Məhkəmə qərarları › İş №2-1(112)-877/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-877/2024

13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-877/2024 13.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi X4, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X6, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 13 mart 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X1 adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçının vəsatət təmin edilərək, X2 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 210 b saylı bağ sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İş üzrə üçüncü şəxs X2 həmin bağ sahəsinin hasarına bitişik sahəsi təxminən 11 kv. m. olan qeyri-yaşayış binası inşa etmiş və həmin obyekt faktiki olaraq istifadəsiz saxlanılıb. Üçüncü şəxs tikinti işlərini tikinti norma və qaydalarını pozaraq piyadalar üçün nəzərdə tutulmuş səkini tikinti ərazisinə qatmış, həmçinin bağ sahəsinin hasarını tikintinin arxa divarı kimi istifadə etmişdir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. ünvan 1 ünvanında yerləşən 11,8 kv.m qeyri-yaşayış binası və 17,3 kv.m torpaq sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə X2 arasında bağlanılmış 454 №-li alqı-satqı müqaviləsi əsasında sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, daşınmaz əmlak üzərində Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1533/2023 saylı bildirişi əsasında qadağa qoyulmuşdur. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X2 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X10 iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 11,8 kv.m qeyriyaşayış binası və 17,3 kv.m torpaq sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə X2 arasında bağlanılmış 454 №-li alqı-satqı müqaviləsi əsasında sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 210b saylı bağ sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı üçüncü şəxs X1 onun bağ sahəsinin hasarını tikintinin arxa divarı kimi istifadə etməsinə istinad edərək, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydi mübahisələndirir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1. dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir; 1.0.2. dövlət əmlakının özəlləşdirmə üçün açıq elan edilmə anı - dövlət əmlakının özəlləşdirilməsi haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərar qəbul etdiyi vaxtdır; 1.0.3. özəlləşdirmənin obyekti - özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir; ... 8.1. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Azərbaycan Respublikasının Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”:

1. Bu Əsasnamə «Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin yaradılması haqqında» 1998-ci il 20 iyun tarixli 732 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmış və Azərbaycan Respublikasında dövlət əmlakının registrinə daxil olan məlumatların tərkibini, strukturunu və aparılması qaydalarını müəyyən edir.

2. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır.

3. Azərbaycan Respublikasında dövlət əmlakının Registri respublikanın informasiya sisteminin ümumi prinsiplərinə əsaslanan daşınmaz dövlət əmlakının (binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər) qeydiyyatı, onun barəsində bağlanmış əqdlər (icarəyə və ya istifadəyə verilməsi, girov qoyulması və s.) haqqında məlumatların məcmusu olan informasiya sistemidir.

7. Dövlət əmlakının mərkəzi registrində bu bəndin ikinci abzasında göstərilən əmlak istisna olmaqla, müvafiq dövlət hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin, konsernlərinin, birliklərinin və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan, habelə Azərbaycan Respublikasının xaricdə olan daşınmaz dövlət əmlakı qeydə alınır. Yerli registrlərdə yerli icra hakimiyyəti orqanlarının və onların tabeliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır.

8. Azərbaycan Respublikasında daşınmaz dövlət əmlakının Registri Dövlət Xidməti tərəfindən dövlət əmlakının mərkəzi registri və yerli registrləri əsasında tərtib edilir.

15. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyata alınması üçün həmin əmlak sərəncamında olan subyektlər aşağıdakı sənədləri təqdim etməlidir: əmlakın qeydiyyata alınmasına dair müraciət məktubu; bu Əsasnamənin 1-ci bölməsinin 9-cu bəndində göstərilmiş sənəd (sənədlər); qeydiyyat obyektinin göstəricilərini əks edən qeydiyyat vərəqəsi (bu Əsasnaməyə Əlavə).

18. Sərəncamında olan daşınmaz dövlət əmlakı Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmadan və bunu təsdiq edən rəsmi sənəd («Registrdən çıxarış»ı) olmadan müvafiq dövlət orqanları, dövlət şirkətləri, konsernləri, birlikləri və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatlar həmin əmlak barədə (balansdan silinməsi, balansdan balansa verilməsi, əqdlər bağlanması, o cümlədən icarəyə verilməsi, habelə girov qoyulması, digər öhdəliklərlə yüklənməsi, özgəninkiləşdirilməsi və s.) heç bir qərar qəbul edə bilməzlər.

19. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmış daşınmaz dövlət əmlakına münasibətdə hər bir dəyişikliyin qeydə alınması üçün müvafiq əmlak sərəncamında olan bu Əsasnamənin 7-ci bəndində müəyyən edilmiş subyektlər müəyyən edilmiş qaydada zəruri tədbirlər görməli və müvafiq registrləri aparan Dövlət Xidməti və onun yerli bölmələrinə 5 gün müddətində həmin dəyişikliyin qeydə alınması məqsədi ilə sənədlər təqdim etməlidirlər.

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır

Məhkəmənin mövqeyi: Yuxarıda göstərilən qanunvericiliyin tələbindən göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. İş materialları ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 11,8 kv.m qeyriyaşayış binası və 17,3 kv.m torpaq sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə X2 arasında bağlanılmış 454 №-li alqı-satqı müqaviləsi əsasında sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dölət reystrində qeydiyyatın aparılmasına əsas olmuş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti tikili və onun yerləşdiyi torpaq sahəsi ilkin hüquqmüəyyənedici sənədlərdə olduğu ölçüdə (1988-ci ildə istismara verilərkən olan ölçülərdə) reyestrdə qeydə alınmışdır. Sonradan tikili ilə bağlı hansısa yenidənqurma işlərinin görülüb-görülməməsi iş materialları ilə müəyyən edilmir. Belə ki, xx.xx.2022-ci il tarixə olan vəziyyətə əsasən tərtib edilmiş texniki pasportda tikili və torpaq sahəsinin faktiki ölçüsü yuxarıda qeyd edildiyi kimi göstərilmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı, eləcə də ondan əvvəlki mülkiyyətçi X8 bağ sahəsini əldə edərkən həmin tikili hazırda olduğu vəziyyətdə mövcud olmuşdur. Bunu, həmçinin, xüsusi bilik tələb etmədən sonuncunun adına olan xx.xx.2010-cu il tarixli daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarışdan görmək mümkündür. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar