Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8750/2021 24.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, 30.06.1987-04.06.1992ci illər üzrə olan dövrün iş stajının dövlət qulluqçusu kimi nəzərə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 21.06.2021-ci il tarixli qərardadı ilə işin baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək 30 iyun 1987-ci il -04 iyun 1992-ci il üzrə işlədiyi dövrün dövlət qulluğu kimi nəzərə alınaraq dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanmasını cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh onun müraciətinin təmin etməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsasında dövləq qulluğu stajının 15 ildən az olması təşkil edir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun yaranmış pensiya hüququndan məhrum edir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan sənədlərdən və məhkəmə icraatı zamanı tələb olunmuş pensiya işindən məlum olur ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı ikinci qrup əlilliyinə görə pensiya təyin edilmişdir. İddiaçi hazırki iddia tələbi ilə pensiya növünün dəyişdirilməsini və onun 30 iyun 1987-ci il tarixdən 04.06.1992-ci il tarixdək ilədiyi vəzifələrin dövlət qulluğuna aid edilməklə dövlət qulluqçusu kimi pensiyanın yenidən hesablanmasını xahiş edir. Əvvəla Məhkəmə qeyd edir ki, əmək pensiyaçılarına dövlət qulluğu stajına görə əlavələrin təyin olunması üçün onun dövlət qulluqçusu statusuna malik olması zəruri və mütləq dispozisiya şərtidir. Nəzərə almaq lazımdır ki, dövlət qulluqçusunun statusu ilə bağlı məsələlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Qeyd olunan qanunvericilik icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Bundan başqa nəzərə alınmalıdır ki, dövlət qulluğu stajına əlavələrinin müəyyən edilməsi üçün təkcə vəzifənin dövlət qulluğu vəzifəsinə aid olubolmaması ilə yanaşı, həmçinin onun həmin hüququnun yaranması üçün digər şərtlərinin ödənilib-ödənilməməsini yoxlamalıdır. Məhkəmə bildirir ki, hazırki iddia üzrə mübahisənin həllində hüquq münasibətlərinin yarandığı anın müəyyən olunması mühim rol oynanır. Hüquq münasibətlərinin yarandığı anının müəyyən olunması üçün həm qüvvədən düşmüş, həmçinin də qüvvədə olan qanunvericilikdə dövlət qulluğu stajına görə əlavələrin təyin olunması üçün hansı şərtlərin nəzərdə tutulduğu müəyyən olunmalı və bu şərtlər əsasında iddiaçının dövlət qulluğu stajına görə əlavələrin tələb etmək hüququnun yaranıb-yaranmamasına qiymət verməlidir. Bunun üçün isə qanunvericiliyin aşağıdakı müddəaları təhlil olunmalıdır. 01.01.2005-ci il tarixdə qüvvəyə minmiş və 19.10.2007-ci il tarixdə qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun -5.1.müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və azı 5 il dövlət qulluğunda çalışmış dövlət qulluqçusunun pensiya almaq hüququ vardır. (28 iyul 2005-ci il tarixədək olan redaksiyada) -5.1.Bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır.(28 iyul 2005ci il tarixdən sonra dəyişiklik) 5.1.Pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir: 5.2.1."Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı; 5.2.2. 1991-ci il oktyabrın 18-dən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı; 5.2.3. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti, 5.3.Dövlət qulluqçusunun qulluq stajı Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hesablanır 5.4. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçusunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda və qaydada müavinət almaq hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: -12. Yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: kişilər—60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda; qadınlar—55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Şərh olunan maddələrin normalarından göründüyü kimi, “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olan vaxtda əmək pensiyaçının dövlət qulluğu stajına görə əlavələri almaq hüququnun yaranması üçün 28.07.2005-ci il tarixədək və həmin tarixdən sonra nəzərdə tutulmuş əsasların əhatə dairəsi fərqlənmişdir. 28.07.2005-ci il tarixədək olan redaksiyada əmək pensiyaçının dövlət qulluğu stajına görə əlavənin almaq hüququ aşağıda göstərilən 2 şərt ödənildiyi halda yaranır. - pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış olması; - azı 5 il dövlət qulluğu stajı olmasıdır. 28.07.2005-ci il tarixdən sonra olan redaksiyada əmək pensiyaçının dövlət qulluğu stajına görə əlavənin almaq hüququ aşağıda göstərilən 3 şərt ödənildiyi halda yaranır. - pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmaması; - azı 5 il dövlət qulluğu stajı olması; - pensiya yaşına çatdıqda və ya əlil olduqda; Qanunun hər iki redaksiyasının təhlilindən görünür ki, “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu əmək pensiyaçının dövlət qulluğu stajına görə əlavələri almaq hüququnu pensiya yaşına çatması və ya əlil olmasından, 5 il dövlət qulluğu stajı olmasından, həmçinin pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmamasından asılı etmişdir. Nəzərə alınmalıdır ki, adı çəkilən Qanun əlil olması şərtinin əlillik dərəcələrindən asılı etməmişdir. Sadalanmış qanunvericiliyin müddəalarının hazırki işin faktiki hallarına tətbiqi zamanı müəyyən olunur ki, iddiaçının “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olan vaxtda 5 il dövlət qulluğu stajı olsa da, bu hal iddianın təmini əsası qismində çıxış etmir. Məhkəmə bununla bağlı iki əsası bildirir. Birincisi, iddiaçının 28.07.2005-ci il tarixədək 5 il dövlət qulluğu stajı olsa da, o həmin dövrdə əlilliyə görə işdən çıxmamışdır. Belə ki, iş materiallarında olan pensiya işindən və əmək kitabçasında olan qeydlərdən görünür ki, iddiaçıya əlilliyə görə pensiya 27.02.2006-cı il tarixdə təyin edilsə də, o,həmin dövrdən sonra öz əmək fəaliyyətini davam etdirmiş və onun dövlət qulluğuna yalnız 06.10.2006-ci il tarixdə xitam verilmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, həmin dövrdə vətəndaşın yaşa görə əmək pensiyası hüququ 60 yaşı (01.08.2000-ci il tarixdən sonra 62 yaş) tamamam olduqda yaranırdı. Lakin, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olduğundan, onun həmin dövrdə 50 yaşı tamam olmuşdur. Belə olan halda 28.07.2005-ci il tarixədək qüvvədə olan “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinin tələblərinin iddiaçıya münasibətdə tətbiq edilməsi istisna olunur. İkincisi isə odur ki, 28.07.2005-ci il tarixdən sonra belə qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin hamısı iddiaçı tərəfindən ödənilmədiyindən, həmin dövrdə olan normaların ona münasibətdə tətbiq edilməsi mümkün deyildir. Belə ki, iddiaçı əlil olsa da və 5 il dövlət qulluğu stajına malik olsa da, o, 27.02.2006-cı il tarixdə əlilliyə görə pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda əmək fəaliyyətində olmuşdur. Həmçinin, iddiaçının həmin dövrdə yaşa görə əmək pensiya hüququ yaranmamışdır. Beləliklə Məhkəmə hesab edir ki, həm 28.07.2005-ci il tarixədək, həmçinin də 28.07.2005-ci il tarixdən sonra qüvvədə olmuş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər iddiaçı tərəfindən ödənilmədiyindən, həmin maddənin müddəalarının ona tətbiq olunması mümkün deyildir. Məhkəmə, dövlət qulluqçusu kimi əlavələri almaq üçün 5 il dövlət qulluğu stajı ilə bağlı “Dövlət qulluğu haqqında” Qanunun, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixədək olan müddəalarına istinadən iddiaçının həmin dövrdə əlavələrin alması üçün hüququn yaranıb-yaranmamasını yoxlayır. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: (06.03.2018-ci il tarixədək olan dəyişikliyə qədər) -23.1.Dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. -23.2.Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 5 il qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanunun (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiya): -7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. -20.1.7. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr -20.11.1-ci maddəsinə əsasən, bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla, dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında müəyyən edilir. -20.11.3-cü maddəsinə əsasən, dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Məhkəmə qeyd edir ki, yuxarıda adı çəkilən Qanunların müddəalarından görünür ki, şəxsə dövlət qulluğuna görə əlavələrin təyin edilməsi üçün dövlət qulluğunda 5 il iş stajının olması zəruridir. Bu zaman təkcə həmin stajın mövcudluğu deyil, həmçinin iddiaçının həmin dövrdə yaşa görə pensiya almaq hüququnun yaranması da mühim rol oynayır. Nəzərə alınmalıdır ki, həmin dövrdə kişilərə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt ödənilməlidir: 1) 62 yaş (01.01.2011-dən sonra 63 yaş) 2) 12 il sığorta stajı. Məhkəmə bildirir ki, iddiaçının 5 il dövlət qulluğunda iş stajı olsa da, onun həmin dövrdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmamışdır. Çünki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olduğundan, onun 62 yaşı yalnız 01.05.2017-ci il tarixdə tamam olmuşdur. Bundan başqa, nəzər alınmalıdır ki, həmin dövrdə qüvvədə olan qanunvericilikdə əlilliyə görə pensiya alan şəxslərin dövlət qulluğuna görə əlavələrin alması nəzərdə tutulmamışdır. Bu müddəa yalnız 01.07.2017-ci il tarixdən sonra “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əlavə olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının qüvvədən düşmüş Qanunun tələbləri baxımından (5 il qulluq stajının olması şərti) dövlət qulluqçusu kimi pensiyaya çıxması üçün göstərilmiş şərtlər ödənilmədiyindən, həm “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun, həmçinin də “Əmək pensiyaları haqqında” Qanunun (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiya) tələbləri ona şamil edilmir Başqa sözlə desək iddiaçıya dövlət qulluğu stajına görə əlavələrin təyin olunması üçün dövlət qulluğu stajının 5 il olması ilə bağlı şərt ona münasibətdə tətbiq edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının inzibati orqan arasında pensiya hüquq münasibətlərinin yaranması onun pensiya yaşına çatması və zəruri olan iş stajının ödənildiyi andan yaranır. Hazırki iddia üzrə iddiaçı tərəfindən ümumi iş stajının ödənilibödənilməməsi mübahisələndirilmir. Bu səbəbdən də məhkəmə yaş ilə bağlı şərtin yalnız 01.05.2020-ci il tarixdə, yəni 65 yaşı tamam olduğu vaxtda ödənildiyi qənaətinə gəlir. Göstərilən bu hal bir mənalı olaraq ona əsas verir ki, iddiaçıya dövlət qulluğu stajına görə əlavələrin nəzərdə tutulub-tutulmasının müəyyən edilməsi məhz hazırda qüvvədə olan qanunvericilik əsasında həyata keçirilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: (06.03.2018-ci il tarixdən sonraki dəyişiklik ) -23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanunun (01 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiya): -3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. -5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslər öz arzuları ilə yalnız bir pensiya təyin edilir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -20.1.7 Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. -20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Bir daha qeyd olunmalıdır ki, hazırda vətəndaşa dövlət qulluğu stajına görə əlavələrin təyin olunması üçün dövlət qulluğu stajının 15 il olması zəruridir. Məhkəmə bildirir ki, bu zaman təkcə iş stajının 15 il olması deyil, xüsusi ilə dövlət qulluğunda stajın 15 il olması zəruridir.Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7ci maddəsində dövlət qulluğunda iş stajının hansı meyarlar əsasında qiymətləndirildiyi göstərilmişdir. Həmin maddənin müddəalarına görə əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. 1991- ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin və 1991-ci il oktyabrın18-dən İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu qüvvəyə minənədək (31.08.2003-cü il tarixinədək) Azərbaycan Respublikası dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdı rılması Siyahısı”na əsasən həyata keçirilir. Həmin Siyahının 1.17-ci bəndində rayon (şəhər) X1 icraiyyə komitəsinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Toplusunda”göstərilən dövlət qulluğu vəzifələrinə uyğunladırılması aparılmışdır. Həmin Siyahının 2.13-cü bəndinə əsasən rayon, şəhər X1 (Məclisininn) icraiyyə komitəsinin, rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti baçısının (Bakı şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında mövcu olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Toplusunda”göstərilən dövlət qulluğu vəzifələrinə uyğunladırılması aparılmışdır. Şərh olunan müddəaların hazırki işin faktiki hallarına tətbiqi zamanı müəyyən olunur ki, iddiaçının dövlət qulluğunda iş stajının 14 il 11 ay olması mübahisələndirilməyən haldır. İddiaçı və cavabdeh arasında yaranmış mübahisənin əsasının iddiaçının 1987-1991-ci illərdə Qaradaş kənd X1 İcraiyyə komitəsinin sədri və 1991-1992-ci illərdə Böyük-Qışlaq Zona İcra Hakimiyyəti aparatında müavin vəzifəsində işlədiyi müddət təşkil edir. Məhkəmə iddiaçının 30.06.1987-04.06.1992-ci il tarixədək İcra Hakimiyyətində işlədiyi vəzfilərin dövlət qulluğunda xidmət illəri kimi hesab olunub-olunmaması, həmçinin onun dövlət qulluqçusu kimi dövlət qulluqçularının reyestrində qeydə alınıb-alınmaması barədə məlumatın, o cümlədən iddiaçı barəsində dövlət qulluqçusu anketi mövcud olduğu təqdirdə, həmin anketin surətinin təqdim olunması üçün aidiyyəti üzrə X4 müraciət etmişdir. Sorğuya cavab məktubundan məlum olmuşdur ki: -İddiaçı 1987-1991-ci illərdə Qaradaş kənd X1 icraiyə komitəsinin sədri vəzifəsində işlədiyi və 1991-1992-ci illərdə Böyük-Qışlaq Zona İcra Hakimiyyəti aparatında müavin vəzifəsində işlədiyi müddət dövlər qulluğunda qulluq stajına daxil deyildir. Həmçinin, İddiaçı barəsində Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrində məlumatın olmadığı da göstərilmişdir. Məhkəmə icraatı zamanı əldə olunmuş sorğuya cavab məktubunun yuxarıda göstərilmiş qanunvericiliyin müddəaları ilə birgə qiymətləndirilməsi nəticəsində məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının dövlət qulluğunda 15 il zəruri iş stajının tamamlanması onun mübahisələndirilən dövrlərə aid vəzifələrindən aslıdır. Buna baxmayaraq təqdim olunmuş məktubdan da göründüyü kimi, həmin işlədiyi müddət iddiaçının dövlət qulluğunda qulluq stajına daxil edilməsinə imkan vermir. Nəzərə alınmalıdır ki, X5 tərəfindən məhkəmə icraatı zamanı təqdim olunmuş sorğuya cavab məktubu hər hansı şübhə doğurmur. Belə ki, məlum olduğu kimi X5 dövlət qulluğu sahəsində fəaliyyət göstərən, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən, həmçinin dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanlarını keçirən və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edən publik hüquqi şəxsdir. (Azərbaycan Respublikasının X5 publik hüquqi şəxsin Nizamnaməsi) Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 1987-1991-ci illərdə Qaradaş kənd X1 İcraiyyə komitəsinin sədri və 1991-1992-ci illərdə Böyük-Qışlaq Zona İcra Hakimiyyəti aparatında müavin vəzifələri müvafiq Siyahıda dövlət qulluğu vəzifəsi kimi nəzərdə tutulmadığından, həmçinin X2 əldə olunmuş sorğuya cavab məktubunda göstərilən bu hal öz təsdiqi tapdığından, iddiaçının dövlət qulluğu kimi zəruri olan 15 il iş stajının tamamlanması səbəbi ilə iddianın təmin edilməsi mümkün deyildir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1999/2020 saylı iş üzrə qəbul etdiyi 04.11.2020-ci il tarixli qərarında analoji iş üzrə də vətəndaşın dövlət qulluğuna aid olan iş stajının müəyyən edilməsi X3 məktubu əsasında mümkündür. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1053/2021 saylı iş üzrə qəbul etdiyi 30.06.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, dövlət qulluqçularının pensiya almaq hüququ müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış və müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatan şəxslərə aid edilir. Həmin Qanun 01.01.2006-cı il tarixədək qüvvədə olmuş və həmin vaxtdan qüvvədən düşmüşdür. İddiaçının qeyd olunan Qanunun tələbinə əsasən dövlət qulluqçusu kimi pensiyaya çıxması üçün onun 01.01.2006-cı il tarixə 60 yaşının tamam olması tələb olduğu halda, həmin vaxt 50 yaşı tamam olduğundan və həmin vaxtadək pensiya yaşına çatmadığı üçün qeyd edilən qanunun tələbləri ona münasibətdə tətbiq edilə bilməz.” Göründüyü kimi, bu növ iddialar üzrə dövlət qulluğunda iş stajının 5 il müddəti kimi nəzərə alınması üçün vətəndaşın həmin dövrdə qüvvədə olan qanunvericilik əsasında yaş stajı ilə bağlı şərti ödəmiş olsun. Digər tərəfdən məhkəmə hesab edir ki, ali məhkəmənin qeyd olunan qərarında göstərildiyi kimi 01.01.2006-cı il tarixədək qüvvədə olmuş normaların hazırkı münasibətdə tətbiqinin istisna olunması ilə yanaşı, eyni zamanda 01.07.2017-ci il tarixədək qüvvədə olmuş normalarının tətbiqi də mümkün deyildir. Başqa sözlə, istər 01.01.2006-cı il tarixədək, istərsə də 01.01.2006-cı il tarixdən 01.07.2017-ci il tarixədək 5 il dövlət qulluğu stajına malik olan şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququndan o zaman bəhz edilə bilər ki, dövlət qulluqçusu 5 il dövlət qulluğu stajı toplanılması ilə yanaşı, həmçinin pensiya yaşına da çatmış olsun və ya əlil olmuş olsun. Göründüyü kimi təkcə 5 il dövlət qulluğu stajının toplanılması iddianın təmini əsası qismində çıxış etmir. Eyni zamanda digər şərtlərdən hər hansı biri də ödənilməlidir ki, iş materiallarından da görünür ki, qeyd olunan şərtlərdən heç biri ödənilməmişdir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-8750/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8750/2021
24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver