Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8746/2025 15.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin cizgi və yerləşmə sxeminin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1990-cı il tarixli, 135 saylı əmrinə uyğun olaraq, fərdi ev tikmək üçün iddiaçıya ayrılmış və qanuni əsaslarla istifadədə olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,07 hektar torpaq sahəsinə cizgi və yerləşmə sxeminin ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun 12 iyul 1990-cı il tarixli 135 saylı əmrinə əsasən iddiaçıya fərdi ev tikmək üçün 0,07 ha torpaq sahəsi ayrılmışdır. İddia ərizəsinə əlavə olunan Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun 12 iyul 1990-cı il tarixli 135 saylı əmri arxivdə saxlanılır. İddiaçı cavabdehə müraciət edərək torpaq sahəsinin cizgi və yerləşmə sxeminin verilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən imtina edilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etirazda göstərilmişdir ki, iddiaçıya torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyətinin qərarına əsasən ayrılmışdır. Donuzkökəltmə sovxozundan ayrılan torpaq sahələrinə dair sənədlər (qərarlar, sərəncamlar və ona aid digər sənədlər) Milli Arxiv İdarəsinin Bakı filialında deyil, Abşeron rayon Dövlət Arxivində saxlanılır. Torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ayrıldığından və torpaq sahəsinin ayrılması barədə cavabdehdə hər hansı məlumatlar (sənədlər) mövcud olmadığından Cavabdeh hazırkı iş üzrə cavabdeh qismində cəlb edilə bilməz. Məlum olduğu kimi, sovxoz ərazilərindən torpaq sahələri sovxoz rəhbərliyinin müvafiq əmrlərinə əsasən yalnız sovxoz işçilərinə ayrılmışdır. İddiaçının həqiqətən də sovxoz işçisi olması və ona torpaq sahəsinin hansı əsaslarla ayrılması məhkəmə tərəfindən araşdırılmalıdır. Eyni zamanda iddiaçıya ayrılmış Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində olan Donuzkökəltmə sovxozu ərazisində yerləşən torpaq sahəsinin cavabdehə təhvil verilməsi barədə rəsmi (təhvil-təslim aktları, təhkim aktları və s.) sənədlər mövcud deyildir və torpaq sahəsi rəsmi qaydada Cavabdehnə təhvil verilməmişdir. Hesab edir ki, Bakı İnzibati Məhkəməsi tərəfindən hazırkı iş üzrə cavadehin əsl cavabdehlə əvəz olunması barədə qərardad qəbul edilməlidir. Bundan əlavə, ayrılmış torpaq sahəsinin koordinatlarının (sahə sərhədlərinin), faktiki ölçüləri ilə naturada yerləşdiyi sahənin müəyyən edilməsi, həmin torpaq sahəsinin Donuzkökəltmə sovxozu ərazisi hüdudlarında yerləşib-yerləşməməsini, həmin torpaq sahəsinin başqa şəxslərə (fiziki və ya hüquqi şəxslərə) məxsus torpaq sahələri ilə üst-üstə düşməsini və yaxud başqa şəxslərin adına dövlət qeydiyyatına alınmasını, eləcə də, torpaq sahəsinin kateqoriyasını, həmçinin dövlət mülkiyyətində olub-olmamasını (torpaq sahəsinin digər şəxslərin istifadəsində və hər hansı inzibati orqanın idarəçiliyində olmasını) aydınlaşdırmaq məqsədilə ekspert və yaxud mütəxəssis rəyi alınmalıdır. Qeyd olunanları nəzərə alaraq, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Abşeron rayon Dövlət arxivi fondun sənəd materialları əsasında təqdim edilmiş Abşeron rayon Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 nömrəli əmrindən çıxarışa əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 28 dekabr 1989-cu il tarixli 521 №-li qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 №-li qərarın tələbinə uyğun olaraq iddiaçıya sovxoz fəhlə və qulluqçusu olaraq 0,07 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Cıxarış Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin möhürü ilə təsdiq edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron Rayon Donuzkökəltmə sovxozunun 135 nömrəli xx.xx.1990-cı il tarixli əmrində İddiaçı adı aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 22 iyul 2025-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 700 kv.metr olsa da, faktiki olaraq hasardaxili 645 kv.metr təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi mövcuddur. Faktiki olaraq göstərilən 645 kv.metr torpaq sahəsinin koordinatları əlavə edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə keçmiş Donuzkökəltmə sovxozunun ərazisindən Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Sahə Dövlət mülkiyyəti torpağıdır (hər hansı dövlət təşkilatlarının balansında olması barədə məlumat yoxdur). Bundan əlavə sahədəki tikilinin qeydiyyatı barədə bazada məlumat aşkar edilməmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, Donuzkökəltmə sovxozu ərazisində istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (cizgi və xəritədən çıxarış) torpaq ayrılması barədə qərarın (əmrin) tərkib hissəsi olduğundan həmin sənədlərin torpaqayıran qurum tərəfindən tərtib olunması məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində istifadəsində olan torpaq sahəsinə dair cizgi və yerləşmə sxeminin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də göstərilmişdir ki, yerli icra hakimiyyəti orqanları müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təşkil edir (3.16.2.). “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən şəhər inzibati ərazi vahidlərində dövlət torpaq kadastrının aparılmasını təmin edir (3.16.3.). Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 195-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli 936- İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə uyğun olaraq, ərazi vahidlərinin Dövlət reyestrinin və bələdiyyələrin Dövlət reyestrinin formalaşdırılmasında, habelə ərazi vahidlərinin və bələdiyyələrin xəritələrinin hazırlanmasında iştirak edir (3.16.4.). Qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsində göstərilmişdir ki, yerquruluşu - torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir (43.1). Yerquruluşu torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibini ehtiva edir (43.3). Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır (43.4). Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir (65.1). Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (65.2). Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (65.5). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (68). Yuxarıda qeyd edilən hüquq normalarının məzmunudan görünür ki, hazırkı iş üzrə cavabdeh dövlət mülkiyyətində olmaqla onun idarəçiliyində olan və ayrı-ayrı fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahələrinə dair yerləşmə sxeminin tərtib edilməsində məsuldur. İşdən göründüyü kimi iddiaçının yerləşmə sxeminin verilməsini xahiş etdiyi torpaq sahəsi Abşeron rayon Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 nömrəli əmri ilə iddiaçıya ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tələbdən imtina etmişdir. Buna əsas kimi torpaq sahəsinin Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ayrıldığını və torpaq sahəsinin ayrılması barədə Cavabdehndə hər hansı məlumatların (sənədlərin) mövcud olmadığını bildirilmişdir. Məhkəmə qeyd edir ki, Abşeron rayon Dövlət arxivi fondun sənəd materialları əsasında Abşeron rayon Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 nömrəli əmrindən çıxarış məhkəməyə təqdim edilmişdir. Çıxarış Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin möhürü ilə təsdiq edilmişdir. Göründüyü kimi Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1990-cı il tarixli, 135 saylı əmri qüvvədədir, yəni mübahisəli torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmışdır. Məhkəmə cavabdehin etirazının dəlilinə münasibətdə qeyd edir ki, iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 22 iyul 2025-ci il tarixli mütəxəssis rəyində göstərilən sahənin keçmiş Donuzkökəltmə sovxozunun ərazisindən Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissədə yerləşməklə, dövlət mülkiyyətində olması qeyd edilmişdir. Göründüyü kimi həmin ərazi hazırda Bakı şəhərinin (Xəzər rayonunun) inzibati ərazisində yerləşir. Bu səbəbdən həmin sahə ilə bağlı yerləşmə cizgisinin verilməsi səlahiyyəti də hazırdı iş üzrə cavabdehə məxsusdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 22 iyul 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi faktiki olaraq 645.0 kv.metr təşkil edir. Bu səbəbdən iddia qismən təmin edilməli, Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1990-cı il tarixli, 135 saylı əmri ilə iddiaçıya ayrılmış 645 kv.metr torpaq sahəsinə dair cizgi və xəritədən çıxarışın hazırlanıb verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1990-cı il tarixli, 135 saylı əmrinə əsasən İddiaçı fərdi evin tikintisi üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 645.0 kv.metr torpaq sahəsinə yerləşmə sxeminin (plan cizgisinin) tərtib edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-8746/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8746/2025
15.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver