Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8751/2023 08.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ.İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış 3-17-1/2-Ş-45402/2023 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda metallurgiya istehsalı bölməsində (3) polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndində (6) fəhlələr yarımbəndi (a) təmirçi çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin ona dair xx.xx.2023-cü il tarixli 24/01/002 nömrəli arayışında xx.xx.2010-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə santexnik çilingər və energetik çilingər vəzifələrində, “X5” QSC-nin ona dair 24 yanvar 2023-cü il tarixli X-Y-2324 nömrəli arayışında isə xx.xx.2014-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə böyük çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr sözügedən arayışlarda istinad edilmiş yuxarıda qeyd olunan vəzifəyə uyğun deyil. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az (6 il 6 ay 29 gün (xx.xx.2016-xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan şəxs kimi qazandığı ümumi və xüsusi sığorta stajına uyğun olaraq 60 yaşının tamam olduğu 08 may 2022-ci il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan şəxs kimi qazandığı ümumi və sığorta stajına uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı xx.xx.2022-ci il tarixindən başlayaraq güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ.Tərəflərin əsaslandırılması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.1962-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. xx.xx.1980-ci ildə “Kommunizm Sovxozunda” işə qəbul olunmuş və xx.xx.1980-ci il tarixədək orada fəhlə kimi işləmişdir. xx.xx.1980-xx.xx.1982-ci illərdə Rusiya Federasiyasında hərbi xidmətdə olmuşdur. Oradan qayıtdıqdan sonra xx.xx.1982xx.xx.1983-cü illərdə 86 saylı Peşə məktəbində oxumuş və eyni zamanda Azərelektroterm İB-də xüsusi konstruktor texnoloji bürosu və Bakı Elektrik Termik Avadanlığı zavodunda dəmir yonan peşəsində işləmişdir. xx.xx.1983-xx.xx.1991-ci illərdə "xxxx" İB xüsusi konstruktor texnoloji bürosu və Bakı Elektrik Termik Avadanlığı zavodunda fəhlə kimi işləmişdir. xx.xx.1992-ci ildə "xxxx" İB xüsusi konstruktor texnoloji bürosu və Bakı Elektrik Termik Avadanlığı zavodunun adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. xx.xx.2005-xx.xx.2006-cı ilədək həmin ASC-nin istehsalat sexində “fəhlə çilingər” vəzifəsində, xx.xx.2006-cı ildən isə “operator” vəzifəsində işləmişdir. xx.xx.2007-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. Daha sonra xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilədək "xxxx" ASC-də "xxxx" vəzifəsində işləməyə başlamışdır. xx.xx.2008-ci ildə həmin ASC-dən öz xahişilə işdən azad edilmişdir. xx.xx.2010-cu ildə "xxxx" ASC-nin 4 saylı Mexaniki təmir sexində "xxxx" vəzifəsində işləməyə başlamışdır. xx.xx.2011-ci ildə həmin ASC-nin Baş energetik şöbəsinə “energetik çilingər” vəzifəsinə təyin edilmişdir. xx.xx.2013-cü ildə "xxxx" ASC-nin adı dəyişdirilərək “X5” QSC adlandırılmışdır. xx.xx.2014-cü ildə Azəbaycan Respublikasının Əmək Məcəlləsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2014-cü il tarixində “X5” QSC-yə Baş energetik şöbəsinə “energetik çilingər 1” vəzifəsinə, xx.xx.2014-cü il tarixdə Energetiklər xidmətinə avadanlıqların təmiri üzrə “böyük çilingər” vəzifəsinə, xx.xx.2016-cı ildə Energetiklər xidmətinin maşınların operatoru vəzifəsinə təyin edilmiş və bu günə qədər orada fəaliyyətinə davam edir. Onun işlədiyi sahə zərərli peşələr kateqoriyasına aiddir və o, zərərli əmək şəraitində işləmişdir. Belə ki, onun ümumi əmək stajı 41 ildən çoxdur, zərərli əmək stajı isə 13 ildən çoxdur. Cavabdeh xx.xx.2023-cü il tarixli iddiaya yazılı etirazında imtina məktubunda qeyd edilənlərə istinad etmiş və qeyd etmişdir ki, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (6 il 6 ay 29 gün (xx.xx.2016- xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati akt qəbul edilməsini tələb etdiyi hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılan iddiadır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – Qanun) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin Qeydinə əsasən həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2022 - 30 iyun 2023-cü il tarixə kişilərin yaşa görə əmək pensiyası hüququ 65 yaşdan yaranır. Beləliklə, qanunvericiliyin istinad olunan normalarından görünür ki, aşağıdakı şərtlərin hamısı birlikdə olduğu halda şəxsə (kişilər üçün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilər:
1. 60 yaşının tamam olması;
2. azı 25 il sığorta stajına malik olması;
3. 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması; İş materiallarından görünür ki, göstərilən tələblərdən hər biri iddiaçı tərəfindən ödənilir. İ tələb üzrə: Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, onun 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. İİ tələb üzrə: İddiaçıya aid H3 №4410368 nömrəli hərbi biletdən görünür ki, o, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə qədər hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdə Kommunizim sovxozuna fəhlə qəbul edilmiş, xx.xx.1980-ci ildə ordu sıralarına keçməsi ilə əlqədar fəhlə vəzifəsindən azad edilmiş, xx.xx.1982xx.xx.1983-cü illərdə 86 nömrəli texniki peşə məktəbində frezləyici ixtisası üzrə təhsil almış, xx.xx.1983-cü il tarixdə Bakı Təcrübə Sınaq Zavodunun 2 saylı mexaniki sexinə 3cü dərəcəli frezləyici peşəsinə qəbul olunmuş, xx.xx.1983-cü il tarixdə 5 saylı kənd təsərrüfatı malları istehsalı sahəsinə 2-ci dərəcəli mexaniki yığma üzrə çilingər peşəsinə keçirilmiş, xx.xx.1992-ci il tarixdə həmin sexdə yük vuran peşəsinə keçirilmiş, xx.xx.2005ci il tarixdə istehsalat sexinə fəhlə-çilingər peşəsinə keçirilmiş, xx.xx.2006-cı il tarixdə istehsalat sexinə operator vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəllərinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. İddiaçı xx.xx.2007-xx.xx.2008-ci illərdə "xxxx" ASC-də mexaniki operator vəzifəsində işləmiş, xx.xx.2010-cu ildə "xxxx" ASC-nin 4 saylı Mexaniki Təmir sexinə tex.çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.2011-ci ildə baş energetik şöbəsinə energetik çilingər keçirilmiş, xx.xx.2014-cü ildə işdən azad edilmiş, xx.xx.2014-cü ildə “X5” MMC-yə baş energetik şöbəsinə çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.2016-cı ildə energetiklər xidmətinə soyutma sistemlərin maşınlarına operator keçirilmişdir və hazırda da həmin vəzifədə işləyir. İşdə olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 35 nömrəli məktubundan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı, həqiqətən "xxxx" X2 Bakı Təcrübə Sınaq Zavodunda (indiki "xxxx" ASC-də) müxtəlif peşələrdə işləmişdir. xx.xx.1983-cü il tarixdə (əmr № 478/ok, 22.08.83) 2 saylı mexaniki sexə 3-cü dərəcəli frezləyici peşəsinə qəbul olunmuş, xx.xx.1983-cü il tarixdə (əmr №495/ok, 29.08.83) 5 saylı kənd təsərrüfatı malları istehsalı sahəsinə 2-ci dərəcəli mexaniki yığma üzrə çilingər peşəsinə keçirilmiş, xx.xx.1992-ci il tarixdə (əmr № 570/ok, 17.09.92) həmən sexdə yük vuran peşəsinə keçirilmiş, xx.xx.2005ci il tarixdə (əmr № 19/k, 05.09.05) istehsalat sexinə fəhlə-çilingər peşəsinə keçirilmiş, xx.xx.2006-cı il trarixdə (əmr №21/k, 01.05.06) istehsalat sexinə operator vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəllərinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (əmr №05/k, 29.01.07). Məhkəmə qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... İstinad olunan normaların tələblərini və yuxarıda adı çəkilən sənədləri nəzərə aldıqda, məlum olur ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə 25 ildən artıq, 39 il 6 ay 4 gün, iddiaçının ona pensiya təyin edilməsini xahiş etdiyi xx.xx.2022-ci il tarixə isə ümumilikdə 39 il 11 ay 29 gün ümumi iş stajı olmuşdur. İİİ tələb üzrə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən 3-cü hissəsinə əsasən - 3. Metallurgiya istehsalatı sahəsi - 3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması- a) fəhlələr: fasiləsiz pəstahtökən maşınların hidravlika və s. soyutma sistemləri maşınlarının operatorları və təmirçi çilingərlər vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - “X3” ASC-nin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “İddiaçı xx.xx.2010-ci il tarixdən xx.xx.2011-ci il tarixədək 4 saylı Mexaniki-təmir sexində santexnik çilingər peşəsində, xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək Baş energetik şöbəsində energetik çilingər peşəsində işləmişdir. “X3” ASC (bundan əvvəl ’’Bakı Poladtökmə” ASC) uzun illər fəaliyyət göstərən poladəritmə müəssisədir. Müəssisə poladdan kvadrat pəstah, val və bir çox çeşidli fiqurlu tökmələr istehsal etmək üzrə ixtisaslaşmışdır. İddiaçı Cəmiyyətin Poladəritmə sexində santexnik çilingər və energetik çilingər kimi isti və zərərli iş şəraitində mexaniki avadanlıqlara gedən su, kanalizasiya xətlərinin təmiri, bütün növ enerjidaşıyıcıların boru kəmərlərində armaturların, cihazların və digər avadanlıqların quraşıdırlması, sexdə təmirə ehtiyacı olan avadanlıqların vaxtında təmir edilməsi, ona təhkim edilmiş avadanlıq və mexanizmlərin texniki saz və qüsursuz işləmələrini təmin etməklə əmək fəaliyyətini davat etdirmişdir. Qeyd edilən "xxxx" və “energetik çilingər” peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndində “təmirçi çilingərlər” peşəsi ilə eynilik təşkil edir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, İddiaçı qeyd edilən peşələr üzrə əmək fəaliyyəti poladəritmə sexində isti və zərərli iş şəraitində polad istehsalı ilə əlaqədar sexdə olan avadanlıqlara xidmət etməklə bağlı olmuşdur. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərli olduğundan iş yerlərində keçirilmiş attestasiyanın nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin, o cümlədən İddiaçı işlədiyi dövrdə tarif maaşları müəyyən edilməklə ödənilmişdir və zərərli iş şəraitinə görə əlavə məzuniyyət günlərinin verilməsi təmin edilmişdir. - “X5” QSC-nin xx.xx.2023-cü il tarixli X-Y-2692 nömrəli məktubunda göstərmişdir ki, “İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Baş energetik şöbəsində çilingər peşəsində, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Energetiklər xidmətində avadanlıqların təmiri üzrə böyük çilingər peşəsində işləmişdir. xx.xx.2016-cı il tarixdən hal-hazıradək həmin xidmətdə soyutma sistemləri maşınlarının operatoru peşəsində əmək fəaliyyətini davam etdirir. İddiaçı çilingər və avadanlıqların təmiri üzrə böyük çilingər kimi Cəmiyyətin Poladəritmə və Yayma sexlərində isti və zərərli iş şəraitində bütün növ enerjidaşıyıcıların boru kəmərlərində armaturların, cihazların və digər avadanlıqların quraşdırılması, təmirə ehtiyacı olan avadanlıqların vaxtında təmin edilməsi, ona təhkim olunmuş avadanlıq və mexanizmlərin texniki saz işlərimələrini təmin etməklə məşğul olmuşdur. Qeyd edilən "çilingər" və "avadanlıqların təmiri üzrə böyük çilingər" peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.6 Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) Fəhlələr yarımbəndinə “təmirçi çilingərlər” peşəsinə uyğundur. Energetiklər xidmətində soyutma sistemləri maşınlarının operatoru kimi İddiaçı nasosxana avadanlıqlarının və fasiləsiz pəstahtökən maşınının soyutma sisteminin qəzasız və fasiləsiz şəkildə işləməsini təmin etmək, avadanlıqlarda iş zamanı meydana çıxan texniki nöqsanları aradan qaldırmaq və s. işləri yerinə yetirir. Həmin peşə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri Dolomitin və əhəngin yandırılması bəndinin (a) Fəhlələr yarımbəndində "fasiləsiz pəstahtökən maşınların hidravlika və s. soyutma sistemləri maşınlarının operatorları" peşəsinə uyğundur. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, İddiaçı iş fəaliyyəti Poladəritmə və Yayma sexlərində isti və zərərli iş şəraitində energetika avadanlıqlarına xidmət etməklə bağlı olmuşdur. "X5" QSC Azərbaycan Respublikasında Metallurgiya Sənayesində aparıcı rol oynayan, eyni zamanda ən böyük Poladəritmə Müəssisəsidir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir. İddiaçı işlədiyi müddət ərzində bütün iş vaxtını isti və zərərli iş şəraitində Polad və ferroərintilər istehsalatı sahələrində keçirmişdir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərli olduğundan iş yerlərində keçirilmiş attestasiyanın nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin, o cümlədən İddiaçı işlədiyi dövrdə tarif (vəzifə) maaşları artımlar müəyyən edilməklə ödənilmişdir və zərərli iş şəraitinə görə əlavə məzuniyyət günlərinin verilməsi təmin edilmişdir.” Göründüyü kimi, işəgötürən tərəfindən təqdim edilən məktublara əsasən iddiaçının işlədiyi vəzifələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid edilmiş, həmin arayışlara əsasən iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə 12 il 0 ay 6 gün, ona pensiya təyin edilməsini xahiş etdiyi xx.xx.2022-ci il tarixə isə 12 il 6 ay güzəştli iş stajı mövcud olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının güzəştli iş stajını qismən qəbul etmiş, onun xx.xx.2010-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində santexnik çilingər və energetik çilingər vəzifələrində, xx.xx.2014-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində böyük çilingər vəzifəsində işlədiyi dövrü mübahisələndirmiş, bu zaman həmin vəzifələrin iş yerindən verilən arayışda istinad edilən güzəştli pensiya hüququ verən vəzifələrlə eyni olmadığına, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda vəzifə adı təmirçi çilingər olsa da, iddiaçının santexnik çilingər, energetik çilingər və böyük çilingər işləməsinə istinad etmişdir. Cavabdehin bu imtinasından görünür ki, o, iddiaçının işlədiyi vəzifələr üzrə yerinə yetirdiyi əmək funksiyasının Siyahıda nəzərdə tutulmuş vəzifələr üzrə əmək funksiyası ilə fərqli olmasına deyil, sadəcə vəzifə adlarının uyğun gəlməməsinə istinad etmişdir. Yəni cavabdeh peşə adlarının uyğunsuzlıq təşkil etməsi əsası ilə imtina cavabı vermiş, bu zaman həmin peşələrə görə bilavasitə icra edilən funksional vəzifənin (işin) eyniliyinə qiymət verməmişdir. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmır və qeyd edir ki, yuxarı instansiya məhkəmələri tərəfindən formalaşdırılmış mövqeyə görə şəxsin gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Həmin vəzifələr üzrə bilavasitə icra edilən funksional vəzifənin (işin) eyniliyi isə işəgötürən tərəfindən təqdim edilən sənədlərlə, arayış, vəzifə təlimatı ilə müəyyən edilir. Məhkəmə işəgötürən müəssisənin fəaliyyət göstərdiyi sahədə ixtisaslaşmış təşkilat olduğunu nəzərə alaraq, onun tərəfindən verilən arayışı mötəbər sənəd kimi qəbul edir. Həmçinin bu zaman nəzərə alır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qeyd edilməlidir ki, çilingər ümumi peşə adı olmaqla, şəxsin yerinə yetirdiyi əmək funksiyasından asılı olaraq fərqləndirilir. Məhz buna görədir ki, iddiaçının yerinə yetirdiyi işlərdən asılı olaraq onun vəzifəsi santexnik çilingər, energetik çilingər və avadanlıqların təmiri üzrə böyük çilingər adlandırılmışdır. İşdə olan iddiaçı ilə bağlanmış əmək müqavilələrinə əlavələrdən görünür ki, iddiaçı: 1.Energetik çilingər vəzifəsi üzrə aşağıdakı əmək funksiyalarını yerinə yetirmişdir: - FPTM-da və soba-çalovun su, qaz, hava və sair enerjidaşıyıcıları ilə lazımi təzyiqdə və miqdarda təmin olunmasını təşkil etmək; - FPTM-da və soba-çalovun bütün qaz, oksigen, azot, arqon və sair energetik avadanlıqların qoyulmuş istismar qaydalarına uyğun olaraq istismarına nəzarət və təmir etmək; - İşin əvvəlinə 15 dəqiqə qalmış işə gəlib jurnalda qeyd olunan təhvil-təslim yazıları ilə tanış olmaq və avadanlığın istismarına dair fikirləri nəzərə almaq; - Fərdi qorunma vasitələrinin sazlığını yoxlamaq və istifadə etmək; - Növbə ustası tərəfindən iş tapşırığını almaq və yerinə yetirmək; - Nasosxanalarda aşkar olunan nasazlıqları aradan qaldırmaq; - FPTM-da qaz-oksigen odluqlarının qoyulmuş rejimlərdə düzgün işləməsinə nəzarət etmək; - Soba-çalovun, transformatorun, reaktorunsoyutma sisteminin temperaturasına nəzarət etmək və lazımı temperaturada saxlamasını təmin etmək; - Qəza su çəninin səviyyəsini yoxlamaq və lazımı səviyyədə olmasını təmin etmək; - FPTM idarəetmə otağında saxlanılan aqreqat jurnalında qeydlər aparmaq. - Növbənin sonunda iş yerini sahmana salmaq, cihaz və alətləri yığıb yerinə qoymaq; - İş yerini növbəyə gəlmiş energetikə təhvil vermək və aşkar ölünmüş nasazlıq, onu aradan qaldırmaq üçün tədbirlər haqqında məlumat vermək; - Texniki təhlükəsizlik, eməyin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarına riayət etmək; - Cəmiyyət tərəfindən qəbul olunmuş daxili əmək intizamı qaydalarını yerinə yetirmək;
2. Energetika xidmətinin avadanlıqlarının təmiri üzrə böyük çilingər vəzifəsi üzrə aşağıdakı əmək funksiyalarını yerinə yetirmişdir: - Energetika xidməti sahəsində ona təhkim olunmuş avadanlıq və mexanizmlərin texniki saz və qüsursuz işləmələrini təmin etmək; - Növbə ərzində energetik avadanlıqlarının istismarı zamanı meydana çıxan nasazlıqları dərhal aradan qaldırmaq; - Növbə ərzində zavodun qaz, oksigen, su kəmərlərini yoxlamaq və sızmalar aşkar olunarsa operativ olaraq, aradan qaldırmaq üçün tədbirlər görmək; - Soyutma qurğularında və su hovuzlannda suyun səviyyəsini qoyulmuş texniki göstəricilər əsasında saxlamaqla suyun israfçılığına yol verməmək; - Növbə ərzində mərkəzi nasosxana və 2 №li nasosxana operatorlarını nahar etmək üçün əvəz etmək; - İşlədiyi sahədə təmizliyə, sanitar qaydalara, təhlükəsizlik texnikası qaydalarına riayət etmək; - Növbə ərzində növbə ustası ilə əlaqədə olmaq və onun butun göstərişlərini yerinə yetirmək. Göründüyü kimi, iddiaçı çilingər kimi, təmir işləri ilə məşğul olmuş, buna görə də əsaslı olaraq onun işlədiyi bu vəzifələr Siyahıda nəzərdə tutulan təmirçi çilingər vəzifəsinə aid edilmişdir. Beləliklə, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2022-ci il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi iş stajı mövcuddur. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova