Məhkəmə qərarları › İş №2-1(112)-8740/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8740/2021

04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8740/2021 04.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi” barədə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1971-ci il tarixdən 1998-ci il tarixə kimi Bərdə rayon Qaratəpə adına kolxozda AİM-də işləməyi faktının təsdiq edilib, əmək stajının iş stajına daxil edilməsinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin hallarının və mübahisənin vəziyətini müzakirə etmək məqsədilə iş üzrə hazırlıq icraatının iclası 04.11.2021-ci il tarixə təyin edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1954-cü il tarixdə Bərdə rayon Mustafaağalı kəndində anadan olmuşdur. Bərdə rayon Mustafaağalı kəndində yaşayır. Belə ki o, 1971-ci il tarixdən 1998-ci il tarixə qədər Bərdə rayon sabiq Boyəhmədli, Qaratəpə kolxozunda müxtəlif sahələrdə işləmişdir. 1971-ci ildən 1972-ci ilə qədər Briqada №-8 Boyəhmədli kolxozunda, 1986-cı ildən 1992-ci ilə qədər İnzibati Qaratəpə kolxozunda, 1992-ci il tarixdən 1993-cü il tarixədək Briqada №-12 Boyəhmədli kolxozunda, 1994-cü ildən 1998-ci ilə qədər inzibatidə işləmişdir. Hal-hazırda o, heç bir yerdə işləmir. O, işlədiyi dövrlərdə əmək stajının iş stajına əlavə olunaraq ona əmək pensiyasının verilməsi ilə əlaqədar hazırkı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin 13 aprel 2021-ci il tarixli №-**********2 saylı məktub ilə qeyd olunan əsaslara görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməsindən imtina etmişlər. Onun Qaratəpə adına olan kolxozda 1971-ci il tarixdən 1998-cı il tarixə qədər işləməsi faktını təsdiq edib, əmək stajını iş stajına əlavə etməkdən imtina etmişlər. Halbuki o, 1971-ci ildən 1998-ci il tarixə qədər Qaratəpə adına kolxozda işləmişdir. Həmçinin Bərdə “ASAN XİDMƏT” Mərkəzi tərəfindən verilmiş 37 saylı 11.02.2021-ci il tarixli Arxiv Arayışında onun 1971-1998-ci illərdə Qaratəpə adına AİM-də kolxozda işləməsi öz təsdiqini tapsa da, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində) DSMF-nin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı bunu nəzərə almamışdır. Bunun üçün də Qaratəpə adına kolxozda işləməsinə dair əmək stajının iş stajına müəyyən edilməsini istəyir. Onun 27 illik iş stajı var. Odur ki, onun Bərdə rayon Qaratəpə adına olan kolxozda 1971-ci il tarixdən 1998-ci il tarixə qədər işləməsi faktını təsdiq edib, əmək stajını iş stajına əlavə edilməsinə görə məhkəmə qərarına ehtiyacı var. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş etiraz məktubunda qeyd edilmişdir ki, İddiaçı 15.02.2021-ci il tarixində ərizə ilə Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, əlilliyə görə əmək pensiyasından yaşa görə əmək pensiyası növünə keçirilməsini xahiş etmişdir. Cavabdeh orqanın 13.04.2021-ci il tarixli **********2 nömrəli cavab məktubu ilə İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir, hesab edirlər ki, cavabdeh tərəfindən verilmiş imtina qanuni və əsaslı olmuşdur. İnzibati orqanda aparılan araşdırmanın predmetini İddiaçı 10.07.1972-ci il tarixində tərtib olunmuş 30 nömrəli, 14.06.1982-ci il tarixində tərtib olunmuş HT-İ ******* nömrəli əmək kitabçaları, əyani təhsil barədə 019810 nömrəli diplom, 062918 nömrəli hərbi bilet təşkil etmişdir. Qeyd olunan sənədlər əsasında inzibati orqan hesab etmişdir ki, İddiaçı sığorta stajı 01.01.2006-cı ilədək 18 il olmaqla hazırki qanunvericiliyə əsasən tələb olunan 25 il müddətdən azdır. Bununla yanaşı İddiaçı fərdi hesabının sığorta hissəsində 01.01,2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Məhz bu səbəbdən İddiaçı 2-ci dərəcə əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilməsi mümkün olmamışdır. İddiaçı təqdim etdiyi AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən məlum olur ki, o, 01,07.1954-cü ildə Bərdə rayonunun Mustafaağalı kəndində doğulmuşdur. İlk öncə İddiaçı 15.12.2015-ci ildə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra İddiaçı 01.01.2018-ci ildə pensiya yaşına (63,5) çatmış və əmək pensiyasının növünü dəyişdirmək qərarına gəlmişdir. İddiaçı təqdim etdiyi 10.07.1972-ci il tarixində tərtib olunmuş 30 nömrəli, 14.06.1982- ci il tarixində tərtib olunmuş ИТ-İ ******* nömrəli əmək kitabçaları, əyani təhsil barədə 019810 nömrəli diplom, 062918 nömrəli hərbi bilet əsasında 1971-1998-ci illərdə Bərdə rayonunda yerləşən “Qaratəpə” kolxozunda işlədiyi illərin sığorta stajına daxil edilməklə toplanan sığorta stajı əsasında əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin təqdim olunan sənədlərə əsasən iddiaçının ümumi sığorta stajı 18 il təşkil edir. Bundan əlavə 29 iyul 2021-ci il tarixli **********7 nömrəli sorğuya cavab olaraq göndərilmiş 11 avqust 2021-ci il tarixli 160 nömrəli arxiv arayışında iddiaçının adına 1995, 1998-ci illərdə adam günü norması qeyd olunmamışdır. Qanuna görə, kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Belə ki, iddiaçının kolxozda işlədiyi dövrdə qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən, bu Qanun vətəndaşlar qocaldıqda, əmək qabiliyyətini tamamilə və ya qismən itirdikdə, habelə ailə başçısını itirdikdə onların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş maddi təminat hüququna zəmanət verməklə vahid dövlət pensiya sistemini müəyyən edir. Qanunla fəhlələrin, qulluqçuların, kolxozçuların, fərdi əmək fəaliyyəti və sahibkarlıqla məşğul olan şəxslərin və digər kateqoriyalardan olan zəhmətkeşlərin pensiya təminatı üçün bərabər normalara və şərtlərə zəmanət verilir, əmək qabiliyyəti olmayan vətəndaşların sosial pensiya almaq hüququ təmin edilir. Həmin Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə müvafiq olaraq mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. 1995-ci ildən sonra iddiaçının işdən çıxdıqdan sonra kolxozda işlədiyini iddia etməsi əsaslı deyildir. İddiaçı 1971- 1998-ci illərdə Bərdə rayonu sabiq “Qaratəpə” və “Boyəhmədli” adına kolxozlarda işlədiyi illərin sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinin təmin olunmaması barəsində qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı Məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraza uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göründüyü kimi iddiaçının iddia tələbi ilə bağlı hüquqi marağı ona sosial sığorta stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyası növünə keçirilməsi olsa da, hazırkı iddia tələbi 1971-ci il tarixdən 1998-ci il tarixə kimi Bərdə rayon Qaratəpə adına kolxozda AİMdə işləməyi faktının təsdiq edilib, əmək stajının iş stajına daxil edilməsi ilə bağlıdır. Belə olan halda iddiaçının qaldırdığı iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növü kimi nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırkı iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia-inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırki iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin qərarın 1.4-cü maddəsinə görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya “hüquqi yardım” göstərərək, hüquqi marağını qiymətləndirərək, iddiaçının hüquqi marağının – yaşa görə əmək pensiyasının təyin edilməsi olduğunu yəqin etmiş, iddia tələbinin dəqiqləşdirilməsini təklif etmişdir. Buna baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim etməmişdir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar