Məhkəmə qərarları › İş №2-1(112)-8754/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8754/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8754/2025 01.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və fərqin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, ona ödənilməli olan 16635.15 manat pul vəsaitin 2025-ci il üçün indeksasiya olunaraq birdəfəlik qaydada ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ona Azərbaycan Respublikası Ali X1 xx.xx.2024-cü il tarixli 2-1(103)-1316/2024 nömrəli qərarına əsasən xx.xx.2024-cü il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin qərara əsasən pensiyanın ödənilməsi 57 yaşının tamam olduğu xx.xx.2019-cu ildən hesablanmışdır. Həmçinin keçmiş müddət üzrə ona ödənilməli olan 16635.15 manat pul vəsaiti hesablanmışdır. O, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına keçmiş müdət üzrə ona ödənilməli olan 16635.15 manat pul vəsaitinin ona birdəfəlik qaydada ödənilməsi ilə bağlı müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı onun həmin müraciətinin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-X- 288222/2024 nömrəli imtina məktubu ilə cavablandırıbdır. Qeyd edir ki, X3 xeyrinə "xxxx" QSC ilə xx.xx.2024-cü il tarixdə 027M**********01 nömrəli ipoteka müqaviləsi bağlamışıq. Həmin müqaviləyə görə onun 120 ay müddətinə 300.000 manat məbləğində ipoteka borcu vardır. Hal - hazırkı istəyi ondan ibarətdir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına keçmiş müdət üzrə ona ödənilməli olan 16635.15 manat pul vəsaiti 2025ci il üçün indeksasiya olunaraq ona birdəfəlik qaydada ödənilsin.

3. Cavabdehin iddiaçının müraciətinə imtina məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 4 aprel 2024-cü il tarixli 2-1 (103)- 1316/2024 nömrəli qərarına əsasən, sizə 28 avqust 2024-cü il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və sözügedən məhkəmə qərarına əsasən 57 yaşınızın tamamlandığı 15 sentyabr 2019-cu il tarixindən hesablanmışdır. Həmçinin, keçmiş müddət üzrə sizə ödənilməli olan 16635,15 manat pul vəsaiti hesablanıb. Həmin pul vəsaiti cari ilin sentyabr ayından etibarən hissə hissə (hər ay 281,95 manat olmaqla) əmək pensiyanızın üzərinə əlavə olunaraq müvafiq kart hesabınıza köçürülür. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Bununla əlaqədar olaraq, işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinizə görə işləyən əmək pensiyaçısı kimi fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalınıza əsasən əmək pensiyanız xx.xx.2019-cu il tarixindən yenidən hesablanaraq 200,00 manatdan 201,28 manata (indeksləşdirilərək xx.xx.2021-ci il tarixinə 261,45 manat), xx.xx.2021-ci il tarixindən 261,45 manatdan 267,53 manata, xx.xx.2021-ci il tarixindən 267,53 manatdan 268,15 manata, xx.xx.2021-ci il tarixindən 268,15 manatdan 268,58 manata (indeksləşdirilərək xx.xx.2022-ci il tarixinə 277,71 manat), xx.xx.2022-ci il tarixindən 277,71 manatdan 278,18 manata (Qanunun 26.4-cü maddəsini nəzərə alaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 338,18 manat), xx.xx.2023-cü il tarixindən 338,18 manatdan 356,03 manata artırılıb. Sonuncu dəfə xx.xx.2023-cü il tarixindən yenidən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinizə görə fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 130,40 manat pensiya sığorta kapitalına əsasən əmək pensiyanız həmin tarixdən yenidən hesablanıb. Belə ki, 130,40 manat pensiya sığorta kapitalınız Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin tələblərinə uyğun qaydada -163 aya (65 yaş-60 yaş 8 ay)=52 ay+144 ay-33 ay)) bölünməklə 0,80 manat (130,40:163 ay) əmək pensiyanızın üzərinə əlavə edilərək pensiya məbləğiniz həmin tarixdən yenidən hesablanaraq 356,03 manatdan 356,83 manata (356,03+0,80) artırılıb. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək ödənilir. Qeyd olunanlara əsasən, əmək pensiyanız üzrə keçmiş üç il müddət üçün sizə ödənilməli olan 737,21 manat pul vəsaiti hesablanıb. Həmin vəsait cari aydan etibarən hissə hissə əmək pensiyanızın üzərinə əlavə olunaraq müvafiq kart hesabınıza köçürülür. Qeyd olunanları nəzərə alaraq, pensiyanızın növbəti dəfə yuxarıda göstərilən qaydada yenidən hesablanması məsələsinə əmək pensiyanız yenidən hesablandıqdan sonra işləyən əmək pensiyaçısı kimi 6 il işlədiyinizdə, yaxud yenidən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə baxıla bilər. Əmək pensiyanız qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 396,79 manat təşkil edir.”

4. Cavabdehin iddia tələbinə dair etirazında qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsinin əsasları kimi "xxxx" QSC xx.xx.2024-cü il tarixdə ipoteka müqaviləsi bağladığını, həmin müqavilə üzrə 120 ay müddətinə 300000 manat məbləğində ipoteka borcunun olduğunu və Mərkəzi Filial tərəfindən ödənilməli olan 16635,15 manat məbləğində pul vəsaitinin 2025-ci il tarixdən indeksasiya olunaraq ona birdəfəlik ödənilməsini qeyd edir. Q.Qurbanov daha əvvəl güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanması üçün cavabdehə müraciət etmiş, iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli 3-17-1 /2-X- 288222/2024 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, əmək pensiyası üzrə keçmiş üç il müddət üçün ona ödənilməli olan 737,21 manat pul vəsaiti hesablanmışdır. Həmin vəsait cari aydan etibarən hissə-hissə əmək pensiyasının üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülür. Qeyd olunanları nəzərə alaraq, pensiyanın növbəti dəfə yuxarıda göstərilən qaydada yenidən hesablanması məsələsinə əmək pensiyası yenidən hesablandıqdan sonra işləyən əmək pensiyaçısı kimi 6 il işlədiyində, yaxud yenidən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə baxıla bilər. İlk növbədə qeyd etməliyik ki, İddiaçı 2023-cü il tarixində Mərkəzi Filiala qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək ona 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və pensiyanın müraciət tarixindən əvvəlki üç il də daxil olmaqla hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmə qərarı əsasında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İş üzrə aşağıdakı məhkəmə qərarları qəbul edilmişdir: Bakı İnzibati Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli e-2-1 (112)- 3963/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş və İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçının cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixindən əvvəlki 3 il də daxil olmaqla əmək pensiyasının hesablanıb ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh müvafiq məhkəmə qərarından apellyasıya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 aprel 2024-cü il tarixli 2- 1 (103)-1316/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh müvafiq məhkəmə qərarından kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 4 aprel 2024-cü il tarixli 2-1 (103)-1316/2024 nömrəli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 aprel 2024-cü il tarixli 2-1(103)- 1316/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmayaraq, kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 4 aprel 2024-cü il tarixli 2-1 (103)-1316/2024 nömrəli qərarı ilə İddiaçı 28 avqust 2024-cü il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və sözügedən məhkəmə qərarına əsasən 57 yaşının tamamlandığı 15 sentyabr 2019-cu il tarixindən hesablanmışdır. Həmçinin keçmiş müddət üzrə ona ödənilməli olan 16635,15 manat pul vəsaiti hesablanmışdır. Həmin pul vəsaiti cari ilin sentyabr ayından etibarən hissə-hissə (hər ay 281,95 manat olmaqla) əmək pensiyasının üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Bildiririk ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qanunun 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qanunun 45-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Qanunun yuxarıda qeyd edilən maddələrinin tələblərinə uyğun olaraq İddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına əsasən əmək pensiyası xx.xx.2019-cu il tarixindən yenidən hesablanaraq 200,00 manatdan 201,28 manata (indeksləşdirilərək xx.xx.2021-ci il tarixinə 261,45 manat), xx.xx.2021-ci il tarixindən 261,45 manatdan 267,53 manata, xx.xx.2021-ci il tarixindən 267,53 manatdan 268,15 manata, xx.xx.2021-ci il tarixindən 268,15 manatdan 268,58 manata (indeksləşdirilərək xx.xx.2022-ci il tarixinə 277,71 manat), xx.xx.2022-ci il tarixindən 277,71 manatdan 278,18 manata (Qanunun 26.4-cü maddəsini nəzərə alaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 338,18 manat), xx.xx.2023-cü il tarixindən 338,18 manatdan 356,03 manata artırılmışdır. Sonuncu dəfə İddiaçı xx.xx.2023-cü il tarixindən yenidən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 130,40 manat pensiya sığorta kapitalına əsasən əmək pensiyası həmin tarixdən yenidən hesablanmışdır. Belə ki, 130,40 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin tələblərinə uyğun qaydada 163 aya (65 yaş-60 yaş 8 ay)=52 ay+144 ay-33 ay)) bölünməklə 0,80 manat (130,40:163 ay) əmək pensiyasının üzərinə əlavə edilərək pensiya məbləği həmin tarixdən yenidən hesablanaraq 356,03 manatdan 356,83 manata (356,03+0,80) artırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” xx.xx.2020-ci il tarixli 03/2020 nömrəli Qərardadına müvafiq olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilmək” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının cavabdeh orqan tərəfindən birdəfəlik ödənilməsi deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən İddiaçı əmək pensiyası üzrə keçmiş üç il müddət üçün ona ödənilməli olan 737,21 manat pul vəsaiti hesablanmışdır. Həmin vəsait cari aydan etibarən hissə-hissə əmək pensiyasının üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülür. İddiaçı əmək pensiyasının qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 396,79 manat təşkil edir.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-13222/2024 nömrəli qərarına əsasən, İddiaçı təyin edilmiş pensiyanın məbləği 363,86 manat, xx.xx.2019-xx.xx.2024 arasında ödənilməli olan pul vəsaiti 16635,15 manat təşkil edir.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və bildirdi ki, əmək pensiyası hüququnun yarandığı gündən yenidən hesablanması və fərqin ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoyulmalıdır.

7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

8. İddia tələbi pensiyanın yenidən hesablanması nəticəsində yaranmış fərqin birdəfəlik ödənilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

9. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

10. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

11. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

13. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

14. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

16. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

17. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

18. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

19. İş materiallarında olan iddiaçının pensiya ödənişlərinə dair sənədlərdən görünür: - İddiaçı Bakı İnzibati Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli e-2-1(112)-3963/2023 nömrəli qərarı ilə 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilmiş və xx.xx.2022-ci il tarixindən əvvəlki 3 il də daxil olmaqla əmək pensiyasının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmuşdur. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 aprel 2024-cü il tarixli 2-1(103)- 1316/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 4 aprel 2024-cü il tarixli 2-1(103)-1316/2024 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 aprel 2024-cü il tarixli 2-1(103)-1316/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmayaraq, kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. - Əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 13222/2024 nömrəli qərara ilə İddiaçı təyin edilmiş pensiyanın məbləği 363,86 manat, xx.xx.2019-xx.xx.2024-cü il tarixlər arasında ödənilməli olan 16635,15 manat pul vəsaiti müəyyən edilmişdir. - Keçmiş müddət üzrə iddiaçıya ödənilməli olan 16635,15 manat pul vəsaiti hesablanmış və 2024-cü ilin sentyabr ayından etibarən hissə-hissə (hər ay 281,95 manat olmaqla) əmək pensiyasının üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülür. - İddiaçı cavabdeh orqana xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, ona ödənilməli olan 16635.15 manat pul vəsaiti 2025-ci il üçün indeksasiya olunaraq birdəfəlik qaydada ödənilməsini xahiş etmişdir.

20. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

21. Məhkəmə iddia tələbində ödəmənin birdəfəlik ödənilməli olmasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, pensiya qanunvericiliyində əvvəlki dövrlər üçün ödənilməli olan əmək pensiyasının cavabdeh orqan tərəfindən birdəfəlik ödənilməsi deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəmənin birdəfəlik qaydada həyata keçirilməsi məhdudlaşdırılmışdır. Birdəfəlik ödəmənin aparılması ilə bağlı məhdudiyyət müəyyən edildiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Ona görə də iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar