Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8777/2024 17.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı hərbi xidmət dövründə dəymiş maddi və mənəvi zərərin ödənilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hərbi xidmət dövründə dəymiş maddi və mənəvi zərərə görə 50.000 manat kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq iddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami Rayon İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində hərbi xidmətə çağırış vərəqəsi almışdır. Çağırışı aldıqdan sonra hərbi-həkim komissiyasının müvafiq rəyi əsasında hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini xx.xx.2024cü il tarixinə qədər Laçın rayonunda yerinə yetirmişdir. xx.xx.2023-cü il tarixində səhhətində yaranan problemlər səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndəriş almış, həmin dövrdə yenidən yoxlanış nəticəsində ona “alt çənənin progeniyası, İİİ dərəcəli dişləm anomaliyası, dişlər arası məsafə 13 mm olmaqla” diaqnozu qoyulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”sinin 56b bəndinin İİ qrafasına əsasən o, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı kimi hərbi xidmətdən tərxis olunmuşdur. Bildirilir ki, komissiya tərəfindən müəyyən edilmiş diaqnoz iddaçının ümumi xəstəliyidir və bu xidmət dövründə yaranmamışdır. Hərbi xidmətə çağırış aldıqda da bu xəstəlik onda olmuş, lakin müvafiq komissiya tərəfindən səhlənkarlıq nəticəsində bu hal müəyyən edilməmiş, nəticədə 7 aya yaxın dövrdə o, sülh dövründə xidmətə yararsız olsa da, yararlı kimi xidmət keçmişdir. Bu hal həmin dövr ərzində iddiaçının əldə edə biləcəyi gəlirlərə ziyan vurmuşdur. Həmçinin həmin dövrdə yaşananlar onda mənəvi sarsıntılar yaratmış, şüurda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuşdur. İddiaçı kompensasiyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət etmişdir. Xidmətin xx.xx.2024-cü il tarixli, 3-43-94/2-0-233/41/24 saylı məktubu ilə bildirilmişdir ki, Xidmətin Bakı Şəhər Nizami Rayon İdarəsi tərəfindən qanun pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. İddiaçı hesab edir ki, müraciəti ilə bağlı ətraflı və tam araşdırılma aparılmamış, həmçinin Xidmət üzərinə düşən vəzifələri yerinə yetirməmişdir. Belə ki, iddiaçı hərbi xidmətdən əvvəl əmək fəaliyyəti məşğul olaraq müəyyən qazanc əldə edirdi. Hərbi xidmətə yararsız ola-ola hərbi xidmət keçməyi onu bu qazancdan məhrum etmişdir. Həmçinin, tərxis olduqdan sonra bu hadisə onda mənəvi baxımdan təsir göstərmişdir. Bu səbəblərdən iddiaçı hesab edir ki, cavabdeh tərəfindən ona bununla bağlı kompensasiya ödənilməlidir İş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin düzgün cavabdehə qarşı yönəlmədiyini bildirərək, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, məhkəmə iclasında iddiaçıya məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü və 48-ci maddələrinə müvafiq olaraq hüquqi yardım göstərilərək, qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması, cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilmişdir. Lakin, iddaçı tərəfindən dəqiqləşdirilmiş iddia ərizəsinin (cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizənin) təqdim edilməsindən imtina edilmişdir. İşin faktiki hallarından göründüyü kimi iddiaçının hazırki tələb ilə nail olmaq istədiyi nəticə hərbi xidmətdə olması ilə əlaqədar ona dəymiş maddi və mənəvi zərərin ödənilməsidir. İddiaçı bu tələbini onunla əsaslandırır ki, cavabdeh onun ilkin çağırışçı kimi tibbi şəhadətləndirdiyi zaman onda həmin xəstəliklərin mövcudluğu nəzərə almamış, bununla da həqiqi hərbi xidmətə yararlı olan şəxs kateqoriyasına aid etməklə, ona ziyan vurmuşdur. Doğrudur ki, iddiaçı “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İ qrafasına əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilərək xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyinin hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə göndərilmiş, daha sonra isə hərbi xidmət dövründə səhhəti ilə bağlı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında tibbi şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnaməmin “Xəstəliklər cədvəli”nin İİ qrafasına əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilərək vaxtından əvvəl ehtiyata buraxılmışdır. Bütün bunlara baxmayaraq, Məhkəmə diqqətə çatdırır ki, iddiaçının iddia tələbinin mahiyyəti üzrə əsaslı olub-olmamasından, daha dəqiq desək "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” şəxs kateqoriyasına aid edilərkən onda olan xəstəliklərin daha əvvəl olub-olmamasından asılı olmayaraq, hazırki iddia tələbi düzgün cavabdehə qarşı irəli sürülmədiyindən, mümkünlük şərtlərinə cavab vermir. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 15.2. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. 15.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən bu Qanunun 15.2.2 – 15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarların verilməsi üçün yekun tibbi müayinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Yekun tibbi müayinənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında” Əsasnamənin: 1.1. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bundan sonra - Xidmət) Azərbaycan Respublikası vətəndaşlarının hərbivətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmətkeçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin (bundan sonra - Silahlı Qüvvələr və digər silahlı birləşmələr) sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 3.0.25. dövlət və yerli özünüidarə orqanları, təşkilatlar və vəzifəli şəxslərlə birlikdə çağırışçıların müddətli həqiqi hərbi xidmətə, zabit rütbəsi verilməklə ehtiyata keçirilmişlərin isə zabitlərin həqiqi hərbi xidmətinə çağırılmasını təşkil və təmin etmək Xidmətin vəzifəsidir. Qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi, hazırki mübahisədə iddiaçının həqiqi hərbi xidmətdə olması ilə əlaqədar dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq rayon şöbəsi olan, Nizami rayon Şöbəsi tərəfindən baxılmalıdır. Belə ki, bir daha qeyd olunur ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə tibbi müayinənin nəticələrinə uyğun olaraq vətəndaşların hərbi xidmətə yararlı olub-olmamaları rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müəyyən olunur. Bu səbəbdən də, iddiaçı iddia ərizəsində göstərdiyi hallarla bağlı ərizə ilə ilk öncə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon Şöbəsinə müraciət etməli, müraciətinin təmin olunmadığı təqdirdə isə aidiyyəti üzrə məhkəmədə iddia qaldırmalıdır. Beləliklə, hazırki iddia tələbi ona cavab verməli olan inzibati orqana qarşı yönəlmədiyindən, iddiaçının iddia tələbi İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməyərək, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-8777/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8777/2024
17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver