Məhkəmə qərarları › İş №2-1(112)-8726/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8726/2021

10.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8726/2021 10.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X11 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov prospekti, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı 1 A saylı mənzil üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının 14 oktyar 2020-ci il tarixli, 06 saylı Protokol qərarına əsasən o, Socar Prezidentinə ərizə ilə müraciət edərək, 4 nəfərdən ibarət, özü və 3 oğlu olmaqla ailəsi ilə birlikdə yaşamaq üçün yaşayış sahələri olmadığını nəzərə alaraq, müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Müvafiq dövlət qurumları tərəfindən verilmiş arayışlara əsasən onun ailəsinin maddi vəziyyəti ağır olduğundan, oğlu Muradın X5 köməyi ilə 2 dəfə ağır əməliyyatlar keçirməsi, həyat yoldaşının vaxtsız vəfati nəzərə alınaraq,onun mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində müraciəti SOCAR Prezidentinin dərkanarı ilə təmin edilmiş və ona 1 otaqlı evin verilməsi təklif edildiyindən, o, da razılaşmışdır. Həmin Protokola əsasən ünvan 2 ünvanındakı 1 A saylı mənzil ona 4 nəfər ailə tərkibi ilə ailə üzvlərinə yaşamaq üçün ayrılmış və mənzilin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün müvafiq hüquqmüəyyənedici sənədin verilməsi məqsədi ilə mənzil-uçot sənədi İcra Hakimiyyətinə göndərilmişdir. Bundan sonra, Nərimanov rayon İcra Hakimiyyəti başçısının 27.10.2020-ci il tarixli, 211 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirktinin rəhbərliyi və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının 14 oktyabr 2020-ci il tarixli, 06 saylı protokol qərarına əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 79 ünvanındakı 1 A saylı mənzil ona 4 nəfər ailə tərkibi ilə ailə üzvlərinə yaşamaq üçün ayrılması,həmin mənzilin onun adına yəni, İddiaçı adına sənədləşdirilməsi, sözügedən mənzilin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilməsi tövsiyyə edilmişdir. Mənzildən istifadə və sahibkarlıq hüququnun həyata keçirilməsi ilə bağlı, hər-hansı mübahisə mövcud deyildir. Lakin, o, ünvan 2 ünvanındakı 1 A saylı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, müraciəti 26.05.2021-ci il tarixli imtina məktubu ilə təmin edilməmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən məhkəməyə etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə ********** nömrəli, 13.04.2021-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 79 saylı evin, 1 A saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu barədə vətəndaşa **********85 saylı, 26.05.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Həmçinin qeyd olunan mənzilə dair müraciətinə əlavə etdiyi Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının 211 saylı sərəncamı, 27.10.2020-ci il tarixdə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə istinad edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının 14 oktyabr 2020-ci il tarixli 06 nömrəli protokolundan çıxarışdan görünür ki, 17-ci maddəyə əsasən İddiaçı SOCAR-ın Prezidentinə ərizə ilə müraciət edərək, 4 nəfər (özü, 3 oğlu) ailə tərkibi olduğunu, yaşayış yerinin olmadığını bildirmiş və mənzillə təmin olunmasını xahiş etmişdir. İddiaçı ərizəsinə SOCAR-ın Prezidenti tərəfindən 10.01.2020-ci il tarixli, “X.e.m.q kömək göstərilsin” dərkənarı qoyulmuşdur. İddiaçı ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin Nərimanov rayon Məşğulluq Mərkəzi tərəfindən verilən arayışa əsasən işsizdir. Ailə tərkibi 4 nəfərdən (özü, 3 oğlu – Əli 2002, Yusif 2004, Murad 2017ci il təvəllüdlü) ibarətdir. Oğlu Murad anadan olarkən həyat yoldaşı rəhmətə getmişdir. Murad xəstə olduğuna görə X5 köməkliyi ilə 2 dəfə əməliyyat keçirmişdir. Mənzil şəraitinin yaxşılaşdırılmasına ciddi ehtiyacının olduğunu nəzərə alaraq, İddiaçı ünvan 1 ünvanındakı 5 mərtəbli yaşayış binasında giriş 1, mərtəbə 1, ümumi sahəsi 39.2 kv.m, yaşayış sahəsi 11.34 kv.m olan 1 otaqlı 1 A nömrəli mənzil təklif edilmiş və o, öz razılığını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq, 17.1. ünvan 1 ünvanındakı 5 mərtəbli yaşayış binasında giriş 1, mərtəbə 1, ümumi sahəsi 39.2 kv.m, yaşayış sahəsi 11.34 kv.m olan 1 otaqlı 1 A nömrəli mənzil İddiaçı 4 nəfərdən ibarət aşağıdakı ailə tərkibinə daimi yaşayış üçün ayrılmış - özü – İddiaçı, 1980-cı il təvəllüdlü, oğlu – X7, 2002-ci il təvəllüdlü, oğlu – X3, 2004-cü il təvəllüdlü, oğlu – X4, 2017-ci il təvəllüdlü, həmin Protokolun 17.2-ci maddəsinə əsasən İddiaçı ayrılan mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestrində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması üçün müvafiq hüquqüəyyənedici sənədin (sərəncamın) verilməsi məqsədi ilə mənzil uçot sənədləri Nərimanov rayon İcra Hakimiyyətinə göndərilmişdir. İşdə olan Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 211 nömrəli, 27.10.2020-ci il tarixli sərəncamının surətindən görünür ki, həmin Sərəncamın 1-ci bəndinə əsasən ARDNŞ rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin 14 oktyabr 2020-ci il tarixli birgə iclasının 06 nömrəli Protokol qərarı nəzərə alınmış, ünvan 4 ünvanda 1-ci mərtəbədə yerləşən yaşayış sahəsi 11.34 kv.m, ümumi sahəsi 39.2 kv.m olan 1 otaqlı 1 A nömrəli mənzili daimi yaşayış üçün İddiaçı 4 nəfərdən ibarət ailə tərkibinə (İddiaçı – özü, X7 – oğlu, X3 – oğlu, X4 – oğluna) ayrılmış və həmin mənzil İddiaçı adına sənədləşdirilmiş, həmin Sərəncamın 2-ci bəndinə əsasən sözügedən mənzilin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilməsi İddiaçı tövsiyyət edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********85 nömrəli, 26.05.2021-ci il tarixli imtina məktubunun surətindən görünür ki, Bak şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 79 saylı evin, 1 A saylıl mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin qeyd olunan mənzilə dair müraciətinə əlavə etdiyi Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının 2211 saylı sərəncamı 27.10.2020-ci il tarixdə verilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, qeyd olunan mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmamışdır. Etirazın əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə istinad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən verilmiş 02/198 nömrəli, 10 iyun 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı hazırda Bakı şəhəri, Nizami rayonu, 8-ci mkr qəsəbəsi, Şirin Mirzəyev küçəsi, bina 79, mənzil 1 A-da qeydiyyatsız yaşayır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, işin bu cür hallarında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmasına dair cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuzdur. Belə ki, məhkəmə ilk öncə cavabdehin imtinasına və etirazına münasibətdə qeyd edir ki, cavabdeh öz imtinasının əsasında sözügedən mənzilin Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 27.10.2020-ci il tarixli, 211 saylı sərəncamına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) verildiyinə istinad etsə də, iş materiallarında olan mübahisəli mənzilin iddiaçıya ayrılmasına dair Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının 14 oktyabr 2020-ci il tarixli 06 nömrəli protokolundan çıxarışın 17.2-ci bəndində və Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının 211 nömrəli, 27.10.2020-ci il tarixli sərəncamının 2-ci bəndində həmin mənzilin iddiaçının mülkiyyətinə ayrılması, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilməsi birbaşa nəzərdə tutulmuşdur. Göstərilən hal isə, cavabdehin iddiaçıya münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə istinad etməklə imtina etməsini əsassız edir. Beləliklə, məhkəmə araşdırması zamanı mübahisəli mənzilin müvafiq icra hakimiyyəti orqanının sərəncamına əsasən iddiaçıya münasibətdə xüsusi hal kimi, birbaşa iddiaçının mülkiyyətinə ayrılmasının nəzərdə tutulması, İddiaçı qanuni əsaslarla mübahisəli mənzilin sahibi və istifadəçisi olması öz təsdiqini tapdığından, hazırki iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 04 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsinin tələblərinə əsasən - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanındakı 1 A saylı mənzilin mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar