Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8760/2023 01.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.1981-ci il tarixdən xx.xx.1988-ci il tarixə kimi Ermənistan Kirovakan şəhərində yerləşən zavodda boruların üzlənməsi, izolyarşik və xx.xx.1981-ci il tarixdən xx.xx.1990-cı il tarixə kimi Rusiya Federasiyasında Yaraslav vilayətində Dəmirtökmə sexində 5-ci dərəcəli çilingər işləməyinin əmək stajına daxil edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi haqqında ərizə ilə müraciət edərək, iddiaçıya 65 yaşının tamam olduğu 25 dekabr 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci il tarixdə Ermənistan Quqark rayonunda anadan olmuşdur. Bildirir ki, müxtəlif yerlərdə işləmişdir və hamısı da əmək kitabçasında qeyd olunmuşdur. İddiaçı təqaüdə çıxmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş və iddiaçıya oradan cavab olaraq bildirdilər ki, xx.xx.1981-xx.xx.1990-cı illərdə işlədiyi illərin əmək kitabçasında doldurulma qaydası pozulduğu üçün həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümükün hesab edilməmişdir. İddiaçı bildirir ki, xx.xx.1981-ci il tarixlərdə Ermənistan Kirovakan şəhərində yerləşən zavodda boruların üzlənməsi, izolyarşik işləmişdir. Demək olar ki, xx.xx.1988-ci il tarixə kimi orada işləmişdir. xx.xx.1981-ci il tarixdən xx.xx.1990-cı il tarixə kimi isə Rusiya Federasiyasında Yaraslav vilayətində Dəmirtökmə sexində 5-ci dərəcəli çilingər işləmişdir. Bunların hamısı əmək kitabçasında qeyd olunmuşdur. Kitabçada olan düzəlişdən iddiaçının xəbəri yoxdur. Orada möhürü iddiaçı vurmamışdır, işlədiyi yerlərin vəzifəli şəxsləri vurublar. İddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1988-ci il tarixə kimi Ermənistan Krivakan şəhərində yerləşən zavodda boruların üzlənməsi, izolyarşik və xx.xx.1981-ci il tarixdən xx.xx.1990-cı il tarixə kimi isə Rusiya Federasiyasının Yaroslav vilayətində Dəmirtökmə sexində 5-ci dərəcəli Çilingər kimi işləməyini nəzərə almamışdırlar. İddiaçının həmin illərdə işləməyini təsdiq edən əmək kitabçası vardır və bunu sənədlə də işlədiyi illər tam sübut olunur. Ona görə də iddiaçı məcbur qalıb hüquqlarının dövlət tərəfindən bərpa olunması üçün məhkəməyə müraciət etmişdir.
4. Yaşa görə pensiya təyini ilə əlaqədar iddiaçının müraciətinə cavabdeh tərəfindən ünvanlanmış məktubda bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 17 il 8 ay 15 gün təşkil edir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızda qeyd edilmiş xx.xx.1981-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (əmək kitabçasının 8-ci səhifəsində qeydlərdə qaralama olduğundan) həmin dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 180 manat, xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə müavinət təyin edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-2-ci maddəsinə uyğun olaraq ötən dövr üçün hesablanan müavinətin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq müavinətinizin üzərinə əlavə edilməklə ödəniləcəkdir.
5. İddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərkən stajını təsdiq edən sənəd kimi əmək kitabçası və hərbi biletini təqdim etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının 10 mart 2023-cü il tarixli 3-17- 1/2-M-50235/2023 nömrəli cavab məktubu ilə ona pensiya təyin edilməsinin mümkün olmaması bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdə çatmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) azı 25 il sığorta stajı olduqda. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: • Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; • Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. İddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərti ödəmir. Əlavə olaraq Qanunun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1,2-ci maddəsinə uyğun olaraq hesablanır. Lakin iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının mübahisəli olmayan sığorta stajı əmək kitabçasındakı dövrlər və xx.xx.1976cı il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ümumilikdə 17 il 8 ay 15 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı isə onun təqdim etdiyi əmək kitabçasında qeyd olunmuş xx.xx.1981-ci il tarixdən xx.xx.1990-cı il tarixinədək olan dövrdür ki, doldurulma qaydası pozulduğu üçün (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən tənzimlənir) - əmək kitabçasının 8-ci səhifəsindəki qeydlərdə qaralama olduğuna görə həmin dövrlər İddiaçı sığorta stajına daxil edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalan”nın 3.2-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək kitabçasında qeydlər-işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Qaydaların 3.4-cü maddəsinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Sözügedən Qaydaların 4.1-ci maddəsinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir, işəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.1 -ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajına əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı - həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən daxil edilir. Məlumat üçün bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2022-ci il tarixinədək 180 manat, xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosal müavinət təyin edilmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə, hazırki iş üzrə iddiaçının “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq kifayət qədər sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından onun yasa görə əmək pensiyası hüququ yaranmır. Qeyd olunanları nəzərə alaraq İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
6. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən (məhkəmə baxışı zamanı) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək məzmununa uyğun izahat verdi.
7. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən (məhkəmə baxışı zamanı) iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
8. İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
9. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
10. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
11. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün kimi yaşa görə pensiya təyini üçün iki şərt lazımdır: 1) tələb olunan yaş; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. 1 iyul 2020 – 30 iyun 2021 il üçün kişilər üçün pensiya yaşı 65 yaşdır.
12. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
13. İddiaçı xx.xx.1957-cu ildə anadan olub.
14. İddiaçının əmək kitabçasına əsasən, xx.xx.1975-ci il tarixdə əmək fəaliyyətinə başlayıb. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən sosial sığorta stajı 17 il 08 ay 15 gündür: əmək kitabçasında qeyd olunan işlədiyi dövrlər və xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət.
15. Mübahisəli sosial sığorta stajı isə iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1981ci il tarixdən xx.xx.1990-cı il tarixədək olan dövrdür. Mübahisəyə əsas olan hal isə iddiaçının əmək kitabçasının 8-ci səhifəsindəki qeydlərdə qaralama olmasıdır.
16. İddiaçının 1981-1988-ci illərdə Ermənistan Respublikasında işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının işə götürmə barədə əmri əmək kitabşasında qeyd olunduğundan işdən çıxması isə məlum hadisələrə əsasən əmək kitabçasında qeyd olunmadığından sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Həmin məlumatların məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir.
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
18. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.
19. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
20. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarında “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Eynilə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
21. Beləliklə, qeyd edilən müddəaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının əmək kitabçasında onun işə qəbul olunması haqqında qeyd göstərildiyindən iddiaçının fakt təsdiqi qaydasında məhkəməyə müraciət etməli olduğuna dair mövqe də əsaslı deyildir. Çünki iddiaçının Qaydaların 3.2.2-ci bəndində təsbit edilmiş imkandan istifadə etməklə məhkəmə qaydasında hüquqi əhəmiyyətli fakt kimi iş stajını müəyyən etdirməsi, başqa sözlə, hüquqi faktın təsdiqinə dair ərizənin uğurlu olması mümkün görünmür. Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada almaq imkanına malik olduğuna görə məhkəmə hüquqi əhəmiyyətli faktı müəyyən etməkdən imtina etməli olacaqdır.
22. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
23. MPM-in 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
24. 1988-ci ilin payız aylarında milli münaqişə zəminində azərbaycanlıların kütləvi olaraq Ermənistandan qovulması hamiya bəlli hadisələrdir.
25. İddiaçıya məxsus əmək kitabçasının əsli məhkəmə iclası zamanı tədqiq olunmuş və əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surəti iş materiallarına əlavə olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, əmək kitabçasının 8-ci səhifəsində iddiaçının işə daxil olma və azad olma tarixləri ilə bağlı qeydlər olan hissədə qaralamalar olsa da, əmək kitabçasının həmin dövrü əhatə edən hissəsində cədvəlin sağ qrafasında işə daxil olma haqqında 239 saylı əmrdə (xx.xx.1988) və işdən azad olma haqqında 479 saylı əmrdə (xx.xx.1990) hər hansı qaralama yoxdur. Odur ki, iddiaçının xx.xx.1988-xx.xx.1990-cı illərdə əmək fəaliyyəti ilə məşğul olmasına dair hər hansı şübhələr yoxdur.
26. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür, 65 yaşı var, əmək kitabçasına əsasən (mübahisələndirilən 1981-1990-cı illər nəzərə alınmaqla) xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı ən azı 25 ildir (28 ildən çoxdur).
27. Nəticə etibarilə iddiaçının yaşa görə pensiya təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” var. Belə ki, X2 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
28. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
29. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
30. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir.
31. İPM-in 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər.
32. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva