Məhkəmə qərarları › İş №2-1(112)-8774/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8774/2023

20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8774/2023 20.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı 6 aprel 1954-cü il tarixdə doğulmuşdur. O, 1976 – 1980, 1993 – 1997-ci illərdə müxtəlif təşkilatlarda işləmişdir. 2 uşaq anasıdır. 31 may 1982-ci il tarixdə Polad, 26 yanvar 1985-ci il tarixdə Günay adlı övladları doğulmuşdur. O, həmçinin yaşa görə sosial müavinət alır. İddiaçı ona 3 yaşadək körpə uşaqlarına qulluq etdiyi müddət nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün sənədlərini cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim etmişdir. Lakin cavabdeh tərəfindən onun ünvanına göndərilmiş məktubda tələb olunan 12 il sosial sığorta stajı və pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. İddiaçı hesab edir ki, imtina əsassızdır. 1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun 67ci maddəsinin “e” bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq onun iş stajına daxil edilir. Bu maddəyə əsasən onun övladları “Polad” və Günay”a görə 31 may 1982-ci il tarixdən 26 yanvar 1988-ci il tarixədək olan 5 il 7 ay 25 gün müddət (uşaqlar 3 yaşına çatanadık) həmin uşaqlara qulluq etdiyi müddət kimi sosial sığorta stajına daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə istinadən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İddiaçının 31 may 1982-ci il və 26 yanvar 1985-ci ıl tarixlərdə uşaqları doğulduğundan və o, həmin tarixdən etibarən körpə uşaqlarına qulluq etdiyindən, həmin dövrdə qüvvədə olan qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Hazırkı mübahisədə cavabdeh inzibati orqanın onun hüquqi vəziyyətini ağırlaşdıran normalara istinad edərək körpə uşaqlarına qulluq müddətini sosial sığorta stajına daxil etməməsi iddiaçının Konstitusiya ilə qorunan hüquqlarının pozulmasına gətirib çıxarır. Onun körpə uşaqlarına qulluq müddətinin sığorta stajına daxil edilməsi körpə uşaqlarına qulluq etdiyi dövrdə qüvvədə olan qanunvericiliyin tələbidir. Bu hüquq isə, iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Belə ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, eləcə də körpə uşaqlara qulluq etdiyi müddət və s dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün ‘qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Həmçinin “körpə uşaqlara qulluq müddətinin əmək stajına daxil edilməsi” məsələsi körpə uşaqlara qulluq edilən vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. “Əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan körpə uşaqlara qulluq müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz. Cavabdeh tərəfindən iddiaçının ünvanına göndərilmiş məktubda əmək kitabçasına əsasən 7 il 9 ay iş stajının olduğu qeyd olunmuşdur. 5 il 7 ay 3 yaşadək uşaqlara qulluq müddəti nəzərə alınmaqla onun ümumilikdə 13 il 4 ay sığorta stajı yaranır. Bu staj da ona yaşa görə əmək pensiyası təyin olunması üçün yetərlidir. Həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il tarixli 11 dekabr tarixli 17 №li qərarı ilə təsdiq olunmuş «Əmək Pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində qeyd olunur ki, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ 6 oktyabr 2012-ci il tarixdə yaranmışdır. Yuxarıda qeyd edilən normaya əsasən iddiaçıya əmək pensiyası təyin edilməlidir. Lakin cavabdeh tərəfindən onun konstitusion hüququ pozulmuşdur. Azzərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Əmək kitabçasına əsasən 7 ıl 9 ay və işləmədən 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi 5 il 7 ay sığorta stajına əlavə olunduqda, onun ümumilikdə 13 il 4 ay sosial sığorta stajı olur. Belə olduqda isə, 12 il sosial sığorta stajı tamamlandığından, 1 iyul 2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən onun əmək pensiyası hüququ yaranır. Göstərilənlərə əsaslanaraq, iddiaçıya 31 may 1982-ci il tarixdən 26 yanvar 1988-ci il tarixədək olan işləmədən 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddət sosial sığorta stajına daxil edilməklə, 6 oktyabr 2012-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi, müraciətindən əvvəlki 3 il üçün ödənilmiş sosial müavinətlə ödənilməmiş əmək pensiyası arasındakı fərqin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. DSMF Məhkəmə Mübahisələri üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 28 iyul 2023-cü il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiasının əsası kimi 31 may 1982-ci il tarixdən 26 yanvar 1988-ci il tarixədək övladlarına qulluq etdiyi 5 il 7 ay 25 gün müddətin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu qeyd etmişdir. O, daha əvvəl cavabdehə müraciət etmiş və cavabdehin 6 mart 2023-cü il tarixli məktubu ilə ona yaşa görə əmək pensiyasının təyin olunmasının qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab olunur ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi təmin edilməməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən 52 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019 – 2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən onun sığorta stajı 7 il 9 ay təşkil edir. Həmçinin, 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən digər növə keçirilməsi və ödənilməsi Qaydası»nın 4.1.1-ci yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı ilin yanvarın 1-dək olan dövr üzrə nəzərə alınan sosial sığorta stajına işləməyən ananın uşaqlara qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnaməsinə əsasən daxil edilir. İddiaçı 20 iyul 1980-ci il tarixdə işdən azad olunduğundan qismən ödənişli sosial məzuniyyətdə olmadığına görə 31 may 1982-ci il tarixdən 26 yanvar 1987-ci il tarixədək uşaqlara qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab olunmur. Qeyd olunanları nəzərə alaraq, sığorta stajı qanunla nəzərdə tutulduğundan (12 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı (və ya nümayəndəsi) gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İşdə olan sübutlar əsasında aparılmış məhkəmə icraatında müəyyən edilir ki, İddiaçı 6 aprel 1964-cü il tarixdə doğulmuşdur, 1976 – 1980, 1993 – 1997-ci illərdə (7 il 9 ay) əmək fəaliyyəti ilə məşğul olmuşdur. Onun 31 may 1982-ci il tarixdə (Polad adlı) və 26 yanvar 1985-ci il tarixdə (Günay adlı) övladları doğumuşdur. O, yaşa görə sosial müavinət alır. İddiaçı uşaqlarına 3 yaşınadək qulluq etdiyi müddət nəzərə alınmaqla ona 6 oktyabr 2012-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtinaya səbəb kimi göstərilmişdir ki, onun 12 il sığorta stajı toplamamışdır. Cavabdehin mövqeyinə görə onun uşaqlarına qulluq etdiyi 5 il 7 ay 25 gün müddətin sığorta stajı kimi qəbul oluna bilməz. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və 6 oktyabr 2012-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən və həmin tarixdən sonrakı dövrdə qüvvədə olan tələbləri aşağıdakı kimidir: - (1 iyul 2017-ci il tarixədək qüvvədə olan) 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədəık yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır; Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinin 6 oktyar 2012-ci il tarixdə qüvvədə olan tələblərinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: - (21.2.1) işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; - (21.2.2) yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; - (21.2.3) müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti; - (21.2.4) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; - (21.2.5) işsizlik müavinətinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət; - (21.2.6) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ qrup əlillərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət; - (21.2.7) zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; - (21.2.8) şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; - (21.2.9) əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; - (21.2.10) mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət; - (21.2.11) hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Göründüyü kimi, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə əmək müqaviləsi (kontraktı) əsasında işləyən sığortaolunanların iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri ilə yanaşı sığorta stajına daxil olan digər müddətlərin dairəsi konkret müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddiaçının sığorta stajı kimi nəzərə alınmasnı tələb etdiyi uşaqları 3 yaşına çatanadək onlara qulluq müddəti «Əmək pensiyaları haqqında» Qanunun 21.2-ci maddəsində nəzərdə tutulmuş sığortaolunanın sığorta stajına daxil edilən müddətlərin dairəsində yer almamışdır. Odur ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaçının uşaqlarına qulluq etdiyi 5 il 7 ay 25 gün müddətin sığorta stajı kimi nəzərə almamaqda haqlı olmuşdur. Belə olan halda məhkəmənin qənaətinə görə iddiaçının 6 oktyabr 2012-ci il tarixdə sığorta stajı qanunvericiliklə tələb olunan 12 il sığorta stajından az, yəni 7 il 9 ay sığorta stajı toplandığından, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya 6 oktyabr 2012-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmasından imtinası qanuna zidd sayılmamalıdır. İddia həmin hissədə əsassızdır. «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1- 1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İddiaçının ikinci – “keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi” tələbi birinci tələbdən törəmə və asılı olduğundan, iddia həmin hissədə də əsaslı deyil. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar