Məhkəmə qərarları › İş №2-1(112)-8732/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8732/2021

27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8732/2021 27.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “xəstəliyin səbəbli əlaqəsinin dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək 28 yanvar 2019-cu il tarixli 1531 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”də göstərilən xəstəliyin səbəbli əlaqəsinin dəyişdirilərək “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilməsi vəzifəsininin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ilin oktyabrından 2019-cu ilin yanvar ayınadək Azərbaycan Respublikası Müdafiə Nazirliyində müddətdən artıq həqiqi hərbi xidmətdə olmuşdur. 2017-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi həkim komissiyasından keçərək hərbi xidmətə yararlı sayılmışdır. Hərbi xidmətə N saylı hərbi hissədə başlamış və həmin hərbi hissədə xidmət etmişdir. 2018-ci ilin dekabr ayında hərbi hissədə profilaktik müayinə zamanı iddiaçıda “insanın immunçatışmazlığı virusu” aşkar olunmuşdur. 28 yanvar 2019-cu il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və ona “insanın immunçatışmazlığı virusu ilə yoluxma” diaqnozu qoyularaq “sülh dövründə hərbi xidmətə yararsız, X4 yararlı” sayılmış və həmin xəstəliyin hərbi xidmətlə səbəbli əlaqəsi “ümumi xəstəlikdir” kimi göstərilmişdir (əsas: 28.01.2019-cu il tarixli, 1531 nömrəli xəstəlik haqqında şəhadətnamə”). 25.04.2019-cu il tarixdən Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə hərbi xidmətə yararsız kimi “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156 maddəsinin “V” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. İddiaçıda aşkar olunan xəstəliyin (insanın immunçatışmazlığı virusu) səbəbli əlaqəsi dəyişdirilərək “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilməlidir. Belə ki, Hərbi Həkim Ekspertizası haqqında Əsasnamənin 7.2-ci maddəsinin e bəndində yazılıb ki, əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağrılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa “Ümumi xəstəlikdir” qərarı çıxarılır. İddiaçıya verilmiş 28 yanvar 2019-cu il tarixli 1531 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, o, 2017-ci ildə hərbi xidmətə çağrılmış, xəstəlik isə 2018-ci ilin dekabr ayında, yəni xidmət etdiyi dövrdə aşkar edilmişdir. 2017-ci ildə iddiaçı hərbi xidmətə daxil olarkən hərbi həkim komissiyasında hərtərəfli müayinədən keçmiş və adıçəkilən xəstəliyin əlamətləri onda aşkar olunmamışdır. Deməli, bu xəstəlik onda hərbi xidmət dövrü qazanılmışdır. 28 yanvar 2019-cu il tarixli 1531 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”də göstərilən xəstəliyin “insanın immunçatışmazlığı virusu ilə yoluxma” səbəbli əlaqəsi dəyişdirilərək “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilməsi barədə qərar qəbul edilməsi xahişi ilə iddiaçı 2021-ci ilin iyun ayında cavabdehə ərizə ilə müraciət etsə də müraciətə 02.07.2021-ci il tarixli 363 nömrəli məktubla imtina cavabı verilmişdir. Cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 27.07.2021-ci il tarixli, 2-1(112)-8732/2021 saylı sərəncamı və vətəndaş İddiaçı iddia ərizəsi Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına (MN MHHK) daxil olmuş və araşdırılmışdır. Araşdırmanın nəticəsi kimi aşağıdakılar bildirilmişdir: 28.01.2019-cu il tarixdə MN Mərkəzi Hərbi Poliklinikanın hərbihəkim komissiyası tərəfindən İddiaçı müəyyən edilmiş “İnsanın immunçatışmazlığı virusu ilə yoluxma” diaqnozu ilə olan xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2-ci bəndinin e) yarımbəndinə əsasən “Ümumi xəstəlikdir” kimi düzgün təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim eskpertizası haqqında Əsasnamənin» 1.8-ci bəndinə əsasən «şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbi-həkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür. Hər bir həkimmütəxəssis hərbi-həkim ekspertizası ilə əlaqədar verdiyi rəyin əsaslılığına və obyektivliyinə görə məsuliyyət daşıyır». Xəstəlik ilk dəfə İddiaçı 2018-ci ilin dekabr ayında hərbi hissədə profilaktik müayinə zamanı aşkar edilmişdir. Diaqnozu dəqiqləşdirmək üçün o, Respublika QİÇS-lə Mübarizə Mərkəzinə göndərilmişdir. Qan nümunəsi müayinə olunmuş və nəticəsi müsbət olduğundan 18.01.2019-cıı il tarixdə dami qeydiyyata götürülmüşdür. İddiaçı 22.01.2019-cu ildən 28.09.2019-cu ilə kimi MN Mərkəzi Hərbi Poliklinikasında müayinələrdə olmuş, SQ Baş Klinik Hospitalın infeksionisti ilə konsultasiya aparılmışdır. Müayinə nəticəsində onda yoluxma təyin edilmiş, N saylı hərbi hissə komandirinin 22.01.2019-cu il tarixli 335 savlı göndərişinə əsasən 28.01.2019-cu ildə MN Mərkəzi Hərbi Poliklinikanın hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda təyin edilmiş yoluxmaya görə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 5 “b” maddəsinin İİİ qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharbə dövründə məhdud yaralı” sayılmış və yoluxmanın hərbi xidmətlə səbəbli əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin e) yarımbəndinə əsasən “Ümumi Xəstəlikdir” kimi düzgün təyin edilmişdir. İddiaçı aid tibbi sənədlər MN MHHK-nın həkim mütəxəssisi-terapevti tərəfindən araşdırılmış və İddiaçı xəstəliyin deyil, yoluxmanın olduğu təsdiq edilmişdir, yoluxmanın hərbi xidmətlə səbəb əlaqəsinin düzgün təyin edildiyi müəyyən edilmiş, İddiaçı xəstəlik deyil, yoluxma olduğu nəzərə alınmış və 31.01.2019-cu ildə MN Mərkəzi Hərbi Poliklinikanın hərbi-həkim komissiyasının qərarı MN MHHK tərəfindən təsdiq edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçının MN MHHK-na qarşı tələbinin qanuni əsası olmadığından, Bakı İnzibati Məhkəməsindən xahiş edilir ki, vətəndaş İddiaçı iddiası təmin edilməsin. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan: -Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 32 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 07.06.2021-ci il tarixli, 303 nömrəli arayışından görünür ki, İddiaçı Ü.Əkbərov küçəsi, 153 t saylı evin mənzilində 07.06.2021-ci ildən 07.06.2022-ci ilə qədər qeydiyyatdadır. -AO ******* nömrəli 03 oktyabr 2011-ci il tarixli hərbi biletin surətinə əsasən Əlizadə X2 Nazirliyinin 25.04.2019-cu il tarixli 052 nömrəli ilə hərbi həkim komissiyasının 04.02.2019-cu il tarixli 04ƏÇ nömrəli əmri əsasında ehtiyata buraxılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 08.10.2021-ci il tarixli, 1645 nömrəli cavab məktubuna aşağıdakı sənədlər əlavə edilmişdir: -Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası Hərbi Həkim Komissiyasının 23.01.2019-cu il tarixli İddiaçı müayinə vərəqəsinə əlavədə göstərilmişdir ki, xəstəlik ilk dəfə 2018-ci ilin dekabr ayında hərbi hissədə profilaktik müayinə zamanı aşkar edilmişdir. Xəstəliyinin səbəbini əlaqələndirə bilmir. Əvvəllər xəstəliklə əlaqədar müayinə və müalicə olunmadığını qeyd edir. Respublika QİÇS-lə Mübarizə Mərkəzində 05.01.2019- 18.01.2019-cu il tarixədək müayinə olunmuş, 18.01.2019-cu il tarixdə daimi qeydiyyata götürülmüşdür. 22.01.2019-cu il tarixdə N saylı Hərbi Hissənin komandiri tərəfindən HHKnın müayinəsinə göndərilmişdir. Diaqnozu dəqiqləşdirmək üçün MHHK-da infeksionistlə konsultasiya edilmişdir. Diaqnoz İnsanın immunçatışmazlığı virusu ilə yoluxma. Ümumi xəstəlikdir. İİİ qrafa, 5b “Sülh dövründə hərbi xidmətə yararsız, müharbə dövründə məhdud yararlıdır”. -Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən İddiaçı 18.01.2019-cu il tarixdə daimi qeydiyyata götürülmüşdür. -N saylı Hərbi Hissənin tibbi xasiyyətnaməsinə əsasən MAHHXHQ kiçik çavuş İddiaçı hərbi hissədə xidmət etdiyi müddətdə səhhəti ilə bağlı hərbi hissənin tibb məntəqəsinə müraciət etməmişdir. -Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 22.01.2019-cu il tarixli, 335 nömrəli göndərişi ilə İddiaçı müayinə üçün baş infeksionistin konsultasiyasına insanın immunçatışmazlığı virusu ilə yoluxma diaqnozu ilə göndərilmişdir. -Mərkəzi Hərbi Poliklinikasının Labaratoriya Bölməsinin 22.01.2019-cu il tarixli analiz nəticələrinə görə İddiaçı QİÇS-1HİV 1+2-ELİSA(Human) pozitivdir. -Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin 22.01.2019-cu il tarixli, 335 nömrəli göndərişinə əsasən MAHHXHQ kiçik çavuş xx.xx.1993-cü il təvəllüdlü İddiaçı qazanılmış immunçatışmazlığı sindromu ilkin diaqnozu ilə hərbi xidmətə yararlılığın təyini üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 28.01.2019-cu il tarixli, 1531 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd edilmişdir ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı xəstəlik diaqnozu - Anamnezi: xəstəlik ilk dəfə 2018-ci ilin dekabr ayında hərbi hissədə profilaktik müayinə zamanı aşkar edilmişdir. Xəstəliyinin səbəbini əlaqələndirə bilmir. Diaqnozu dəqiqləşdirmək üçün Respublika QİÇS-lə Mübarizə Mərkəzinə göndərilmişdir. Qan nümunəsi 05.01.2019- 18.01.2019-cu il tarixədək müayinə olunmuş və nəticəsi müsbət olaraq, 18.01.2019-cu il tarixdə daimi qeydiyyata götürülmüşdür (əsas: Respublika QİÇS-lə Mübarizə Mərkəzinin arayışı, müayinə kodu 111). N nömrəli hərbi hissənin komandiri tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün hərbi həkim komissiyasına göndərilmişdir. SQ BKH-ın infeksionisti ilə konsultasiya aparılmışdır. Əvvəllər şəhadətləndirilməmişdir. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: İnsanın immunçatışmazlığı virusu ilə yoluxma. Ümumi xəstəlikdir. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 5b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharbə dövründə məhdud yaralıdır”. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının iddiaçıya ünvanladığı 02.07.2021-ci il tarixli, 363 nömrəli məktubda qeyd olunmuşdur ki, sizin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına ünvanlanmış ərizəniz Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən araşdırılmışdır. Bildirilir ki, sizə hərbi xidmət dövründə aldığı xəstəlik ilə əlaqədar Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasnın hərbi-həkim komissiyası tərəfindən 28.01.2019-cu il tarixli, 1531 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Diaqnoz və xəsarətin (travmanın, yaralanmanın, kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: “İnsanın immunçatışmazlığı virusu ilə yoluxma” diaqnozuna əsasən “Ümumi Xəstəlikdir”. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. Yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 5b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli ilə Qərarı ilə təsdiq ebimiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən, “Sülh Dövründə Hərbi Xidmətə Yararsız, X4 Yararlidir” kimi təyin edilmişdir. Verilmiş qərar düzgündür, dəyişdirilməsi üçün əsas yoxdur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Qeyd edilməlidir ki, məcburetmə haqqında iddia vasitəsilə iddiaçı məhkəmə qarşısında inzibati orqandan “İnzibati icraat haqqında” Qanunun 2.0.10-cu maddəsində nəzərdə tutulmuş mənada onun üçün əlverişli vəziyyət yaradan inzibati akt qəbul edilməsini, yəni özünün hüquqi vəziyyətinin genişləndirilməsini tələb edə bilər. Eyni zamanda məcburetmə haqqında iddia onunla səciyyələnir ki, şəxs həmin Qanunun 28.1.1ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi üçün ərizə ilə inzibati orqana müraciət etsin və inzibati orqan həmin ərizəni rədd etsin. Hazırkı iddiaçının tələbi xəstəliyin səbəbli əlaqəsinin dəyişdirilməsi ilə bağlıdır. Xəstəliyin səbəbli əlaqəsinin dəyişdirilməsi isə iddiaçının hüquqi vəziyyətinin bilavasitə genişləndirilməsinə gətirib çıxaracağı nəzərə alındıqda məhkəmə hesab edir ki, hazırkı iddia növü məcburetmə haqqında iddia növünə uyğundur. İPM-nin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi 02.07.2021-ci il tarixli imtina cavabından sonra iddia ərizəsini 15.07.2021-ci il tarixdə poçt xidmətinə təqdim etmiş, beləlikə 30 günlük iddia müddətini ötürməmişdir. Beləliklə, iddianın mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: -1.2-ci bəndinə görə Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra - digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra - orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra - vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. -1.3-cü bəndinə görə Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra - şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. -1.7-ci bədinə əsasən Hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) qərarları «Xəstəliklər cədvəli»nə və vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblər cədvəlinə uyğun olaraq, hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) iclasda iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul olunur. -7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. -7.2-ci bəndinə görə Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: -əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; -əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; -əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; -əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. e) «Ümumi xəstəlikdir» qərarı aşağıdakı hallarda çıxarılır: -əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa; -əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirmişsə; -əgər şəhadətləndirilən şəxsin xəstəliyi hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət dövrünə aid etməyə əsas yoxdursa. İşin yuxarıda sadalanan normalarından müəyyən olunur ki, hərbi qulluqçuların şəhadətləndirilməsi üzrə müvafiq qərarın qəbul olunması hərbi-həkim komissiyasının səlahiyyətindədir. Xəstəliyin səbəbli əlaqəsi ç) «Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır» qərarı əsasən xəstəlik: 1. hərbi xidmət keçmə dövründə yarandığı, 2. hərbi xidmətə daxil olana qədər yaransa da xəstəlik hərbi xidmət dövründə xidmətə yaralılıq kateqoriyasını dəyişən dərəcəyə çatdığı, 3. xəstəliyin başlanğıcının hərbi xidmət dövründə yaranmaqla hərbi xidmət başa çatdıqdan 1 il ərzində təyin edilmiş xəstəlik olduğu halda qəbul edilir. Xəstəliyin səbəbli əlaqəsi e) «Ümumi xəstəlikdir» qərarının təyin edilməsi üçün xəsətlik: 1. hərbi xidmətə daxil olana qədər yaranmalı, hərbi xidmət dövründə xidmətə yararlılığın dəyişən dərəcəyə çatmamalı, 2. şəxs hərbi xidmətdən yayınmaq məqsədilə özünə xəsarət yetirməli; 3. başlanğıcı hərbi xidmət dövrünə aid edilməyən, hərbi xidmət başa çatdıqdan sonra aşkar olunan xəstəlik olmalıdır. Hazırkı işin yuxarıda qeyd edilən faktiki hallarından müəyyən olunur ki, iddiaçı 17.10.2017-ci ildən müddətdən artıq hərbi xidmətdə olmuşdur. Xəstəlik ilk dəfə 2018-ci ilin dekabr ayında hərbi hissədə profilaktik müayinə zamanı aşkar edilmişdir. İddiaçıda aşkar olunmuş diaqnozun dəqiqləşdirilməsi ilə bağlı Respublika QİÇS-lə Mübarizə Mərkəzinə göndərilmiş, qan nümunəsinin nəticəsi müsbət olduğundan 18.01.2019-cu il tarixdə qeydiyyata götürülmüşdür. Daha sonra Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Poliklinikasının 22.01-28.01.2019-cu il tarixlərdə müayinələrində olmuş, nəticədə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyası tərəfindən 28.01.2019cu il tarixli qərarı ilə tibbi şəhadətləndirilmiş, onda aşkar olunmuş insanın immunçatışmazlığı virusu ilə yoluxma diqanozu xəstəliyin səbəbli əlaqəsi «Ümumi xəstəlikdir» qeyd edilməklə sülh dövründə hərbi xidmətə yararsız, X4 yararlı hesab edilmiş, 25.04.2019-cu ildən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, hazırkı iş üzrə iddiaçıda aşkar olunmuş xəstəliyin səbəbli əlaqəsinin e) “ümumi xəstəlik” kimi seçilməsinin yuxarıda qeyd edilən əsasları müəyyən olunmur. Belə ki, iddiaçının insanın imumunçatışmazlığı virusu ilə yoluxmasının məhz hərbi xidmət dövründə baş verməsinin sübutudur ki, iddiaçı hələ 2017-ci ildə müddətdən artıq hərbi xidmətə qəbul edilərkən tibbi müayinədən keçmiş və onda qeyd edilən xəstəlik aşkar edilməmiş, iddiaçı sağlam şəkildə hərbi xidmətə qəbul edilmişdir. Eyni zamanda təqdim olunmuş tibbi sənədlərdən də müəyyən olunur ki, iddiaçı xidmət etdiyi dövrdə səhhəti ilə bağlı xidmət etdiyi hərbi hissənin tibb məntəqəsinə müraciət etməmiş, tibbi şəhadətləndirilməmişdir. Cavabdehin xəstəlik haqqında şəhadətnaməsində də iddiaçıda xəstəliyin 2018-ci ilin dekabr ayında hərbi qulluqçunun profilaktik müayinəsi zamanı aşkar olunduğu qeyd edilmişdir. İddiaçının qeyd edilən xəstəliyi hərbi xidmətə qəbul edilənədək aldığı sübut olunmur. Eyni zamanda iddiaçıda başlanğıcı hərbi xidmət dövrünə aid edilməyən və hərbi xidmət başa çatdıqdan sonra yaranmış xəstəlik aşkar olunmamışdır. Qeyd edildiyi kimi iddiaçıda xəstəlik bilavasitə hərbi xidmət dövründə aşkar edilmiş, bundan sonra iddiaçı xəstəliyə görə ehtiyata buraxılmışdır, Beləliklə, iddiaçıda aşkar olunmuş xəstəliyin hərbi xidmət keçmə dövründə yarandığının müəyyən olunması xəstəliyin səbəbli əlaqəsinin ç) «Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır» kimi qeyd olunması nəticəsinə gəlməsinə əsas verir. Cavabdehin iddiaya etirazının dəlili ilə razılaşmayaraq məhkəmə qeyd edir ki, iddiaçıda xəstəliyin deyil, yoluxmanın olduğunun müəyyən edilməsi onun barəsində verilmiş səbəbli əlaqənin düzgün müəyyən edildiyi qənaətinə gəlməyə əsas vermir. Belə ki, Əsasnamənin “Xəstəliklər Cədvəlində” 5-ci bölmədə “Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi” qrafasında İnsanın immunçatışmazlığı virusunun (İİÇV) törətdiyi xəstəlik: a) xəstələr (qazanılmış immunçatışmazlığı sindromu - QİÇS) və b) İİÇV-lə yoluxmuşlar qeyd edilmişdir. Qeyd edilmişdir ki, qanyaratma sisteminin, digər orqanların patoloji dəyişiklikləri ilə müşayiət olunan anadangəlmə və qazanılmış immunçatışmazlığı halları olduqda hərbi xidmətə, hərbi-uçot ixtisasları üzrə xidmətə yararlılıq kateqoriyası zədələnmiş orqanın və ya orqanlar sisteminin funksiyalarının pozulma dərəcəsindən asılı olaraq «Xəstəliklər cədvəli»nin müvafiq maddələri üzrə təyin edilir. Göründüyü kimi xəstəliklər cədvəlində qanunverici yoluxma və xəstəlik kateqoriyaları arasında fərq qoymamış, hərbi qulluqçunun hərbi xidmətə yararlılığının, səbəbli əlaqənin təyin edilməsində insanın immunçatışmazlığı virusu ilə yoluxmanı, eləcə də həmin virusun törətdiyi xəstəliyi nəzərə almışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı barəsində verilmiş 28 yanvar 2019-cu il tarixli, 1531 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”də göstərilən xəstəliyin səbəbli əlaqəsinin dəyişdirilərək “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı barəsində verilmiş 28 yanvar 2019-cu il tarixli, 1531 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”də göstərilən xəstəliyin səbəbli əlaqəsinin dəyişdirilərək “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi göstərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar