Məhkəmə qərarları › İş №2-1(112)-8784/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8784/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8784/2024 04.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları. İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən “117” saylı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavadeh xx.xx.2024-cü il tarixli məktub ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, İdarənin arxivində mövcud olan müvafiq bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən sahəsi 600 kv.m olan, 117 nömrəli torpaq sahəsi üzərində X2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən, sahəsi 600 kv.m. olan, 117 saylı bağ sahəsi, iddiaçıya XDS qərarı ilə X10 və X5 Bağçılıq Yoldaşlıq tərəfindən verilmişdir, verildiyi vaxtdan iddiaçının və ailəsinin daimi istifadəsindədir. Bağ sahəsinin dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün o, cavabdehə ərizə ilə müraciət etmişdir. Müraciətinə xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, onun adı üzvlərin siyahısında aşkar edilməmişdir. Qeyd olunmalıdır ki, üzv olmuş və bundan imtina etmiş X3 bu torpaq verilmiş, daha sonra o, imtina etdiyindən həmin torpaq sahəsi iddiaçıya verilmişdir. Torpaq verilən vaxtdan iddiaçının istifadəsindədir, orada hasarlanma işləri aparılmışdır. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və qeyd etmişdir ki, İdarənin arxivində mövcud olan müvafiq bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Bundan əlavə idarənin arxivində bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi olmadığından torpaq sahəsinin yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə mülkiyyət hüququnun iddiaçının adına qeydə alınmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan “X10 və İstehsalat Mərkəzi” ASC tərəfindən verilmiş 01 sentyabr 1999-cu il tarixli protokoldan çıxarışdan görünür ki, Bakı şəhər X6 İcraiyyə Komitəsinin 20 yanvar 1989-cu il tarixli 13/705 saylı qərarına əsasən Əzizbəyov rayonunun, Türkən qəsəbəsində 7/1194 saylı ərazisində X7 bölgü planına uyğun olaraq verilmiş 117 saylı 6 sot torpaq sahəsindən imtina etdiyinə görə torpaq sahəsi X4 verilmişdir. İşdə olan 117 №-li bağçının üzvlük kitabçasından görünür ki, “X10 və İstehsalat Mərkəzi” ASC tərəfindən verilmiş 01 sentyabr 1999-cu il tarixli protokoldan çıxarışa əsasən bağçılıq cəmiyyəti bağından sahəsi 600 kv.m olan 117 №-li bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı hazırda bu sənədlərə istinad edərək, onun 117 saylı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 14 iyun 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, idarənin arxivində mövcud olan müvafiq bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Bundan əlavə idarənin arxivində bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi olmadığından torpaq sahəsinin yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq (bağ) sahəsinin sərhədləri mişar daşla hasarlanmışdır. Darvaza yoxdur, giriş sərbəstdir. Faktiki sahəsi 0.06 ha təşkil edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu ilə “Kimyaçı” bağçılıq yoldaşlığının arxiv qovluğunda mövcud olan müvafiq sənədlər təqdim edilmişdir. Həmin sənədlərdə olan xx.xx.2008-ciil tarixli 10 nömrəli əmrlə yaradılmış komissiya tərəfindən «Olefin Elmi-Tədqiqat və İstehsalat Mərkəzi» açıq səhmdar cəmiyyətinin əmək kollektivi üzvlərinin və şöbə müdirlərinin Həmkarlar ittifaqı Komitəsi ilə birlikdə keçirilmiş iclasın yekdil qərarı ilə təsdiq edilmiş siyahıdan görünür ki, Azərbaycan Dövlət Elmi- Tədqiqat "xxxx" institutunun, onun hüquqi varisi olan «Olefin Elmi-Tədqiqat və İstehsalat Mərkəzi» açıq səhmdar cəmiyyətinin əmək kollektivinə Bakı şəhər İcraiyyə Komitəsinin 20 yanvar 1989-cu il tarixli 13/705 nömrəli qərarı ilə Kollektiv bağçılıq təsərrüfatı yaratmaq məqsədi ilə Əzizbəyov rayonunun Türkən qəsəbəsinin ərazisində ayrılmış 10,54 hektar torpaq sahəsinin institutun HİK-i tərəfindən 1989-cu ildə əmək kollektivi üzvlərinin ərizələrinə əsasən 146 nəfərə bölünməsi barədə qərar qəbul edilmiş və siyahı HİK-nin sədri və institutun rəhbərliyi tərəfindən təsdiq edilmişdir. Siyahıda adlan göstrilən şəxslərin bir hissəsi 1988-90-cı illərdə yaranmış vəziyyətlə bağlı Respublikadan köçüb getmişlər. Qalan kollektiv üzvlərindən 46 nəfəri dəqiqləşdirilmiş siyahıya daxil edilmişdir, həmçinin siyahıda bağçılıq-yoldaşlığa yeni üzv qəbul edilmiş qalan kollektiv üzvlərindən 46 nəfərin tərkibində, nə də sonradan üzv qəbul edilmiş 103 nəfər şəxsin tərkibində mövcud olmamışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı “X10 və İstehsalat Mərkəzi” ASC tərəfindən verilmiş 01 sentyabr 1999-cu il tarixli protokoldan çıxarışa və üzvlük kitabçasına əsaslanaraq mübahisə predmetini təşkil edən bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını həyata keçirmək istəyir. Nəzərə alınmalıdır ki, yuxarıda sadalanan qanunvericiliyin tələblərinə görə üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildikdə mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas təşkil edir. Doğrudur ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin yenilənmiş siyahısının İdarənin arxivində aşkar olunmaması faktı, adətən, mübahisənin həlli zamanı iddiaçının ziyanına şərh edilmir. Lakin hazırki iş üzrə hüquqi vəziyyət mahiyyət etibarı ilə fərqlidir. Belə ki, iddiaçı xx.xx.1999-cu il tarixdə müvafiq qaydada bağçılıq-yoldaşlıq təsərrüfatına üzv qəbul olmuşdur. Bununla belə, həmin tarixdən sonra üzvlərin siyahısı xx.xx.2008-ci il tarixdə yaradılmış komissiyaya tərəfindən yenilənmişdir və yenilənmiş siyahıda iddiaçının adı öz əksini tapmamışdır. Bu hal, həm hüquqi etimad prinsipinə, həm də təqdim olunmuş protokolun bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin faktiki siyahısına uyğun olmadığına dair əsaslı və obyektiv şübhələr yaradır. Məhkəmə bu zaman onu da nəzərə alır ki, işdə olan iddiaçının təqdim etdiyi xx.xx.1999-cu il tarixli protokoldan çıxarış "xxxx" Elmi-Tədqiqat və İstehsalat Mərkəzi ASC tərəfindən tərtib edilmiş, həm protokoldan çıxarış, həm də həmin tarixli üzvlük kitabçası ASC-nin möhrü ilə təsdiq edilmişdir. Lakin işdən görünür ki, müəssisənin adı Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin 171 saylı, xx.xx.2006-cı il tarixli Sərəncamına əsasən "xxxx" Elmi-Tədqiqat və İstehsalat Mərkəzi ASC-yə çevrilmişdir. Belə olan halda aydındır ki, həmin sənədlər sonradan tərtib edilmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının İdarənin arxivində saxlanılan yenilənmiş siyahıda adının olmaması, bağ sahəsinin ayrılması barədə protokoldan çıxarışın və üzvlük kitabçasının bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin faktiki siyahısına uyğun olmadığına dəlalət edir ki, bu əsasla onun həmin bağ sahəsi üzərində hüquqlarının qeydiyyatı Qanunun 8.0.7-ci maddəsinə əsasən həyata keçirilə bilməz. Odur ki, Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır və onun hüquqlarının pozulmasına səbəb olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı tərəfindən həmin sənədlər təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbinin təmini üçün əsas mövcud deyil. Məhkəmə onu da qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və iddiaçının mübahisəli əmlaka hüquqlarını təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar