Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8782/2022 10.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi” üzrə Komissiyaya qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1990- 1992-ci illlərdə Qarabağ, o cümlədən Füzuli uğrunda gedən döyüşlərdə uğrunda gedən döyüşlərdə iştirak etməyini nəzərə alaraq, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın üzərinə ona veteran adı və veteran vəsiqəsi verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1954-cü il tarixdə Füzuli rayonunda anadan olmuşdur. 1990-1992-ci illlərdə Qarabağ, o cümlədən Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müharibə zamanı bədən xəsarətləri almışdır. “Veteran adının və Veteran vəsiqəsinin” verilməsi ilə əlaqədar Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibinə müraciət eləmişdir. Lakin bu günədək ona heç bir köməklik göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8782/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi” üzrə Komissiya əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxşi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanların təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndindən görünür ki, “Müharibə Veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə olunmuş qeydində göstərilib ki. Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatların aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Araşdırma nəticəsində müəyyən olundu ki, Cavabdeh Mərkəzi Arxivinin 30 aprel 2019-cu il tarixli 9/2-5520 nömrəli arayışına əsasən İddiaçı 15 aprel 1993-cü il tarixli əmrlərində xidməti və qanuni əsaslarla şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar edilməmişdir. İddiaçının döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi xidməti və hərbi hissədən qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. İddiaçının xidməti və hərbi hissədən qanuni əsaslarla tərxis olunması barədə mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Bu normanın tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusu almaq üçün onun hərbi xidməti hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. İddiaçı tələbin faktiki əsası kimi formal olaraq iş materiallarında istinad etmiş, lakin iş materialları ilə onun hərbi xidməti və hərbi xidmət dövrünü tam olaraq başa vurması, qanuni əsaslarla tərxis edilməsi faktı öz təsdiqini tapmamışdır. Hərbi qulluqçuların ehtiyyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçularının qismən ehtiyata buraxılması haqqında” 23 yanvar 1996-cı il tarixli 433 nömrəli Fərmanından sonra başlamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 yanvar 1996-cı il tarixli əmrin 1-ci bəndində qeyd edilmişdir ki, 10 fevral 1996-cı il tarixdən 25 yaşı tamam olmuş və daha çox yaşı olan, cəmi 2 ildən yuxan xidmət etmiş hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılsınlar. Həmin əmrin 2-ci bəndində qeyd edilmişdir ki, 25 yaşdan yuxan ehtiyata buraxılmaq hüquqi olan, lakin hərbi hissəni öz başına tərk etmiş əsgər, matros, çavuşlar hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılsınlar və hərbi uçot sənədləri çağırış yeri üzrə hərbi komissarlığa göndərilsin. Göstərilənlərə əsasən hesab edilir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçıların izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Müdafiə Nazirliyi istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaəyətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb və Azərbaycan Respublikası İPM-in 47.2-ci maddəsini rəhbər tutaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ««Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi» tələbinə dair iddia ərizəsinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məhkəmə bildirişi göndərilsə də nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı ünvan 1i ünvanında qeydiyyatdadır. Məhkəmənin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə göndərdiyi xx.xx.2022-ci il tarixli tələbnamə icra edilmiş və xx.xx.2022-ci il tarixli möhürdə “Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur” qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 742 nömrəli məktubunda bildirilmişdir ki, 1954-cü il təvəllüdlü İddiaçı xx.xx.1973-cü il tarixdən 17.11,1975-ci il tarixədək N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçməsinə dair SHXÇDX-nin Füzuli rayon şöbəsində məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/2-4042 nömrəli məktubunda bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan xx.xx.1993xx.xx.1993-cü il tarixli və N №-li hərbi hissə komandirinin may-dekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin 1990-1991-ci il tarixli və N №-li hərbi hissə komandirinin 1990-1991-ci il, yanvar-aprel 1993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Həmin məktubla göndərilmiş sənədlərdən görünür ki: - N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 8 nömrəli əmrindən arxiv çıxarışına əsasən İddiaçı döyüşçü kimi qəbul edilmişdir. - N №-li hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993-cü il tarixli əmrlər kitabından arxiv çıxarışında göstərilmişdir ki, 13. İddiaçı. Qeyd: Əmr olduğu kimi köçürülmüşdür, əmrin verilmə tarixi, nömrəsi və mətni qeyd edilməmiş, ondan əvvəlki 659 №-li əmr xx.xx.1992-ci il tarixdə verilmişdir. Əmr hərbi hissə komandiri tərəfindən bağlanmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, HPxx/xx-6561 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı 1990-1993-cü illər ərzində N və N nömrəli hərbi hissələrdə xidmət etməsi ilə bağlı onun barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/32711 nömrəli məktubda qeyd olunmuşdur ki, sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi uzrə komıssıya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli 9/2-5520 nömrəli arayışına əsasən xx.xx.1993-cü il tarixdən sonrakı hərbi xidmətiniz və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılmağınız barədə məlumat olmadığına görə sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildirilir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gun müddətinə şikayət vermək hüququna malikdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. İstinad olunan normalardan müəyyən edildiyi kimi məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtləri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və inzibati aktın qəbul edilməsindən imtina barədə məlumatın verildiyi vaxtdan 30 gün müddətində məhkəmədə iddia qaldırmasıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.2022-ci il tarixli imtina cavabından sonra iddia ərizəsini xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etməklə 30 günlük iddia müddətini ötürməmişdir. Beləliklə, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə görə “Müharibə veteranı” adı aşağıdakı qaydada verilir: (...) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Sadalanan normalardan göründüyü kimi “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu: - döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli; - hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır. Hərbi xidmət keçmə dedikdə yuxarıda qeyd edildiyi kimi hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmasını ehtiva edir. Hərbi xidmət keçməni əks etdirən sənədlər isə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlardır. Başqa sözlə, qanunvericilik şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, həmin hərbi hissədən qanuni əsaslarla tərxis olunması və hər iki halın qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsini tələb edir. İş üzrə müəyyən olunur ki, iddiaçı 1990-1992-ci illlərdə Qarabağ, o cümlədən Füzuli uğrunda gedən döyüşlərdə iştirak etdiyini iddia edir. İddiaçıya aid hərbi bilet, eləcə də səfərbərlik orqanında saxlanılan qeydiyyat kartasında iddiaçının 1990-1992-ci illərə aid dövrlərdəki xidməti barədə hər hansı məlumat qeyd edilməmişdir. Bundan əlavə Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən əldə edilmiş arxiv məlumatlarda iddiaçının N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 8 nömrəli əmri ilə döyüşçü kimi qəbul edildiyi göstərilsə də sonrakı dövrlərdə N №-li hərbi hissə komandirinin xx.xx.1993-xx.xx.1993-cü il tarixli və N nömrəli hərbi hissə komandirinin may-dekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti barədə hər hansı məlumat öz əksini tapmamış, N №-li hərbi hissə komandirinin 1990-1991-ci il tarixli və N №-li hərbi hissə komandirinin 1990-1991-ci il, yanvar-aprel 1993-cü il tarixli nizami hissə üzrə əmrlərinin isə Müdafiə nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı müəyyən olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993-cü il tarixli əmrlər kitabından arxiv çıxarışında İddiaçı adı qeyd edilsə də lakin həmin əmrin nömrəsi, tarixi, məzmunu qeyd edilmədiyindən əmrin nə ilə bağlı olduğunu müəyyən etmək mümkün olmamışdır ki, bu qeydin özü iddiaçının hərbi xidmət keçməsini sübut edən mötəbər sənəd kimi qəbul edilə bilməz. Beləliklə, iş üzrə iddiaçının döyüş əməliyyatları aparılan hərbi hissələrdə xidmət keçməsi və həmin hərbi hissədən hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə qanunla nəzərdə tutulmuş sənədlər iş üzrə müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunvericiliyə zidd hesab edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-8782/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8782/2022
10.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver