Məhkəmə qərarları › İş №2-1(112)-8783/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8783/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8783/2021 19.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı kompensasiya məbləğinin ödənilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ona qanuna müvafiq qaydada kompensasiya (pul məbləği) müəyyən edilməsi və həmin kompensasiyanın (pul məbləğinin) ödənilməsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə hazırlıq iclası 19.10.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, əvvəlki məhkəmə iclasında iddiaçıya məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü və 48-ci maddələrinə müvafiq olaraq hüquqi yardım göstərilərək, qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılması, aydın aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması, cavabdehin əsl cavabdehlə əvəz edilməsi, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən mötəbər sübutların təqdim olunması təklif edilmişdir. Həmin məhkəmə iclasında iddiaçı tərəfindən hər-hansı bir ərizə, vəsatət və iş üzrə əhəmiyyət kəsb edən sübut təqdim edilməmişdir. Sözügedən halların bir daha iddiaçının diqqətinə çatdırılması məqsədilə iddia tələbinə inzibati məhkəmə icraatında baxılması üçün iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13 və 48.1-ci maddələrinə müvafiq olaraq qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması, cavabdehin əsl cavabdehlə əvəz edilməsi, natamam faktiki məlumatların tamamlanması barədə iddiaçıya məhkəmə tərəfindən hüquqi yardım məktubu göndərilmiş, həmin məktub iddiaçı tərəfindən poçt qəbzinə imza edilməklə təhvil alınmasına baxmayaraq, iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi, cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə və iş üzrə əhəmiyyət kəsb edən digər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işdə olan sənədlərə əsasən hesab edir ki, iddia tələbinin hüquqi əsasını “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.4-cü maddəsi təşkil etdiyindən, iş üzrə cavabdehliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2 daşımalıdır. İddiaçı iddia etdiyi pozulmuş hüquqlarının bərpası (kompensasiya məbləğinin ödənilməsi) barədə ərizə ilə ilk öncə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X1 müraciət etməli, müraciətinin təmin olunmadığı təqdirdə isə aidiyyəti üzrə məhkəmədə iddia qaldırmalıdır. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.4-cü maddəsi ilə müəyyən edilmiş hüquqlarının pozulması nəticəsində ona kompensasiya məbləğinin ödənilməsini xahiş etsə də, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə ona kompensasiya məbləğinin ödənilməsi barədə ərizə ilə deyil, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən avadanlıq verilməsinə köməklik göstərilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə müraciət etmişdir. Göründüyü kimi, hazırki iddia tələbi ona cavab verməli olan inzibati orqana qarşı yönəlməmiş, bundan əlavə, müvafiq iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilməmişdən öncə iddia tələbi ilə əlaqəli tələblə aidiyyəti üzrə iddiaya cavab verməli olan inzibati orqana qarşı ərizə ilə müraciət edilməmişdir. Göstərilən hallar isə, iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsini istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar