Məhkəmə qərarları › İş №2-1(112)-8788/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8788/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8788/2023 21.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi ilə Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı «ölüm haqqında şəhadətnamənin verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı «ölüm faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçının anası Validə Qurban qızı uzun müddət parkinson xəstəliyindən əziyyət çəkmişdir, 18 iyul 2022-ci il tarixdə evdə olarkən onun səhhəti pisləşdiyindən, iddiaçı dərhal X2 Stansiyasına zəng etmiş, lakin tibb işçiləri mənzilə gələnədək Validə Qurvan qızı vəfat etmişdir. O, Sabunçu rayinu ərazində yerləşən müvafiq qəbiristanlıqda dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan fakt kimi müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyın şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Validə Qurban qızı parkinson xəstəliyindən əziyyət çəkmiş və qəflətən vəfat etmişdir. O, 38 saylı Şəhər Poliklinikasında qeydiyyatda olduğundan, iddiaçı həmin quruma müraciət edərək, ölüm haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etmişdir. Poliklinikanın cavab məktubunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 iyun 2015-ci il tarixli 52 nömrəli əmrinə istinadən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 101 saylı evin 61 saylı mənzilində qeydiyyatda olmuş, 12 oktyabr 1945-ci il tarixdə doğulmuş Validə Qurban qızına ölüm haqqında sənəd (forma 106) verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Bundan sonra iddiaçı anasının ölüm faktının müıəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etsə də, şöbə məsələnin həllindən imtina etmişdir. Şöbənin cavab məktubunda bildirilmişdir ki, təqdim edilmiş sənədlər arasında ölüm faktını təsdiq edən tibbi arayış olmadığından, ölümün qeydiyyata alınmasından imtina olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməlidir. Digər tərəfdən, həmin Plemun qərarının 9.3-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən hallar (sübutlar) göstərilməlidir. Təqdim edilmiş sənədlərdən görünür ki, bu barədə məhkəməyə kifayət qədər sübutlar təqdim edilir. Hal-hazırda iddiaçının anası Validə Qurban qızının ölümünü təsdiq edən şəhadətnamə olmadığından, sənədləşmə işlərində problemlər yaranır və bu səbəbdən də məhkəməyə müraciət olunur. 12 oktyabr 1945-ci il tarixdə doğulmuş Validə Qurban qızının 18 iyul 2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi məhkəmədən xahiş olunur. Cavabdeh 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 3 iyul 2023-cü il tarixli məktubunda bildirilir ki, vətəndaş İddiaçı öz iddiasında anası Validə Qurban qızının 18 iyul 2022-ci il tarixdə Bakıda vəfat etməsini və X2 gələnədək anasının vəfat etməsini, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim etmədiyindən ona imtina verildiyini göstərmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında Qaydalar»ın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Göstərilənlərə əsasən vətəndaş İddiaçı tərəfindən anasının ölümünü təsdiq edən tibbi sənəd təqdim olunmadığından, onun ərizəsinin təmin edilməsi Şöbə tərəfindən mümkün olmamışdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmənin qərardadı ilə iddia “ölüm faktının müəyyən edilməsi” hissəsində mümkün sayılmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı «ölüm haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasən insanın ölüm anını tibb işçisi (həkim konsiliumu və ya həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə görə doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 193-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 8.1-ci bəndinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Qaydanın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 yanvar 2018-ci il tarixli 05 nömrəli əmri ilə təsdiq edilmiş «İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin ikinci hissəsinə əsasən insanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarlarını və qaydasını müəyyən edir. Həmin Qaydanın 4.1-ci bəndinə görə “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydanın 4.3-cü bəndinə görə ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. İş materiallarında olan TƏBİB “Bakı Şəhər Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxin 38 nömrəli Şəhər Poliklinikasının Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış 247 nömrəli 26 iyul 2022-ci il tarixli məktubunda bildirilir ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 iyun 2015-ci il tarixli 52 nömrəli əmrinə əsasən ünvan 3 ünvanında qeydiyyatda olmuş 12 oktyabr 1945-ci il təvəlüdlü XXX Validə Qurban qızına Poliklinika tərəfindən ölüm haqqında sənəd (forma 106) verilə bilmir. İş materiallarından görünür ki, Təcili və X1 Stansiyası tərəfindən 19 iyul 2022-ci il tarixdə saat 11: 50-də xəstənin adı “XXX Validə Qurban qızı” göstərilməklə qadın cinsi ilə meyid aşkar olunması (həkimə qədər ölüm) qeydi ilə “Ölüm haqqında xəbərdarlıq vərəqəsi” tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu bələdiyyəsinin 22 iyul 2022-ci il tarixli 239 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı anası 1945-ci il təvəllüdlü Validə Qurban qızı həqiqətən 18 iyul 2022-ci il tarixdə Sabunçu qəsəbəsində qəbiristanlıqda dəfn olunmuşdur. İş materiallarında olan 6 saylı Bakı “ASAN Xidmət” Mərkəsində Qeydiyyat şöbəsinin İddiaçı ünvanlanmış 20 iyul 2022-ci il tarixli məktubunda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin (Validə Qurban qızının ölümünün qeydə alınması) təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunur. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşin məhkəmə araşdırılması ilə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı mərhum anası Validə Qurban qızının ölümü haqqında həkim şəhadətnaməsini cavabdeh inzibati orqan 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə təqdim etmədən ölüm haqqında şəhadətnamənin verilməsini istəmişdir. Lakin cavabdeh ölüm haqqında tibbi şəhadətnamənin olmamasını əsas gətirərək qaldırılan məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə qeyd edir ki, möpvcud qanunvericilik ölümün qeydə alınmasını və ölüm haqqında şəhadətnamə verilməsini iki halla şərtləndirir: ölüm haqqında tibbi şəhadətnamənin (həkim sənədi) təqdim olunması, belə sənəd olmadıqda siə ölüm faktının müəyyəın edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması. Hazırkı işin hallarına görə cavabdeh inzibati orqana iddiaçı anasının ölümü haqqında tibbi şəhadətnaməni təqdim etməmiş və anasının ölümünün müəyyən edilməsi barədə məhkəmə qətnaməsi də qəbul edilməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydanın 8.5-ci bəndinə istinad etməklə “ölümün qeydə alınması”ndan və “ölüm haqqında şəhadətnamənin verilməsi”ndən imtina etməkdə haqlı olmuşdur. Odur ki, cavabdeh 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin imtinası qanuna zidd qiymətləndirilə bilməz. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı «ölüm haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2, 4.1, 23.1, 58.7, 62, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı «ölüm haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar