Məhkəmə qərarları › İş №2-1(112)-8776/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8776/2022

21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8776/2022 21.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı «borcun düzgün hesablanıb kompensasiya və restrukturizasiya olunması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı «borcun düzgün hesablanıb kompensasiya və restrukturizasiya olunması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 3 mart 2015-ci il tarixi 30-xx-xx-007787 nömrəli kredit müqaviləsi ilə "xxxx" ASC-nin Neftçilər Filialından kredit almışdır. Kredit illik 28%-lə 48 ay müddətinə ödənilmək şərtilə verilmişdir. O, 48 ay ərzində faizlərlə birlikdə hər ay 101,84 ABŞ dolları ödəməli idi. Yəni, 2.922 ABŞ dolları əvəzinə, əsas borca 1.966,22 dollar faiz məbləği əlavə edilməklə 4.888,22 ABŞ dolları ödəməli idi. Kredit ABŞ dolları ilə rəsmiləşdirilsə də Azərbaycan manatı ilə verilmişdir və geri alınanda da faktiki olaraq Azərbaycan manatı ilə alınmış, hesabı dollarla aparılmışdır. Yəni, iddiaçı pul alanda hər dələ pul ödəyəndə məzənnə fərqini ödəməyə məcbur edilmişdir. 2015-ci ilin mart ayından dekabr ayının 9-dək hər ay 102 dollar olmaqla 1.018 dollar ödəmişdir. 2015-ci ilin dekabr ayında 2-ci devalvasiyadan sonra, 2016-cı ilin yanvar avqust ayları ərzində ondan 788 manat pul alınmışdır. 2016-cı ilin avqust ayında bank guya “qayğı” göstərərək müqaviləni yeniləmiş, yəni həm əsas borcu həm də faiz borcu hesablayaraq iddiaçı ilə 23 avqust 2016-cı il tarixdə 2 yeni kredit müqaviləsi bağlanmışdır. 23 avqust 2016-cı il tarixli 30-xxxx-061039 nömrəli müqavilə adına 3009 manat borc rəsmiləşdirilmişdir. Həmin məbləği illik 29 faizlə 60 ay ərzində, faizlərlə birlikdə 5.730,66 manat məbləğində ödəməli olmuşdur. Eyni tarixdə, 2-ci bir müqavilə ilə guya ona 31 ay müddətinə 952 manat məbləğində kredit verilmişdir. Bu müqavilə üzrə əsas borcdan başqa 396,07 manat fıaz məbləği ödəmişdir. 23 avqust 2016-cı il tarixli 30-xx-xx-061039 nömrəli müqavilə ilə ödənişlər zamanı dəfələrlə müraciətdən sonra 2019-cu ilin aprel ayından borcun qalığına faiz dərəcəsi 18%-ə endirilmişdir. Həmin müqavilə ilə faktiki 5.486,9 manat məbləği iddiaçının pensiyasından 5 il ərzində akseprtsiz qaydada tutulmuşdur. "xxxx" ASC-dən iddiaçının və onun kimi digər pensiyaçıların kredit müqavilələri üzrə borcun tələb edilməsi hüquqları "xxxx" ASC-yə ötürülmüşdür. Beləliklə, 2015-ci ilin mart ayından aldığı 2.922 ABŞ dollar kreditə görə "xxxx" ASC və "xxxx" ASC 2015-ci ilin mart ayından 2021-ci ilin sentyabr ayınadək ondan 9.226,87 manat pul vəsaiti alınmışdır. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə qərar alınmışdır ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalivasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq ödənilsin: 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0.25 manat (0.15 ABŞ dolları) kimi; 2015-ci il fevralın 22-dən həmin ilin dekabrın 21-dək bağlanmış kredit müqavillələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0.6 manat (0.35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21nə mövcud olmuş xarici valyutada əsas kredit borcuna münasibətdə – bu Fərmanın 1.1-ci və 1 2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Bu Fərmanın 1ci hissəsinə əsasən edilən ödəniş ,ilk növbə,fiziki şəxslərin banklar və ləğv etmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Göstərilənlərə və İPM-in 2.2.7-ci maddəsinə əsaslanaraq, məhkəmədən iddiaçının xarici valyutada olan borcunun düzgün hesablanıb kompensasiya və restrukturizasiya olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı münasibətində (vəsatətində) bildirilir ki, İddiaçı onun xarici valyutda olan borcunun düzgün hesablanıb kompensasiya və restrukturizasiya olunması öhdəliyinin Mərkəzi Bankın üzərinə qoyulmasını tələb edir. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın 1 mart 2019-cu il tarixə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Qeyd edilən məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) ilə "xxxx" ASC arasında 3 mart 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi Fərmanın təsiri çərçivəsinə düşmüşdür. Belə ki, iddiaçının ikinci devalvasiya gününə 2.479,24 ABŞ dolları məbləğində əsas kredit borcu mövcud olduğundan ona 1.487,54 manat kompensasiya hesablanmışdır. Bundan başqa, məlumat bazalarına ötürülmüş qeydlərə əsasən Fərmanın qüvvəyə mindiyi günə (1 mart 2019-cu il tarixə) iddiaçının "xxxx" ASC ilə bağladığı 23 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə ödəniş müddəti keçmiş 952 manat əsas kredit borcu mövcud olduğundan, yuxarıda hesablanmış kompensasiya məbləğindən 952 manat Fərmanın 2-ci hissəsinə əsasən həmin borcun ödənilməsinə yönəldilmiş, qalan 535,54 manat isə iddiaçının sərəncamına verilmişdir. Kredit borclarının restrukturizasiyasına gəldikdə isə qeyd edilir ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASCnin 25 oktyabr 2021-ci il tarixli və "xxxx" ASC-nin 9 sentyabr 2021-ci il tarixli məktublarına əsasən iddiaçının banklara icra edilməmiş öhdəliklərinin mövcud olmadığı müəyyən olunur. Belə olan halda isə hər hansı kredit müqaviləsinin restrukturizasiya edilməsi mümkünsüzdür. İddiaçının “kredit borcunun düzgün hesablanması” hissəsi ilə bağlı isə bildirilir ki, kredit müqavilələri üzrə ödənişlərə əsasən borcun silinməsi müvafiq kommersiya bankları tərəfindən icra edilir və bu hissədə yaranacaq mübahisələr artıq vətəndaşla bank arasında mövcud olan xüsusi hüquq münasibətlərindən irəli gəlir. Göründüyü kimi, iddiaçıya münasibətdə Mərkəzi Bank qeyd olunan Fərmanla onun üzərinə qoyulmuş vəzifələri tam şəkildə icra etmiş, iddiaçıya müvafiq kompensasiya məbləğini hesablayaraq onun icrası üçün müvafiq tədbirlər görmüşdür. Qalan hissələrdə isə iddia tələbi mümkünsüzdür. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən xahiş edilir ki, hazırkı iş üzrə İddiaçı cavabdeh qismində Mərkəzi Banka qarşı iddia tələbi mümkün sayılmasın. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə qərar alınmışdır: - (1-ci bənd) Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: (1.1) 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; (1.2) 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; (1.3) 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. - (3-cü bənd) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: (3.2) bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (5-ci bənd) Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: (5.1) bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; - (7-ci bənd) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: (7.1) banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (8-ci bənd) müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: (8.1) fiziki şəxslərin xarici valyutada 10.000 ABŞ dollarınadək və ya milli valyutada 17.000 manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; (8.2) 10.000 ABŞ dollarınadək və ya 17.000 manatadək məbləğ dedikdə müvafiq olaraq 10.000 ABŞ dollarının və ya 17.000 manatın da daxil olduğu məbləğ; (8.3) bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; - (8.6-cı bənd) vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, iddiaçı iddiasında mahiyyətcə aşağıdakı üç məsələnin onun xeyrinə həllini tələb edir: - iddiaçının "xxxx" ASC-dən götürdüyü kredit borcun düzgün hesablanması; - adının kompensasiya ödənişi ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi; - müqavilənin restrukturizasiya edilməsi. İşin məhkəmə ararışdırılması ilə məlum olur ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşdüyündən, ikinci devalvasiya gününə 2.479,24 ABŞ dolları əsas kredit borcu mövcud olduğundan, ona hazırkı iddia qaldırılanadək 1.487,54 manat kompensasiya hesablanmışdır. Həmçinin, iddiaçıya kompensasiyanın hesablanması, eləcə də yenidən (düzgün) hesablanması hazırkı cavabdehin səlahiyyətində deyil. Bundan başqa, müvafiq məbləğdə hesablanmış kompensasiya məbləğinin bir hissəsi borcun ödənilməsinə yönəldildiyindən, digər hissəsi isə, iddiaçının sərəncamına verildiyindən bu tələb də icra edilmiş sayılır. İddiaçının imzaladığı kredit müqaviləsinin restrukturizasiya edilməsi məsələsinə gəldikdə isə, onun banka icra edilməmiş öhdəliyi qalmadığından, restrukturizasiya tələbi də irəli sürülə bilməz. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar