Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8721/2022 01.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı ilə “Xudafərin" MMC arasında bağlanmış 29 dekabr 2003-cü il tarixli 198 saylı müqaviləyə əsasən MMC-nin Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəlləsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının A3 korpusunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 145,11 kv.metr, yaşayış sahəsi 79,16 kv.metr olan 3 otaqlı, 13 saylı mənzili iddiaçı almışdır. Həmin mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir. Mənzilin ona təhvil verilməsi ilə bağlı iddia Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8531/2015 saylı iş üzrə 31 avqust 2015-ci il tarixli qətnaməsi ilə təmin edimişdir. 27 oktyabr 2016-cı il tarixdə tərtib olunmuş aktla qeyd edilən mənzil “Xudafərin" MMC tərəfindən ona təhvil verilmişdir. Bundan başqa, qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası əlaqədər verilmiş icra vərəqəsi əsasında Binəqədi rayon icra şöbəsinin əməkdaşları mənzilin başqa şəxs tərəfindən qoyulmuş qapısının yenisi ilə əvəzlənərək, bir daha ona (iddiaçıya) təhvil verilməsi barədə 21 iyun 2017-ci il tarixli akt tərtib etmişlər. İddiaçı mənzilində öz vəsaiti ilə tam təmir işlərini 2018 – 2019-cu illərdə başa çatdırmışdır və həmin dövrdən orada yaşayır. İddiaçı həmin mənzilə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasına dair çıxarışın verilməsi ilə bağlı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sənədlərə əlavə edərək poçt vasitəsilə 16 mart 2022-ci il tarixdə yazılı şəkildə müraciət etmişdir. Bundan öncə şifahi müraciəti zamanı sənədləri təqdim etsə də, İdarə əməkdaşları müxtəlif bəhanələrlə və səbəbini göstərmədən sənədləri qəbul etməmişlər. Cavabdeh tərəf ona ünvanlanmış 22 aprel 2022-ci il tarixli **********98 saylı qeyri-müəyyən cavab məktubunda ərizəni təmin etməmiş və öz imtinasını belə əsaslandırmışdır ki, mənzilin yerləşdiyi yaşayış binası "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra mənzil üzərinda mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər, guya ərizəyə əlavə edilən sənədlərdə mənzil barədə tam məlumat (mənzilin nömrəsi) yoxdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasına dair ona çıxarış verilməlidir. Belə ki, mənzilin yerləşdiyi yaşayış binasının "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması barədə cavabdehin mövqeyi doğru deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli qərarı ilə təsdiq olunmuş və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 350 saylı 19 mart 2020-ci il tarixli qərarına əsasən “2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikintiquraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış kompleksinin) istismarına" icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Cavabdehə təqdim edilən sənədlərdə mənzilin nömrəsinin olmaması da həqiətə uyğun deyil. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin 21 sentyabr 2021-ci il tarixli maliyyə arayışında mənzilin nömrəsinin 13 olduğu göstərilmişdir. Mənzilin bu nömrəsi həmçinin ASAN Pay vasitəsilə ödənilən bütün kommunal (qaz, işıq, su və.s) ödənişlərdə də öz əksini tapmışdır. İddiaçının son rəsmi müraciətidən sonra cavabdehin mütəxəssisləri onun mənzilinə baxış keçirmiş və müvafiq cihazlarla ölçüləri götürmüşlər, digər məlumatları qeyd etmişlər. "xxxx" MMC-nin alıcılara verdiyi başqa müqavilələrdə də mənzillərin nömrəsi qeyd olunmamışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.04, 8.0.10-cu maddələrinə, İPM-in 73.1-ci maddəsinə əsaslanaraq, Bakı şəhəri, Atatürk prospekti, 3078 A ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının A3 korpusunun 7-ci mərtəbəsindəki ümumi sahəsi 145,11 kv.m, yaşayış sahəsi 79,16 kv.m olan 3 otaqlı 13 saylı mənzilə dair iddiaçının hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin İPM-in 47-ci maddəsinə uyğun olaraq məhkəməyə ünvanlanmış 16 avqust 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə 16 mart 2022-ci il tarixdə müraciət etmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X7 prospekti, məhəllə 3078A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 350 saylı 19 mart 2020-ci il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) “Xudafərin" MMC göstərilmişdir. Qeyd olunan ünvanda yerləşən yaşayış binası "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra iddiaçı tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Həmçinin iddiaçının müraciətə əlavə edilmiş sənədlərində mənzil barədə tam məlumat (mənzil nömrəsi) qeyd edilməmişdir. Bununla yanaşı, iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş pay haqqının tam ödənilməsi barədə sənəd (maliyyə arayışı) təqdim edilməmişdir. Ərizəyə əlavə edilmiş Binəqədi Rayon Məhkəməsinin 2(001)-8531/2015 saylı iş üzrə 31 avqust 2015-ci il tarixli qətnaməsi İdarəyə rəsmi qaydada daxil olmamış, müvafiq məhkəmə işi üzrə İdarə tərəf qismində cəlb edilməmiş və İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Qeyd olunan səbəblərə görə müraciətin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya 1 aprel 2022-ci il tarixli **********77 nömrəli məktub ünvanlanmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli 8(005)-318/2019 saylı qərardadı ilə "xxxx" MMC-nin adına ünvan ünvanda yerləşən 0.5530 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Bundan başqa, İdarənin mütəxəssisləri tərəfindən mənzilə keçirilmüş yerli baxış zamanı müəyyən edilmişdir ki, mənzilin sənəd üzrə sahəsi 145,11 kv.m, faktiki sahəsi isə, 131,8 kv.m-dir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.3, 11.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1, 109.1-ci maddələrinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdiim etmiş və iddianın dəyişdirilərək mənzilin ölçüsünün 131,8 kv.m qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X5 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı ilə "xxxx" MMC arasında Bakı şəhəri, Atatürk prospekti 3078 “a” məhəlləsində inşa edilmiş yaşayış binasında A3 korpusunun 7-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət, ümumi sahəsi 145,11 kv.m olan mənzilin əldə edilməsi ilə bağlı 29 dekabr 2003-cü il tarixli müqavilə imzalanmışdır. İddiaçı tərəfindən mənzilin (13 nömrə ilə) dəyəri "xxxx" MMC-yə tam ödənilmişdir. Həmin mənzilin yerləşdiyi binanın sifarişçi "xxxx" MMC olmaqla müvafiq komissiya tərəfindən tərtib olunmuş istismara qəbul aktı Bakı ŞİH tərəfindən təsdiq edilmişdir. İddiaçı həmin mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Adıçəkilən İdarə məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda bildirilmişdir ki, binanın istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" MMC göstərilmişdir, yaşayış binasının "xxxx" MMC-nin mülkiyyəti kimi qeydiyyata alındıqdan sonra iddiaçı tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq olunmuş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər, mənzilin nömrəsi göstərilməmişdir. Məhkəmə icraatında cavabdeh inzibati orqan imtina barədə mövqeyini həmçinin onunla əsaslandırmışdır ki, binanın yerləşdiyi torpaq sahəsinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulmuşdur, iddiaçı tərəfindən mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışı təqdim olunmamışdır, mənzilin faktiki ölçüsü müqavilədəki ölçüdən fərqlidir, Binəqədi Rayon Məhkəməsinin 2(001)-8531/2-15 saylı iş üzrə 31 avqust 2015-ci il tarixli qətnaməsi İdarəyə daxil olmamış və həmin işə İdarə tərəf kimi cəlb olunmamış, onun üzərinə hər hansı öhdəlik qoyulmamışdır. İddiaçı hazırda həmin imtina mübahisələndirir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.6-cı maddəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Göründüyü kimi, mənzilə pay haqqını müvafiq binanın məxsus olduğu quruma ("xxxx" MMC-yə) tam ödəməklə iddiaçı ona mülkiyyət hüququ əldə etmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınması məsələsinə münasibətdə qeyd olunmalıdır ki, bununla bağlı imtina üçün əsaslar hazırkı iş üzrə mövcud deyil. Çünki, iddiaçı pay haqqını ödədiyindən və üzvlüyə qəbul edildiyindən, onun mənzilə hüququnun qeydiyyata alınması üçün əsas mövcuddur. Cavabdehin imtinasında göstərilən dəlilə gəldikdə isə, məhkəmənin cavabdehin mövqeyi ilə razılaşmır və aşağıdakıları vurğulayır: 1) mənzilə iddiaçının mülkiyyət hüququ yarandığından və qanunvericiliyin normaları da bu hüququn qeydiyyata alınmasını məhdudlaşdırmadığından, imtinadakı dəlillər əsaslı deyil. Çünki, bina inşa edən qurum kimi "xxxx" MMC-nin təşkilati-hüquqi formasının MTK və ya MMC olması pay haqqı ödəmiş iddiaçıya münasibətdə fərq yaratmamalıdır; 2) Mənzilin pay haqqının ödənilməsi barədə "xxxx" MMMC-nin maliyyə arayış mövcuddur; 3) mənzilin nömrəsi maliyyə arayışında “13 nömrə” ilə əks olunmuşdur; 4) mənzilin sahəsinə gəldikdə isə, iddiaçı hazırda inzibati orqanın müəyyən etdiyi 131,8 kv.m ölçüdə mənzilə hüququnun qeydiyyatını istəyir, bu ölçü mənzilin müqavilədə göstərilən ölçüsündən az həcmdədir; 5) iddiaçı mənzilin sahibi kimi həmin əmlaka mülkiyyət hüququnun qeydiyyatını tələb etdiyindən, mənzil olan binanın altındakı torpaq sahəsinin müqəddaratı həll olunmur və həmin torpaq sahəsinin üzərinə həbs olması bu qeydiyyata təsirsizdir; 6) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-8531/2-15 saylı iş üzrə 31 avqust 2015-ci il tarixli qətnaməsi mülki məhkəmə icraatı qaydasında qəbul olunmuşdur və həmin iş üzrə hazırkı cavabdehin tərəf kimi çıxış etməməsi iddiaçının mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınmasına maneə ola bilməz. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna ziddir və iddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə İPM-in 13, 52, 68-ci maddələrini də rəhbər tutaraq hesab edir ki, iddia təmin edilərək Bakı şəhəri, Atatürk prospekti, məhəllə 3078A ünvanında inşa edilmiş yaşayış binasında A3 korpusunun 7-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət, ümumi sahəsi 131,8 kv.m olan 13 saylı mənzilə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Atatürk prospekti, məhəllə 3078A ünvanında inşa edilmiş yaşayış binasında A3 korpusunun 7-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət, ümumi sahəsi 131,8 kv.m olan 13 saylı mənzilə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-8721/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8721/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver