Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-879/2021 09.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçıya əlillik dərəcəsinin verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı «iddiaçıya əlillik dərəcəsinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 22 oktyabr 2017-ci il tarixdən müxtəlif xroniki əstəliklərdən müalicə olunur. AR Səhiyyə Nazirliyinin 33 nömrəli Şəhər Poliklinikasının Tibbi-Sosial Ekspert Komissiyasına İddiaçı rbala oğluna əlillik vəziyyəti səhiyyə müəssisəsinin 2767003AACQ8 saylı göndərişi əsasında 1 oktyabr 2019-cu il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması və s. səbəblərdən imtina qərarı verilmişdir. Sonradan səhiyyə müəsisəsi tərəfindən 2767003AACSN nömrəli yeni göndəriş yazılıb reyestrə daxil edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının 27 dekabr 2019-cu tarixli cavabı ilə göndərişin natamam doldurulması səbəbindən əsasız imtina verilmişdir. Sonradan səhiyyə müəssisəsi tərəfindən 2767003AACSN nömrəli yeni göndəriş yazılıb reyestrə daxil edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının 27 dekabr 2019-cu tarixli cavabı ilə göndərişin natamam doldurulması səbəbindən əsasız imtina edilmişdir. İmtina barədə qərar iddiaçıya 14 mart 2020-ci il tarixdə səhiyyə müəsissəsinin rəhbərliyi tərəfindən təsdiq edilərək verilmişdir. Hesab olunur ki, Tibbi-Sosial Ekspert Komissiyasının imtinaları, o cümlədən sonuncu imtinası əsassız və qanunsuz olmuşdur. Tibbi-sosial ekspert komissiyaları tərəfindən əlilliyin (əlilliyin müəyyən edilməsi (əlillik dərəcəsinin, əlillik müddətinin, əlillik səbəbinin, əmək zədəsi və zeşə xəstəliyi ilə bağlı peşə əmək qabiliyyətinin itirilməsi faizinin və əlavə xərclərə ehtiyacının, əmək zəmanətinin) və 18 yaşınadək uşaqların sağlamlıq imkanları məhdudluğunun qiymətləndirilməsi ilə bağlı münasibətləri əhatə edir. Xidmətin hüquqi əsası «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə»nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı, «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı, «Tibbi-sosial ekspert komissiyaları haqqında Əzasnamə»nin təsdiq edilməsi barədə 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı və həmin Əsasnaməyə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarı ilə tənzimlənir. AR Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarı ilə Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»yə dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməsi zamanı əlillik səbəbi barədə məlumat Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş göndərişlər əsasında müəyyən olunur. Göndəriş barədə məlumatlar elektron sənəd formasında əldə edildiyi üçün 25 saylı Poliklinika tərəfindən göndərilmiş və məhkəmə zamanı əslinə baxış keçirilmiş Ambulator xəstənin tibbi kartasında olan ******* 4 AAB6G nömrəli TSEK-ə göndərişə əsas verən müayinə vərəqəsinə əsasən İddiaçı əsas diaqnozu – seroneqativ revmatoid artrit xəstəliyidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında» Əsasnamənin 3.1.2-ci bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifəsidir. Göstərilənlərə və İPM-in 2.2.2, 87, 89, 90-cı maddələrinə əsaslanaraq, İddiaçı xəstəliyə görə son müraciət etdiyi tarixdən əlillik dərəcəsinin verilməsi barədə inzibati akt qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması məhkəmədən xahiş edilir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh AR ƏƏSM Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin məhkəməyə 18 iyun 2020-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilir: - Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 2767003AACQ8 saylı göndərişi əsasında 1 oktyabr 2019-cu il tarixdə qiymətləndirilmiş və müayicəyə ehtiyacı olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən həmin göndərişin təhlili göstərir ki, xəstəlik 22 oktyabr 2017-ci il tarixdə başlamışdır. Əsas diaqnoz kimi “Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanma və ya daralması nəticəsində yaranan beyin infarktı” xəstəliyi, ağırlaşma kimi isə “Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Dizartriya və anartriya. Beyin infarktının nəticələri” xəstəlikləri, yanaşı xəstəlik kimi “Essensial (birincili) hipertenziya 3-cü mərhələ. Prostat vəzinin hiperplaziası. Cərrahi əməliyyatdan sonrakı vəziyyət (2019-cu il)” xəstəlikləri qeyd edilmişdir. Əsas xəstəliyin ağırlaşmaları dəqiqləşdirilməyib, qeyd edilən ağırlaşmalar isə əlilliyin təyininə əsas vermir. Keçirilmiş beyin infarktından sonra şəxsdə hansı qalıq əlamətlərin olması nə diaqnozda, nə obyektiv müayinələrin nəticələrində, nə də ki köməkçi diaqnostik müayinələrdə qeyd edilməyib. Buna görə də əlillik təyinatı aparmaq mümkün olmamış və ətraflı müayinələrin aparılması üçün əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti sonuncu dəfə səhiyyə müəssisəsinin 2767003AACSN saylı göndərişi əsasında 26 dekabr 2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 2767003AACSN saylı göndərişin təhlili göstərdi ki, əsas əvvəlki göndərişdən fərqli olaraq diaqnozun ağırlaşması kimi “sağ tərəfli spastik hemiplegiya” xəstəliyi əlavə olaraq qeyd edilmişdir. Lakin ststus lokalisdə reflekslər və əzələ gücü barədə qeyd edilən məlumatlar həmin ağırlaşmanı təsdiq etmir, əzələ gücün göstərən köməkçi diaqnostik müayinə EMQ-nin nəticələri isə qeyd edilməyib. Eləcə də göndərişin “ağırlıq dərəcəsi” və “funksional pozğunluğu” qrafalarına heç bir qeyd aparılmamışdır. Buna görə də əlillik təyinatı aparmaq mümkün olmamış və əsaslı olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Bildilir ki, qiymətləndirmə tarixində qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi- Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə»nin 4.2-ci bəndinə görə “Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7-ci bəndinə görə isə “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” İddiaçıya səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlərdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamışdır. Buna görə də əlillik təyininin aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarları verilmişdir. Göstərilənləri nəzərə alaraq, İPM-in 47.2-ci maddəsinə və AR Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə uyğun olaraq məhkəmədən iddianın təmin olunmaması xahiş edilir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 1 – 3-cü hissələri ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”, “X2 Nizamnaməsi”, “Dövlət Tibbi-Sosial Ekspertiza və X1” təsdiq edilmişdir. Fərmanın 5-ci hissəsi ilə müəyyən edilmişdir ki, (5.1) bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, X3, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İşin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini (vəkilini) dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» 1-ci bəndinə görə - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Qeyd olunmalıdır ki, məhkəmənin 7 sentyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi AR SN Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə olunmuşdur: - xx xxxxxx 1957-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar aşkar olunur? - bu xəstəlik və qüsurlar ona hər hansı qrup əlillik dərəcəsi verilməsinə əsas verirmi? 7 sentyabr 2020-ci il tarixli qərardadın icrası üzrə AR Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin 13 noyabr 2020-ci il tarixli məktubu ilə həmin qurumun T 283/2020 nömrəli ekspert rəyi məhkəməyə təqdim olunmuşdur. Rəydə göstərilmişdir ki, 1957-ci il təvəllüdlü İddiaçı adına tərtib olunmuş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlir: - Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən o, “beyin qan dövranının kəskin pozğunluğu, beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanma və ya daralma nəticəsində törənən beyin infarktı, mülayim ifadəli motorafaziya, deviasiya, kəskin asteno-nevrotik vəziyyət, essensial hipertenziya İİİ mərhələ, keçirilmiş işemik insultun nəticələri”ndən əziyyət çəkir və bu xəstəliklər onun müxtəlif tibb müəssisələrində müalicələri zamanı həm klinik, həm də baş beyinin KT, MRT müayinələri ilə təsdiq olunmuşdur. Hal-hazırda onda müəyyən edilmiş “baş beyin multi infarktı, arterial hipertenziya, təkrari baş beyin qan dövranının kəskin pozulmasının (işemik insult) qalıq əlamətləri, sağ tərəfli hemiparez və motorafaziya” xəstəlikləri AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əsasnamənin meyarlarına” uyğun olaraq ona İİ qrup əlillik dərəcəsi verilməsinə uyğun gəlir. «İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, işdə olan ekspertiza rəyinə əsasən İddiaçı səhhətində mövcud olan xəstəliklər ona (iddiaçıya) əlilliyin təyin olunmamasına əsas verir. Nəzərə alınmalıdır ki, məhkəmə icraatda iş üzrə xüsusatlar nəzərə alınaraq ekspert rəyi ilə razılaşmamaq üçün hər hansı hal müəyyən etməmişdir. MPM-in 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. İmtinada göstərilən “iddiaçının müayinəsi üzrə tibb müəssisəsinin cavabdehə ünvanladığı məlumatların tam olmaması”na gəldikdə isə, məhkəmə vurğulayır ki, bu hal formal xarakterli olduğundan iddiaçıya əlilliyin təyin olunmasından imtina üçün əsas kimi çıxış edə bilməz. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Odur ki, məhkəmənin qənaətinə görə inzibati orqanın imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı müraciət edilən tarixdən əlillik dərəcəsinin verilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə və İPM-in 23.1, 69, 81, 85-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA A L D İ: İddia təmin edilsin. İddiaçı müraciət edilən tarixdən əlillik dərəcəsinin verilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-879/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-879/2021
09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver