Məhkəmə qərarları › İş №2-1(112)-8769/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8769/2024

16.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8769/2024 16.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən əmlaka görə hesablanmış cari il üçün 104 manat əmlak vergisi, 2021-ci il tarixdən başlayaraq ötən dövrlər üzrə 312 manat, faiz üzrə 87,05 manat, ümumilikdə 503,05 manat vergi borcunun tutulması haqqında Bakı şəhəri Cavabdeh 03/04-49 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının (inzibati aktının) ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir) İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən ona ünvanlanmış Bakı şəhər Nəsimi Bələdiyyəsinin 01-71 nömrəli, xx.xx.2024cü il tarixli xəbərdarlıq məktubunda göstərilmişdir ki, “nəzərinizə çatdırılır ki, sizin mülkiyyətinizdə olan əmlak üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinə müvafiq olaraq ötən dövrlər 312 manat, 87.05 manat hesablanmış faiz borcu, ümumlikdə 503.05 manat əmlak vergisi borcunuz yaranmışdır”. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən ona ünvanlanmış Cavabdeh əməkdaşları tərəfindən 17 yanvar 2024-cü il tarixdə tərtib olunmuş aktda göstərilmişdir ki, Vladislav Plotnikov ev 29, mənzil 28 ünvanında yerləşən vergi ödəyicisi Rəhimə (onun adı, soyadı, ata adı-İddiaçı) əmlak vergisi üzrə 104 manat, ötən dövrlər üzrə 312 manat, faiz üzrə 87.05 manat, ümumilikdə 503.05 manat vergi borcu yaranmışdır. Onun ünvanına heç vaxt bələdiyyə vergisi ilə bağlı borcun olmasına dair hər hansı bildiriş (məlumat) göndərilməmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarı və 65453/2024-5-40 nömrəli, xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişi ona təqdim edildikdən sonra bu barədə məlumat almışdır. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılıb iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı mübahisələndirilən qərardan icra mərhələsində xəbər tutduğunu bildirmiş, cavadeh isə bu halın əksini təsdiq edən sənədləri, yəni mübahisələndirilən qərarın hansı tarixdə iddiaçıya təqdim edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Cavabdeh 02 fevral 2024-cü il tarixli 03/04-49 №-li qərarına əsasən İddiaçı Nəsimi rayonu, Vladislav Plotnikov, 29, M.28 ünvanında yerləşən, 230 kv.metr əmlaka sahəsinə görə yaranmış 503,05 manat məbləğində borc məbləğinin vergi ödəyicisindən tutulub, Nəsimi rayonunun Nəsimi bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq tədbirlər görülməsi qərara alınmışdır. Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq aidiyyəti üzrə Cavabdeh tərəfindən qəbul edilmiş 02 fevral 2024-cü il tarixli qərarın (inzibati aktın) təsdiq edilmiş surətinin, həmçinin qərarın qəbul edilməsinə əsas olan sənədlərin (inzibati-icraat materiallarının; tərəfə göndərmiş tədiyyə bildirişinin xəbərdarlıq məktubunun; bildirişin və qərarın iddiaçıya təqdim edilməsi barədə sənədlərin təsdiq edilmiş surətinin) məhkəməyə təqdim olunması ilə bağlı cavabdeh inzibati orqana sorğu vermişdir. Sorğuya cavab olaraq cavabdeh tərəfindən qərar, xəbərdarlıq məktubu, akt və tədiyyə bildirişi təqdim olunmuşdur. İşin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən vergi borcu ödənilmədiyi halda onun barəsində müvafiq sanksiya tədbirlərin görülməsi, vergi borcunun məcburi qaydada alınması barədə xəbərdarlıq edilməsi barədə xx.xx.2024-cü il tarixdə tədiyyə bildirişi tərtib edilmişdir. Fiziki şəxslərə əmlak vergisinin hesablanması bələdiyyələrin ərazi vahidlərinə uyğun olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin normaları ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 4.4-cü maddəsinə əsasən, yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir.Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. -5.0.3-cü maddəsinə əsasən vergi məbləğlərinin tutulma formalarından biri bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi) vergitutmadır. -8.1.2-ci maddəsinə əsasən, fiziki şəxslərin əmlak vergisi yerli vergilərə (bələdiyyə vergiləri) aiddir. -196-ci maddəsinə əsasən, bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. -197.1.1-ci maddəsinə əsasən,rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri vergitutma obyektləri sayılır. -200.4-cü, 200.5-ci və 200.6-cı maddələrinə əsasən, bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. Vergi Məcəlləsinin müddəalarından göründüyü kimi, əmlak vergisi-siyahısı vergi qanunvericiliyi ilə məyyən edilmiş daşınan və daşınmaz əmlaka görə fiziki şəxslər və balanslarında olan əsas vəsaitlərə görə, müəssisələr tərəfindən ödənilən birbaşa verginin bir növüdür. Fiziki şəxslərin əmlak vergisi yerli büdcələrə, müəssisələrin əmlak vergisi isə dövlət büdcəsinə ödənilir. Əmlak vergisinin ödəyiciləri, obyekti, dərəcələri, hesablanması, ödənilməsi qaydası, bu vergi ilə bağlı güzəştlər, hesabatın verilməsi və digər oxşar məsələlərlə əlaqədar münasibətləri tənzimləyən normalar VM-in Xİİİ fəslində cəmlənmişdir. Nəzərə alınmalıdır ki, bələdiyyələr tərəfindən fiziki şəxslərin əmlak və torpaq vergilərinin ödənilməsi tədiyyə bildirişləri təqdim olunduqdan sonra həyata keçirilir. Tədiyyə bildirişin anlayışı konkret olaraq vergi qanunvericiliyində təsvir olunmasa da, qeyd olunmalıdır ki, həmin anlayış vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləği özündə əks etdirən və verginin ödənilməsi üçün vergi ödəyicisinə təqdim edilən sənəd sayılır. Cavabdeh tərəfindən qəbul edilmiş 02 fevral 2024-cü il tarixli, 03/04-49 nömrəli qərarın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə riayət olunmamasına, həmçinin tədiyyə bildirişinin iddiaçıya rəsmi qaydada təqdim edilməməsinə münasibətdə, qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 84-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisinə verginin hesablanması haqqında bildiriş göndərilir. Verginin hesablanması haqqında bildirişdə aşağıdakılar göstərilir: 84.0.1. vergi ödəyicisinin adı və ya obyektin adı; 84.0.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 84.0.3. bildirişin tarixi; 84.0.4. bildirişin aid olduğu obyekt və bildirişin əhatə etdiyi vergi dövrü və ya vergi dövrləri; 84.0.5. verginin növü, hesablanmış verginin və faizlərin məbləği; 84.0.6. verginin ödənilməsinə dair tələb və ödəmənin müddətləri; 84.0.7. verginin ödənildiyi yer və üsul; 84.0.8. verginin hesablanmasına əsas olmuş hallar; 84.0.9. şikayət etmə qaydası. İnzibati aktın forması və inzibati akta dair tələblər “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda qəti olaraq müəyyən edilmişdir. Həmin Qanunun 57.1-ci maddəsinə görə qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Hazırkı iş üzrə qanuniliyi mübahisələndirilən Cavabdeh 02 fevral 2024-cü il tarixli qərarında isə qanunvericiliyin tələb etdiyi məlumatlar, o cümlədən həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat göstərilməmişdir. Qərarda və bələdiyyə tərəfindən tərtib edilmiş digər sənədlərdə ümumiyyətlə iddiaçının soyadı, ata adı göstərilməmiş “fiziki şəxs Rəhim” kimi qeyd edilmişdir. Bundan əlavə, Cavabdeh əmlak vergisi ilə bağlı tədiyyə bildirişlərin, o cümlədən, mübahisələndirilən 02 fevral 2024-cü il tarixli inzibati aktın (qərarın) ünvanladığı iddiaçıya təqdim edilməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçı mübahisələndirilən qərardan yalnız icra mərhələsində məlum olduğunu, qərarın və tədiyyə bildirişlərin həmin vaxtda əldə etdiyini bildirmişdir ki, cavabdeh bunun əksini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən tədiyyə bildirişinin tərtib olunması şübhə doğurmur. Burada sübut edilməli hal odur ki, tədiyyə bildirişləri bələdiyyənin sədrinin imzası və möhürü ilə təsdiq olunsa da, tədiyyə bildirişinin kötüyü olan hissə iddiaçıya rəsmi qaydada verilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tədiyyə bildirişinin alınmasını təsdiq edən hal yalnız o zaman mövcud olar ki, seriya nömrəsi eynilik təşkil etməklə tədiyyə bildirişinin kötüyündə vergi ödəyicisinin imzası mövcud olsun ki, hazırki mübahisə üzrə bu halın olması müəyyən edilməmişdir. Əlavə olaraq qeyd olunur ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsində bələdiyyə və fiziki şəxs arasında bu cür mübahisəli hallar yarandığı zaman tədiyyə bildirişinin fiziki şəxsə təqdim olunması mütləq qaydada yoxlanılır ki, bu hal mübahisənin həlli üçün əhəmiyyət kəsb edir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, qüvvədə olan qanunvericiliyin və məhkəmə təcrübəsinin tələbləri əsasında iddiaçı barəsində qəbul edilmiş qərar “İnzibati icraat haqqında” Qanunun, həmçinin Vergi Məcəlləsinin normalarına görə əsassız sayılır. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən əmlaka görə hesablanmış cari il üçün 104 manat əmlak vergisi, 2021-ci il tarixdən başlayaraq ötən dövrlər üzrə 312 manat, faiz üzrə 87,05 manat, ümumilikdə 503,05 manat vergi borcunun tutulması haqqında Bakı şəhəri Cavabdeh 02 fevral 2024-cü il tarixli, 03/04-49 saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar