Məhkəmə qərarları › İş №2-1(112)-8745/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8745/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8745/2021 07.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X11 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinasının əsassız hesab edilərək, ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehdən ünvanına daxil olmuş “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 16.05.2021-ci tarixli, **********6 nömrəli cavabda bildirilir ki, Mərkəzi Filiala təqdim olunmuş "xxxx" ASC-nin 09.03.2021-ci il tarixli, 12 nömrəli arayışında güzəştli iş stajının 12 il 6 aydan az (4 il 3 ay 29 gün (11.07.2013-10.11.2017-ci il tarixləri arasındakı dövr) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hisəssində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Ona ünvanlanmış cavabdeh güzəştli iş stajının 12 il 6 aydan az olmasına istinad edilmişdir. Halbuki, təqdim etdiyi 28 iyul 1978-ci ildə adına açılmış ИТ-İ seriyalı, ******* əmək kitabçasından görünür ki, 15.07.1977-ci ildə X4 fəhlə qəbul edilmişdir. 16.08.1979-cu il tarixdən qaynaqçı işinə keçirilmişdir. 17.10.1979-cu ildə hərbi xidmətə çağırışla əlaqədar azad olunmuşdur. Hərbi xidmətdən qayıdan kimi 13.11.1981ci il taridə 4-cü dərəcəli qaynaqçı kimi işə başlamışdır. 12.08.1982-ci il tarixdən 5-ci, 15.02.1985-ci il tarixdən 6-cı dərəcə qaynaqçı kimi, 02.05.1994-cü ilədək işləmişdir. X1ynaqçı vəzifəsində iş stajı 12 ildən də, çoxdur. Bundan başqa, əmək kitabçasından görünür ki, Xaçmaz rayonunda “Çinar” kooperativində 04.01.1999-cu ildən 20.01.2003-cü ilədək qaynaqçı işləmişdir. Bunların da, üstünə 4 il 3 ay 29 gün "xxxx" ASC-də güzəştli şərtlərlə işlədiyi illər gəldikdə, tələb olunan 12 il 6 ay müddət artıqlaması ilə tamamlanır. Qeyd edir ki, cavabdehin ona ünvanladığı 17.02.2021-ci il tarixli, **********7 nömrəli cavab məktubunda pensiya təyinatı üçün əmək kitabçası tələb olunmuşdur. Yuxarıda göstərildiyi kimi, əmək kitabçası cavabdehə digər sənədlərlə birlikdə təqdim olunmuşdur. Göründüyü kimi, cavabdehin ona güzəştli şərtlərlə pensiya təyinatından imtinası əsaslı və qanuni deyildir. Hesab edir ki, cavabdehin üzərinə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyi qoyulmalıdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)1298/2021 saylı, 02.07.2021-ci il tarixli qərardadı ilə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanın əsassız hesab edilməsi və cavabdehin üzərinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması tələbinə dair 2-1(118)1298/2021 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Sözügedən Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olnan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır olan işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirirlər ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanununlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X10 qərarlarını, X10 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin 09.03.2021-ci il tarixli 12 nömrəli arayışında qeyd olunanlara əsasən güzəştli iş stajının 12 il 6 aydan az (4 il 3 ay 29 gün (11.07.2013-10.11.2017-ci il tarixləri arasındakı dövr) təşkil edir. Bundan başqa, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40400.00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23815.33 manat təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada lazımi şəkildə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının mülahizəsini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 16.05.2021-ci il tarixli, **********6 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hisəssinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdak vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin 09.03.2021-ci il tarixl, 12 nömrəli arayışında qeyd olunanlara əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az (4 il 3 ay 29 gün (11.07.2013-10.11.2017-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40400.00 manat hesablandığı halda, fərdi hesabının sığorta hisəssində qeydə alınan pensiya kaptalı bugünə cəmi 23815.33 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 17.10.1979-cu ildən 21.10.1981-ci il tarixədək SSRİ Silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 15.07.1977-ci ildən, 27.08.1977-ci ilədək X6 fəhlə; 01.08.1978-ci ildən 08.10.1979-cu ilədək X6 çilingər, qaynaqçı; 13.11.1981-ci ildən 01.01.1999-cu ilədək qaynaqçı, elektrik qaynaqçısı; çilingər; 04.01.1999-cu il tarixdən 20.01.2003-cü il tarixədək qaynaqçı, 20.12.2010-cu ildən 30.04.2012-ci ilədək yanğınsondürən peşələrində işləmişdir. İşdə olan "xxxx" ASC 1 №-li Regional Sukanal İdarəsi tərəfindən verilmiş 02 nömrəli, 12.01.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən 2013-cü il tarixdən 08.12.2017-ci il tarixədək Xaçmaz Sukanal sahəsində təmirçi-çilingər peşəsində işləyib. 2016-2017-ci illər üzrə hesablanmış aylıq əmək haqqısı arayışda göstərilən cədvəldəki kimi olmuşdur. İşdə olan "xxxx" ASC 1 №-li Regional Sukanal İdarəsi tərəfindən verilmiş 12 nömrəli, 09.03.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən 11.07.2013-cü il tarixdən 10-§2 saylı əmrlə "xxxx" ASC-nin Xaçmaz Sukanal İdarəsinə elektrik qaz qaynaqçısı peşəsinə təyin edilib və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 08.12.2017-ci il tarixli, 25-k saylı əmrlə işdən azad edilmişdir. "xxxx" ASC-nin 10.11.2017-ci il tarixli, 491 nömrəli əmrinə əsasən "xxxx" MMC-nin Strukturuna daxil olan Xaçmaz, Quba, Siyəzən, Qusar və X7 əsasında X8 İdarəsi yaradılıb. "xxxx" ASC-nin 07.05.2018-ci il tarixli, 229 saylı əmrinə əsasən X8 İdarəsi yenidən təşkil edilərək 1 №-li Regional Sukanal İdarəsi adlandırılıb. "xxxx" ASC-nin 14.09.2018-ci il tarixli, 215 saylı əmrinə əsasən 1 №-li Regional Sukanal İdarəsi yenidən təşkil edilərək, 1 saylı Regional Sukanal İdarəsi adlandırılıb. "xxxx" ASC-nin 31.07.2019-cu il tarixli, 467 saylı əmrinə əsasən "xxxx" ASC-də aparılmış müvafiq struktur dəyişikliyinə əsasən 1 saylı Regional Sukanal İdarəsi yenidən təşkil edilərək, 1 №-li Regional Sukanal İdarəsi adalandırılıb. İşdə olan cavabdeh tərəfindən təqdim edilmiş pensiya təyinatı altsistemindən çıxarışdan görünür ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının cəmi məbləği 24203.54 manat təşkil edir. Məhkəmə cavabdehin imtinasında və etirazında qeyd olunan dəlilləri, iş materiallarına əlavə olunmuş sübutlarla birlikdə tədqiq edərək belə bir qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə cavabdehin etirazında və imtinasında qeyd olunan dəlillərlə razılaşaraq qeyd edir ki, iddia tələbindən görünür ki, iddiaçının hazırki tələbinin hüquqi əsasını ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qüvvədə olan qanunvericilik şəxsə güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsini 3 şərtlə şərtləndirmişdir: 1. Qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatması, 2. Tələb olunan ümumi və xüsusi iş stajının toplanması, 3. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Qanunvericiliyin yuxarıda göstərilən şərtlərinin iddiaçıya münasibətdə ödənilib-ödənilməməsinin müəyyən edilməsi məqsədilə məhkəmə araşdırması aparılmış və araşdırma nəticəsində işdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş 60 yaş həddinə 01.01.2021-ci il tarixdə çatmışdır. Lakin, o, 25 il ümumi iş stajına malik olsa da, xüsusi iş stajının 12 il 6 aydan artıq olmasını məhkəmə araşdırması zamanı müəyyən etmək mümkün olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarına əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş sənədlərdə iddiaçının yalnız "xxxx" ASC-nin Xaçmaz Sukanal İdarəsində 11.07.2013-cü il tarixdən 08.12.2017-ci il tarixədək elektrik qaz qaynaqçısı işləməsi barədə arayış mövcuddur ki, həmin arayışa əsasən də, iddiaçının 4 il 4 ay 27 gün güzəştli iş stajı olması müəyyən edilir. İddiaçının əmək kitabçasında olan X3 işlədiyi qaynaqçı peşəsinin isə konkret olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın hansı bəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən peşə olmasını müəyyən etmək mümkün olmamışdır. Hər bir halda, iddiaçının X3 işlədiyi qaynaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-da nəzərdə tutulması müəyyən edilsə idi belə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən (iddiaçıya münasibətdə 40400.00 manat pensiya kapitalı tələb olunmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləği 24203.54 manat təşkil edir), iddiaçı, şəxsə güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 3-cü şərti ödəməmişdir. Göründüyü kimi, iddiaçının güzəştli şərtlələrlə pensiya hüququna malik olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu səbəbdən də, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X5 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar