Məhkəmə qərarları › İş №2-1(112)-8766/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8766/2023

25.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8766/2023 25.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, müvafiq əmək müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) direktoru (icra orqanının rəhbəri) vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixində isə səhhətilə əlaqədar ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi rəsmiləşdirilmişdir. Əmək münasibətlərində olduğu dövrdə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2517/2022 nömrəli qətnaməsi ilə "xxxx" MMC-nin (**********) vergi borcunun ödənilməsini təmin etmək üçün həmin MMC-nin direktoru (icra orqanının rəhbəri) qismində ölkədən getmək hüququm müvvəqəti məhdudlaşdırılmışdır. Əmək müqaviləsinə xitam verilməklə sözügedən hüquqi şəxsin icra orqanının rəhbəri vəzifəsindən azad olması ilə ölkədən getmək hüququ müvvəqəti məhdudlaşdırılmasına əsas olan halın aradan qalxması səbibi ilə həmin adıçəkilən məhdudiyyətin götürülməsi tələbi ilə xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin internet informasiya ehtiyyatında (taxes.gov.az) olan “Onlayn müraciətlər” bölməsi vasitəsi ilə müraciət, xx.xx.2023-cü il tarixdə vasitəsi ilə isə inzibati orqana yazılı ərizə ünvanlanmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən qərarın qəbul edilməsi xahiş edilmişdir. Həmin müraciətin xx.xx.2023-cü il tarixdə **********612700 AVİS qeydiyyat nömrəsi ilə qeydiyyata alınmasına, ərizənin isə rəsmi qaydada qəbul edilməsinə baxmayaraq Dövlət Vergi Xidməti tərəfindən (inzibati orqan) hərəkətsizlik göstərilməklə müraciətimə baxılmamış, zəruri hüquqi yardım göstərilməmiş və vəzifədən irəli gələn lazımi hüquqi tədbirlər görülməmişdir. Bununla əlaqədar hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Aşağıdakı hüquqi əsaslara görə onun ölkədən getmək hüququmun müvəqqəti məhdudlaşdırılması götürülməlidir: “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsi ilə vergi öjdəyicisi vergi öhdəliyini həmin Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilməsi vergi orqanının hüquqları sırasında təsbit edilmişdir. Həmin Məcəllənin 24.0.2-1-ci maddəsi ilə vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanının vəzifələri sırasında təsbit edilmişdir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinin məzmununa görə, hüquqi şəxsin icra orqanın rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün aşağıdakı 3 hal mövcud olmalıdır: a) vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötməmiş vergi borcu; b) vergi borcunun vaxtında ödənilməməsi; c) hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxsin icra orqanının rəhbəri səlahiyyətlərinə malik olması. Göründüyü kimi barəsində ölkədən getmək hüququmun məhdudlaşdırılmasının tətbiqi əsas olan hal kimi istinad edilən normanın digər dispozisiya şərtləri ilə yanaşı mənim hüquqi şəxsin icra orqanının rəhbəri olmağı şərtindən irəli gəlmişdir. Lakin həmin şərt onun "xxxx" MMC-nin (MMC) icra orqanın rəhbəri vəzifəsindən azad edilməyi ilə bağlı məlumatın MMC-yə münasibətdə dövlət reyestrində qeydə alınması və bununla bağlı xx.xx.2022-ci il tarixində çıxarış verilməsi ilə aradan qalxmışdır. Göstərilən hüquqi şəxsə hüquqi bağlılığımın olmaması faktı inzibati orqanına məlum olmasına baxmayaraq, onun tərəfindən konstitusion hüququnun məhdudlaşdırılmasına suni manelərin yaradılması və Vergi Məccələsinin 23.1.15-3-cü maddəsində təsbit olunan vəzifələrinin icrasından yayınması davam etdirilmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən imperativ tələblərindən biri aradan qalxdığından ölkədən getmək hüququmun məhdudlaşdırılmasına əsas olan halda hüquqi mahiyyətini itirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələbinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Eyni zamanda Dövlət Vergi Xidməti tərəfindən MMC-nin təyin edilən yeni icra orqanının rəhbərinin (S.Z.Mehdiyevin) vergilərin ödənilməsini təmin etmək məqsədi ilə ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı yenidən məhkəməyə müraciət etməsi və onun əsasında Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2 (113)-2575/2022 nömrəli qətnaməsi həmin şəxs barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılması, lakin buna mütənasib barəmdə məhdudlaşdırılmanın aradan götürülməməsi inzibati orqanın vəzifələrini lazimi qaydada icra etmədiyini təsdiq edir (surəti əlavə olunur). Eyni zamanda Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən hüquqi şəxsin icra orqanın ölkədən getmək hüququnun məhdudlaşdırılması MMC-nin vergi borcunun ödənilməsinin təmini üsulu olaraq həyata keçirilir. Qeyd edildiyi üzrə qanunvericiliyin tələblərinə görə hal-hazırda adıçəkilən MMC-nin dövlət büdcəsinə vergi borcunun olması onun əvvəlki rəhbəri olaraq iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının qüvvədə qalmasına əsas kimi qəbul edilə və bu məhdudiyyət MMC-nin vergi borcunun ödənilməsinin təmin edilməsi üsulu kimi çıxış edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin 12.2-ci maddəsi ilə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağan edilmişdir Bundan başqa, adıçəkilən Qanunun 12.4-cü maddəsinə müvafiq olaraq inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Həmçinin sözügedən Qanunun 14.1-ci maddəsi ilə inzibati orqanın diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borclu olduğu müəyyən olunmuşdur. Vergi orqanları tərəfindən faktiki hallara (icra orqanın rəhbərinin dəyişməsi halına) malik başqa işlər üzrə hüquqi təsisatların (misal üçün-“Sericovia Lojistik ve Dış Ticaret Limited Şirkəti’nin Azərbaycan Respublikasındakı filialının, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin) icra orqanının (qanuni təmsilçisinin) rəhbərinin dəyişməsini ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxması kimi qiymətləndirilərək həmin onların icra orqanlarının əvvəlki rəhbərlərinə münasibətdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını götürülməklə bağlı əlverişli qərarlar qəbul edilmişdir.Bu hallar analoji işlər üzrə aparılmış məhkəmə icraatlarında (misal: Bakı Apellyasiaya Məhkəməsi 2-1(103)-704/2021 nömrəli xx.xx.2021ci il tarixli, Ali Məhkəməsinin 2-1 (102)-2104/2020 nömrəli xx.xx.2020 tarixli qərarı və s qərarları ilə) müəyyən edilmişdir. Lakin inzibati orqan tərəfindən analoji iş üzrə iddiaçıya münasibətdə hərəkətsizlik nümayiş etdirilməsi və vəzifələrin icra edilməməsi inzibati icraatda bərabərlik prinsipinin pozulması və inzibati orqanın diskresion səlahiyyətdən sui-istifadə etməsinə gətirib çıxarır. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinə müvafiq olaraq hər kəsin azadlıq hüququ vardır. Azərbaycan Respublikasının ərazisində olan hər kəs Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məs. Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı). Xüsusi olaraq vurğulamaladır ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Bu isə onu deməyə əsas verir ki, hər bir halda məhdudiyyətinin qüvvədə saxlanılması bu tədbirin mütənasiblik meyarına cavab verməlidir. Hüquqi şəxsin keçmiş rəhbərinə münasibətdə sadəcə hüquqi şəxsin borcun mövcud olması adı altında bu məhdudiyyətin tətbiqinin davam etdirilməsi mütənasiblik meyarlarına uyğun gəlmir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməli, ağlabatan və ədalətli tarazlığa uyğun gəlmlidir. Göstərilənlər onu deməyə əsas verir ki, inzibati orqan tərəfindən üzərinə düşən vəzifələrin icrasından yayınmaqla diskrision səlahiyyətlər altında hərəkət azadlığımın müvəqqəti məhdudlaşdırılmasının qüvvədə saxlanılması Azərbaycan Respublikası Konstitusiyası ilə təminat verilmiş hüquqların və azadlıqlarımın pozulmasına səbəb olur. Belə olan halda, sözügedən müvəqqəti məhdudlaşdırılma “təqsirə görə məsuliyyət” prinsipindən kənarlaşmaya gətirib çıxarır, vergiləri ödəməyi təmin etməyə xidmət etməməklə hüquqi şəxsə hüquqi cəhətdən aidiyyəti olmayan şəxs barəsində qanunazidd, əsassız məhdudiyyət yaradır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 66-cı maddəsinə əsasən maraqlı şəxsin ərizəsi üzrə inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər.

3. İddiaçının qeyd edilən tələblə Dövlət Vergi Xidmətinə xx.xx.2023-cü il tarixli müraciəti cavablandırılmamışdır.

4. Dövlət Vergi Xidmətinin vəsatəti və iddiaçının ərizəsi əsasında məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı əsasında iş üzrə cavabdeh Dövlət Vergi Xidməti əsl olan cavabdeh Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsi ilə əvəz edilmiş, iddia tələbi ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasısının götürülməsinə dair qərarın qəbul edilməsi kimi dəyişdirilmişdir.

5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etmir.

II. İddianın növü və mümkünlüyü

7. İddiaçı onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (yuxarı inzibati orqan) müraciət etmişdir.

8. İddiaçı hazırda onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsinin üzərinə qoyulmasını tələb edir.

9. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququna aid edilmişdir.

10. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən, vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.

11. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 13 yanvar 2022-ci il tarixli F-5 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsinin Əsasnaməsindən: 1.1.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) X4 Baş İdarəsi (bundan sonra – Baş idarə) hesablanmış vergilər, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları (bundan sonra – sığorta haqları), nəzarəti Dövlət Vergi Xidmətinə həvalə edilmiş dövlət torpaq icarə haqları (bundan sonra – torpaq icarə haqları), faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələr, həmçinin qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlər üzrə dövlət büdcəsinə, habelə sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta fondlarına (bundan sonra – aidiyyəti fondlar) yaranmış borcların (bundan sonra – ismin müvafiq hallarında “borc”) alınması və təqdim edilməmiş bəyannamələrin (hesabatların) təqdim edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) bu Əsasnamə ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri icra edən və hüquqları həyata keçirən və yurisdiksiyası bütün ölkə ərazisinə şamil edilən (bu Əsasnamənin 1.4-cü bəndinin xüsusiyyətləri nəzərə alınmaqla) Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumdur. 3.0. Baş idarə bu Əsasnamənin 2-ci hissəsi ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.11. Borclu vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı vergi ödəyicisinə öncə xəbərdarlığın göndərilməsini, daha sonra məhdudlaşdırılmanın həyata keçirilməsi məqsədilə məhkəməyə ərizə ilə müraciət etmək üçün vergi ödəyicisinin uçotda olduğu vergi orqanına sifarişin verilməsini (Rayon Vergilər Şöbələrinə münasibətdə onların təhkim olunduğu müvafiq ərazi vergilər baş idarələrinə və ərazi vergilər idarələrinə), ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə qərarları daxil olduqda həmin şəxsin ölkədən çıxışına məhdudiyyət tətbiq etmək üçün məlumatların müvafiq proqram təminatına daxil edilməsini, vergi ödəyicisinə məhdudiyyət barədə məlumatın göndərilməsini, məhdudiyyətə səbəb olmuş əsaslar aradan qalxdıqda həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı qərarların hazırlanmasını və müvafiq proqram təminatında məhdudlaşdırılmanın götürülməsini, vergi ödəyicisinə məhdudiyyətin götürülməsi barədə məlumatın və bu barədə qərarın göndərilməsini təmin etmək;

12. Hazırkı iddia məcburetmə haqqında iddia növünə aiddir. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

13. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN **********) qanuni təmsilçisi X2r.

14. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2517/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə iddia təmin edilmiş, dövlət büdcəsinə olan 43.896,07 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün "xxxx" MMC-nin icra orqanının rəhbəri - xx.xx.1957-ci ildə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 224 nömrəli bağ evi ünvanında qeydiyyatda olan İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.

15. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-2575/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin X3 qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə iddia təmin edilmiş, xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə 24562 manat 05 qəpik, İcbari Tibbi Sığorta Fonduna olan 2610 manat 13 qəpik olmaqla, ümumilikdə 27172 manat 18 qəpik məbləğində borcu ödənilənədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri X1 (doğulduğu tarix – 06 mart 1982-ci il, doğulduğu yer – Azərbaycan, Kəlbəcər rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – 0YW1QH, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.

16. Vergi Məcəlləsinin yuxarıda istinad edilən 23.1.15-3-cü maddəsinin məzmunundan göründüyü kimi, qanunverici həmin normada təsbit olunan məhdudiyyət tədbirinin vergi ödəyicisi olan fiziki şəxsə və ya hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiqini nəzərdə tutur. İddiaçı barəsində məhdudiyyətin tətbiqi istinad edilən normanın digər dispozisiya şərtləri ilə yanaşı, iddiaçının vergi öhdəliyi olan hüquqi şəxsin icra orqanının rəhbəri olması şərtindən irəli gəlmişdir. İşdən göründüyü kimi, həmin şərt sonradan aradan qalxmışdır. Lakin cavabdeh inzibati orqan Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsindən irəli gələn (vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək) vəzifəsini icra etməkdən imtina etmiş, imtinanın əsası kimi, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan halın aradan qalxmadığına əsaslanmışdır. İddiaçı haqlı olaraq qeyd edir ki, yuxarıda istinad edilən normanın məzmununa görə, məhdudiyyətin tətbiqi üçün 1) vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötməmiş vergi borcu olmalıdır; 2) vergi borcu vaxtında ödənilməməlidir; 3) hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs - icra orqanının rəhbəri olmalıdır. Normada nəzərdə tutulan əsaslardan vergi orqanının imtina məktubunda istinad etdiyi şərt – vergi borcunun olması şərti aradan qalxmasa da, məhdudiyyətin tətbiq edilməli olduğu şəxs (hüquqi şəxsin icra orqanının rəhbəri) barədə şərt aradan qalxmışdır. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsində təsbit olunmuş tələb (vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək) vergi orqanın diskresion səlahiyyəti yox, borcudur. Başqa sözlə, həmin normada nəzərdə tutulmuş şərtin baş verdiyi hər bir halda, vergi orqanı məhdudiyyətin götürülməsi barədə qərar qəbul etməlidir. Qüvvədə olan məhkəmə qərarına əsasən iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmış olması vəziyyəti iddiaçının zərərinə dəyişmir və cavabdehi Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsində təsbit olunmuş şərtin baş verdiyi halda iddiaçının xeyrinə əlverişli akt qəbul etmək vəzifəsindən azad etmir. Belə ki, iddiaçının tələbi hazırkı iş üzrə tərəflər arasında yaranan və davam edən inzibati hüquq münasibətlərindən irəli gəlir.

17. İnzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

18. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar