Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-877/2021 08.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X6, üçüncü şəxsin (“İşərişəhər” DTMQ İdarəsinin) nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxslər X11 və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə qarşı «daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeyddə düzəliş edilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxslər X11 və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində ünvan 1 ünvanında yerləşən X7 məxsus mənzilə dair qeyddə düzəliş aparılaraq, həmin mənzilin 91,7 kv.m qeydə alınmış sahəsinin 86,2 kv.m kimi (5,5 kv.m tikili çıxılmaqla) göstərilməsi, həmin sahənin daşınmaz əmlakın dövlət reyestrində sanitar qovşaq qismində iddiaçının mülkiyyəti kimi qeydiyyata alınması, yeni reyestrdən çıxarışın verilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40,2 kv.m olan mənzilin mülkiyyətçisidir və bu barədə DƏDRX tərəfindən 3 mart 2015-ci il tarixli ******* nömrəli reyestrdən çıxarış verilmişdir. X11 mənzilin üstündə ikinci mərtəbədə yerləşən mənzildə yaşayır. Hər iki mənzilin ümumi həyəti mövcuddur və həyətdə başqa qonşu yoxdur. Həyətdə onun (iddiaçının) ailə üzvləri tərəfindən sanitar qovşaq (hamam) inşa edilmişdir. İddiaçının ailəsi 1960-cı ildən həmin tikilidən hamam kimi istifadə etmişlər, hazırda isə anvar qismində istifadə edirlər. Bu yaxınlarda həmin tikilinin qapısını açarla bağlamaq istəyəndə X11 həmin sahənin onun mülkiyyətində olduğunu, mənzilinin reyestrdən çıxarışında və texniki pasportunda əks olunduğunu bildirmişdir. Halbuki, vaxtilə iddiaçı həmin tikilini özəlləşdirmək istəyərkən “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi onun özbaşına tikili olduğunu bildirməklə məsələnin həll olunmasına icazə verməmişdir. Adıçəkilən İdarəyə həmin tikilinin X4 adına olan texniki pasporta hansı əsasla salınması ilə bağlı məlumat verilməsi ilə bağlı müraciət olunsa da, məsələyə dair heç bir cavab verilməmişdir. Bundan sonra iddiaçı ərizə ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən X7 məxsus mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindəkı qeydiyyatda düzəliş olunması, həmin mənzilin 91,7 kv.m göstərilən sahəsinin 86,2 kv.m kimi (5,5 kv.m tikili çıxılmaqla) qeyd olunması, həmin sahənin daşınmaz əmlakın dövlət reyestrində sanitar qovşaq qismində iddiaçının mülkiyyəti kimi qeydiyyata alınması, yeni reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 17 yanvar 2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, sözügedən ünvanda yerləşən mənzilə İdarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır, bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı eyni məzmunlu ərizə ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə 29 yanvar 2020-ci il tarixdə də müraciət etmişdir. İdarənin 3 mart 2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, sözügedən ünvanda yerləşən mənzil arxiv sənədlərinə uyğun olaraq yaşayış sahəsi 20,1 kv.m, ümumi sahəsi 40,2 kv.m kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Ərizədə qeyd edilən məsələ ilə bağlı müvafiq icra hakimiyyəti orqanının mənzil sahəsinin dəqiqləşdirilməsi barədə sənədləri təqdim edildiyi təqdirdə, həmin məsələyə yenidən baxıla bilər. Hesab olunur ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, ünvan 3 ünvanda yerləşən mənzil ilkin olaraq 8 iyul 1998-ci il tarixdə X12 adına qeydiyyata alınmışdır və arxiv qovluğunda həmin mənzilin qeydiyyata alınmasına əsas olan sənədlər içərisində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun Mənzil istismar idarəsi tərəfindən verilmiş “İçərişəhər”, 8-ci Kiçik Qala döngəsi, 22/18 nömrəli evin planlarında hamam sahəsinə dair mılumat mövcuddir. ünvan 4 ünvanında yerləşən mənzil X4 adına 2 saylı Bakı “ASAN xidmət” mərkəzi notariusu tərəfindən təsdiqlənmiş 4ə-1145 reyestr nömrəli, 6 iyun 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 10 iyun 2017-ci il tarixdə qeydiyyata alınmışdır. Verilmiş cavab məlumatlarından görünür ki, iddiaçının xəbəri və məlumatı olmadan ailə üzvlərinin sitifadəsində olmuş hamam sahəsi səhvən X12 mənzilinin planına salınmış və ümumi sahəsinə daxil edilmişdir. Bu sahə 1-ci mərtəbədə yerləşir və onun 2-ci mərtəbədə yaşayan qonşunun ümumi sahəsi kimi texniki pasportuna daxil edilməsi açıq aşkar 1-ci mərtəbədə yaşayan sakinlərin mənafeyinə ziddir. 2-ci mərtəbədə yerləşən mənzilin sanitar qovşağı 1-ci mərtəbədə iddiaçının mülkiyyətində olan mənzilə bitişik olsun. Bu sanitar qovşaq iddiaçının ailəsi tərəfindən tikilmiş və uzun illər onların istifadəsində olmuşdur. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2, 8, 16-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141-ci maddəsinə əsaslanaraq, daşınmaz əmlakın dövlət reyestrində ünvan 1 ünvanında yerləşən X7 məxsus mənzilə dair qeyddə düzəliş aparılaraq, həmin mənzilin 91,7 kv.m qeydə alınmış sahəsinin 86,2 kv.m kimi (5,5 kv.m tikili çıxılmaqla) göstərilməsi, həmin sahənin daşınmaz əmlakın dövlət reyestrində sanitar qovşaq qismində iddiaçının mülkiyyəti kimi qeydiyyata alınması, yeni reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 15 sentyabr 2020-ci il tarixli məktubunda (yazılı etirazda) aşağıdakılar qeyd olunur: - İddiaçı iddiası etirazla qarşılanır. Ərizəçi İddiaçı ünvan 7 ünvanında yerləşən mənzilə dair verilmiş sənədlərdə uyğunsuzluğun araşdırılması ilə bağlı 29 yanvar 2020-ci il tarixli ərizə ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən mənzil arxiv sənədlərinə uyğun olaraq yaşayış sahəsi 20,1 kv.m olmaqla, ümumi sahəsi 40,2 kv.m kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Ərizəsində qeyd edilən məsələ ilə bağlı müvafiq icra hakimiyyəti orqanından mənzil sahəsinin dəqiqləşdirilməsi barədə sənədlərin təqdim edilməsi zəruri hesab olunmuşdur. Bu səbəbdən də ərizənin icrası mümkün olmamış və vətəndaşa 3 mart 2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Həmçinin iddia ərizəsinə münasibətdə bildirilir ki, qeyd olunan sanitar qovşaq (sahəsi 5,5 kv.m) Mənzil İstismar Sahəsi tərəfindən 6 iyun 1998-ci il tarixdə verilmiş planda vətəndaş X7 məxsus mənzilin tərkib hissəsi kimi göstərildiyindən, onun adına tərtib olunan texniki pasportda əmlakın ümumi sahəsinə daxil edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1, 26.1-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 9, 10, 11.1, 23-cü maddələrinə, İPM-in 35.1-ci maddəsinə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək aşağıdakı kimi qəbul olunmasını xahiş etmişdir: - daşınmaz əmlakın dövlət reyestrində ünvan 1 ünvanında yerləşən X7 məxsus mənzilə dair qeyddə düzəliş aparılaraq, həmin mənzilin 91,7 kv.m qeydə alınmış sahəsinin 86,2 kv.m kimi (5,5 kv.m tikili çıxılmaqla) göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilmişdir. Məhkəmə iclasına tərəflər və üçüncü şəxs “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi gəlmişlər, digər üçüncü şəxs gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətində göstərilənləri təsdiqlədi və iddiaya etiraz etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi X8 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X15 izahatında bildirdi ki, İddiaçı ailəsi ilə birlikdə mübahisəli sahə olan mənzildə yaşamışdır, o, uzun müddət həmin ailə ilə yaxın münasibətlərdə olmuşdur, mübahisəli sahə olan mənzildə İddiaçı qaynatası yaşayırdı, mübahisəli sahənin bu ailənin vəsaiti hesanbına tikildiyini bilirdi və onların istifadəsində olmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X10 izahatında bildirdi ki, mübahisəli tikili İddiaçı ailəsinin vəsaiti hesabına tikilmişdir və ailəsinin istifadəsində olmuşdur. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarından görünür ki, “İçərişəhər” DTMQ İdarəsinin 21 noyabr 2019-cu il tarixli 04/11/577 nömrəli məktubunda aşağıdakılar bildirilir: - ünvan 8 ünvanında keçmiş mülkiyyətçi Rəna Əzizovanın adına 1998-ci ildə mənzilin qeydiyyat alınmasında Mənzil İstismar Sahəsi tərəfindən verilmiş planda hamam sahəsinə dair hüquqların hansı hüquqi əsasla verilməsinə və digər məlumatlara aid 24 sentyabr 2019-cu il tarixli məktuba “İçərişəhər” DTMQ İdarəsində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 16 may 2007-ci il tarixli 574 nömrəli Fərmanına əsasən AR Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradılmışdır. Həmin tarixə qədər Mənzil İstismar Sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olmuşdur. Bununla əlaqədar olaraq, Bakı ŞİH-ə müraciət oluna bilər. İş materiallarından görünür ki, X17 ilə X11 arasında arasında 6 iyun 2017-ci il tarixdə bağlanmış AN-İ ******* nömrəli (notarial qaydada təsdiqlənmiş) “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən satıcı X17 mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən, yaşayış sahəsi 57 kv.m olan mənzili alıcı X7 müvafiq qiymıtə satmışdır. İş materiallarında olan DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, X4 ünvan 9 ünvanında yerləşən 91,7 kv.m ümumi sahəsi olan mənzilə mülkiyyət hüququ 10 iyun 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmışdır. İş materiallarında olan DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, İddiaçı ünvan 9 ünvanında yerləşən 40,2 kv.m ümumi sahəsi olan 1 saylı mənzilə mülkiyyət hüququ 3 mart 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmışdır. İş materiallarında olan DƏDRX 1 saylı ünvan 10 ünvanlanmış 14 avqust 2019-cu il tarixli **********56 nömrəli məktubunda aşağıdakılar qeyd olunur: - ünvan 9 ünvanında yerləşən mənzil ilkin olaraq 8 iyul 1998-ci il tarixdə X13 adına qeydiyyat alınmışdır və arxiv qovluğunda həmin mənzilin qeydiyyata alınmasına əsas olan sənədlər işərisində “İşəri Şəhər” Dövlət tarix və memarlıq qoruğunun Mənzil istismar idarəsi tərəfindən verilmiş “İçərişəhər” 8-ci Kiçik Qala döngəsi, 22/18 nömrəli evin olanlarında hamam sahəsinə dair mılumat mövcuddur. ünvan 9 ünvaında yerləşən mənzil X4 adına 2 saylı Bakı “ASAN xidmət” mərkəzi notariusu tərəfindən təsdiqlənmiş 4ə-1145 reyestr nömrəli, 6 iyun 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 10 iyun 2017-ci il tarixdə qeydiyyat alınmışdır. İş materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının vəkili X5 ünvanlanmış 3 mart 2020-ci il tarixli cavab məktubunda «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2, 11.1-ci maddələrinə istinad olunur və aşağıdakılar qeyd olunur: - ünvan 9 ünvanında yerləşən mənzil arxiv sənədlərinə uyğujn olaraq yaşayış sahəsi 20,1 kv.m, ümumi sahəsi 40,2 kv.m kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Ərizədə qeyd olunan məsələ ilə bağlı müvafiq icra hakimiyyəti orqanının mənzil istismar sahəsinin mənzil sahəsinin dəqiqləşdirilməsi barədə sənədlərin təqdim edildiyi təqdirdə müraciətə yenidən baxıla bilər. İş materiallarında olan iş üzrə 26 fevral 2021-ci il tarixli “Yerində müayinə protokolu”ndan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala - 8 döngəsi, 22/18 saylı ev 2 mərtəbədən ibarətdir, mübahisəli sahə evin 1-ci mərtəbəsindəki İddiaçı məxsus mənzilə bitişik yerləşir, həmin tikili və sözügedən mənzilin qapıları həyətə açılır. Üçüncü şəxs X7 məxsus mənzil isə, binanın 2-ci mərtəbəsindədir və o mənzilə giriş həyətdən pilləkən vasitəsilə mövcuddur. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 36.1-ci maddəsinə görə aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: (36.1.1) inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan, (36.1.2) barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər, (36.1.3) inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 36.4-cü maddəsinə əsasən qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; - (8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - (8.0.11) AR Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. AR Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə görə yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə yaşayış sahəsi dedikdə – Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 13.1-ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir: yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi, otaq, bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Həmin Məcəllənin 23.2-ci maddəsinə görə yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında aparılır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala - 8 döngəsi 22/18 ünvanda yerləşən evdəki mənzillərdən biri İddiaçı, digər isə üçüncü şəxs X4 mülkiyyətindədir və iddiaçıya məxsus mənzil binanın 1-ci mərtəbəsində, üçüncü şəxsə məxsus mənzil binanın 2-ci mərtəbəsində yerləşir. Üçüncü şəxs X11 mənzili alqı-satqı yolu ilə almış və müvafiq alqı-satqı müqaviləsində mənzilin yaşayış sahəsi 57 kv.m ölçüdə göstərilmişdir. X1 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında reyestrdən çıxarışdan və digər sənədlərdən məlum olur ki, reyestrdə həmin mənzilin ümumi sahəsi 91,7 kv.m əks olunmuş və mübahisəli 5,5 kv.m tikili mənzilin yardımçı sahəsi kimi texniki pasportda göstərilmişdir. Mübahisəli tikili iddiaçıya məxsus mənzilə bitişikdir, üçüncü şəxsə məxsus mənzil isə binanın ikinci mərtəbəsindədir. İddiaçı hazırda həmin tikiliyə üçüncü şəxsin hüquqlarının qeydiyyatını mübahisələndirir. Məhkəmə qeyd edir ki, üçüncü şəxsin mülkiyyət hüquqlarının qeydiyyatı müvafiq alqı-satqı müqaviləsi əsasında aparılmışdır və həmin müqavilədə mənzilin yaşayış sahəsi 57 kv.m qeyd olunsa da, ümumi sahənin hansı ölçüdə satıldığı əks olunmamışdır. Bu hal həmin mənzilin ümumi sahəsinin reyestrdə əks olunmasına imkan verməyən xüsusat kimi qəbul olunmur, lakin üçüncü şəxsin mülkiyyətinə keçən mənzilin ümumi sahəsinin 91,7 kv.m ölçüdə qeydiyyatı üçün əsaslar mövcud olmamışdır. Çünki, mənzil istismar sahəsinin verdiyi plan və ya bu qəbuldən olan digər sənəd (texniki pasportun əslindən başqa) mənzilin sahənin genişləndirilməsi və ya dəqiqləşdirilməsinə əsas verə bilməz. Mənzil sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması barədə (bu, işin hallarına tam uyğun olmasa da) isə, aidiyyəti orqanın qərarı təqdim olunmamışdır. Mübahisəli 5,5 kv.m ölçüdə tikilinin üçüncü şəxsə məxsus mənzildən tam təcrid olunmuş şəkildə və başqa şəxsə (iddiaçıya) məxsus mənzilə bitişik olmaqla ona məxsus mənzildən fərqli olaraq ayrı mərtəbədə yerləşməsi də həmin tikilinin üçüncü şəxsə məxsus mənzilin tərtib hissəsi olmasını istisna edən hal kimi çıxış edir. Bundan başqa nəzərə alınmalıdır ki, üçüncü şəxs X4 ünvan 13 ünvanında yerləşən mənzilə hüquqlarının qeydiyyata alınması ilə bağlı inzibati orqan tərəfindən aparılan inzibati icraata maraqlarına toxunulan şəxs kimi hazırkı İddiaçı da cəlb olunmalı idi, lakin inzibati orqan bu cəlbetməni təmin etməməklə «İnzibati icraat haqqında» AR Qanununun 24, 36-cı maddələrinin tələblərini pozmuşdur. Belə olan halda məhkəmə qanunvericiliyin normalarının, o cümlədən «İnzibati icraat haqqında» AR Qanunun 13, 17-ci maddələrinin, İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı sayılmaqla daşınmaz əmlakın dövlət reyestrində ünvan 14 ünvanında yerləşən X7 məxsus mənzilə dair qeyddə düzəliş aparılaraq, həmin mənzilin 91,7 kv.m qeydə alınmış sahəsinin 86,2 kv.m kimi (5,5 kv.m tikili çıxılmaqla) göstərilməli və bu barədə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmalıdır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək daşınmaz əmlakın dövlət reyestrində ünvan 13 ünvanında yerləşən X7 məxsus mənzilə dair qeyddə düzəliş aparılaraq, həmin mənzilin 91,7 kv.m qeydə alınmış sahəsinin 86,2 kv.m kimi (5,5 kv.m tikili çıxılmaqla) göstərilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Daşınmaz əmlakın dövlət reyestrində ünvan 13 ünvanında yerləşən X7 məxsus mənzilə dair qeyddə düzəliş aparılaraq, həmin mənzilin 91,7 kv.m qeydə alınmış sahəsinin 86,2 kv.m kimi (5,5 kv.m tikili çıxılmaqla) göstərilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-877/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-877/2021
08.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver