Məhkəmə qərarları › İş №2-1(112)-8789/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8789/2022

20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8789/2022 20.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X11 kаtibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X12, 3-cü şəxs X4 vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər Cavabdeh2 və X7) “mənzilə hüquqların dövlət reyestrində qeydiyyatının ləğv edilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Binəqədi rayonunun 9-cu mikrorayonda yerləşən 119 saylı evin 24 saylı mənzilinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonunun 9-cu mikrorayonda yerləşən 119 saylı evin 24 saylı mənzili Bakı şəhəriXDS-nin İcarə Komitəsi tərəfindən verilmiş 30 yanvar 1979-cu il tarixli 173276 seriyalı order əsasında mərhum atası X21 məxsus olmuşdur. İddiaçı da həmin evdə yaşamışdır. 1998-ci ildə ailə qurduqdan sonra ailəsi ilə birlikdə ünvan 1 ünvanda yerləşən evə köçüb yaşamağa başlamışdır. Lakin ata evindən çıxmağına baxmayaraq, atası vəfat etdiyi günədək, yəni, xx.xx.2016-ci ilədək həmin evə gəlib-getmiş, istifadə hüquqlarını həyata keçirmişdir.Atası vəfat etdikdən sonra isə bacı –qardaşları atasından qalmış evə gəlib – getməyə qoymamışlar. İddiaçının rəsmi müraciətinə cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubundan ona məlum olmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonunun 9-cu mikrorayonda yerləşən 119 saylı evin 24 saylı mənzil xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına ilkin hüquqi qeydiyyatdan keçmiş və sonradan 5 saylı ASAN Xidmət Mərkəzində 4Ə-1907 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X4 adına qeydiyyatdan çıxmış və hazırda onun xüsusi mülkiyyətindədir. Cavabdeh2 həmin mənzilə görə Binəqədi rayon məhkəməsində mübahisə getdiyi zaman iddiaçıdan xəbərsiz və məlumatsız mənzilin özəlləşdirilməsini həyata keçirmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonunun 9-cu mikrorayonda yerləşən 119 saylı evin 24 saylı mənzili xx.xx.1979-cu il tarixli, 173276 nömrəli orderi əsasında Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reystrində ilkin qeydiyyatdan keçmişdir. xx.xx.2021-ci il tarixli , 4Ə-1907 npmrəli alqı-satqı müqaviləsi əsasında mənzil X5 adına özgəninkiləşdirilmişdir. Hazırda mənzil sonuncunun xüsusi mülkiyyətindədir. İddiaçı hazırki tələblə bağlı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqanına müraciət etməmiş, bu səbəbdən də iddia mümkün sayılmamalı barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının tələbi daşınmaz əmlak üzərində qeydiyyatın ləğv edilməsindən ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3.və 2.4- cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 16.1.-ci maddəsinə əsasən, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Qeyd edilmiş qanun normalarından görünür ki, qeydiyyat orqanı tərəfindən qeydə alınmış hüquqların ləğv edilməsi səlahiyyətinə malik deyil, qanunla əmlak üzərində hüquqların dövlət qeydiyyatının mübahisələndirilməsi üçün məhkəməyə müraciət edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hesab edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X4 vəkili iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinə əsasən, o, Azərbaycan Respublikası vətəndaşıdır ünvan 2 ünvanda qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 26 aprel 2022-ci il tarixli, **********18 saylı məktubuna əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, 119 saylı evin 24 saylı mənzilinə verilmiş dövlət reyestrindən çıxarışların ləğv edilməsi ilə bağlı müraciətinə baxılmışdır, bununla əlaqədar məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. AZ-İ seriyalı, 779280 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 01 fevral 2016-ci ildə ölmüşdür. X19 adına verilmiş 173276 nömrəli, 30 yanvar 1979-cu il tarixli orderinə əsasən, o, və onunla yaşayan 9 nəfər Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, 53 saylı evin 24 saylı mənzilində yaşayış sahəsinə dair hüququna malikdirlər. Bakı şəhəri Nəsimi rayon X10 İcraiyyə Komitəsinin 26 yanvar 1979-cu il tarixli 150/7 nömrəli qərarına əsasən, X22 (özü, arvadı və 8 uşagı) 10 nəfər ailə tərkibi ilə 5 otaqlı mənzil ilə təmin etmək qərara alınmışdır. Daxili İşlər Nazirliyinin “ yaşayış yeri üzrə qeydiyyat haqqında “ ******* nömrəli, 15 yanvar 2018-ci il tarixli arayışına əsasən, X30, X20, X13, X23, X14, Cavabdeh2, X15, X8 Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, 119 saylı evin 24 saylı mənzilində qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna əsasən, cavabdeh- qeydiyyat orqanı tərəfindən aşagıdakı sənədlər təqdim edilmişdir: -xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Satıcı Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 104,48 kv.m olan mənzili Alıcı X2. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən xx.xx.2021-ci il tarixli çıxarışına əsasən, ünvan 3 xüsusi mülkiyyət kimi X4 adına qeydiyyata alınmışdır. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən xx.xx.2021-ci il tarixli çıxarışına əsasən, ünvan 3 xüsusi mülkiyyət kimi Cavabdeh2 adına qeydiyyata alınmışdır. Mənzilin Cavabdeh2 adına qeydiyyata alınması üçün əsaslar kimi : Bakı şəhəri Nəsimi rayon X10 İcraiyyə Komitəsinin 26 yanvar 1979-cu il tarixli 150/7 nömrəli qərarı, “yaşayış yeri üzrə qeydiyyat haqqında “ xx.xx.2021-ci il tarixli arayış, mənzildə qeydiyyatda olan şəxslərin: X30, X13, X8, X14, X23, X9 Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr. Adil Məmmədov küçəsi ev 119, 24 nömrəli mənzilin Cavabdeh2 adına özəlləşdirilməsinə razılıq ərizələri təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azəbaycan Respublikaslının Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində göstərilmişdir: “8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; «Аzərbаycаn Rеspublikаsındа mənzil fоndunun özəlləşdirilməsi hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun 1-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 2-ci mаddəsinə əsаsən, bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Həmin Qаnunun 8-ci mаddəsinə əsаsən, “Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.” Həmin Qаnunun 9-cu mаddəsində göstərilmişdir ki, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. İşin faktiki hallarından göründüyü kimi, ünvan 3 Cavabdeh2 adına özəlləşdirilmiş, daha sonra alqı-satqı müqaviləsi əsasında X1. Mübahisəli mənzilin özəlləşdirilməsi və alqı-satqı müqaviləsi əsasında hal-hazırkı mülkiyyətçisi X4 adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması zamanı qanunvericiliyin normalarının pozulmasına yol verilməsi müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 16.6.-ci maddəsinə əsasən, dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ : İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar