Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-876/2022 12.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icratı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı oğlu Bakı İnzibati Məhkəməsinə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək bildirmişdir ki, o (iddiaçı) 1 iyul 1958-ci il tarixdə doğulmuşdur. Əmək kitabçasına əsasən 14 iyul 1975-ci il tarixdən Üzümçülük Sovxozunda fəhlə kimi əmək fəaliyyətinə başlayaraq 28 oktyabr 1975-ci il tarixədək orada işləmiş, 28 oktyabr 1975-ci il tarixdən 25 oktyabr 1976-cı il tarixədək Bakı şəhərində Kitabxana müdiri vəzifəsində çalışmışdır. 21 noyabr 1976-cı il tarixdən 8 dekabr 1978-ci il tarixədək hərbi xidmət keçmiş, 16 aprel 1979-cu il tarixdən 15 may 1982-ci il tarixədək Bakı Məişət Kondisionerləri Zavodunda boyama sexində nəqledici vəzifəsində, 15 iyun 1982-ci il tarixdən 25 avqust 1982-ci il tarixədək “Azdənizneftinşaat” Trestinin Tikinti-Quraşdırma İdarəsində takelajçı vəzifəsində, 2 noyabr 1982-ci il tarixdən 22 yanvar 1983-cü il tarixədək “Xəzərdənizneftqazsənaye” İB-nin hərbiləşdirilmiş mühafizə dəstəsində atıcı vəzifəsində, 2 fevral 1983-cü il tarixdən 23 avqust 1984-cü il tarixədək “Xəzərdənizneftqaz” İB-nin X4 İdarəsində qazmaçı köməkçisi vəzifəsində, 4 sentyabr 1984-cü il tarixdən 12 mart 1985-ci il tarixədək Şamaxı rayonu Nəsimi adına Sovxozda fəhlə işləmiş, 11 iyul 1985-ci il tarixdən 18 aprel 1988-ci il tarixədək SSRİ DİN Daxili Qoşunlarında xidmət etmiş, 16 may 1988-ci il tarixdən 16 oktyabr 1991-ci il tarixədək Bakı Tikinti-Quraşdırma İdarəsində fəhlə vəzifəsində, 10 fevral 1992-ci il tarixdən 16 iyun 1993-cü il tarixədək N.Nərimanov adına NQÇİ-də sürücü, 16 iyun 1993-cü il tarixdən 1 may 1998-ci il tarixədək həmin İdarədə Özü hərəkət edən parafinsizləşdirici qurğunun maşinisti vəzifəsində, 1 may 1998-ci il tarixdən 1 aprel 2003cü il tarixədək “Duvannı” Texnoloji-Nəqliyyat İdarəsində Özü hərəkət edən parafinsizləşdirici qurğunun maşinisti vəzifəsində, 1 aprel 2003-cü il tarixdən 17 avqust 2009-cu il tarixədək həmin İdarədə buxar səyyar deparafinləşdirici qurğusunun maşinisti, 18 avqust 2009-cu il tarixdən 17 fevral 2014-cü il tarixədək ARDNŞ “Azneft” İB-nin Qobustan Nəqliyyat İdarəsində buxar səyyar deparafinləşdirmə qurğusunun maşinisti işləmişdir, 18 fevral 2014-cü il tarixdən bu günədək ARDNŞ Nəqliyyat Departamentində burax səyyar deparafinləşdirmə qurğusunun maşinisti işləyir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər – 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. İddiaçının 52 yaşı tamam olduğu 1 iyul 2010-cu il tarixə iş stajı, həqiqi hərbı xidmət illəri də daxil olmaqla 31 il 5 ay 14 gün təşkil etmiş və 1 yanvar 2006-cı il tarixinədək 26 il 11 ay 14 gün iş stajı toplamış, həmin staj illərinin 12 il 6 ay 16 gün müddətini güzəştli əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasmm Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahıya daxil olan işərdə çalışmışdır. Ona yaşa görə əmək pensiyası 1 iyul 2010-cu il tarixdən təyin olunmuşdur. Hazırda pensiyanın aylıq məbləği (sonrakı artımlar da nəzərə alınmaqla) təxminən 447,0 manat təşkil edir. 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasmın Qanununun 17-ci maddəsinə əsasən yaşa görə pensiyası pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, “b” bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyanm əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən yuxarı hər tam ili üçün orta aylıq əmək haqqmın bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, 13cü maddənin “a” bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən artıq ola bilməz. Həmin Qanunun 71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. Əmək kitabçasına əsasən 1 iyul 2010-cu il tarixə onun iş stajı 31 il 5 ay 14 gün təşkil etmişdir. Tələb olunan iş stajı 20 il olduğundan, həmçinin o, 1 yanvar 2006-cı il tarixədək 12 il 6 ay 16 gün güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı topladığından, pensiya haqqının aylıq məbləği orta aylıq əmək haqqının 95,5 faizi miqdarında təyin olunmalı idi (70% + (31,5 – 20) x 2% + (12,5 – 10) x 1% = 95,5%). Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7-ci maddəsinə əsaslanaraq, iddiaçıya təyin edılmış əmək pensiyasının «Vətəndaşlarm pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərmə uyğun olaraq yenidən hesablanmaqla müəyyən edilməsi barədə müraciətinə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciətimə imtina cavabı verilmişdir. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı Filial tərəfindən aparılmış inzibati icraat tədbirləri üzrə qeyd olunur ki, iddiaçıya 1 iyul 2010-cu il tarixdə DSMF Bakı şəhəri Qaradağ rayon şöbəsi tərəfindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun qeyd olunan maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının ərizəsində qeyd etdiyi əmək pensiyasının «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq orta aylıq əmək haqqına əsasən hesablanması ilə bağlı qeyd olunmalıdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi həmin Qanunun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə əmək pensiyasının hansı qaydada hesablanmasını deyil, yalnız yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliyə uyğun güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini müəyyən edir. Əmək pensiyasının məbləğinin əmək haqqına uyğun hesablanması qaydası 2010-cu il tarixdən sonra qanunvericilikdən çıxarılmışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, İddiaçı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin qərardadı ilə iddia dəyişdirilərək «iddiaçıya əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 1 yanvar 2006-cı il tyarixdən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə görə fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır, 1.0.10-ci maddəsinə görə pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Həmin Qanunun 4.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş tələblərinə əsasən yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: baza hissəsindən, sığorta hissəsindən, yığım hissəsindən. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 10.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PS + (PSK/T), burada: SH – yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS – bu Qanununun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir; PSK – sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T – gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.2-ci maddəsinin 1 yanvar 2010-cu il tarixdən qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH – yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK – sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T – gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Bu Qanuna uyğun olaraq təyin edilmiş yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH = PYK/T, burada: YH – yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK – sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T – gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 27.1-ci maddəsinin 1 yanvar 2010-cu il tarixdən əvvəlki və sonrakı dövrlərdə qüvvədə olmuş tələbləri aşağıdakı kimidir: - (1 yanvar 2010-cu il tarixədək) Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir; - (1 yanvar 2010-cu il tarixdən sonra) “Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunu ilə 1 iyul 2017-ci il tarixdən müvafiq dəyişikliklər, o cümlədən Qanunun 27.1-ci maddəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilmişdir: - Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.13-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1.-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Binəqədi rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. İddia ərizəsi məhkəmənin icraatına 1 oktyabr 2021-ci il tarixdən daxil olduğundan, İPM-in 8.1.2-ci maddəsinə həmin tarixdən qüvvəyə minmiş dəyişiklik hazırkı mübahisəyə münasibətdə şamil olunmur. Göründüyü kimi, pensiya qanunverciliyi 2006-cı ilin yanvar ayının 1-dək axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanlara güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı topladıqda pensiyaların yalnız “yaşa və staja görə” əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməsini nəzərdə tutur. Pensiyanın hesablanmasının meyarlarına münasibətdə qanunverici hüquq yarandığı vaxt qüvvədə olan tələblərin tətbiqini müəyyən etmişdir. Hazırkı işin hallarına görə isə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 52 yaşdan, yəni 1 iyul 2010-cu il tarixdə yarandığından, ona əmək pensiyası əmək qanunvericiliyinin həmin tarixdə qüvvədə olan müddəalarına müvafiq təyin edilməlidir. Lakin iddiaçı ona əmək pensiyasının məbləğinin 1 yanvar 2010-cu il tarixdən əvvəlki dövrdə qüvvədə olmuş tələblərinə uyğun hesablanmasını tələb edir ki, bu da məhkəmənin qənaətinə görə yolverilən deyil. Odur ki, iddiaçının tələbi əsaslı qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya əmək pensiyasının yenidən hesablanmasından cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası qanuna zidd sayılmamalıdır. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-876/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-876/2022
12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver