Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8729/2021 16.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı vergi borcunun ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə (bundan sonra mətndə "xxxx") qanunsuz və əsassız hesablanmış 240.454,38 manat məbləğində vergi borcunun ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh Bakı şəhəri LGBİ tərəfindən "xxxx" MMC-yə qanunsuz və əsassız hesablanmış 326.629,44 manat məbləğində vergi borcunun ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o 19 fevral 2019-cu il tarixdə "xxxx" MMC-yi təsis etmişdir (VÖEN **********), qanunla müəyyən edilmiş qaydada Vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur və bununla əlaqədar qanunda nəzərdə tutulmuş qaydada və müddətlərdə vergi orqanlarına müvafiq vergi hesabatlarını vermişdir. Lakin 2021-ci ilin iyun ayında ona məlum olmuşdur ki, cavabdeh Bakı şəhəri LGBİ tərəfindən təsisçisi və rəhbəri olduğu "xxxx" MMC-yə qanunsuz və əsassız olaraq 240.454,38 manat məbləğində vergi borcu hesablanmışdır. "xxxx" MMC-nin fəaliyyəti ilə əlaqədar həmin cəmiyyətin təsisçisi və rəhbəri kimi vergi ödəyicisi qismində müntəzəm surətdə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə vergi orqanlarına vergi hesabatlarını vermişdir. Lakin vergi orqanlarının əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq onun vergi hesabatları qəbul edilməmiş, bunun da nəticəsində faktiki olaraq ölkəyə idxal etdiyi malın dəyəri məbləğində, yəni 240.454,38 manat məbləğində süni surətdə yaradılmış vergi borcu hesablanmışdır. O, bununla əlaqədar dəfələrlə cavabdeh Bakı şəhəri LGBİ-yə müraciət etmişdir, lakin buna baxmayaraq cavabdeh Bakı şəhəri LGBİ-nin əməkdaşları tərəfindən təsisçisi və rəhbəri olduğu "xxxx" MMC-nin vergi hesabatları qanunsuz və əsassız olaraq qəsdən qəbul edilməmiş, bunun da nəticəsində "xxxx" MMC-yə 240.454,38 manat məbləğində vergi borcu hesablanmışdır. Ona görə də cavabdeh Bakı şəhəri LGBİ tərəfindən təsisçisi və rəhbəri olduğu "xxxx" MMC-yə 240.454,38 manat məbləğində vergi borcunun hesablanması qanunsuz və əsassızdır, həmin məbləğ sadələşdirilmiş vergi ödəməsi sistemi ilə deyil, qanunsuz olaraq həddən artıq şişirdilmiş rəqəmlərlə hesablandığına görə məhkəmə qaydasında mübahisələndirilərək ləğv edilməlidir. İPM-nin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri LGBİ məhkəməyə təqdim etdiyi iddianın mümkün sayılmaması barədə 29.09.2021-ci il tarixli **********734400 saylı vəsatətdə göstərmişdir ki, iddia ərizəsinə nəzər saldıqda aydın olur ki, İddiaçı fiziki şəxs qismində iddia qaldıraraq, hüquqi şəxs olan "xxxx" MMC-nin vergi borcunun silinməsini tələb etmişdir. Halbuki, hüquqi şəxsin vergi borcunun silinməsi tələbi üzrə iddia hüquqi şəxs tərəfindən və ya onun səlahiyyət verilmiş vəkili tərəfindən qaldırılmalı, iddia ərizəsi hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalı və hüquqi şəxsin möhürü ilə təsdiqlənməli və ya vəkil tərəfindən imzalanmalıdır. Odur ki, İddiaçı fiziki şəxs qismində hüquqi şəxsin vergi borcunun silinməsi tələbi üzrə subyektiv hüququ olmadığından, həmin tələb üzrə iddia qaldırmaqda haqlı olmamışdır və qaldırılan həmin iddia iddianın mümkünlüyü barədə tələblərə cavab vermir. Digər tərəfdən iddiaçının tələbi iddianın mümkünlüyü barədə tələblərin iddia predmeti ilə bağlı hissəsində də gözlənilmir. Belə ki, Qərarın 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadıqı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.Həmin Qərarın 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı ləğvini tələb etdiyi borc məbləğini deyil, həmin məbləğin yaranması əsası olan qərarı mübahisələndirməlidir. Belə ki, vergi borcu həmin borc məbləği vergi qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ümidsiz borc sayıldıqda və ya həmin borcun yaranma əsasını təşkil edən qərar və ya qərarlar ləğv edildikdə silinir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iş üzrə iddiaçı məhkəmə iclasında iştirakı etmədiyindən və gəlməməyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Bakı şəhəri LGBİ-nin nümayəndəsi X4 məhkəmə iclasında vəsatətə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, "xxxx" MMC 19.09.2019-cu il tarixdə (VÖEN **********) qeydiyyata alınmış və əvvəlki qanuni təmsilçisi İddiaçı, hazırki qanuni təmsilçisi isə X1r. Məhkəmənin müvafiq sorğusuna (hazırda iddiaçı tərəfindən mübahisələndirilən vergi borclarının hesablanmasına əsas olmuş sənədlərin təqdim olunması barədə) əsasən Bakı şəhəri LGBİ-nin 23.09.2021-ci il tarixli **********119100 №li məktubu ilə məhkəməyə təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, Bakı şəhəri LGBİ tərəfindən "xxxx" MMC barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qəbul olunmuş 30 mart 2021-ci il tarixli **********041300 №-li, aprel 2019-cu il üzrə 2.445,60 manat; 05 may 2021-ci il tarixli **********375700 №-li qərarla mart 2019-cu il üzrə 93.615,70 manat; 26 iyul 2021-ci il tarixli **********192000 №-li qərarla fevral 2019-cu il üzrə 82.845,75 manat; 29 iyul 2021-ci il tarixli **********049700 №-li qərarla 2019-cu il üzrə 12.700,87 manat vergi borcu hesablanmışdır. Hazırda iddiaçı vergi orqanı tərəfindən "xxxx" MMC-yə hesablanmış vergi borclarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, hazırda iddiaçı tərəfindən ləğv olunması tələb olunan borc məbləğləri, Bakı şəhəri LGBİ tərəfindən onun barəsində deyil, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qəbul olunmuş 30 mart 2021-ci il tarixli **********041300 №-li; 05 may 2021-ci il tarixli **********375700 №-li; 26 iyul 2021-ci il tarixli **********192000 №-li; 29 iyul 2021-ci il tarixli **********049700 №-li qərarlarla "xxxx" MMCyə münasibətdə hesablandığından, İddiaçı borcun ləğv edilməsi barədə iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. İPM-nin 25.0.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında iştirak etmək hüququna fiziki və ya hüquqi şəxslər malikdirlər. İddia ərizəsinə əlavə olunmuş təsis sənədlərindən də göründüyü kimi, müəssisənin hazırki qanuni təmsilçisi İddiaçı deyil, digər fiziki şəxs X1r. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs-inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Beləliklə də, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Ggəlirlər Baş İdarəsinə qarşı vergi borcunun ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-8729/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8729/2021
16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver