Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-875/2021 04.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müvafiq xidmət illəri üzrə istifadə olunmayan məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi» barədə iddia tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müvafiq xidmət illəri üzrə istifadə olunmayan məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi» tələbini irəli sürməklə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) 1 oktyabr 1991-ci il tarixdən 1 iyul 1993cü il tarixədək AR Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsində zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. Xidmət dövrü növbəti məzuniyyətlərdən istifadə etməmişdir. Xidməti ərzində istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının hesablanaraq ödənilməsi ilə bağlı etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə 10 fevral 2020-ci il tarixdə AR Müdafiə Nazirliyinə rəsmi ərizə təqdim etmişdir. AR Müdafiə Nazirliyindən verilən 17 fevral 2020-ci il tarixli 12/583 nömrəli məktubla bildirilmişdir ki, 12 iyun 2010-cu il tarixədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmət dövründə istifadə etmədikləri növbəti məzuniyyət əvəzinə pul kompensasiyasının ödənişi «1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə» AR Nazirlər Kabinetinin 26 dekabr 2014-cü il tarixli 399 nömrəli qərarına uyğun olaraq həyata keçirilir. İddiaçının (İddiaçı) 1 iyul 1993-cü il tarixədək xidmət etdiyini nəzərə alaraq ona hərbi xidmət dövründə istifadə etmədiyi növbəti məzuniyyət əvəzinə pul kompensasiyasının ödənişi yuxarıda qeyd edilən qərarın normalarına zidd olduğu bildirilmişdir. Göstərilənlərə əsaslaraq, 1 oktyabr 1991-ci il tarixdən 1 iyul 1993-cü il tarixədək müvafiq hərbi hissədə xidmət etdiyi müddət ərzində istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə ona pul kompensasiyasının ödənilməsi vəzifəsinin cavabdeh AR Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh AR Müdafiə Nazirliyinin nümayəndəsinin məhkəməyə iddia ilə bağlı ünvanlanmış yazılı münasibətində aşağıdakılar qeyd edilir: - İddiaçının hazırlki tələbə dair iddiasına məhkəmədə baxılmış, cavabdehin kassasiya şikayəti təmin olunmuş, AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1154/2017 saylı iş üzrə 8 noyabr 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-664/2017 saylı iş üzrə 7 mart 2017ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Mahiyyət üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Odur ki, məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın əsassız olduğunu bildirdi və təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Hərbi qulluqçuların statusu haqqında» AR 25 dekabr 1991-ci il tarixli 36 nömrəli Qanununun 11-ci maddəsinin 1-ci bəndinin birinci abzasında göstərilmişdir ki, hərbi qulluqçuların istirahət hüququ həftədə 41 saatdan çox olmayan xidmət vaxtının müəyyən edilməsi, həftəlik istirahət günlərinin, iş günü hesab edilməyən bayram günlərinin, illik məzuniyyətlərin və başqa ödənişli məzuniyyətlərin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), habelə dincəlmək və qidalanmaq üçün gündəlik fasilələrin verilməsi yolu ilə təmin edilir. Həmin Qanunun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında qeyd olunmuşdur ki, hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinə əsasən hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikası Prezidentinin «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1005-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqqında” 2010-cu il 10 iyun tarixli 281 nömrəli Fərmanının 1.3-cü bəndi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasını və məbləğini müəyyən etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “«Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” 2014-cü il 28 mart tarixdə Qərar qəbul etmişdir. Qərarda göstərilmişdir ki, qanunla müəyyən olunmuş istifadə edilməmiş məzuniyyətə görə kompensasiya almaq hüququ Konstitusiyadan irəli gələn pozulmuş məzuniyyət hüququnun əvəzlənməsi məqsədini daşıyır. Buna müvafiq olaraq istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hərbi qulluqçunun statusunun saxlanmasına görə deyil, hərbi qulluqçuların bu statusda olduğu dövrdə növbəti məzuniyyəti almaq hüququnun istifadə olunmamasına görə ödənilir. Həmin Qərarla «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya almaq hüququ 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istehfaya buraxılmış hərbi qulluqçulara da şamil olunmuşdur. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq 2010-cu ilin 12 iyun tarxinədək ehtiyata və istehfaya buraxılmış hərbi qulluqçulara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin və ödəmə qaydasının müəyyən edilməsi AR Nazirlər Kabinetinə tövsiyə edilmişdir. AR Nazirlər Kabineti «Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə edilməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə hərbi xidmətdə olduğunu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə» 2012-ci il 28 sentyabr tarixdə 217 nömrəli Qərar qəbul etmişdir. Qərarın 1-ci bəndində göstərilmişdir ki, hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. AR Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 28 mart tarixli Qərarında qeyd olunmuşdur ki, qanunverici dövlət hakimiyyətini səmərəli həyata keçirmək üçün Konstitusiyanın 94-cü maddəsində öz əksini tapmış məsələləri tənzimləyərkən, onların ən mühüm və əsaslı xarakter daşıyan tərəflərini müəyyən etməklə artıq qanunvericilik qaydasında nizamlanmış normaları konkretləşdirmək və həyata keçirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanına qaydalar müəyyən etmək səlahiyyəti verə bilər. Konstitusiya ilə nəzərdə tutulan əsas hüquqların həyata keçirilməsi qaydasının tənzimlənməsi və ya bu hüquqların həyata keçirilməsində məhdudiyyətlərin müəyən edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini nəzərdə tutan qanun norması aydın və dəqiq olmalıdır. Qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərə aydın və ya birmənalı olmadığlna istinad etməklə şəxsin əsas hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Konstitusiyanın 149-cu maddəsinin V hissəsinin məzmununa, habelə Konstitusiya Məhkəməsi Plenumunun “«Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» AR Qanununun 1-ci maddəsinə dair” 2008-ci il 30 dekabr tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə Nazirlər Kabinetinin qərarları konstitusiya norma və prinsiplərinə, hamılıqla qəbul edilən ümumi prinsiplərə, qanunlara və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Buna müvafiq olaraq qanunların icrası ilə əlaqədar qəbul edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin qanunun məqsədlərinə uyğun olmalı, məzmununu dəyişməməli, qanunda müəyyən edilən məsələləri tənzimləməlidir. Qeyd olunmalıdır ki, AR Nazirlər Kabineti 2014-cü il 26 dekabr tarixdə «1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə» 399 nömrəli qərar qəbul etmişdir. Qərarın 1-ci bəndinə görə həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması üçün 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək dövr əsas götürülsün. Qərarın 2-ci bəndinə görə 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, onlara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə veriləcək kompensasiyanın məbləği həqiqi hərbi xidmətdə olduğu dövrdə sonuncu vəzifə üzrə 2010-cu il 12 iyun tarixinə qüvvədə olan vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləğini ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölməklə və alınmış məbləği istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurmaqla müəyyən edilir. Qərarın 3-cü bəndinə görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, Xüsusi Dövlət Mühafizə Xidmətinə tapşırılsın, Ali Məhkəməsinə və Hərbi Prokurorluğuna tövsiyə edilsin: - (3.1 yarımbənd) 2010-cu il 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun həmin tarixə xidmətdən buraxıldığı ştat vəzifəsi mövcud olmadıqda, 2010-cu il 12 iyun tarixində qüvvədə olan vəzifələrə bərabər müvafiq uyğunlaşdırılma aparılmaqla, kompensasiyanın bu qərarın 2-ci hissəsində nəzərdə tutulmuş qaydada hesablanmasını təmin etsinlər; - (3.2 yarımbənd) istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya hesablanarkən, hər bir konkret halda hərbi qulluqçunun vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ilə əlaqədar qeydiyyatı aparılan haqq-hesab sənədləri üzrə araşdırma apararaq onların həmin dövrdə növbəti məzuniyyətdən istifadə edib-etməmələri və buna görə ödəmələrin verilməsi hallarını nəzərə alsınlar. Göründüyü kimi, hərbi qulluqçuya xidmətdə olduğu dövrün təqvim illərində növbəti məzuniyyətdən istifadə etmədikdə kompensasiya ödənilməsi bu sahəni tənzimləyən normativ hüquqi aktlar qismində nə «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə, nə də Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli Fərmanının müddəalarında hər hansı tarixlə (vaxtla) məhdudlaşdırılmamışdır. Həmin normativ hüquqi aktlarda digər təqvim illəri üçün də istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi açıq və aydın şəkildə tənzimlənmişdir. Nəzərə alınmalıdır ki, hazırkı İddiaçı ona AR Nazirlər Kabinetinin 28 sentyabr 2012ci il tarixli 217 nömrəli qərarı ilə təsdiqlənmiş Qaydalara müvafiq olaraq “xidmət dövrünün istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya ödənilməsi barədə” müraciəti üzrə cavabdeh AR Müdafiə Nazirliyinin imtinası iddiaçı tərəfindən mübahisələndirilmiş və həmin inzibati mübahisə ilə bağlı məhkəmə icraatında Ali Məhkəmənin 2-1(102)- 1154/2017 saylı iş üzrə 8 noyabr 2017-ci il tarixli qərarında İddiaçı iddiasının rədd edilməsi barədə apellyasiya inztansiyası məhkəməsinin 2-1(103)-664/2017 saylı iş üzrə 7 mart 2017-ci il tarixli qərarı qüvvədə saxlanılsa da, məhkəmə kollegiyası iddiaçıya 1992 – 1993cü illərdə istifadə etmədiyi məzuniyyətlərə görə pul kompensasiyasının verilməsini AR Nazirlər Kabinetinin 28 sentyabr 2012-ci il tarixli 217 nömrəli qərarı ilə təsdiqlənmiş Qaydalara deyil, AR Müdafiə Nazirliyinin 78 nömrəli 19 mart 1994-cü il tarixli əmrinə mürafiq olaraq (sözügedən Qaydalar müvafiq dövrdə qüvvədə olmamışdır) həyata keçirilməli olduğunu vurğulamışdır. Həmin qərarda iddiaçıya sözügedən əmrə istinadən cavabdeh inzibati orqana yenidən müraciət edilməsi tövsiyə olunmuşdur. Həmçinin bu səbəbdən də, məhkəmə cavabdeh AR Müdafiə Nazirliyinin “iddianın mümkün sayılmaması” ilə bağlı mövqeyi ilə razılaşmır. Hər bir halda, iddiaçının iradəsində asılı olmadığından inzibati orqan ona istifadə olunmayan məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi öhdəliyindən azad edilmir. Odur ki, mövcud qanunvericilik AR Müdafiə Nazirliyinin 78 nömrəli 19 mart 1994-cü il tarixli əmri hərbi qulluqçulara onların istifadə etmədiyi məzuniyyətlərə görə pul kompensasiyasının ödənilməsini nəzərdə tutan müddəaları müəyyən etdiyindən, iddiaçının 1993 – 1994-cü illərdə məzuniyyətlərdən istifadə etmədiyi və həmin illər üzrə məzuniyyətlərə görə kompensasiyanın ödənilmədiyi cavabdeh tərəfindən təkzib olunmadığından, həmin illər üzrə pul kompensasiyası sözügedən əmrin tələblərinə uyğun olaraq ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh AR Müdafiə Nazirliyinin “iddiaçıya istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiyasının AR Müdafiə Nazirliyinin 78 nömrəli 19 mart 1994-cü il tarixli əmrinin tələblərinə müvafiq ödənilməsi”ndən imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı 1 oktyabr 1991-ci il tarixdən 1 iyul 1993-cü il tarixədək olan dövr üzrə istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiyasının hesablanıb ödənilməsi öhdəliyi cavabdeh AR Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 52, 58.7, 62, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddia təmin edilsin. İddiaçı 1 oktyabr 1991-ci il tarixdən 1 iyul 1993-cü il tarixədək olan dövr üzrə istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiyasının hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-875/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-875/2021
04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver