Məhkəmə qərarları › İş №2-1(112)-8752/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8752/2021

29.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8752/2021 29.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “190 manat birdəfəlik ödənişin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 6 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək 190 manat birdəfəlik ödənişin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbacan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 6 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının üzərinə qoyulmasına dair işsiz statusunun nəzərə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 01.06.2012-ci ildən 24.07.2016-cı ilədək Maksi marketdə satıcı vəzifəsində işləmişdir. 25.10.2016-cı ildən 07.02.2018-ci ilədək Veysəl oğlu MMC-də ticari marketinq şöbəsinin aktivlik bölməsinə promoter “Mingəçevir” vəzifəsində işləmişdir. Sonra 23.02.2018-ci ildən 06.06.2018-ci ilədək Promat MMC-də satıcı vəzifəsində işləmişdir. Sonra 06.04.2019-cu ildən iki ay işlədikdən sonra 2019-cu ilin iyun ayında “Xanımın dükanından” satıcı vəzifəsindən azad olmuşdur. Sonra bir müddət keçdikdə 2019-cu ilin iyun ayının 24-dən dekabr ayınadək “X11” işləmişdir. Pandemiya dövründə işsiz qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ilin 8 aprel 127 nömrəli qərarına uyğun olaraq 190 manat birdəfəlik ödəmənin təyin olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 6 saylı Ərazi Məşğulluq Mərkəzinə müraciət etmişdir. Onun 14.04.2020-ci il tarixli müraciəti əsasında işsiz kimi qeydiyyata alınmağı barədə 28.09.2020-ci il tarixli, **********55 nömrəli məktubda qeyd mövcuddur. Koronovirus (covid 19) pandemiyası dövründə o, işsiz kimi qeydiyyata alınmışdır və ona 190 manat birdəfəlik ödəniş olunmalı idi. Çünki faktiki onun o zaman heç bir mülki müqaviləsi olmayıb. Qanuna əsasən hüquqları nəzərə alınaraq 190 manat birdəfəlik ödəniş ilə bağlı məhkəmədən onun hüquqlarının müdafiəsi üçün iddia qaldırmaq məcburiyyətində qalmışdır. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1295/2021 nömrəli, 23.06.2021-ci il tarixli qərardadı ilə iş üzrə cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 6 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1295/2021 nömrəli, 23.06.2021-ci il tarixli qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş 23.07.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddia əsassız olduğundan aşağıdakı səbəblərə görə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq X7 orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (bundan sonra MEİS) “Məşğulluq” altsistemində (bundan sonra MAS) işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. İddiaçı (FİN: xxxxxxx) barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarına əsasən nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılan zamanı onun adına mülki-hüquqi müqavilə olduğuna görə birdəfəlik ödənişin verilməsindən imtina edilmişdir. Qeyd edilməlidir ki, “Məşğulluq haqqında” Qanunun 4.4.2-ci maddəsinə əsasən bu Qanunun 4.1.3-cü maddəsində göstərilən sahibkarlar, 4.1.2-ci, 4.1.4-cü, 4.1.5-ci və 4.1.7-ci maddələrində göstərilən məşğul şəxslər barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabat məlumatlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında şəxslərin məşğulluğu müəyyən edilir. Azərbaycan Respublikasının Prezidentinin ““Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” 24 avqust 2018-ci il tarixli, 233 nömrəli Fərmanının 2.7-ci yarımbəndinə əsasən həmin Qanunun 4.4.1.2-ci (ikinci halda), 4.4.2-ci (birinci halda), 4.4.3-cü (birinci halda), 4.4.4-cü (birinci halda) və 24.6-cı (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı barədə araşdırma aparılaraq imtina verilən zaman əldə olunan məlumatlar digər mərkəzi icra hakimiyyətinin elektron informasiya ehtiyatlarından əldə olunmuşdur. Beləliklə, İddiaçı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarına əsasən nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılan zaman onun aktiv mülki-hüquqi müqaviləsi aşkarlandığına görə iddiaçıya birdəfəlik ödəmənin verilməsindən haqlı olaraq qanuni əsaslar çərçivəsində imtina olunmuşdur. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X10 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1992-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbacan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 6 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının İddiaçı müraciətinə cavab olaraq ünvanladığı 28.09.2020-ci il tarixli, **********5 nömrəli məktubda bildirilmişdir ki, sizin “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 aprel tarixli 127 nömrəli Qərarına uyğun olaraq 190 manat birdəfəlik ödəmənin təyin olunması ilə bağlı müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2 6 saylı Ərazi Məşğulluq Mərkəzi filialında aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, xüsusi karantin rejimində işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə üzrə təyinatla bağlı müraciətlər cari ilin 27 aprel tarixində dayandırılmışdır və 600 min şəxs üzrə bütün ödəmələr həyata keçirilmişdir. Sizin 14.04.2020-ci il tarixli müraciətiniz əsasında işsiz kimi qeydiyyata alınmısınız, lakin müvafiq informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən mülki hüquqi müqavilə olduğuna görə 190 manat birdəfəlik ödənişdən imtina olunmuşdur. Bununla yanaşı, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3 işsiz kimi qeydiyyatda olduğunuzu nəzərə alaraq “Məşğulluq haqqında” Qanuna uyğun olaraq tədbirlər, o cümlədən hal-hazırda DOST İş mərkəzində vakant olan haqqı ödənilən ictimai işlər sizə təklif olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı 12.05.2020-ci il tarixli, **********821300 nömrəli müraciətinə cavab olaraq ünvanladığı məktubda bildirilmişdir ki, uçot məlumat bazasına əsasən aktiv əmək müqaviləniz baradə heç bir məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbacan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 6 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının İddiaçı müraciətinə cavab olaraq ünvanladığı 11.02.2021-ci il tarixli, **********7 nömrəli birdəfəlik ödəmənin verilməməsi haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq xüsusi karantın rejiminin tətbiqi ilə əlaqədar dövlət orqanlarında (qurumlarda) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu dayandırıldığı üçün sizinlə ərizədə qeyd etdiyiniz telefon nömrəsi ilə əlaqə saxlanıldı. Bildirilir ki, Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli Qərarının 1-ci hissəsinə əsasən MEİS-in “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmış şəxslərə verilmiş həmin ödəmə ilə bağlı müraciətlər 27 aprel 2020-ci il tarixdə dayandırılmış və 600 min şəxsə müvafiq ödəmələr həyata keçirilmişdir. Müvafiq informasiya sistemindən əldə edilən məlumatlara əsasən adınıza mülki-hüquqi müqavilə olduğuna görə sizə birdəfəlik ödəmənin verilməsindən imtina olunmuşdur. Məşğulluq imkanlarınızın qiymətləndirilməsinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemindəki vakansiya bankından münasib işlər (X1 məxsus mağazada kassir-əmək haqqı 250-350 manat və X12 məxsus mağazada satıcı-əmək haqqı 250-300 manat) təklif olundu, bu barədə məlumatlar şəxsi kabinetinizə yerləşdirilmişdir. İş rejiminin qane etmədiyini səbəb gətirərək həmin işlərdən imtina etdiniz. Eyni zamanda sizə Peşə kursları haqqında məlumat verildi. Razılaşacağınız halda Mərkəzlə əlaqə saxlamağınız bildirildi. Əlavə olaraq sosial rifahınızın təmin edilməsi, dayanıqlı və aktiv məşğulluq fəaliyyəti ilə məşğul olmanız məqsədi ilə “e-sosial.az” internet portalı vasitəsilə Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemindən qeydiyyatdan keçmək və orda mövcud olan vakansiyaları mütəmadi izləmək tövsiyə olunur. İş materiallarına əlavə edilmiş Azərbacan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 6 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının İddiaçı müraciətinə cavab olaraq ünvanladığı 05.05.2021-ci il tarixli, **********8 nömrəli 190 manat birdəfəlik ödəmə haqqında məktubda bildirilmişdir ki, Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli Qərarının 1-ci hissəsinə əsasən MEİS-in “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmış şəxslərə verilməsi nəzərdə tutulmuş, həmin ödəmə ilə bağlı müraciətlər 27 aprel 2020-ci il tarixdə dayandırılmış və müvafiq ödəmələr həyata keçirilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli Qərarı ilə təsdiq olunmuş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərfləri və qaydası”na uyğun olaraq müvafiq informasiya sistemindən əldə olunmuş məlumata əsasən adınıza mülki hüquqi müqavilə aşkarlandığına görə sizə 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina olunmuş və bu barədə mobil nömrənizə SMS bildiriş göndərilmişdir. Əlavə olaraq “e-sosial.az” internet portalı vasitəsilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində vakansiya bankında mövcud olan vakansiyaları mütəmadi izləmək tövsiyə olunur. İş materiallarına əlavə edilmiş İddiaçı (FİN: xxxxxxx) ********* telefon nömrəsinə 22.04.2020-ci il tarixdə 01:43:07 vaxtında ********** ƏM nömrəli “adına mülki-hüquqi müqaviləsi olduğuna görə” açıqlaması ilə SMS göndərilmişdir. “Məşğulluq” altsistemindən çıxarılmış iddiaçıya aid sənədlərdən görünür ki, İddiaçı 14.04.2020-ci il tarixdə işsiz kimi qeydiyyata alınmışdır. İddiaçının təqdim etdiyi elektron kabinetindən çıxarışda X14 və X4 adları göstərilməklə 2019 və 2020-ci il üzrə hesablanmış və ödənilmiş gəlir məbləğləri qeyd edilmişdir. Cavabdeh tərəfin təqdim etdiyi iddiaçı barəsində fərdi məlumatlar və “Məşğulluq” altsistemindən çıxarılmış baza məlumatlarından görünür ki, 06.04.2019-cu il tarixli əmək müqaviləsi bildirişi 07.09.2019-cu il tarixdə, 01.02.2020-ci il tarixli əmək müqaviləsi xitamı bildirişi isə 27.02.2020-ci il tarixdə sistemə daxil edilmişdir. Sığortaedənlərin reyestrindən çıxarışda ********** VÖEN nömrəsi X4 adına olduğu göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 18.10.2021-ci il tarixli, **********419600 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı vergi ödəyicisi kimi uçotda olub-olmaması ilə bağlı müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Məlumat üçün bildirilir ki, vergi ödəyicilərinin dövlət reyestrində İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 16.11.2021-ci il tarixli, **********220900 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı adına 22.04.2020-ci il tarixə mülki-hüquqi müqavilənin qeydiyyatdan keçib-keçməməsi ilə bağlı müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Məlumat üçün bildirilir ki, Dövlət Vergi Xidmətində mülki-hüquqi müqavilələrin reyestri aparılmır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel 2020-ci il tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra - Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra - işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra - birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. Həmin Qaydaya əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir (1.2, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndləri). Həmin Qaydanın 2.3-cü bəndinə əsasən dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3); aylıq təqaüd alanlara (2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə (2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə (2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara (2.3.9); bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı (2.3.10). “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 2020-ci il tarixli 149 saylı Qərarının 2.3-cü bəndinə 2.3.11-2.3.15-ci yarımbəndlər əlavə edilmişdir: mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara (2.3.11); mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara (2.3.12); birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara (2.3.13); yaşı 18-dən aşağı olanlara (2.3.14); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara (2.3.15). İş materiallarından görünür ki, İddiaçı verilmiş imtinanın əsasını təşkil edən məlumatlar real vaxt rejimində “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydası”nın 3.8-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla əldə olunmuşdur. İddiaçıya göndərilmiş SMS ismarıcında da imtinanın əsası kimi “adına mülki hüquqi müqaviləsinin olduğuna görə” səbəbi qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının “Məşğulluq” altsistemindən çıxarılmış baza məlumatlarında həmin dövrə sonuncu dəfə işə qəbul tarixi 06.04.2019-cu il, işdən çıxma tarixi 27.02.2020-ci il olan işəgötürən X14 (VÖEN **********) ilə bağlanmış əmək müqaviləsi bildirişi göstərilsə də, iddiaçının özünün təqdim etdiyi elektron kabinetdən çıxarışda 2019-2020-ci illər üzrə gəlir əldə etdiyi işəgötürən X14 ilə yanaşı X4 adı da qeyd edilmişdir. İddiaçıya göndərilmiş SMS ismarıcında ƏM nömrəsi qrafasında göstərilmiş ********** nömrəsi reyestrdən çıxarışa əsasən X4 adına olan VÖEN nömrəsi ilə eynilik təşkil edir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən məşğul şəxslərə aşağıdakılar aiddir: 4.1.2. mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər. Həmin Qanunun 4.4-cü maddəsinə əsasən bu Qanunun 4.1-ci maddəsində göstərilən məşğul şəxslərə dair məlumatlar məşğul şəxslərin reyestrinə “Fərdi məlumatlar”, “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası qanunlarına və Azərbaycan Respublikasının bu sahədə yaranan münasibətləri tənzimləyən digər normativ hüquqi aktlarına uyğun olaraq, aşağıdakı tələblər nəzərə alınmaqla daxil edilir: -4.4.2. bu Qanunun 4.1.3-cü maddəsində göstərilən sahibkarlar, 4.1.2-ci, 4.1.4-cü, 4.1.5-ci və 4.1.7-ci maddələrində göstərilən məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabat məlumatlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında. Qeyd edilməlidir ki, hazırkı iş üzrə birdəfəlik ödəmə üçün müraciətin yoxlanılması zamanı nazirliklərin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma nəticəsində sistemdə iddiaçının adına X8 ilə bağlanmış mülki hüquqi müqavilə aşkarlanmışdır. Məhkəmə hesab edir ki, digər mərkəzi icra hakimiyyəti orqanlarının elektron informasiya ehtiyatlarından əldə olunmuş məlumatlara əsasən müəyyən olunmuş X6 məxsus VÖEN nömrəsi ilə eynilik təşkil edən həmin nömrəli mülki müqavilə barədə qeydin real vaxt rejimində sistemdə aşkar olunması və bununla bağlı elektron sistem tərəfindən imtinanın göndərilməsi cavabdeh inzibati orqanın təqsirliliyi kimi qəbul edilə və cavabdehin üzərinə iddiaçının tələbinin təmin olunması barədə müvafiq öhdəliyin qoyulması üçün əsas ola bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “190 manat birdəfəlik ödənişin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar