Məhkəmə qərarları › İş №2-1(112)-8782/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8782/2024

29.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8782/2024 29.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı X5 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinin adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, onun vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinin adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 29 iyul 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X6 ilə X3 xx.xx.1992-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.1982-ci il tarixdə İddiaçı (bundan sonra – iddiaçı) anadan olmuşdur. İddiaçının atası X10 Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014- cü il tarixli 208 saylı sərəncamı ilə ailə tərkibi 2 nəfərlə (özü və həyat yoldaşı) güzəştli əsaslarla İİ qrup Çernobıl əlili kimi mənzil növbəsinə götürülmüşdür. Valeh Əhmədov 4.12.2020-ci ildə ölmüşdür. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 152 saylı sərəncamı ilə iddiaçının anası Həqiqət Əhmədova, Valeh Əhmədovun əvəzinə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil uçotuna alınmışdır. X4 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İddiaçı ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə (bundan sopnra – cavabdeh) müraciət edərək, mərhum anasının mənzil növbəsinin adına keçirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, “...ananızın birinci növbədə olan vərəsələri sırasından olsanız da, atanızın və ananızın əlilliyi olan şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən onun ailə üzvləri kimi qeydiyyata alınmamış və ailə tərkibinə salınmamısınız. Bu səbəbdən də müraciətdə qeyd edilən məsələnin müsbət həlli mümkün olmamışdır” İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum anası X1 adında olan mənzil növbəsinin onun adına keçirilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən vəfat edən ata və anasıın yeganə vərəsəsidir. Ona görə də, anası vəfat etdiyi üçün yeganə varis kimi anasının adında olan mənzil növbəsi onun adına keçməlidir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazın dəlillərin imtinanın dəlilləri ilə eynidir. Tərəflərin iştirakı və izahatları: İddiaçı və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2024-cü il tarixli məktubla imtina etmiş, lakin həmin məktubun iddiaçıya hansı tarixdə təqdim edilməsi barədə işdə sübut yoxdur. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət etdiyindən məhkəmə iddia müddətinin ötürülmədiyi qənaətinə gəlir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İş materialları ilə müəyyən olunur ki, iddiaçının mərhum atası Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014- cü il tarixli 208 saylı sərəncamı ilə ailə tərkibi 2 nəfərlə (özü və həyat yoldaşı) güzəştli əsaslarla İİ qrup Çernobıl əlili kimi mənzil növbəsinə götürülmüş, atası öldükdən sonra ,xx.xx.2021 -ci il tarixli 152 saylı sərəncam ilə iddiaçının anası, atasının əvəzinə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil uçotuna alınmışdır. İddiaçının anası xx.xx.2023-cü il tarixdə ölmüş və iddiaçı ərizə ilə cavabdehə müraciət edərək, mərhum anasının mənzil növbəsinin adına keçirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh isə iddiaçının mərhum anasının mənzil növbəsinə alınarkən iddiaçının, onun ailə üzvü kimi qeyd edilmədiyini əsas gətirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız, cavabdehin imtinası əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 51.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir; 51.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər; 51.3-cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir (“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur); 55.1. Aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.7. Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaş vəfat etdikdə 55.3. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2ci maddəsinə görə, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Həmin Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2018-ci il tarixli, № 213 № li Fərmanının 2.2-ci bəndinə əsasən Qanunun 31.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 322 № li qərarı: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən hazırlanmışdır və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydasını müəyyən edir. 1.2. Bu Qaydada istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. əlilliyi olan şəxsin uçotunun saxlanılması - yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış vəfat etmiş əlilliyi olan şəxsin (bundan sonra - əlilliyi olan şəxs) yaşayış sahəsini əldə etməsi üçün növbəlilik sırasındakı yerini müəyyən edən uçot işinin nömrəsinin onun əvəzinə uçota alınacaq ailə üzvü (üzvləri) üçün saxlanılması; 1.2.2. əlilliyi olan şəxsin ailə üzvləri - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilən qanun üzrə vərəsələr sırasından olan və əlilliyi olan şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən onun ailə üzvləri kimi qeydiyyata alınmış şəxslər; Sadalanan normalardan göründüyü kimi, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydalar müəyyən edilmiş və həmin Qaydalara görə ailə üzvü dedikdə iki şərtin eyni anda ödənilməsi nəzərdə tutulmuşdur: Bunun üçün iddiaçının 1) ölmüş şəxsin Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilən qanun üzrə vərəsəsi olmalı və 2) əlilliyi olan şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən iddiaçının vəfat edən həmin şəxsin ailə kimi qeydiyyata alınmış şəxs olmalıdır. Yəni iddiaçının iddia tələbinin hüquqi əsasını təşkil edən dispozisiya şərtinin mövcud olması üçün hər iki şərtin eyni anda mövcud olmalıdır. Hazırkı işdə 1-ci şərtin ödənilməsi mübahisəsizdir, cavabdeh də bu halı mübahisələndirmir. Lakin baxılan işdə 2-ci şərt iddiaçıya münasibətdə ödənilmir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, iddiaçının mərhum anası əlilliyi olan şəxs olmamış, o əlilliyi olan şəxs Valeh Əhmədovun ailə üzvü kimi mənzil növbəsinə alınmışdır. Digər tərəfdən iddiaçının nə atası, nədəki anası əlilliyi olan şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən iddiaçı onların ailə üzvləri kimi qeydiyyata alınmamış, ailə tərkibinə salınmamışdır. Məhkəməyə təqdim edilmiş Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014cü il tarixli 208 saylı sərəncamının qəbul olunmasına əsas olmuş sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, X6 xx.xx.2014-cü il tarixli Ə-264 saylı ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, ailə tərkibi 2 nəfərlə (özü və həyat yoldaşı) mənzil növbəsinə götürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçının mənzil növbəsinin ailə tərkibinə salınmasını qeyd etməmişdir. X6 vəfat etdikdən sonra həyat yoldaşı X3 8.07.2021-ci il tarixli Ə-133/2-068/2-t/1 saylı ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, mərhum həyat yoldaşının adına olan mənzil növbəsinin öz adına keçirilməsinə kömək göstərilməsini xahiş etmişdir. H.Əhmədova da öz ailə tərkibinə iddiaçının daxil olmasını ərizəsində qeyd etməmişdir. Beləliklə də, Binəqədi Rayon İcra Hakimiyyətinin yuxarıda qeyd olunan hər iki sərəncamının araşdırılması zamanı iddiaçının mənzil növbəsinə götürülmüş şəxslərin ailə tərkibinə daxil edilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə cavabdehin imtinası ilə razılaşır və hesab edir ki, iddia təmin olunmamalıdır. İPM-in: 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar