Məhkəmə qərarları › İş №2-1(112)-8783/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8783/2024

12.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8783/2024 12.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı X8 cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi Xidmətə Çağırış üzrə Baş İdarəsinə qarşı “qərarların ləğvi və sair” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X15 cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi Xidmətə Çağırış üzrə Baş İdarəsinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ailə vəziyyətinə görə ona müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Xətai rayonu, Yavər Səfərov 4/6 ünvanında yaşayır, Azərbaycan Respublikasının vətəndaşıdır. Onun atası X1 Rayon Məhkəməsinin 2(011)-6836/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilib. Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddiaçı fəaliyyət qabiliyyəti olmayan X2 üzərində qəyyum təyin edilib. X11 İ qrup əlildir və İddiaçı himayəsindədir. İddiaçının qardaşı X14 isə daimi əsaslarla Çexiya Respublikasında yaşayır. Buna baxmayaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon Şöbəsi iddiaçını müddətli həqiqi hərbi xidmətə çağırmışdır. Halbuki yuxarıda qeyd edilmiş əsaslara görə iddiaçı müddətli həqiqi hərbi xidmətə aparıla bilməz. Himayəsində İ dərəcə əlili atası olan iddiaçıya ailə vəziyyətinə görə möhlət verilməlidir. Belə ki, iddiaçının atasının səhhətində əlilliyə səbəb olmuş fəsadlar aradan qalxmamış, əksinə daha şiddətlənmişdir. Eyni zamanda xüsusi olaraq vurğulanmalıdır ki, iddiaçının İ dərəcə əlili olan atasının hazırda ona baxacaq, qayğılarını qarşılayacaq başqa övladı yoxdur. İddiaçının qardaşı olsa da, o uzun illərdir Azərbaycan Respublikasının hüdudlarını tərk etmiş, atası yol-nəqliyyat hadisəsi nəticəsində əlil olduqdan sonra belə ölkəyə qayıtmamış və qayıtmayacağını bildirmişdir. İ dərəcə əlili olan ataya indiki vəziyyətdə yalnız iddiaçı baxa bilər və təsadüfi deyil ki, məhz iddiaçı Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli sərəncamı ilə fəaliyyət qabiliyyəti olmayan atası X3 üzərində qəyyum təyin edilmişdir. Mərkəzi Çağırış Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya 1 (bir) il müddətinə möhlət hüququ verilmişdir. İddiaçıya möhlət hüququnun təkrar verilməsi və ya möhlətin müddətinin uzadılması mümkündür və qanuni əsasları mövcuddur. İddiaçıya xx.xx.2023-cü il tarixli qərarına möhlət hüququnun verilməsindən ötən 12 ay ərzində ona möhlət hüququnun verilməsi üçün nəzərə alınmış həyat yoldaşı X9 İİİ qrup əlil olması, atası X3 yataq xəstəsi olmaqla İ qrup əlil olması, anası X12 Baytarlıq İnstitutunda laborant vzifəsində çalışması, qardaşı X5 Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşaması kimi əsaslar aradan qalxmamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı münasibətində iddianın təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki,. Xidmətin Bakı şəhəri Xətai rayon idarəsində qeydiyyatda olan 1998-ci il təvəllüdlü X15 2023-cü ilin aprel çağırışına cəlb olunmuş, rayon hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13 “d” maddəsinin (diaqnoz-Zəif qidalanma) İ qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3" hesab edilmişdir. Xidmətin elektron poçt ünvanına daxil olmuş məktub nəzərə alınaraq, ailə vəziyyəti ilə əlaqədar həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi məsələsinə baxılması üçün Mərkəzi Çağırış Komissiyasına təqdim edilmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinə əsasən, həyat yoldaşı X10 İİİ dərəcəli əlil, atası X3 yataq xəstəsi olduğunu, anası X13 Baytarlıq İnstitutunda laborant vəzifəsində çalışdığını, qardaşı X4 isə Böyük Britaniyada yaşadığını, ailənin bütün ehtiyaclarının çağırışçının üzərinə düşdüyünü nəzərə alaraq, istisna hal kimi T.O.Gülalıyevə 1 (bir) il müddətinə möhlət hüququ verilmişdir. Həmin möhlətin istisna hal kimi verildiyi nəzərə alınaraq və “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsi rəhbər tutularaq şəxsə möhlətin verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, işdə olan Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X6 xx.xx.2021-ci il tarixdən “Keçirilmiş (xx.xx.2019) ağır dərəcəli qapalı kəllə beyin travması ilə əlaqədar beyin əməliyyatından sonrakı ağır vəziyyət, Hər iki aşağı ətraf əzələlərinin atrofiyas, Sağ təpə, sol alın gicgah nahiyyəsinin epidural, subdural hematoması və kəllə sümüyü defekti (8-10sm) ilə əlaqədar keçirilmiş "Kraniotomiya qüsuru, Akril kranioplastika” cərrahi əməliyyatdan sonrakı vəziyyət. Baş beynin sol gicgah payının və alın payının hemoragik əzilməsindən sonrakı vəziyyət. Hər iki yuxarı və aşağı ətraflarda hərəkət funksiyası pozğunluğu. Sağ təpə sümüyünün xətti sınığı.” diaqnozu üzrə müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 70 saylı sərəncamından görünür ki, fəaliyyət qabiliyyəti olmayan xx.xx.1972-ci il təvəllüdlü X3 üzərində İddiaçı qəyyum təyin edilməsinə dair “Qəyyumluq və Himayəçilik Komissiyası"nın razılığı nəzərə alınaraq ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı həmin ünvanda qeydiyyatda olan fəaliyyət qabiliyyəti olmayan X3 üzərində qəyyum təyin edilmişdir. İşin hallarından görünür ki, iddiaçı hazırda qardaşı X7 Azərbaycan Respublikasından kənarda yaşadığını, İ dərəcə əlilliyi olan atasına qulluq etməsini iddia edərək hərbi xidmətə çağırışdan möhlət verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-İVQ nömrəli Qanununun 12.2-ci maddəsinə əsasən hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları. Qanunun 12.4-cü maddəsinə əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir) aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri həyata keçirirlər) gəlməlidirlər. Həmin Qanunun 18.1-ci maddəsinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.1. ailə vəziyyətinə görə; 18.1.2. sağlamlıq vəziyyətinə görə; 18.1.3. təhsili davam etdirmək üçün; 18.1.4. Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyələrə üzv seçilmək üçün namizədliyi qeydə alınmış şəxslərin seçki fəaliyyəti ilə əlaqədar (namizədliyi qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc olunduğu günədək); 18.1.5. deputat, hakim, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) fəaliyyəti ilə əlaqədar. Qanunun 18.2-ci maddəsinə əsasən çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. Qanunun 19.1-ci maddəsinə görə ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində aşağıdakı şəxslər olan çağırışçılara verilir: 19.1.1. başqa övladı olmayan İ dərəcə əlilliyi olan ata, yaxud ana; 19.1.2. 3 və daha çox uşaq; 19.1.3. İ dərəcə əlilliyi olan arvad; 19.1.4. 8 yaşınadək 3 və daha çox uşağı olan ana (ailədə ata olmadıqda) və ya ata (ailədə ana olmadıqda); 19.1.5. 18 yaşınadək və yaxud İ dərəcə əlilliyi olan qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmadıqda. Qanunun istinad edilən normalarından görünür ki, möhlət hüququ olmayan kişi cinsli vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Möhlət hüququ isə Qanunda göstərilən konkret əsaslardan biri olduqda verilir. İşdən görünür ki, iddiaçı hazırda İ dərəcə əlilliyi olan atası O.Gülalıyevin onun himayəsində olduğunu əsas gətirərək ona möhlət hüququnun verilməsini tələb edir. Lakin Qanunun 19.1.1-ci maddəsindən görünür ki, himayəsində İ dərəcə əlilliyi olan ata, yaxud anası olan o şəxsə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət o halda verilir ki, həmin şəxs valideynlərinin yeganə övladıdır və ata və ya ananın başqa övladı yoxdur. İşin yuxarıda istinad olunan hallarından isə aydın olur ki, İ dərəcə əlilliyi olan ata Oqtay Gülalıyevin iddiaçı Təbriz Gülalıyev ilə yanaşı, Əlgülşad Gülalıyev adlı başa bir övladı daha vardır. İddiaçı həmin şəxsin Azərbaycan Respublikasında kənarda yaşadığını bildirsə də, məhkəmə hesab edir ki, bu hal onun ölkə ərazisinə gələrək atasının qulluğunu təmin etməsinə mane olmur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsini istisna edəcək zəruri şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Odur ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar