Məhkəmə qərarları › İş №2-1(112)-8724/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8724/2022

19.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8724/2022 19.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X8 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 və X2 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8724/2022 nömrəli qərardadı ilə X7 və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X3 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(020)-941/2019 saylı qətnaməsi ilə cavabdeh X10 xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 42472,02 manat əsas borc, 26497,26 manat faiz borcu, cəmi 68969,28 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutulub İddiaçı ASC-nin (bundan sonra Bank adlandırılacaq) xeyrinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 64000 manat müəyyən edilməklə borc banka ipoteka qoyulmuş X15 məxsus Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2 küçəsində yerləşən 2 saylı evin 11 saylı mənzilinə yönəldilməklə mənzilin açıq hərracdan satılması və mənzil satıldıqdan sonra boşaldılması qət edilmişdir. Sonradan Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(020)- 941/2019 saylı qətnaməsindən iş üzrə maraqlı şəxslər tərəfindən apellyasiya şikayəti verilmiş, lakin qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bank ilə hərrac təşkilatı arasında bağlanmış Protokola və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən X15 məxsus Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2 küçəsində yerləşən 2 saylı evin 11 saylı mənzili Banka satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bankın Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2 küçəsində yerləşən 2 saylı evin 11 saylı mənzili üzərində tam mülkiyyət hüququ qeydə alınmışdır. Daha sonra Bakı şəhəri Yasamal rayon İcra şəbəsi tərəfindən icra sənədi üzrə məcburi icra tədbiri əsasında Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2 küçəsində yerləşən 2 saylı evin 11 saylı mənzili tərtib edilmiş akt əsasında tam boşaldılaraq Banka təhvil verilmişdir. Mənzil Bankın mülkiyyətinə keçsə də, sonradan məlum olmuşdur ki, X7 və X5 həmin ünvanda qeydiyyatdadırlar. Azərbaycan DİN-in BP QMİ-nin MAPS arayışından da görünür ki, X7 və X5 hazırda Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2 küçəsində yerləşən 2 saylı evin 11 saylı mənzilində qeydiyyatdadırlar. Bu isə mülkiyyətçi kimi Bankın həmin əmlak üzərində mülkiyyət hüquqlarını həyata keçirməsinə maneə yaradır. Buna görə də, tərəflərindən rəsmi məktubla Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə müraciət edilərək, X7 və X5 Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2 küçəsində yerləşən 2 saylı evin 11 saylə mənzilindən pasport qeydiyyatından çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, N091- 26368-1222 saylı cavab məktubu ilə X7 və X5 Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2 küçəsində yerləşən 2 saylı evin 11 saylə mənzilindən pasport qeydiyyatından çıxarılmasından imtina olunmuşdur. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Bu səbəbdən də hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X16 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdeh məhkəməyə müraciət edərək onların iştirakı olmadan qərar çıxarılmasını xahiş etmiş, üçüncü şəxs isə məhkəməyə gəlməmiş, gəlməməsrinin üzrlü səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2021-ci il tarixdən İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. - Beyləqan Rayon Məhkəməsinin 2(020)-941/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ASC-nin cavabdeh X15 qarşı kredit borcunun qaytarılması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia tələbi təmin edilmiş, X10 xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 42472,02 manat əsas borcun, 26497,26 manat faiz borcunun, cəmi 68969,28 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub “Kapital Bank" ASC-nin hesabına ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 64000 (altmış dörd min) manat müəyyən edilməklə borcun banka ipotekaya qoyulmuş X15 məxsus Yasamal-2 küçəsində yerləşən 2 saylı evin 11 saylı mənzilinə yönəldilməklə mənzilin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsində yerləşən 2 saylı evin 11 saylı mənzil satıldıqdan bir ay sonra cavabdeh tərəfindən boşaldılması qət edilmişdir. - Bakı şəhəri, Yasamal rayon icra şöbəsinin icra məmuru Bəhruz Bayramovun, 29-cu polis bölməsinin sahə inspektoru polis leytenantı X9, tələbkar Kapital Bak ASC-nin nümayəndələri X11, X14, hal şahidləri X4 və X6 iştirakları ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Beyləqan rayon Məhkəməsinin 2(020)-941/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Yeni ünvan 2 ünvanı məcburi qaydada açılaraq boş vəziyyətdə aşkar olundu. Mənzildə 1 neçə əşya yararsız vəziyyətdə aşkar olundu. 1) 26 markalı paltaryuyan yararsız 2) kamot 1 ədəd yararsız, 2 ədəd paltar şkafı yararsız, köhnə, sınıq, çürümüş, mənzil tələbkar İddiaçı-ın nümayəndəsi C.Qasımova təhvil verildi. Aktın doğruluğu imzalar ilə təsdiq edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü X7, xx.xx.1991-ci il təvəllüdlü X5 ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 018-13501-1222 №-li, xx.xx.2022ci il tarixli məktubdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü X7 xx.xx.2005-ci il tarixdən halhazıradək ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. C.Sədrəddinovanın qeydiyyata alınmasına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. xx.xx.1991-ci il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışdır - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 091-26368-1222 №-li məktubun surətindən görünür ki, müraciətin cavab olaraq bildirilir ki, X3, X2 Yasamal rayonu, Y.Yasamal-2, ev 2, mənzil 11 ünvanından qeydiyyatdan çıxarılması ilə əlaqədar məhkəmənin icra vərəqəsi iş materialına əlavə olunmadığından, toplanmış material icra olunmadan geri qaytarılır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən etmişdir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən əmlak xx.xx.2009-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı X12 tərəfindən alıcı X1, həmin mənzil İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-941/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən X10 xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 42472,02 manat əsas borcun, 26497,26 manat faiz borcunun, cəmi 68969,28 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub “Kapital Bank" ASC-nin hesabına ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 64000 (altmış dörd min) manat müəyyən edilməklə borcun banka ipotekaya qoyulmuş X15 məxsus Yasamal-2 küçəsində yerləşən 2 saylı evin 11 saylı mənzilinə yönəldilməklə mənzilin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsində yerləşən 2 saylı evin 11 saylı mənzil satıldıqdan bir ay sonra cavabdeh tərəfindən boşaldılması qət edilmişdir. Qeyd olunan məhkəmə qərarı icra olunaraq mənzil hərracda satılaraq İddiaçı ASC tərəfindən alınmışdır. Mübahisəli mənzil hal-hazırda İddiaçı ASC-nin mülkiyyətindədir. İş üzrə üçüncü şəxs X7 xx.xx.2005-ci il tarixdən hal-hazıradək həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olsa da faktiki olaraq həmin ünvanda yaşamır. İddiaçı mülkiyyətində olan yaşayış sahəsində qeydiyyatda olan, lakin həmin ünvanda yaşamayan şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: -mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; -həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; -istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin ikinci hissəsində olan digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-nin 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması tələb edilən üçüncü şəxsin mübahisəli yaşayış sahəsi üzrə istifadə hüquqlarının yaranmasına dair iddiaçı ilə bağlanmış notariat qaydada təsdiq edilmiş yazılı razılaşmanın mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqan: vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası: vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi) - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi mübahisəli yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Belə olan halda mülkiyyətçi ona məxsus olan yaşayış sahəsində qeydiyyatda olan, lakin faktiki olaraq həmin ünvanda yaşamayan şəxsin qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququna malikdir. Mübahisəli yaşayış sahəsində qeydiyyatda olan üçüncü şəxs X7 qeyd olunan ünvanda yaşamadığından, eləcə də onun həmin yaşayış sahəsindən istifadə hüquqlarının hazırda mövcudluğuna dair cavabdeh tərəfindən hər hansı sübut məhkəmə icraatına təqdim edilmədiyindən, həmin şəxsin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən qeydiyyatdan çıxarılmaması qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməklə X3 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X3 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar