Məhkəmə qərarları › İş №2-1(112)-8733/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8733/2023

05.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8733/2023 05.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Təmrazova (Nəsibova) Sucayət Bəhman qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Təmrazova (Nəsibova) Sucayət Bəhman qızı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq Yaşayış sahəsinin 14-cü döngəsinin ərazisində Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 823 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün ayrılmış 300 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə ərizənin icrasından imtinanın qanunsuz hesab edilməsinə və həmin əmlaka dair iddiaçının hüququnun qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, habelə texniki pasportun tərtib edilərək verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq Y/S ərazisində Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 823 saylı sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün 300 kv.m torpaq sahəsi ayrılmışdır. O və ailə üzvləri həmin torpaq sahələrini hal-hazırda da istifadə edirlər. Daha sonra Suraxanı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş xx.xx.2000-ci il tarixli akta əsasən Suraxanı rayonunun baş memarı və Qaraçuxur qəsəbə nümayəndəsinin iştirakı ilə ona ayrılmış torpaq sahəsinin ölçülərinin naturada ifadəsi ilə pay bölgüsü aparılmış və daimi nişanlar qoyularaq ona təhvil verilmişdir. O, həqiqətən də, hal-hazıra qədər həmin torpaq sahəsindən istifadə etməyə davam edir. Həmin torpaq sahəsinin mülkiyyətçisi kimi hüquqlarının dövlət reyestrində qeydə alınması üçün cavabdeh təşkilata müraciət etmişdir. Qeyd olunanlara əsasən onun Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq Yaşayış sahəsi, 14-cü döngədə yerləşən 300 kv.m torpaq sahəsinin mülkiyyətçisi kimi hüquqlarının dövlət qeydiyyatına alınmasını cavabdeh təşkilatdan xahiş etmişdir. Cavabdeh təşkilat tərəfindən **********24 №-li xx.xx.2022-ci il tarixli bildirişlə qeyd edilmiş torpaq sahəsinə dair onun hüquqlarının dövlət qeydiyyatına alınmasından müvafiq səbəblərə görə imtina edilmişdir. Cavabdeh təşkilat tərəfindən ilk öncə göstərilmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 823 saylı sərəncamında vətəndaşın soyadı “Nəsibova” kimi qeyd edilsə də, hal-hazırda təqdim edilmiş xx.xx.2005-ci il tarixli şəxsiyyət vəsiqəsində vətəndaşın soyadı “Təmrazova” kimi qeyd edilmiş və bununla bağlı əlaqəli sənəd təqdim edilməmişdir. Daha sonra cavabdeh təşkilat bildirir ki, qeyd olunan torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin cavabdeh təşkilat bildirir ki, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmamış, cizgidə qeyd olunan perimetrik ölçülər və konfiqurasiya ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Bundan başqa cavabdeh təşkilat bildirir ki, torpaq sahəsi sərəncamla ayrılmış şəxsin adına qeydiyyatdan keçdikdən sonra özgəninkiləşdirilə bilər. Həmçinin sözügedən bildirişdə qeyd edilir ki, elektrik şəbəkələrinin mühafizə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 nömrəli xx.xx.2005ci il tarixli qərarı ilə tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının Normativ hüquqi aktlar haqqında 149-cu maddəsinin 7-ci bəndində qeyd edilmişdir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Cavabdeh təşkilatın imtinası həm də, bu səbəbdən qanunsuz hesab edilməlidir. Həmçinin cababdeh təşkilat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 11.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım haqqında məktub ünvanlanaraq iddia ərizəsinin imzalanması və iddia tələbinə dair hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İddia ərizəsindəki çatışmazlıqların aradan qaldırılması üçün 10 gün müddət təyin edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, iddiaçı iştirak etməmişdir. Məhkəmə iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3) İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. (16.1) İddia ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. (16.2) Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. (16.3) İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. (16.6) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi imzalanmamışdır. Bu barədə məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilmiş, iddia ərizəsindəki çatışmazlıqların aradan qaldırılması üçün 10 gün müddət təyin edilmişdir. İddiaçıya məhkəmənin hüquqi yardım haqqında məktubu xx.xx.2023-cü il tarixdə çatdırılmışdır. Lakin iddia ərizəsindəki çatışmazlıq iddiaçı tərəfindən aradan qaldırılmamışdır. Odur ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar