə icraatında aidiyyəti qurumda alınmış məlumatlara əsasən iddiaçı 2005-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilmiş tam orta təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmiş, lakin yetərli həddə bal toplamadığından, hər hansı təhsil müəssisəsinə qəbul olmamışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.13-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh AR Təhsil Nazirliyi tərəfindən iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi, növünə görə bu qəbildən olan iddialara qanunla “iddia müddəti”nin tətbiq edilməsinin nəzərdə tutulmaması və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Nərimanov rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları qeyd edir: «İnzibati icraat haqında» AR Qanunun Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Təhsil haqqında» AR Qanunun 21.3-cü maddəsinə görə orta ixtisas təhsili müvafiq təhsil proqramları əsasında təşkil olunur. Orta ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd – diplom verilir. Azərbaycan Respublikasının 07 oktyabr 1992-ci il tarixli Təhsil Qanununun (qüvvədən düşmüşdür) 10-cu maddəsinin İ və İİİ hossələrinə görə Azərbaycan Respublikasında həyata keçirilən təhsil proqramları bunlardır: ümumtəhsil proqramları; peşə-ixtisas təhsili proqramları. Peşə-ixtisas təhsili proqramlarına daxildir: texniki-peşə təhsili proqramları; orta ixtisas təhsili proqramları; ali ixtisas təhsili proqramları; ali təhsildən sonrakı ixtisas təhsili proqramları (ordinatura, magistratura, doktorantura və s). Həmin Qanunun 8-ci maddəsinə görə təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Həmin Qanunun 11-ci maddəsinə görə təhsil sistemi aşağıdakı quruluşda müəyyən olunur: Məktəbəqədər tərbiyə. Ümumi təhsil: ibtidai təhsil, əsas təhsil, orta təhsil. Peşəixtisas təhsili, texniki-peşə təhsili, orta ixtisas təhsili, ali ixtisas təhsili. Diplomdan sonrakı hazırlıq (stajkeçmə, ordinatura və s). Magistratura. Doktorantura. Məktəbdənkənar təlim və tərbiyə. Sərbəst təhsil. İxtisasartırma və kadrların yenidən hazırlığı. Həmin Qanunun 18-ci maddəsinə görə orta ixtisas məktəbləri (texnikumlar, kolleclər və s.) orta ixtisas təhsili proqramlarını həyata keçirən tədris müəssisələridir. həmin təhsil müəssisələri əsas və orta ümumi təhsil, peşə məktəbləri və peşə litseyləri bazasında fəaliyyət göstərməklə orta pillədən olan ixtisaslı mütəxəssislər hazırlayır, onları təkmilləşdirir və ixtisaslarını artırır. Əsas təhsili başa vurduqdan sonra orta ixtisas məktəbinə daxil olmuş vətəndaşlar orta ixtisas təhsili ilə yanaşı ümumi orta təhsil də alırlar. Ali məktəblərin nəzdində də müvafiq ixtisaslar üzrə texnikumlar, kolleclər fəaliyyət göstərə bilər. Orta ixtisas məktəblərini bitirənlərə “kiçik mütəxəssis” dərəcəsi verilir. Tədris prosesini dünya standartları səviyyəsində qurmuş qabaqcıl texnikumların maddi-texniki bazası və kadr potensialı əsasında müasir kolleclər şəbəkəsi yaradılır. Azərbaycan Respublikası Prezidentinin 01 mart 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında» Əsasnamənin 8-ci bəndinə (8.5, 8.26-cı yarımbənd) görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndirmə, təminat, təchizat və qiymətləndirməni (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) istisna olmaqla) təmin edir, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydalarını müəyyənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir. AR Nazirlər Kabinetinin 15 mart 2017-ci il tarixli 54 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə təlabatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları»nın 5-ci bəndinə görə müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir (5.1). İşə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər iştirak edə bilərlər (5.2). Göründüyü kimi, qanunvericilik normaları müəllimlərin işə qəbulu üzrə müsabiqədə yalnız müvafiq təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədini, yəni diplom almış şəxslərin iştirakını nəzərdə tutur. Dövlət nümunəli diplomlar isə, müvafiq təhsil müəssisələrində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada qəbul olunmuş abituriyentlərə təhsilini başa vuran məzun kimi verilir. Məhkəmə vurğulayır ki, hazırkı İddiaçı 2005-ci ildə qanunvericilikdə müəyyən edilmiş qaydada X5 və Texnologiya Kollecinə qəbul olunmadığı müəyyən edilir. Bu isə, belə qənaətə gəlməyə əsas verir ki, ona həmin təhsil müəssisəsi tərəfindən verilmiş diplomun dövlət nümunəli olmaması barədə hazırkı cavabdeh AR Təhsil Nazirliyinin mövqeyi əsaslıdır. Nəzərə alınmalıdır ki, təhsil müəssisələrinin buraxılış kontingentinin sayına uyğun diplom blankları ilə təmin edilməsi birbaşa AR Təhsil Nazirliyinin səlahiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi iddiaçının ona X5 və Texnologiya Kolleci tərəfindən verilmiş diplomun dövlət nümunəli olmaması əsası ilə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün təqdim etdiyi ərizəsinin qəbulundan imtina etməkdə haqlı olmuşdur. Odur ki, cavabdehin hərəkətləri qanuna zidd sayıla bilməz. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh AR Təhsil Nazirliyinə qarşı «iddiaçının müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün ərizəsinin qəbul edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh AR Təhsil Nazirliyinə qarşı «iddiaçının müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün ərizəsinin qəbul edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar