Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8727/2023 21.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin təhqiqatçısı Aslan Rəhimovun qərarının və ekspertiza rəyinin ona təqdim edilməsi, habelə mənəvi zərərə görə 50.000 manat məbləğində kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 11 noyabr 2022-ci il tarixdə Ələskərova Elnarə ona hücum etmişdir. Onu sağ gözündən vurmuş və ru-press informasiya portalının telefonunu sındırmışdır. Sabahı gün o, gözünün altında qançırla oyanmış və həmin gün 38 saylı poliklinikaya müraciət etmişdir. Gözündə olan ağrılar nəticəsində o, bir neçə gün gecə yata bilməmiş, 15 noyabr 2022-ci il tarixdə ərizə ilə polisə müraciət etmiş, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin təhqiqatçısı Aslan Rəhimov onun ifadəsini almışdır. O, həmin gün ekspertizadan keçmiş, həmçinin sağ gözündə ağrıları davam etdiyi üçün oftalmoloqun yanında müalicə almışdır. Bu səbəbdən ona Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə göndəriş verilmişdir. Oradan tibbi rəyi 15 dekabr 2022-ci il tarixdə aldıqdan sonra məhkəmə ekspertinə təqdim etmiş, o isə bildirmişdir ki, 6 dekabr 2022-ci il tarixdə artıq öz rəyini vermişdir. Hələ də başa düşə bilmir, əgər ekspert rəyi Oftalmologiya Mərkəzinin tibbi rəyi olmadan da yaza bilirdisə, onda onu ora göndərməyə nə ehtiyac var idi? Gözü MRT olunmuş, gözünə sililaks damcıları tökülmüşdür, 9 gün demək olar ki, heçnə görmürmüş. Onun belə ələ salınmağına nə ehtiyac var idi anlamır. Məhkəmə eksperti tibbi rəydə nə yazıldığını haradan bilə bilərdi? Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin təhqiqatçısı Aslan Rəhimov ondan heç bir maddi sübut tələb etməmiş, işdə audio video sübutlar olmamışdır. Təhqiqatçı qərarı tələsik qəbul etmişdir. Dörd aydan çox vaxt keçməsinə baxmayaraq bugünədək nə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin təhqiqatçısı Aslan Rəhimovun qərarı, nə də ki ekspertin rəyi ona təqdim edilmişdir. Bununla bağlı cavabdehə müraciət etmiş, lakin müraciəti nəticəsiz qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia ərizəsinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Eyni Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların: -3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; -3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 12ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Məhkəmə qeyd edir ki, inzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın yalnız inzibati hüquq sahəsindəki fəaliyyəti inzibati mübahisəyə əsas ola bilir. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti bilavasitə onun inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə deyildir. Bunun da məntiqi davamıdır ki, inzibati məhkəmə icraatında inzibati orqanların məhz inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi və həmin icraat çərçivəsində keçirilmiş ekspertiza rəyinin ona verilməsini xahiş edir, hansı ki, bu mübahisə cavabdeh orqanın həyata keçirdiyi cinayət prosessual fəaliyyət ilə bağlıdır və “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan 3.2.1-ci maddəsinin tələbinə əsasən belə bir mübahisə inzibati məhkəmə icraatının predmeti qismində çıxış edə bilməz. Yəni hazırkı iş üzrə cavabdeh qismində göstərilən orqanla iddiaçı arasında yaranan münasibət inzibati hüquq münasibəti deyil və deməli, tərəflər arasında inzibati mübahisə yoxdur. O da qeyd edilməlidir ki, işdə olan Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6(011)-28/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin qərar ilə İddiaçı şikayəti təmin edilmiş, Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin təhqiqatçısı X1 hərəkəti qanunsuz hesab edilmiş, Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın və ekspertiza rəyinin İddiaçı təqdim edilməsi qərara alınmışdır. İşdə olan Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 3/2-6652 nömrəli məktubundan görünür ki, Xətai rayon məhkəməsinin 11 may 2023-cü il tarixli qərarı icra edilməklə, xx.xx.2022-ci il tarixli müraciəti üzrə aparılmış araşdırma zamanı xx.xx.2022-ci il tarixli ekspert rəyi və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surəti İddiaçı göndərilmişdir. Göründüyü kimi, iddiaçı eyni tələblə məhkəmə nəzarəti qaydasında ümumi məhkəməyə müraciət etmiş, onun tələbinə aidiyyəti üzrə baxılaraq müvafiq qərar qəbul edilmişdir. İddiaçıya dəymiş 50000 manat mənəvi zərərin ödənilməsinə gəldikdə, məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 7.2ci bəndinə qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. İddia ərizəsindən və işin hallarından görünür ki, iddiaçı ona mənəvi ziyan dəyməsini cinayət təqibini həyata keçirən orqan tərəfindən uzun müddət ərzində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar və ekspert rəyinin ona təqdim edilməməsi ilə əsaslandırır, hansı ki, yuxarıda qeyd edildiyi kimi bu münasibətlər cavabdeh orqanın inzibati deyil, cinayət prosessual fəaliyyəti ilə bağlı yaranmışdır. Belə olan halda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mövqeyini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbinə inzibati deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunan normaların tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisə inzibati hüquq sahəsi ilə tənzimlənmədiyindən iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1-ci maddəsində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (Qərarın 15.2-ci bəndi). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərarın 15.3-cü bəndi). Qeyd edilənlərə əsasən məhkəmə işin məhkəmə aidiyyəti üzrə göndərilməsinin inzibati məhkəmə icraatında mümkünsüzlüyünü nəzərə alaraq izah edir ki, iddiaçının dəymiş zərərin ödənilməsi barədə tələblə ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsi) müraciət etmək hüququ saxlanılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-8727/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8727/2023
21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver