Məhkəmə qərarları › İş №2-1(112)-8745/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8745/2022

16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8745/2022 16.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsindəki 39 saylı evin ümumi sahəsi 59.3 kv.m ölçüdə olan 63 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla 196 saylı Mənzil Tikinti Kooperativi arasında bağlanmış 07 mart 2008-ci il tarixli, 63 saylı müqaviləyə əsasən həmin Kooperativ, Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsindəki 39 saylı evin ümumi sahəsi 59.3 kv.m ölçüdə olan 63 saylı mənzilini ev inşa edildikdən sonra iddiaçıya verməyi, İddiaçı isə mənzil üzrə pay haqqının ödənilməsi barədə öhdəlik götürmüşdülər. Bundan başqa 196 saylı Mənzil Tikinti Kooperativinin payçılarının ümumi yığıncağının 08 oktyabr 2021-ci il tarixli 3 nömrəli qərarına əsasən iddiaçının payı müəyyən edilməklə, o, kooperativin üzvü sıralarına qəbul edilmişdir. Həmin qərara əsasən 196 saylı MKT tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsindəki 39 saylı evin ümumi sahəsi 59.3 kv.m ölçüdə olan 63 saylı mənzili iddiaçıya təhvil verilmişdir. Göstərilən mənzilin planı və dəyərinin tam ödənilməsi barədə 196 saylı MTK tərəfindən maliyyə arayışı verilmişdir. Sonradan İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsindəki 39 saylı evin ümumi sahəsi 59.3 kv.m ölçüdə olan 63 saylı mənzili üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdehə müraciət etmişir. Cavabdeh isə müxtəlif bəhanələr gətirərək, həmin yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etmişdir. Cavabdeh isə müxtəlif bəhanələr gətirərək, həmin yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etmişdir. Cavabdehin imtinasını əsassız hesab edərək, həmin mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş edir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, sərəncamın icrası ilə əlaqəlar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zmanı müəyyən edilmişdir ki, sözügedən ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmamışdır. Həmçinin, müvafiq mənzilin sənəd üzrə sahəsi 59.3 kv.m, faktiki sahəsi isə 47.9 kv.m-dir. Bu səbəbə görə, ərizənin icrası tərəflərindən mümkün olmamış və bununla bağlı vətəndaşa **********93 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normalarına əsasən hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan sənədlərə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki: - 196 saylı Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında 63 nömrəli, 07 mart 2008-ci il tarixli müqaviləyə əsasən, tərəflər Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində, ünvan 2 ünvanında yerləşən mənzilin tikintisinə dair müqavilə bağlamışlar. - 196 saylı Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi iclasının 3 nömrəli protokolundan xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Həsənli X1 üzvü qəbul olunmaqla MTK–nın Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə 39 ünvanında inşa edilmiş 12 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində ümumi sahəsi 59.3 kv.m olan 1 otaqlı 63 saylı mənzil verilmişdir. -196 saylı Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 26 dekabr 2008-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı tərəfindən həqiqətən ünvan 4 ünvanında 196 saylı MTK tərəfindən inşa edilmiş 12 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində 1 otaqlı 63 saylı mənzilin dəyəri tam ödənmiş və 196 saylı MTK-ya borcu yoxdur. - cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli, **********93 nömrəli imtina məktubuna əsasən, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Həmçinin müraciətinə əlavə etdiyi məhkəmə aktları barədə İdarədə məlumat aşkar edilməmişdir. Məhkəmənin “ünvan 6 ünvanında yerləşən yaşayış binasının istismara qəbul aktının qəbul edilib-edilməməsinə dair məlumatın, edilmişdirsə istismara qəbul aktının təsdiq edilmiş surətinin təqdim edilməsi barədə” sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, MİHO/2.1-2-2022-6415 nömrəli məktubla bildirilmişdir ki, ünvan 6 ünvanında yerləşən yaşayış binasına (tikinti obyektinə) dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 22 aprel 2022-ci il tarixli, **********93 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsinin tələblərinə müvafiq olaraq istismara icazə sənədi təqdim edilməmişdir. Məhkəmə tərəfindən yaşayış binasının istismara icazə sənədinin olub-olmaması məsələsinin dəqiqləşdirilməsi barədə aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu göndərilmişdir. Daxil olmuş sorğuya cavab məktubuna əsasən müəyyən edilmişdir ki, sözügedən ünvanda yerləşən tikinti oyektinə dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-); Maddə. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Göründüyü kimi, qanunvericiliyin yuxarıda qeyd edilən normalarında daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasına əsasların əhatə dairəsi müəyyən edilmiş və həmin sənədlər arasında istismara qəbul aktının olması konkret olaraq şərtləndirilmişdir. Beləliklə, yuxarıda sadalanan qanunvericiliyin normalarının işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, cavabdeh tərəfindən qanunvericiliyin normalarının pozulması halı müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Həmin Qanunun 23-cü maddəsinin tələblərinə əsasən - 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Beləliklə, məhkəmə araşdırması ilə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin mübahisəli ünvanda yerləşən daşınmaz əmlak üzərində iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən, iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İPM–in 68, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar