Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8746/2023 11.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Elm və Təhsil Nazirliyinə qarşı “diplom blankının dövlət nümunəli sənəd hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Beynəlxalq Universitetinin xx.xx.2009-cu il tarixli, BB-1№ 012585 nömrəli diplom blankının dövlət nümunəli sənəd hesab edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2004-cü il tarixdə Azərbaycan Beynəlxalq Universitetinin “İdman və bədən tərbiyəsi” fakültəsi üzrə əyani şöbəsinə daxil olmuş, 2006cı il sentyabr ayından isə həmin universitetin “STOMOTOLOGİYA” ixtisası üzrə yerdəyişmə etmişdir. İddiaçı Azərbaycan Beynəlxalq Universitetini 2009-cu ildə bitirmişdir. Ona təqdim edilmiş diplomun seriyası: BB-1№ 012585-dir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin H-18023/03-24 saylı, xx.xx.2016-ci il tarixli məktubu əsasında iddiaçıya təqdim olunmuş BB-1№ 012585 seriyalı diplomun dövlət nümunəli sənəd olunması qeyd olunmuşdur. Həmin vaxtdan İddiaçı diplomda qeyd olunmuş ixtisası üzrə stomotoloq - həkim kimi müxtəlif klinikalarda fəaliyyət göstərmişdir. Nəhayət (saxta diplomların verilməsi şübhələrinin artması ilə bağlı) iddiaçı yenidən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə rəsmi ərizə ilə müraciət edərək, Azərbaycan Beynəlxalq Universitetinin xx.xx.2009-cu il tarixli, BB-1№ 012585 serialı diplomun hüquqi əsasının olub-olmaması barədə ona məlumat verilməsini xahiş etmişdir. İddiaçının ünvanına daxil olmuş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cu il tarixli, 3-29/2-H2147-4/2023 saylı məktubundan bəlli olmuşdur ki, BB-1№ 012585 seriyalı diplom blankı dövlət nümunəli sənəd hesab olunmamışdır. İddiaçı cavabdehin sözügedən məktubunu əsassız hesab edərək onun hüquqlarının pozulması qənaətinə gəlmişdir. BB- 1№ 012585 seriyalı diplomunun qanuni olduğunu hesab edir. Göstərilənləeə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı ərizəsində istinad etdiyi Elm və Təhsil Nazirliyin xx.xx.2016-cı il tarixli H-18023/03-24 saylı cavab məktubu ilə əlqədar bildirilir ki, 2016-cı il tarixində çıxış sənədlərində bu nömrəli məktub Cavabdehndə qeydiyyatdan keçməmişdir. İddia ərizəsində qeyd edilənlərə və həmin dövrdə qüvvədə olan qanunvericilk normalarına əsaslanaraq hesab edilir ki, ərizə təmin edilə bilməz. Belə ki, həmin dövrdə qüvvədə olan 1992-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Qanun”una əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul yalnız TQDK-nın müəyyən etdiyi qaydada (yəni test üsulu ilə) həyata keçiilir. Qeyd olunan Qanununun 21-ci maddəsinə əsasən, ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət tədbiridir. Qəbul imtahanlarının sayı və sorğu sistemi müəyyən olunarkən, habelə imtahanlar keçirilərkən ixtisas biliyi və bacarığına üstünlük verilir. Tələbə qəbulunda heç bir imtiyaza yol verilmir. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün minimal keçid balı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hazırda qüvvədə olan “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nun 26.2-ci maddəsinə görə, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirir. Digər tərəfdən Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş və xx.xx.2000-ci il tarixdə Ədliyyə Nazirliyində qeydə alınmış “Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimatın 1.4-cü bəndinə əsasən, Təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 82 nömrəli Qərarı ilə təsdiq olunmuş “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən, bakalavr və magistr diplomları bakalavr və magistr təhsil səviyyələrini başa vurmuş şəxslərə verilir. Qaydaların 3.2-ci bəndinə görə, diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-na (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Beləliklə, qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçıya məxsus diplomun dövlət nümunəli təhsil sənədi hesab edilməsi vəzifəsinin Elm və Təhsil Nazirliyinin üzərinə qoyulmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir.
4. 30.10.2009-cu il tarixli BB-İ seriyalı 012585 saylı diplomun surətindən müəyyən olunur ki, İddiaçı 2009-cu ildə Azərbaycan Beynəlxalq Universitetin “Stomatologiya” ixtisası üzrə tam kursu bitirmiş, dövlət attestasiya komissiyasının 1 iyul 2009-cu il tarixli qərarı ilə həkim ixtisası verilmişdir.
5. Təhsil Nazirliyinin xx.xx.2016-cı il tarixli məktubunda qeyd edilmişdir ki, “ərizədə göstərilən BBİ № 012585 seriyalı diplom blankı həqiqətən Təhsil Nazirliyi tərəfindən 2009-cu il tarixində Azərbaycan Beynəlxalq Universitetinə verilən dövlət nümunəli sənəddir”.
6. Təhsil Nazirliyinin xx.xx.2018-cİ il tarixli məktubunda qeyd edilmişdir “adınıza yazılmış BBİ № 012585 diplomun hüquqi əsası yoxdur”.
7. Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir: “adınıza yazılmış BBİ № 012585 diplom blankı dövlət nümunəli sənəd deyildir”.
8. Məhkəmənin sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Vətəndaş İddiaçı iddia ərizəsinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09 dekabr 2016-cı il tarixli, H-18023/03-24 nömrəli məktubunu əlavə etmişdir. Həmin sənəddən görünür ki, məktub Təhsil Nazirliyi adından Xüsusi şöbənin müdiri M.Nəbiyev tərəfindən imzalanmışdır. Bununla əlaqədar bildiririk ki, Nazirliyin aparatında Xüsusi şöbə Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2013-cü il tarixli, 622 nömrəli əmri ilə ləğv edilmişdir (əlavə olunur). Bu səbəbdən, həmin məktubun səlahiyyətli şəxs tərəfindən imzalanmaqla, Nazirliyin mövqeyini əks etdirməsi qeyri mümkün hesab edilməlidir.
9. Məhkəmənin sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, M.Nəbiyev Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2004-cü il tarixli 11/300 nömrəli əmri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Xüsusi şöbəsinin müdiri vəzifəsinə təyin olunub və xx.xx.2012-ci il tarixli, 11/06 nömrəli əmri ilə tutduğu vəzifədən azad olunub.
10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı zamanı) izahat verən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
12. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
13. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.
14. Odur ki, hazırki iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoymağı məhkəmədən tələb tələb edir.
15. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
17. İddiaçı diplom blankının dövlət nümunəli sənəd hesab edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə müraciətin təmin edilməsindən imtina etmişdir.
18. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə: 8.5 Cavabdeh təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndirmə, təminat, təchizat və qiymətləndirməni (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun attestasiyası istisna olmaqla) təmin edir, 8.26 “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələri tərəfindən məzunlara verilən təhsil haqqında dövlət sənədinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndən elektron sənəd formasında əldə edilməsini təmin edir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 72 nömrəli 30 mart 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin Əsasnaməsi»nin 42-ci bəndinə görə ali təhsil müəssisəsi öz məzunlarına ali təhsil haqqında diplom verir.
20. İddiaçının iddiası ilə bağlı məhkəmə ilkin olaraq qeyd edir ki, iddiaçının Azərbaycan Beynəlxalq Universitetində ali təhsil aldığını iddia etdiyi (2004-2009-cu illər) dövrdə Azərbaycan Respublikasında təhsillə bağlı məsələlər həmin vaxt qüvvədə olan 1992-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Qanunu” ilə tənzimlənirdi.
21. Həmin Qanunun:
1. Təhsil Qanunu Azərbaycan ərazisində olan bütün təhsil müəssisələrinə, müvafiq orqan və təşkilatlara şamil edilirdi. Azərbaycanın təhsil sistemi həmin Qanun əsasında fəaliyyət göstərirdi.
7. Azərbaycan Respublikasında dünya standartlarına müvafiq olan dövlət təhsil standartları tətbiq edilir. Dövlət standartları müxtəlif tipli tədris müəssisələri haqqında Azərbaycan Respublikası hökuməti tərəfindən təsdiq olunmuş xüsusi əsasnamələrlə müəyyən edilir və həyata keçirilir. Bu funksiyanı həyata keçirmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında X4 Komissiyası yaradılır. Komissiya haqqında əsasnaməni Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
8. Təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir.
13. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanırlar. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər.
21. Ali və orta ixtisas təhsili müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət tədbiridir. Qəbul imtahanlarının sayı və sorğu sistemi müəyyən olunarkən, habelə imtahanlar keçirilərkən ixtisas biliyi və bacarığına üstünlük verilir...Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada həyata keçirilir.
22. Azərbaycan Respublikasının X2 publik hüquqi şəxsin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının və onların struktur elementlərinin ləğv edilməsi haqqında” 16 may 2017-ci il 1397 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ləğv edilənə qədər (iddiaçının təhsil aldığını iddia etdiyi dövrdə) qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2005-ci il tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında” Əsasnamə: Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra - Komissiya) müasir kompüter texnologiyalarından istifadə etməklə test üsulu ilə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
6. Komissiyanın əsas vəzifələri aşağıdakılardır:.. - 6.1. təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi;
7. Komissiya ona həvalə olunmuş əsas vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: - 7.1. Azərbaycan Respublikasının dövlət siyasətinə uyğun olaraq tələbə qəbulu prosesini və onun strukturunu layihələşdirir, tələbə qəbulunu mərkəzləşdirilmiş qaydada həyata keçirir; - 7.2. imtahan fənləri üzrə qəbul proqramlarını hazırlayır və təsdiq edir; 7.3. ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarını, o cümlədən ali təhsil müəssisələrinin magistraturalarına bakalavrların və digər ali təhsilli şəxslərin qəbulu qaydalarını müəyyən edir, sənədlərin qəbulu və imtahanların keçirilməsi haqqında müvafiq qərarlar qəbul edir; - 7.4. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın ali və оrta iхtisas təhsili müəssisələri üçün müəyyənləşdirdiyi tələbə qəbulu planını elan edir və onun əsasında sənəd qəbulunu təşkil edir; - 7.5. tələbə qəbulu kampaniyası ilə bağlı bütün təşkilati və metodiki işləri aparır, proqram və texniki təminatı layihələşdirir və tətbiq edir, bu məqsədlə müxtəlif daimi və müvəqqəti qurumlar yaradır; - 7.5-1. müəyyən edilmiş qaydada abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata keçirir;
23. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş xx.xx.2000-ci il tarixdə AR Ədliyyə Nazirliyində qeydə alınmış, xx.xx.2019-cu ilə qədər qüvvədə olan “Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimatın 1.4-cü bəndinə əsasən təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilirdi, 2.1-ci bəndinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssisələri üçün müvafiq təhsil sənədlərinin hazırlanması işinin təşkili yalnız Təhsil Nazirliyi tərəfindən mövcud qanunvericilik əsasında həyata keçirilirdi.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” Qaydası: 2.2. Bakalavr və magistr diplomları bakalavr və magistr təhsil səviyyələrini başa vurmuş şəxslərə verilir. 3.2. Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-na (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir.
25. Göründüyü kimi iddiaçının ali təhsil aldığını iddia etdiyi dövrdə (2004-2009-cu illərdə) qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən ali tədris müəssisələrinə vətəndaşlar Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (hazırki X2) müəyyən etdiyi qaydada imtahan verməklə qəbul olunurdular və təhsil müəssisəsini bitirdikdən sonra isə onların adına təhsil sənədinin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi verirdi.
26. İşin faktiki hallarına əsasən iddiaçı Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müəyyən etdiyi qaydada imtahan verərək Azərbaycan Beynəlxalq Universitetinə qəbul olunmamışdır, belə olan halda isə iddiaçı Azərbaycan Beynəlxalq Universitetində təhsil də ala bilməzdi və onun adına da təbii ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli diplom blankı Universitetə təqdim edilə bilməzdi.
27. Məhkəmə o halı da qeyd edir ki, iddiaçının özünün təqdim etdiyi sənədlər (Azərbaycan Təhsil Nazirliyinin xx.xx.2016-cu il tarixli H-18023/03/24 nömrəli məktubu) də iddiaçının iddiasının tam əsassız olduğunu, həqiqətən də Universitetdə qanuni əsaslarla təhsil almadığını göstərir. Belə ki, məktub Təhsil Nazirliyi adından Xüsusi şöbənin müdiri M.Nəbiyev tərəfindən imzalanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Nazirliyin aparatında Xüsusi şöbə Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2013-cü il tarixli, 622 nömrəli əmri ilə ləğv edilmişdir.
28. Belə olan halda BB-İ seriyalı 012585 nömrəli diplom blankının hüquqi əsası olmadığından dövlət nümunəli sənəd hesab edilməsi cavabdehin üzərinə belə bir öhdəlik qoyula bilməz.
29. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına yol verilməsi müəyyən edilməmişdir.
30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva