Məhkəmə qərarları › İş №2-1(112)-8783/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8783/2025

10.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8783/2025 10.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 19) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6nin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi 74 ünvanında inşa edilmiş A yaşayış binasında yerləşən 126 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla adına rəsmiləşdirilməsi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 2012-ci ildə "xxxx" MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi 74 ünvanında Nazirlər Kabinetinin yaşayış sahələrinə ehtiyacı olan əməkdaşları və digər fiziki şəxslər üçün nəzərdə tutulmuş 3 binadan ibarət yaşayış binasının tikilməsinə başlanılmışdır. Binaların yerləşdiyi ərazi Azərbaycan Respublikası Prezidentinin 171 s nömrəli 2011-ci il tarixli Sərəncamına əsasən Nazirlər Kabineti Aparatının İşlər idarəsinin balansındadır. 2012-ci ildə "xxxx" MTK müqavilə bağlayaraq, MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi 74 ünvanında inşa edilmiş A yaşayış binasında yerləşən 126 saylı mənzilin dəyərini tam ödəməklə almış, həmin müqavilə üzrə müəyyənləşdirilmiş mənzilin qiyməti iddiaçı tərəfindən tam ödənilmiş və bunu təsdiq edən müvafiq maliyyə arayışı almışdır. Həmin mənzildə yaşamağına baxmayaraq, binanın istismarına icazə sənədi olmadığından, həmin mənzil üzərində iddiaçının hüquqları dövlət reyestrində qeydiyyata alınmamış və həmin mənzilə dair çıxarış verilməmişdir. Eyni zamanda qeyd olunan yaşayış sahəsi ilə bağlı digər hüquqları gerçəkləşdirə və mülki qanunvericiliklə müəyyən edilmiş hüquqlarından faydalana bilmir. Bununla bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən “MTK- nın istismara icazə sənədinin İdarəyə təqdim edilməməsi” əsası ilə tələbin təmin olunmasından imtina edilmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman mənzilin faktiki ümumi sahəsinin 73.8 kv.m təşkil etdiyi məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan 47 nömrəli,xx.xx.2012-ci il tarixli Bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyini əsas tutaraq, bundan sonra «Podratçı» adlanacaq nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MTK-nın sədr müavini X2 (ş/v AZE07155694, xx.xx.2009-cu il tarixində Yasamal RPİ tərəfindən verilib) şəxsində, digər tərəfdən bundan sonra «Sifarişçi» adlanacaq İddiaçı arasında bağlanmış çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilədən görünür ki, sifarişçi bu müqaviləni əsas tutaraq sifariş etmiş, podratçı Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında tikilən yaşayış binasının 1 blokunun XVİİ mərtəbəsində 126 nömrəli 2 otaqlı mənzili inşa edib təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən müqavilənin ümumi qiyməti 44592 manat təşkil edir. "xxxx" MMC-nin 309 nömrəli, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 74 ünvanında tikilən A yaşayış binasının İ blokunun XVİİ mərtəbəsində (yaşayışın XVİ mərtəbəsi), 126 nömrəli, 92.9 m2 sahəsi olan 2 otaqlı mənzil İddiaçı məxsusdur və borcu yoxdur. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə aktından görünür ki, 23 mərtəbəli binanın 16- cı mərtəbəsi, qapı 6-dır. Mənzil 2 otaqlı, fakiti yaşayış sahəsi 51.1 kv.m, ümumi sahəsi 73.8 kv.m-dir. İddiaçı hazırda yuxarıda qeyd edilən sənədlərə istinad edərək, istifadəsində olan yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. İstinad olunan normalardan müəyyən olunur ki, çoxmənzilli binalara münasibətdə ona, habelə orada yerləşən mənzilə hüququn qeydə alınması üçün:

1. torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd,;

2. tikintiyə icazə verilməsi barədə qərar;

3. tikinti layihəsi;

4. tikinti obyektinin istismarına icazənin (yaxud istismara qəbul aktı) təqdim edilməsi zəruridir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: -- maddə 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. - maddə 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – yanındakı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) tərəfindən verilir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan normalardan da müəyyən olunur ki, istismara icazə tikilən tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü təsdiq edir. Nə qədər ki, tikintisinə icazə tələb olunan hər hansı bir tikilinin istismarına icazə verilməmişdir, həmin tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini müəyyən etmək mümkünsüzdür, buna görə də etibarlılıq və təhlükəsizlik baxımından həmin tikilidən təyinatı üzrə istifadə etmək olmaz. Hazırkı iş materiallarından görünür ki, iddiaçının hüququnun qeydə alınmasını xahiş etdiyi mənzilin yerləşdiyi çoxmənzilli binanın istismarına icazə verilməmişdir. Belə ki, işdə olan Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-35-1/2-2440/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Komitənin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən istismara icazə sənədi aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən: - Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; - Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllənin 144-1.1ci maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, istinad olunan normlaradan görünür ki, dövlət, şəxsin mülkiyyət hüququnu qeydə almaqla onun müvafiq daşınmaz əmlakdan öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüququnu tanıyır və təsdiq edir. Lakin istismarına icazə verilməmiş tikili özbaşına tikili, daha doğrusu, tikintisi başa çatmayan bina hesab edilir, yəni həmin tikili yarımçıq olmaqla, tikinti qaydalarına uyğun inşa edilməsi və istifadəyə yararlı olması müəyyən deyildir. Deməli, həmin tikilidən istifadə etmək olmaz. Belə bir halda aydındır ki, istismarına icazə verilməmiş tikiliyə, yəni tikintisi başa çatmadığından, istifadəyə yararlılığı müəyyən edilmədiyindən təyinatı üzrə istifadə edilməsinə icazə verilməmiş tikiliyə şəxsin mülkiyyət hüququ tam mənada yarana bilməz, çünki mülkiyyət hüququ 3 elementi birləşdirdiyi halda, tikilinin istismarına icazə verilməməsi üç elementdən birini - əmlakdan istifadə etmək hüququnu istisna edir. İşdə olan Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət agentliyinin xx.xx.2025-ci il tarixli, 3-18-2/2-7962/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, qeyd edilən Ünvanda "xxxx" MTK tərəfindən inşa edilən 3 ədəd 1 girişli (A, B və C binaları) çoxmərtəbəli yaşayış binaları, qeyri-yaşayış obyektləri və yeraltı avtodayanacağa Agentlik tərəfindən Ö/006436 nömrəli xx.xx.2024-cü il tarixli “İstismara hazırlıq aktı” rəsmiləşdirilmişdir. Lakin işdə olan Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin xx.xx.2020-ci il tarixli, xx/xx- 05757 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında inşa olunmuş 3 girişli (A, B, C) “A” girişi 3 səviyyəli zirzəmili (-1 qeyri-yaşayış, -2 və -3 avtodayanacaq), birinci və ikinci mərtəbəsi qeyri yaşayış olan 22 mərtəbəli, binaya bitişik 3 səviyyəli zirzəmili (-1 qeyri-yaşayış, -2 və -3 avtodayanacaq), 3 mərtəbəli qeyri-yaşayış obyekti, “B” girişi 3 səviyyəli zirzəmili (-1 və -2 qeyri-yaşayış, -3 avtodayanacaq) 20 mərtəbəli və “C”girişi 3 səviyyəli zirzəmili (-1 və -2 qeyri-yaşayış, -3 avtodayanacaq), birinci mərtəbəsi qeyri-yaşayış olan 21 mərtəbəli yaşayış binalarına yanğın təhlükəsizliyi haqqında aktın verilməsi ilə əlaqədar keçirilmiş yanğın-texniki müayinə zamanı aşağıdakı çatışmazlıqlar aşkar olunmuşdur: - binaların tikintisi üçün ayrılmış torpaq sahəsinə dair X4 Xidmətinin müvafiq rəyi təqdim edilməmişdir; - binaların layihə sənədlərinə X4 Xidmətinin müvafiq rəyi təqdim edilməmişdir; - binaların hər girişindən zirzəmi mərtəbəsinə enən 2 ədəd lift tambur şlüzlə təmin olunmamışdır; - binaların hər girişindən zirzəmi mərtəbəsinə enən pilləkən qəfəsində təcridedici qapıların yan hissələrində boşluqlar mövcuddur; -1, -2 və -3 zirzəmi mərtəbələri arası pilləkən qəfəsində təcridedici qapılar quraşdırılmamışdır; - binaların avtodayanacaq sahəsinin döşəmə örtüyünə asfalt döşənmişdir (normaya əsasən döşəmələrin örtüyü alovun yayılması qrupu azı Pn 1 olan materiallardan döşənməlidir); yanğın su hovuzundan yanğın avtomobillərinin yan alması və su götürə bilməsi üçün şərait yoxdur; - qeyri-yaşayış obyektlərində təmir-tamamlama işləri başa çatmamışdır; binaların zirzəmi, yaşayış və qeyri-yaşayış sahələrində avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları quraşdırılmamışdır; - avtodayanacaq sahəsində avtomatik yanğınsöndürmə qurğusu quraşdırılmamışdır; - binaların tələb olunan sahələrində tüstüsorma və havabasıcı qurğular quraşdırılmamışdır; - avtomatika qurğuları nəzarət və idarəetmə paneli ilə təmin edilməmişdir; - “A” və “B” girişlərində daxili yanğın su kranları layihəyə uyğun quraşdırılmamış, yanğın su nasosları ilə təmin olunmamışdır, işlək vəziyyətə gətirilməmişdir; - “C” girşində, binaların zirzəmi və qeyri-yaşayış sahələrində həmçinin 3 mərtəbəli qeyri- yaşayış obyektində daxili yanğın su kranları quraşdırılmamışdır; - “A” girişinə bitişik 3 mərtəbəli qeyri-yaşayış obyekti təmirsizdir və təyinatı müəyyən olmadığından avtomatika qurğuları barədə tələblərin müəyyən edilməsini mümkünsüz edir; - binaların çardaq hissəsində istifadə olunan taxta materiallar odadavamlı məhlulla hopdurulmamışdır; - binaların zirzəmi və qeyri-yaşayış sahələri odsöndürən balonlarla təmin edilməmişdir; - binalarda ildırımötürücü quraşdırılmamışdır; binalara dair icbari qaydada sığorta müqaviləsi təqdim edilməmişdir; - quraşdırılmış avtomatika qurğuları Mərkəzi İdarəetmə pultuna qoşulmamışdır. Qeyd edilməlidir ki, istismara icazəsi verilməmiş tikiliyə mülkiyyət hüququnun qeydə alınmaması birbaşa dövlətin ictimai maraqların qorunması məqsədinə xidmət edir. Bu məqsədlərə əsasən aşağıdakılar aiddir:

1. Tikinti təhlükəsizliyi və insanın həyhat və sağlamlığının qorunması -İstismara icazə, binanın tikinti norma və qaydalarına uyğun tikildiyini, daşıyıcı konstruksiyalarının təhlükəsiz olduğunu və yaşayış üçün yararlı vəziyyətdə olduğunu təsdiqləyir.

2. Şəhərsalma qaydalarının qorunması - İstismara icazəsi olmadan qeydiyyat, planlaşdırma sənədlərinə və icazəsiz tikintilərə qarşı dövlət nəzarətini zəiflədir.

3. Hüquqi müəyyənlik və mülki dövriyyənin təhlükəsizliyini təmin etmək -dövlət reyestrində yalnız hüquqi statusu tam aydın və istismara yararlı obyektlərin olması, mülki dövriyyədə (satış, ipoteka, miras) hüquqi sabitliyi təmin edir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə dövlətin güddüyü ictimai maraq fərdin mülkiyyət marağına münasibətdə üstündür, hansı ki, bu üstünlük ictimai marağın, ilk növbədə şəxsin həyat və sağlamlığının qorunmasına yönəlməsindən irəli gəlir. Bundan əlavə, işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X6 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-31511/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 5 ünvanında inşa edilmiş A yaşayış binasına dair ("Avesta Konserni” MMC, Tərəqqi-NK MTK) istismara icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmamış, binada qeydiyyata alınmış mənzil aşkar edilməmişdir. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, nə qədər ki, mübahisəli yaşayış sahəsinin yerləşdiyi çoxmənzilli binanın istismarına icazə verilməmişdir, iddiaçının hazırkı məzmunda tələbi təmin edilə bilməz. O da qeyd edilməlidir ki, oxşar yanaşma anoloji işlər üzrə kassasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarlarda da əks etdirilmişdir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-(102)-483/2025 saylı, xx.xx.2025ci il tarixli qərarı) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9 və ya 8.0.10-cu maddəsində müəyyən edilən tələblərə uyğun olan sənədləri cavabdehə və ya məhkəməyə təqdim etməmişdir. Məhkəmə Qanunun bu normasının imperativ tələb olduğunu, şəxsin hüququnun qeydə alınması üçün həmin normada nəzərdə bütün sənədlərin eyni anda təqdim edilməsinin mütləq şərt olduğunu, işin hazırkı halında təqdim edilməsi zəruri olan bütün sənədlərin təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulması kimi qiymətlənirilə, iddiaçının tələbi əsaslı sayıla və təmin oluna bilməz. Məhkəmə onu da qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və iddiaçının mübahisəli əmlaka hüquqlarını təsdiq edən yeni sübutlara (istismara icazə sənədi alınmasına) əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar