Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8745/2023 12.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X9, X3 və X10 üçüncü şəxs qismində cəlb edilməklə “yeni ünvanın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11 qızının katibliyi, iddiaçının nümayənədəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X9, X3 və X10 üçüncü şəxs qismində cəlb edilməklə “yeni ünvanın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 12 oktyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin məhkəmə qətnaməsinə əsasən onun istifadəsinə verilən hissəsinə yeni ünvan nömrəsi verilməsini xahiş etmiş, lakin cavabdeh məhkəmə qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə heç bir öhdəlik qoyulmamasına istinad edərək müraciəti təmin etməmişdir. İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2(001)- 3667/2022 saylı qətnaməsi ilə naturada ayrılması qərara alınmış, ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçı Şükürova (Piriyeva) Nisa Əbdül qızına məxsus paya (2 otaq – 36,48 kv.m.) yeni ünvan verilməklə həmin hissəyə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2(001)-3667/2022 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan iddiaçı Şükürova (Piriyeva) Nisa Əbdül qızına məxsus payın (2 otaq - 36.48 kv.m.) naturada ayrılması qət edilmişdir. Həmin qətnamə qüvvəyə mindiyindən icraya yönəlmiş və Binəqədi rayon İcra şöbəsi tərəfindən qətnamə icra olunması üçün 1 saylı Bakı Ərazi İdarəsinə yönəlmişdir. Lakin 1 saylı Bakı Ərazi İdarəsi cavab olaraq Binəqədi rayon İcra şöbəsinə bildirmişdir ki, icra vərəqəsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Cavabdeh tərəfindən qətnamə icra olunmadığından hazırkı iddianın qaldırılmasına zərurət yaranmışdır. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3667/2022 saylı qətnaməsinə əsasən iddia ərizəsi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan iddiaçı Şükürova(Piriyeva) Nisa Əbdül qızına məxsus payın (2 otaq-36.48 kv.m) naturada ayrılması qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3667/2022 saylı qətnaməsi üzrə 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs kimi məhkəmə icraatına cəlb olunmamış və idarə üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Həmçinin, sözügedən daşınmaz əmlaka baxış keçirilən zaman müəyyən edilmişdir ki, 7 və 8 saylı otaqlar sökülmüşdür. Bundan əlavə, təqdim edilən məhkəmə qətnaməsində və aktda payçıların ümumi birgə mülkiyyətində olan yardımçı sahəyə münasibət bildirilməmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yusif İmanov küçəsi, ev 18 ünvanında yerləşən 11 nömrəli mənzil X6 (1 otaq (11.76kv.m)-dən 1/3 hissə) ; X2 (1 otaq (11.76kv.m)-dən 1/3 hissə); X5 (fin : 2EDJVT0) (1 otaq (11.76kv.m)-dən 1/3 hissə); X4 (2 otaq 36.48kv.m) paylı mülkiyyətindədir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, cavabdehin vəsatəti təmin edilərək, X9, X3 və X10 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili, o cümlədən üçüncü şəxs ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (Seriya RX № 0474827) surətinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yusif İmanov küçəsi, ev 18 ünvanında yerləşən 11 nömrəli mənzil X6 (1 otaq (11.76kv.m)-dən 1/3 hissə) ; X2 (1 otaq (11.76kv.m)-dən 1/3 hissə); X5 (1 otaq (11.76kv.m)-dən 1/3 hissə); X4 (2 otaq 36.48kv.m) paylı mülkiyyətindədir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2(001)-3667/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan iddiaçı Şükürova (Piriyeva) Nisa Əbdül qızına məxsus payın (2 otaq - 36.48 kv.m.) naturada ayrılması qət edilmişdir. Məhkəmənin qətnaməsi qanuni qüvvəsini almış və icra edilərək həmin hissə naturada ayrılmışdır. Hazırda iddiaçı onun payı kimi reyestrdə qeydə alınmış və naturada ayrılmış hissəyə yeni ünvan verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”: 1.4. Ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. 1.5. Ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən həyata keçirilir. 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: ... 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; ... 3.3. Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi, tikintisi başa çatmayan daşınmaz əmlak obyektlərinə münasibətdə həmçinin sifarişçisi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Dövlət Xidmətinə müraciət edir. 3.4. Ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. 3.6. Daşınmaz əmlak obyektinə ünvanın verilməsi bu qaydaların 3.7-ci bəndində göstərilən rekvizitlərin həmin daşınmaz əmlak obyektinə təhkim və müvafiq məlumatların ünvan reyestrinə daxil edilməsi ilə həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: İlk növbədə qeyd edilməlidir ki, Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılmasının qaydası yuxarıda da qeyd edildiyi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsi ilə tənzimlənir. Həmin müddəalara əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Hazırkı iş üzrə iddiaçı yəni mübahisə predmeti daşınmaz əmlakın paylı mülkiyyətçisi öz payının naturada ayrılması ilə əlaqədar iddia ərizəsi ilə rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən iddiaçıya məxsus pay nautada ayrılmışdır. Həmin qətnamə icra edilmişdir. Lakin qətnamə əsasında iddiaçıya məxsus hissəyə yeni ünvan verilməmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından göründüyü kimi, daşınmaz əmlak obyektinin ayrı-ayrı hissələrə bölünməsi daşınmaz əmlak obyektinə ünvan verilməsinin əsaslarından biridir. Məhkəmə hesab edir ki, mübahisə predmeti daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündüyündən, iddiaçı ona aid hissəyə yeni ünvan verilməsini tələb etməkdə haqlıdır. Məhkəmə cavabdeh orqanın imtinasının dəlillərini iddianın təmin edilməməsinin əsası kimi qəbul etmir. Belə ki, mənzilin naturada bölünməsinin mümkünlüyü işə baxan rayon məhkəməsinin predmeti olmuş və məhkəmə qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2(001)-3667/2022 saylı qətnaməsi ilə naturada ayrılması qərara alınmış, ünvan 1 ünvanında yerləşən **********47-05101-093003 daşınmaz əmlakın reyestr nömrəsi ilə qeydə alınan və ********** qeydiyyat nömrəsi və xx.xx.2014 qeydiyyat tarixi ilə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda göstərilən hissənin (2 otaq – 36,48 kv.m.) İddiaçı adına ayrıca reyestrdə qeydə alınması və yeni ünvan verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2(001)-3667/2022 saylı qətnaməsi ilə naturada ayrılması qərara alınmış, ünvan 1 ünvanında yerləşən **********47-05101-093003 daşınmaz əmlakın reyestr nömrəsi ilə qeydə alınan və ********** qeydiyyat nömrəsi və xx.xx.2014 qeydiyyat tarixi ilə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda göstərilən hissənin (2 otaq – 36,48 kv.m.) İddiaçı adına ayrıca reyestrdə qeydə alınması və yeni ünvan verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-8745/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8745/2023
12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver