Məhkəmə qərarları › İş №2-1(112)-8738/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8738/2022

31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8738/2022 31.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “müraciətə cavab verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 10 dekabr 2021-ci il tarixli, 5/A-25/123-016/80 nömrəli məktubu ilə cavabdeh orqana göndərilən şikayət ərizəsinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi, şikayət ərizəsinə cavab vermə vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, məhkəmə qərarının icra edilməməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək məhkəmə qərarının icra edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsi ərizəsini 10 dekabr 2021-ci il tarixli, 5/A-25/123-016/80 saylı məktubla baxılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərmişdir. Lakin cavabdeh Prezident Administrasiyasının həmin məktubu ilə cavabdeh orqana göndərilən şikayət ərizəsinə cavab verilməsini təmin etməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, xx/xx-11432 nömrəli iddiaya dair yazılı münasibətində bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından xx.xx.2021-ci il tarixli, 5/A-25/123-016/80 saylı məktubla Ədliyyə Nazirliyə daxil olmuş xx.xx.2021-ci il tarixli müraciəti baxılması üçün ünvan 1iş və sonuncu tərəfindən ərizəçiyə müvafiq cavab verilmişdir. İcra baş idarəsi tərəfindən sözügedən ərizə ilə bağlı hərəkətsizlik edilmədiyi, eləcə də ona cavab verməkdən imtina olunmadan baxılması üçün qanunamüvafiq qaydada regional ədliyyə qurumuna göndərildiyi nəzərə alınaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı məhkəmə dəftərxanası vasitəsi ilə ərizə təqdim edərək məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilmədiyinə görə işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət ünvanlamış, onun müraciəti xx.xx.2021-ci il tarixli, 5/A-25/123-016/80 nömrəli məktubla aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilmişdir. İddiaçı hazırda həmin müraciətinin cavablandırılmadığını iddia edərək ona yazılı cavab verilməsini xahiş edir. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli, xx/xx- 15405 nömrəli məktubundan görünür ki, iddiaçının məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Nazirlər Kabinetinin Aparatından daxil olmuş, eləcə də bilavasitə Ədliyyə Nazirliyinə ünvanlanmış müraciətləri baxılması üçün ünvan 1işdir. İş materiallarından görünür ki, Göyçay Regional Ədliyyə İdarəsi xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətini cavablandırmış və qeyd etmişdir ki, iddiaçı müraciətində "xxxx" MMC-nin tələbkar olduğu Şamaxı, Göyçay, Ağdaş, İsmayıllı və Ağsu rayon icra və probasiya şöbələrinin icraatındakı, həmçinin, "xxxx" MMC-nin tələbkar olduğu Göyçay rayon icra və probasiya şöbəsinin icraatındakı (borclu X2 aid hissədə) işlərin icra olunması və icra vəziyyəti ilə bağlı məlumat verilməsini xahiş etmişdir. İddiaçıya bildirilmişdir ki, "xxxx" MMC-nin tələbkar olduğu Şamaxı, Göyçay, Ağdaş, İsmayıllı və Ağsu rayon icra və probasiya şöbələrinin icraatında olan işlərin icra vəziyyəti ilə bağlı müraciətlərinə İdarə tərəfindən baxılmış və ona müvafiq olaraq xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə müvafiq cavablar verilmişdir. O cümlədən, "xxxx" MMC-nin tələbkar olduğu Şamaxı, Göyçay, Ağdaş, İsmayıllı və Ağsu rayon icra və probasiya şöbələrinin icraatında olan işlərin icra vəziyyəti ilə bağlı araşdırma aparılmış, qeyd edilən müraciətləri üzrə icra sənədlərinin icrası zamanı yol verilmiş nöqsanlarla bağlı toplanmış materiallar baxılması üçün xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə aidiyyəti üzrə Ədliyyə Nazirliyinin İcra baş idarəsinə göndərilmişdir. Ərazi yurisdiksiyasında aid olan bütün yerli icra şöbələrinə sözügedən icra sənədlərinin çevik və operativ həll olunması üçün müvafiq tövsiyələr verilmişdir. Bundan başqa, iddiaçının müraciətində qeyd etdiyi "xxxx" MMC-nin tələbkar olduğu Göyçay rayon icra və probasiya şöbəsinin icraatında olan işlə bağlı qeyd olunmuşdur ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(046)-621/2020 saylı icra varəqəsinə əsasən cəmi 630 manat pul X1 alınaraq "xxxx" MMC-yə verilməlidir. Göyçay rayon icra və probasiya şöbəsinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli, 70-2(046)- 621/2020 saylı arayışda görülmüş icra tədbirləri nəticəsində borclu tərəfindən tələbkara 330 manat ödənildiyi, qalıq qalmış 300 manat pulun ödənilməsi istiqamətində şöbə tərəfindən zəruri icra tədbirlərinin həyata keçiriləcəyi və icra sənədinin nəzarətdə saxlanıldığı qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində başqa qayda nəzərdə tutulmamışdırsa, ərizə maraqlı şəxs tərəfindən həmin ərizədə qaldırılmış məsələ ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı halda İddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Belə ki, iddiaçı müraciətinə cavab verilmədiyini iddia etsə də, işdən görünür ki, onun müraciəti cavablandırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar