Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8749/2025 27.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra mətndə Yasamal RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış yerinə ehtiyacı olan şəxs qismində, 4 nəfər ailə üzvü ilə birgə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə müraciət etdiyi dövürdən bugünədək kirayə kompensasiya ödəməyi Bakı şəhər Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2012-ci ildən daima Bakı şəhərində kirayə yaşamışdır. xx.xx.2012-ci ildə X2 ilə ailə qurmuşdur. X1 2017-ci ildən Daxili İşlər Nazirliyinin Mühafizə Polis İdarəsinin polis nəfəri vəzifəsində xidmət edir. Ailə qurduğu vaxtdan bugünədək kirayə yaşayırlar. O və yoldaşı heç biri iş yeri üzrə kirayə pulu almamışdır. 2022-ci il tarixdə qeydiyyatı üzrə Bakı şəhər Yasamal rayon, İcra Hakimiyyətinə “Yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsi”nə götürülməyi barədə müraciət etmişdir. Uzun çəkən mübahisəli mənzil növbəsi Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7308/2023 nömrəli qərarı ilə “Mənim ailə üzvlərim ilə birgə yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınması öhdəliyi cavabdeh Bakı şəhər Yasamal rayon, İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur”. Bakı şəhər Cavabdeh İcra Başçısının xx.xx.2023-cü il tarixli 444 nömrəli sərəncamı ilə o, 4 nəfər ailə üzvü ilə birgə yaşayış yerinə ehtiyacı olan şəxs qismində və güzəştli əsaslarla mənzil növbəsinə götürülülərək 3-cü qrup gözdən əlillərin güzəştli mənzil-uçot siyahısına daxil olunmuşdur. Lakin bugünədək mənzillə və yaxud kirayə kompensasiyası ilə təmin olunmamışdır. O, pul kompensasiyasını almaq üçün yenidən icra hakimiyyətinə bu barədə müraciət etdikdə cavab olaraq ona bildirdilər ki, məhkəməyə müraciət edərək kirayə ödənişləri üçün hər ay ödədiyi 500(beş yüz) manat pul kompensasiyasının verilməsi barədə məhkəmə qərar qəbul etsin. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Yasamal RİH-nin iddia tələbinə dair yazılı mülahizəsi (etiraz) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7308/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia tələbi təmin edilərək İddiaçı ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuşdur. Bakı şəhəri Cavabdeh “İddiaçı güzəştli mənzil növbəsinə qəbul edilməsi haqqında” 444 nömrəli xx.xx.2023-cü il tarixli Sərəncamında göstərilmişdir ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7308/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı və xx.xx.2023-cü il tarixli məktubu ilə İddiaçı ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınması öhdəliyi Cavabdeh üzərinə qoyulmuşdur. Vətəndaş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır və 4 nəfər ailə tərkibi (özü, həyat X4, oğulları Camalzadə Kənan, Camalzadə Murad) ilə birgə təsərrüfat aparırlar. İddiaçı mənzil növbəsinə qəbul olunması üçün tələb olunan müvafiq sənədləri təqdim etmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51-ci maddəsinə və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci bəndinə əsasən, qeyd olunanları nəzərə alaraq:
1. İddiaçı 4 nəfər ailə tərkibi (özü, həyat X4, oğulları Camalzadə Kənan, Camalzadə Murad) ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülsün və İİİ qrup gözdənn əlillərin güzəştli mənzil-uçot siyahısına daxil edilsin.
İddianın növü və mümkünlüyü və məhkəmənin mövqeyi.
Məhkəmə ilk öncə iddia tələbinə münasibətdə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi) İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı inzibati prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesab edir ki, güzəştli əsaslarla mənzil növbəsinə müraciət etdiyi dövürdən bugünədək kirayə kompensasiya ödənilməsinə dair iddia mümkünlük şərtlərini ödəmir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7046/2025 saylı iş üzrə xx.xx.2025-cü il qərardadından müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı məhkəməyə müraciət edərək, 3-cü qrup gözdən əlilliyinin 2019-cu ildən təsdiq olunmasını nəzərə alaraq, 4 nəfər ailə üzvü ilə birgə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülməyi və bugünədək kirayə kompensasiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmasini xahiş etmiş və iddia tələbi mümkün sayılmamışdır. Göründüyü kimi iddiaçının eyni cavabdehə güzəştli əsaslarla mənzil növbəsinə götürülməyi və bugünədək kirayə kompensasiyasının ödənilməsi barədə müraciətinə dair iddia mümkün sayılmamışdır. Bununla bağlı məhkəmə diqqətə çatdırır ki, məhkəmə qərardadında iddianın mümkün sayılmamasına əsas olan hallar aradan qaldırılmadığı təqdirdə, həmin iddialar üzrə qəbul edilmiş qərardadlar preyudisiallıq rolunu daşıyır. İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Beləliklə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiallıq institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan qərardad qüvvədə olduğundan iddia tələbi mümkünlük şərtlərini ödəmir. Əlavə olaraq məhkəmə həm də iddia tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 32.3. Sosial xidmət müəssisələrində yaşayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər yetkinlik yaşına çatdıqda, müvafiq icra hakimiyyəti orqanın rəyinə əsasən özlərinə xidmət edə və müstəqil yaşaya bilərlərsə növbədənkənar mənzil almaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yuxarıda istinad olunmuş qanunvericiliyin müvafiq müddəalarına əsasən, iddiaçı hal-hazırda yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsindədir ki, yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəalarının tələbləri baxımında isə qeyd edilməlidir ki, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil uçotunda olan şəxslərə mənzil kirayə xərclərinin ödənilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib1edilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9-cu bənd) Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, o mümkün iddia kimi qəbul edilə bilməz. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.3. iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Maddə. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
NƏTİCƏVİ HİSSƏ
Qeyd olunanlara əsasən və İPM-nin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi”nə dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev