Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-879/2022 18.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab olunması və əlillik dərəcəsinin etibarsız hesab edildiyi tarixdən bərpa olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) 18.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra - Cavabdeh) ərizə ilə müraciət edərək, iddiaçının İİ qrup əlilliyinin etibarsız hesab edilməsi səbəbinin bildirilməsini və əlilliyinin bərpa edilməsini xahiş etmişdir. Müraciəti cavablandırılmadığından 20.04.2021-ci il tarixdə İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının İİ qrup əlilliyinin etibarsız hesab edilməsi səbəbinin bildirilməsini və əlilliyinin bərpa edilməsi, həmçinin əlilliyinin etibarsız hesab edilməsi dövrü ərzində ona ödənilməmiş əmək pensiyasının tam həcmdə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 25.06.2021-ci il tarixli qərardadı ilə Sumqayıt şəhəri 2 nömrəli şəhər poliklinikası hazırkı məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı daha sonra 14.03.2022-ci il tarixli məhkəmə iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab olunması və əlillik dərəcəsinin etibarsız hesab edildiyi tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı tərəfindən 30 iyun 2020-ci il tarixdən İİ qrup əlilliyinin etibarsız hesab edilməsi səbəbinin bildirilməsini və əlilliyinin bərpa edilməsi ilə bağlı bir neçə dəfə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktubla müraciət olunmuş, iddiaçıya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ünvanlanan 04 noyabr 2020-ci il tarixli məktubda iddiaçının tələbi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı 18 fevral 2020-ci il tarixdə Agentliyə rəsmi qaydada müraciət etmiş, yalnız bu günə qədər iddiaçının tələbi ilə bağlı ona heç bir cavab verilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi 25.06.2021-ci il tarixli iddiaya etirazında göstərmişdir ki, iddiaçının əlillik vəziyyəti Sumqayıt 2 nömrəli şəhər poliklinikasının 10.08.2018-ci il tarixli 0530003AAEN9 saylı göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi:Ümumi xəstəlik; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C60-C63 - Kişi cinsiyyət orqanlarının bədxassəli yenitörəmələri => C62 - Xayanın bədxassəli yenitörəməsi => C62.0 - Xayalığa enməmi...; Diaqnozun mətni: Xayanın bədxassəli yenitörəməsi.Sol xayanın seminoması. İll mər.Kombinə olunmuş müalicədən sonrakı vəziyyət.KDM və cərrahi əməliyyat.Orxo seminoma; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00-C97)” əsas gətirilməklə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 2 nömrəli şəhər poliklinikasının 24.10.2018-ci il tarixli 0530003AAEQY saylı göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi:Hərbi xidmət dövrü ilə əlaqədar; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C60- C63 - Kişi cinsiyyət orqanlarının bədxassəli yenitörəmələri => C62 - Xayanın bədxassəli yenitörəməsi => C62.0 - Xayalığa enməmi...; Diaqnozun mətni: Xayanın bədxassəli yenitörəməsi, Sol xayanın seminoması. İll mər.Kombinəolunmuş müalicədən sonrakı vəziyyət. (KDM və cərrahi əməliyyat)Patohistoloji rəy N1428/07D Orxo seminoma.Yenitörəmələr zamanı müşahidə olunan anemiya (C00-D48); Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00-C97)” əsas gətirilməklə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 2017-2020-ci il illər ərzində rəsmiləşdirilmiş göndərişlər əsasında aktiv əmək müqaviləsi olub əlillik təyinatı aparılmış 8711 nəfərə dair məlumatlar iki mərhələdə araşdırılma aparılması üçün müəyyənləşdirilmişdir. Aydın olmuşdur ki, 776 nəfərə dair göndərişlərdə qeyd olunan stasionar və ambulator müalicə tarixlərində həmin şəxslərə əmək haqqı ödənilmiş və onlara əlillik təyinatı zamanı əsas götürülmüş müalicə müddətlərinə dair məlumatlar təsdiqini tapmamışdır, buna görə də iddiaçının əlillik təyinatı 02.06.2020-ci ildən etibarsız hesab edilmişdir. İddiaçı barəsində qərar 2020-ci il iyun ayında verilsə də o, 2021-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddia müddətini ötürmüşdür. Qeyd olunanları nəzərə alaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi isə etiraza uyğun çıxış edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı onun barəsində cavabdeh tərəfindən edilmiş faktiki xarakterli hərəkətin hüququnu pozduğunu iddia edərək bu iddiaya cavab verməli orqana qarşı hazırkı iddianı qaldırmış, bunun üçün onun subyektiv hüququ olmuş, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmişdir. Cavabdeh etirazında hazırkı iddianı mübahisələndirmə haqqında iddiaya aid edərək 30 günlük müddətin ötürülməsi əsası ilə iddianın mümkün sayılmamasını xahiş etmişdir. Lakin işdən cavabdehin iddiaçı barəsində hər hansı əlverişsiz inzibati akt qəbul etməsi müəyyən olunmur. İddiaçı cavabdeh barəsində faktiki xarakterli hərəkət edərək elektron sistem vasitəsilə onun əlilliyini etibarsız hesab etmiş, iddiaçı isə əlillik dərəcəsinin bərpası barədə hazırkı iddianı qaldırmışdır, hansı ki, bu iddia növü öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin iddia növü ilə bağlı inzibati prosessual qanunvericilikdə isə hər hansı iddia müddəti nəzərdə tutulmamışdır. Buna görə də cavabdehin etirazının bu dəlili əsaslı sayıla bilməz. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti Sumqayıt 2 nömrəli şəhər poliklinikasının 06.08.2018-ci il tarixli, 0530003AAEN9 saylı göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi:Ümumi xəstəlik; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C60-C63 - Kişi cinsiyyət orqanlarının bədxassəli yenitörəmələri => C62 - Xayanın bədxassəli yenitörəməsi => C62.0 - Xayalığa enməmi...; Diaqnozun mətni: Xayanın bədxassəli yenitörəməsi. Sol xayanın seminoması. İll mər.Kombinə olunmuş müalicədən sonrakı vəziyyət. KDM və cərrahi əməliyyat. Orxo seminoma; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00-C97)” əsas gətirilməklə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyəti Sumqayıt 2 nömrəli şəhər poliklinikasının 16.10.2018-ci il tarixli, 0530003AAEQY saylı göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C60- C63 - Kişi cinsiyyət orqanlarının bədxassəli yenitörəmələri => C62 - Xayanın bədxassəli yenitörəməsi => C62.0 - Xayalığa enməmi...; Diaqnozun mətni: Xayanın bədxassəli yenitörəməsi, Sol xayanın seminoması. İll mər.Kombinəolunmuş müalicədən sonrakı vəziyyət. (KDM və cərrahi əməliyyat)Patohistoloji rəy N1428/07D Orxo seminoma. Yenitörəmələr zamanı müşahidə olunan anemiya (C00-D48); Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00-C97)” əsas gətirilməklə beş il müddətinə əlillik dərəcəsi verilmiş, əlillik müddəti 24.10.2023-cü il tarixədək müəyyən edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə məktub ünvanlayaraq göstərmişdir ki, 2017-2020-ci illər ərzində rəsmiləşdirilmiş göndərişlər əsasında aktiv əmək müqaviləsi olub əlillik təyinatı aparılmış 8711 nəfərə dair məlumatlar iki mərhələdə araşdırılma aparılması üçün müəyyənləşdirilmişdir. İlkin mərhələdə araşdırılan 3868 nəfərə aid məlumatlar Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) "Sığorta edənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərin emalı" altsistemində olan məlumatlarla qarşılaşdırılmış və müəyyən olunmuşdur ki, həmin şəxslər barədə rəsmiləşdirilən göndərişlərdə stasionar və ambulator müalicə müddətinə dair qeydlər olmasına baxmayaraq həmin şəxslərə sözügedən dövr ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən hər hansı bir ödəniş aparılmamışdır. Əlavə olaraq 3868 nəfər üzrə rəsmiləşdirilmiş göndərişlərdə qeyd olunan stasionar və ambulator müalicə tarixləri MEİSin "Əmək müqaviləsi" və "Sığorta" altsistemlərində olan məlumatlar əsasında, fərdi qaydada, bir-bir yoxlanılmışdır. Müəyyən olunmuşdur ki, 776 nəfərə dair göndərişlərdə qeyd olunan stasionar və ambulator müalicə tarixlərində həmin şəxslərə əmək haqqı ödənilmiş və onlara əlillik təyinatı zamanı əsas götürülmüş müalicə müddətlərinə dair məlumatlar təsdiqini tapmamışdır. Digər 3092 nəfər barədə məlumatların emalı zamanı bəzi şəxslərə dair işəgötürən tərəfindən məcburi dövlət sosial sığortası üzrə hesabatların verilməməsi, bəzilərinin isə məlumatlarının təhlil aparılması üçün yetərli olmaması səbəbindən araşdırılması mümkün olmamışdır. İkinci mərhələdə araşdırılması nəzərdə tutulmuş 4843 nəfərlə bağlı təhlillər aparılmışdır. Göstərilənləri nəzərə alaraq siyahıda adları qeyd olunmuş 776 nəfərə aparılmış əlillik təyinatlarının etibarsız edilməsi məqsədəmüvafiqdir. Bununla əlaqədar Nazirlik yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə tapşırıq verilməsi xahiş olunmuşdur. Sözügedən məktuba əlavə edilmiş siyahının 215-ci sırasında iddiaçının adı da qeyd olunduğundan növbəti müayinə tarixi 24.10.2023-cü il olmasına baxmayaraq cavabdeh tərəfindən Əlillik altsistemində İddiaçı əlilliyinin qiymətləndirilməsi 02.06.2020-ci il tarixdən etibarsız hesab edilmişdir. İddiaçı hazırda cavabdehin bu hərəkətinin qanunsuz hesab edilməklə onun əlilliyinin bərpa edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Bu o deməkdir ki, istənilən halda, şəxs üçün əlverişsiz olan hər bir inzibati hərəkət üçün qanuni əsas mövcud olmalı, inzibati orqanın müdaxilə edə bilmək səlahiyyəti qanundan irəli gəlməli, müdaxilə “qanuna uyğun” olmalıdır. Cavabdehin hərəkətinin qanuna uyğun olmasının yoxlanılması ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. -4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Lakin hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh apardığı araşdırma nəticəsində iddiaçının stasionar və ambulator müalicə tarixlərində ona əmək haqqı ödənilməsi və ona əlillik təyinatı zamanı əsas götürülmüş müalicə müddətlərinə dair məlumatların təsdiqini tapmaması əsası ilə əlillik təyinatını mübahisələndirmiş, buna görə də iddiaçıya təyin edilmiş əlilliyi etibarsız hesab etmişdir, hansı ki, istinad olunan qanunvericilikdə əlilliyin etibarsız hesab edilməsi anlayışı mövcud deyildir. Qanunla şəxsin hüququna belə bir müdaxilə nəzərdə tutulmadığından məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçının əlilliyini etibarsız hesab etməkdən ibarət hərəkətinin qanuni əsası olmamışdır. Həmçinin cavabdeh bu zaman iddiaçını əyani müayinəyə cəlb etməmiş, onun barəsində qəbul edilmiş inzibati aktın nəticəsini şübhə altına almaqla onun nəticələrini ləğv edərkən, iddiaçının dinlənilmə hüququnu təmin etməmiş, ayrıca akt formasında qərar qəbul etməmişdir. Bununla cavabdeh eyni zamanda inzibati icraat haqqında qanunvericiliyin tələblərini də pozmuşdur. Çünki inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə və bununla bağlı ayrıca inzibati akt qəbul etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir (Azərbaycan Respublikası Ali Məhkəməsinin 12.01.2022-ci il tarixli, 2-1(102)-159/2022 qərarı). İşin yuxarıda sadalanan halları ilə cavabdehin iddiaçıya təyin edilmiş əlilliyin etibarsız hesab olunmasından ibarət hərəkətinin həm inzibati, həm də əlillik üzrə münasibətləri tənzimləyən qanunvericiliyə zidd olması müəyyən olunduğundan məhkəmə hesab edir ki, bu hal hazırkı iddianın əsaslı olması qənaətinə gəlmək üçün kifayətdir (bununla bağlı oxşar mövqe yuxarı instasiya məhkəmələrinin qərarlarında da təsbit edilmişdir). İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri qanunsuz hesab olunsun və İddiaçı əlillik dərəcəsinin etibarsız hesab edildiyi 02.06.2020ci il tarixdən bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-879/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-879/2022
18.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver