Məhkəmə qərarları › İş №2-1(112)-876/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-876/2021

09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-876/2021 09.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respubılikasının Mərkəzi Bankına və üçüncü şəxs “xxxx” KB ASC-yə qarşı «kredit müqaviləsi üzrə qalıq kredot borcunun restrukturizasiya edilənlərin siyahısına salınması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına və üçüncü şəxs “xxxx” KB ASC-yə qarşı «kredit müqaviləsi üzrə qalıq borcun restrukturizasiya olunması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı ilə “xxxx” KB ASC-nin Şəki filialı arasında 31 yanvar 2015-ci il tarixli 447micSHEK/15 saylı kredit müqaviləsinə əsasən ona illik 29% olmaqla 23 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit vəsaitinin aylıq ödənişi 286 manat müəyyən edilmişdir. Ödəniş cədvəlinə əsasən ödəniş müddəti 20 fevral 2015-ci il tarixdən başlanmalı və 31 dekabr 2016-cı il tarixdə başa çatmalı idi. İddiaçı nəzərdə tutulmuş 286 manat aylıq ödənişdən 28 fevral 2015-ci il tarixdən 30 sentyabr 2015-ci il tarixədək, səkkiz 8 aylıq olmaqla cəmi 2.288 manat ödəniş etmişdir. Daha sonra maddi imkanı yaxşı olmadığından ödəniş edə bilməmişdir. Həmin borc onun pensiyasına yönəldilmişdir. Şifahi məlumata əsasən qalıq borc 1.400 manat təşkil edir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərman imzalamışdır. İddiaçı hesab edir ki, həmin Fərman ona da şamil olunmalıdır. Lakin bu günədək sözügedən Fərmanın ona tətbiq olunmasına nail ola bilmir. Bununla bağlı o, AR Maliyyə Bazarlarına Nəzarət Palatasının Apellyasiya Komissiyasına şikayət etmişdir və aparılmış araşdırmanın nəticəsi olaraq ona verilmiş cavabda bank tərəfndən onun kredit tarixçəsi barədə Mərkəzi Kredit Reyestrində həmin Fərmanın tarixinədək heç bir məlumatın daxil olunmadığı göstərilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Lakin ilkin olaraq bu məsələnin Bank tərəfindən araşdırılmasını və qanunamüvafiq tədbir görülməsini məqsədəuyğun sayaraq, 17 yanvar 2020-ci il tarixdə “xxxx” KB ASC-yə ərizə ilə müraciət etmişdir. Bank tərəfindən müraciətə münasibət bildirilməmiş, məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26, 71-ci maddələrinə, İPM-in 2.2.3, 45, 46, 68, 73-cü maddələrinə əsaslanaraq, 31 yanvar 2015-ci il tarixli 447micSHEK/15 saylı kredit müqaviləsi üzrə qalıq kredit borcunun restrukturizasiya olunması öhdəliyinin cavabdeh AR Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh AR Mərkəzi bankının iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətində (etirazında) aşağıdakılar bildirilir: - “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın 1 mart 2019-cu il tarixə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habrelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Müraciətin mahiyyəti ilə bağlı qeyd olunur ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən Fərmanın qüvvəyə mindiyi tarixə – 1 mart 2019-cu il tarixə kreditor tərəfindən borclunun 31 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə hər hansı qalıq borcunun olmaması barədə məlumatlar ötürüldüyündən, həmin kredit borcu Fərçan çərçivəsində restrukturizasiya olunacaq kreditlərin siyahısına daxil edilməmişdir. Üçüncü şəxs “xxxx” KB ASC-nin məhkəməyə iddia ilə bağlı ünvanladığı 21 yanvar 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - 1975-ci il təvəllüdlü İddiaçı ilə “xxxx” KB ASC arasında bağlanmış 31 may 2015-ci il tarixli 447micSHEK/15 saylı kredit müqaviləsi üzrə 1 mart 2018-cu il tarixə və hazırkı günədək kredit borcunun məbləği 1.804,54 manat olmaqla, 1 mart 2019-cu il tarixə gecikmə günlərinin sayı 974 gün olmuşdur. Qeyd olunan müqavilənin surəti məhkəməyə təqdim edilir (qoşma 1 vərəq). İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın «kredit müqaviləsi üzrə qalıq kredot borcunun restrukturizasiya edilənlərin siyahısına salınması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan sənədlər və məhkəmə prosesində işdə iştirak edən şəxslərin verdikləri izahatlar əsasında aparılan məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı ilə “xxxx” KB ASC (Şəki filialı) arasında 31 yanvar 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqavilə əsasında “xxxx” KB ASC iddiaçıya 23 ay müddətinə 5.000 manat məbləğində kredit vermişdir. Nəzərdə tutulan ödənişdən 30 sentyabr 2015-ci il tarixə 2.288 manat, 1 mart 2019-cu il tarixə və hal-hazıradək 1.804,84 manat qalıq borc qalmışdır. Onun kredit müqaviləsi üzrə borcu ilə bağlı gecikmə günlərinin sayı 1 mart 2019-cu il tarixə 974 gün olmuşdur. Müvafiq bazaya qalıq borcla bağlı məlumatlar ötürülməmişdür. Bunu əsas gətirərək, cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı (ləğv olunmuş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətlərini həyata keçirən qurum kimi) İddiaçı Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 3-cü bəndinə uyğun olaraq kredit borcları restrukturizasiya ediləcək fiziki şəxslərin siyahısına daxil etməmişdir. Bundan sonra iddiaçı cavabdehin hərəkətlərini mübahisələndirir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə qərar alınmışdır: - (1-ci bənd) Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: (1.1) 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; (1.2) 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; (1.3) 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. - (3-cü bənd) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: (3.2) bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (5-ci bənd) Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: (5.1) bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; - (7-ci bənd) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: (7.1) banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (8-ci bənd) müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: (8.1) fiziki şəxslərin xarici valyutada 10.000 ABŞ dollarınadək və ya milli valyutada 17.000 manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; (8.2) 10.000 ABŞ dollarınadək və ya 17.000 manatadək məbləğ dedikdə müvafiq olaraq 10.000 ABŞ dollarının və ya 17.000 manatın da daxil olduğu məbləğ; (8.3) bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; - (8.6-cı bənd) vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar. Qeyd olunmalıdır ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 3-cü bəndinə uyğun olaraq kredit borcları restrukturizasiya ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi üçün zəruri şərtlərin bir hissəsi, yəni kreditin 2015-ci ilin yanvar ayının 31-də verilməsi, qalıq məbləğin hər bir halda 17.000 manatdan və ya 10.000 ABŞ dollarından az olması və ödəyicinin (borc alanın) fiziki şəxs olması işin mübahisələndirilən hallarına aid deyil. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçının müvafiq kredit müqaviləsi əsasında borcun ödənilməsi üzrə gecikdirilmiş günlərin sayının 874 gün olması da aidiyyəti bankın (“xxxx” KB ASC-nin) yazılı məktubunda təsdiqini tapmışdır. Mübahisənin mahiyyətinə gəldikdə isə, iddaçının 1 mart 2019-cu il tarixə müvafiq kredit müqaviləsi üzrə qalıq borcunun Mərkəzi Bankın MKR və PK bazalarına daxil edilməməsi onun iradəsindən asılı olan hal kimi olmadığından, tam şəkildə təkzib olunduğundan, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraatı tam və hərtərəfli aparmamış, formal mülahizələrə əsaslanaraq qaldırılan məsələnin həllindən qanunsuz olaraq imtina etmişdir. Cavabdehin iddiaçının kredit borcları restrukturizasiya ediləcək fiziki şəxslərin siyahısına daxil edilməməsi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15, 17 və 24.2-ci maddələrinin tələblərinı ziddir. Odur ki, məhkəmə cavabdehin hərəkətlərini (imtinasını) qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3 və 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq kredit borcları restrukturizasiya ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2, 4.1, 13, 14, 23.1, 52, 58.7, 62, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq kredit borcları restrukturizasiya ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar