Məhkəmə qərarları › İş №2-1(112)-8723/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8723/2023

16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8723/2023 16.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, İslamov Tamerlan Cəlil oğlunun katibliyi, İddiaçının nümayəndəsi (atası) X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 16 iyun 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1974-cü ildə doğulmuşdur. İddiaçının əlillik vəziyyətinə Zəngilan Mərkəzi Rayon Xəstəxanasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında baxılmış və "Səbəbi: Ümumi xəstəlik X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar Diaqnozun mətni: Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri. Postravmatik ensafolapatiya.Tez-tez baş verən qıcolma tutmaları ilə.Kəskin nəzərə çarpan astenonevrotik vəziyyət.On iki barmaq bağırsağın xora xəstəliyi tez-tez baş verən kəskinləşmələrlə.Hipertoniya xəstəliyi İİ dərəcə.Tez-tez baş verən hipertonik krizlərlə. Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.10. Baş beyin qan dövranının xroniki çatmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın...” səbəbi ilə müddətsiz əlillik verilmişdir. Sonradan iddiaçının səhhətindəki xəstəlikə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 91 № li, xx.xx.2016-ci il tarixli Qərarı ilə “qapalı kəllə-beyin travması, alt çənənin, sol qaşüstü və sağ qaşüstü nahiyənin çoxsaylı qəlpə yaralanması diaqnozu qoyulmuşdur. Adıçəkilən qərarda iddiaçının aldığı xəsarətlərin hərbi travma olması və Azərbaycan Respublikasının müdafiəsi zamanı alması qeyd edilmişdir. Bundan sonra iddiaçı ona təyin edilmiş əlilliyin səbəb-əlaqəsinin dəyişdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və onun müraciəti təmin edilərək ona 0098003AABPR nömrəli, xx.xx.2017-ci il tarixli Forma 88 arayışla 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəb-əlaqəsi olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik qeyd edilmişdir. Bakı 27 nömrəli Şəhər Poliklinikasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri.Tez-tez baş verən qıcolma tutmaları (həftədə 8- 10 dəfə) Kəskin nəzərə çarpan asteno-nevrotik vəziyyət.ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İİB. Tez-tez baş verən hipertonik krizlərlə.Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları,Xroniki xolesistit, . Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.11. epilepsiya, teztez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9);” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan çıxarışdan görünür ki, iddiaçıya keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri diaqnozu qoyulmuşdur. “EGE Hospital” tərəfindən verilmiş MRT müayinəsindən görünür ki, iddiaçı adıçəkilən klinikada MRT müayinəsindən keçmiş və müayinənin nəticəsi kimi hər iki alın-təpə paylarında subkortikal dərin ağ maddədə bir neçə non-spesifik gliotik ocaqlar. Sağ maksilyar medial divarda 10*8 mm ölçüdə, T2 ağırlıqlı sekanslarda hiperintens, T1 hipointers siqnal intensivlikdə lezyon izlənilir” qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 tərəfindən verilmiş 1/4023 saylı, xx.xx.2022-ci il tarixli həkim psixiatr komissiyasının rəyi ilə iddiaçıya “baş beyinin üzvi xəstəliyi nəticəsində qabarıq asteo-nevrotik sindrom yaddaşın enməsi ilə F066.F067” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan çıxarışdan görünür ki, iddiaçıya baş-beyin üzvi xəstəliyi diaqnozu qoyulmuşdur. İddiaçı ona təkrarən əlilliyin təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan onu sonuncu dəfə xx.xx.2023-cü il tarixdə yenidən müayinə etmiş və xx.xx.2023-cü il tarixli qərarla xx.xx.2022-ci il tarixli, K00059922CVJ nömrəli, Forma 88 arayışına əsasən ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. Qeyd edilən arayışda iddiaçıya “baş beyinin ocaqlı travması, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıqları” diaqnozu qoyulmuşdur. Adıçəkilən arayışda qeyd edilən diaqnozun əlillik əlaməti təyin etməməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli qərarında qeyd edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçıa Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 91 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəlləbeyin travması. Alt çənənin, sol qaşüstü nahiyyənin çoxsaylı qəlpə yaralanması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, əsəbilik, yaddaş pozuntusundan şikayətlənmişdir. Müayinənin gedişatı boyunca müharibədəki iştirakından danışmış, 4 ildir ailəsindən ayrı, tək yaşadığını bildirmişdir. Əvvəllər Fenazepam, Amitriptilin, indi isə Finlipsal qəbul etdiyini bildirmiş, bəzən özü-özünə dərmanlardan istirahət verdiyini, o zaman sadəcə narahatçılıq hissinin olduğunu bildirmişdir. Nevroloji olaraq əlillik təyinatına əsas verən defisit izlənilməmiş, nevroloji sınaqları düzgün yerinə yetirmişdir. Anamnezində yüksək arterial təzyiqi olduğunu, "Kaptopril" qəbul etdiyini qeyd etmiş, müayinə zamanı arterial təzyiqi 160/110 mm.c.s müəyyənləşdirilmişdir. Xəstə zahirən baxımlı, saçı, saqqalı, geyim-səliqəli olmuşdur. Daha öncəki əlillik təyinatı “Epilepsiya” xəstəliyi ilə olsa da, hal-hazırda heç bir şikayət bildirməmişdir. Baxış zamanı alt çənədə və sol qaşüstü nahiyədə çapıqlar izlənilmiş, hərəki məhdudluq qeyd edilməmişdir. Psixi sferada əlillik təyinatına əsas verən defisit aşkar edilməmişdir. Ege Hospitalın xx.xx.2021-ci il tarixli Beyin MRT müayinə nəticəsi “Hər iki alın-təpə paylarında subkortikal dərin aq maddədə bir neçə non-spesifik qliotik ocaqlar. Sağ maksilvar sinusda medial divarda 10x8 mm ölçüdə, T2 aqırlıqlı sekanslarda hiperintens, T1 hipointens siqnal intensivlikdə lezvon izlənilir (muosele? retenesion kista?)" kimi müəyyənləşdirilmişdir. 2 Nömrəli X3nın xx.xx.2022-ci il tarixli 1/4023 nömrəli Tibbi rəydə diaqnoz “Baş-beynin üzvi xəstələyi (travma mənşəli) nəticəsində qabarıq asteno-nevrotik sindrom, yaddaşın enməsi ilə" kimi müəyyənləşdirilmişdir. X5 xx.xx.2022-ci il tarixli Elektroensefaloqrafiya müayinə nəticəsi “Müayinə oyaq vəziyyətdə, hiperventilyasiya və fotostimulyasiya sınaqları zamanı keçirilib. Fon aktivliyində dizritmiya fonunda beyin qabığının paroksizmal meyli qeyd olunur. Funksional sınaqlar zamanı, hiperventilyasiyada (HV) və fotostimulvasiyada (FS) beyin qabığında paroksizmal aktivlik artmamışdır. Baş beynin bioelektrik aktivliyinin diffuz dəyişikliyi qıcolma qapısının daralması əlaməti ilə qeyd olunur. P.S. Müayinə antikonvulsant fonunda aparılmışdır və müəyyənləşdirilmişdir. X5 xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz “Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıqları. Postravmatik ensefalopatiya kəllə daxili hipertenziya və tez tez təkrarlanan epilepsiform qıcolmalarla (ayda 8-9 dəfə). Emosional labil pozuntu. Hipertoniva xəstəliyi İİİ mərhələ. Beynin xroniki işemik xəstəliyi kimi müəyyənləşdirilmişdir. Şikayətlərinə əsasən, ƏƏSMN tabeliyində TSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya pozulmayıb, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=64%). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Min MR. Min TR. Perikard təmizdir"’ kimi müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən nevroloji, psixi defisit, digər orqanlar tərəfindən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2023-cü il tarixdən təkrarən orqanizmin funksiyalarının 61-80% pozulmasına görə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda qeyd edilən hallarına istinadən tələb onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıya qoyulmuş diaqnoz öz təsdiqini tapır. Odur ki, cavabdeh tərəfindən ona əlilliyin təyin edilməməsində ifadə olunan hərəkətlər qanunsuz və əsassızıdır. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vətəndaş əyani müayinə olunmaq üçün Agentliyə dəvət olunmuş və sonuncu göndəriş əsasında 03 mart 2023-cü il tarixli Qərarla barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Təqdim edilən tibbi sənədlər, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı və əyani müayinənin nəticəsində iddiaçıda MHHK-nın qərarında qeyd edilən diaqnozlar, o cümlədən aşkar olunan patofunksional dəyişikliklər və ağırlaşmalar öz təsdiqini tapmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçıya əlilliyin verilməsindən xx.xx.2023-cü il tarixli qərarla imtina edilmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə iddia verməklə iddia müddətinə də riayət etmişdir. Belə ki, həmin qərarın iddiaçıya hansı tarixdə təqdim edilməsi barədə cavabdeh sübut təqdim edə bilməmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə əsasən Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli, K00059922CVJ nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “baş beyinin ocaqlı travması, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıqları” diaqnozu qoyulmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə qeyd edilən diaqnozun əlillik təyin etməməsi əsası ilə imtina edilmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir. Məhkəmə ilk növbədə qeyd edir ki, əlillik meyarının müəyyən edilməsi cavabdeh inzibati orqanın diskression səlahiyyətinə aiddir. Diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Cavabdehin dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: Meyarların 6.1-ci bəndinə əsasən kəllə-beyin travması və baş beynin zədələnməsinin nəticələri: baş beynin silkələnməsi, əzilməsi S06-T90 şrifti ilə əlilliyi təyin edilən xəstəliklər siyahısına aid edilmişdir. Həmin Meyarların 6.1.2-ci bəndinə əsasən ümumi beynin təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası 65-80 % nisbətində götürülmüş əlillik təyinatı aparılması qeyd olunmuşdur. Bakı Baş Sahiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli, K00059922CVJ nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “baş beyinin ocaqlı travması, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıqları” diaqnozu göstərilmişdir. Göründüyü kimi, cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinə uyğun olaraq) təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar