Məhkəmə qərarları › İş №2-1(112)-8790/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8790/2021

14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8790/2021 14.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı cərimənin silinmədiyinə görə hərəkətlətin qeyri-qanuni hesab edilməsi və maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Baş X2 İdarəsinin EQ-nin ləğv edilməsi barədə qərarlarının icra edilmədiyinə, qanunsuz hərəkətsizlik edildiyinə və Azərbaycan Respublikası BDYP-si cərimələri silmədiyinə görə hərəkətlərinin qeyri-qanuni hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 09.02.2021ci il tarixli, 3(012)-4/2021 saylı qərarı ilə Azərbaycan Respublikası DİN-yi BDYPİ-si tərəfindən qəbul edilmiş 25.03.2019-cu il tarixli, EQ908752 saylı EQ-rı ləğv edilmiş və başlanmış inzibati iş üzrə icraata xitam verilmişdir. Abşeron Rayon Məhkəməsi tərəfindən təkrar olaraq Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 25.03.2019-cu il tarixli inzibati qərarı 07.05.2021-ci il tarixdə ləğv edilmiş, inizbati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən BDYPİ-nin 18.02.2019-cu il tarixli qərarı 26.02.2021-ci il tarixdə ləğv edilərək, inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Binəqədi DYPŞ-nin əməkdaşları 30.12.2019-cu il tarixdə saat 10:10 radələrində istifadəsində olan AZ-**-FG-*** dövlət nömrə nişanlı 09 markalı avtomobillə hərəkət edərkən onu saxlatmış və avotomobili cərimə meydançasına yerləşdirmişlər. Sonradan ona təqdim edilmiş imzasız və möhürsüz protokolda göstərilmişdir ki, sürücülük vəsiqəsində müvafiq “B” kateqoriyası olmadığına görə Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsini pozmuşdur. Binəqədi DYPŞ-nə və Baş X2 İdarəsinə müraciət etdikdə məlum olmuşdur ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-si protokollar yazıb və qərarlar qəbul etmiş, heç vaxt yaşamadığı - qeydiyyatda olmadığı-ünvan 1 ünvanına göndərmişlər. O, Xocavənd rayonundan məcburi köçkündür. 15.10.2017-ci ildən Abşeron rayonu, Mehdiabad qəsəbəsi Qarant şəhərciyi bina 4, mənzil 88 -də məskunlaşdırılmışdır. Dəfələrlə DİN-nin Baş X2 İdarəsinə rəsmi şikayətlər verərək EQ-ın qanunsuz və əsasız olduğunu bildirilmiş, qərarlardan məlumatın olmadığını bildirmiş ləğv edilərək, icaata xitam verilməsini və avtomobilin üzərinə qoyulmuş məhdudiyyətin götürlməsini xahiş etmişdir. Lakin heç bir tədbir görülməmiş, isifadədə olan avtomobil ona qaytarılmamışdır. Qanunsuz hərəkətsizlik nəticəsində iddiaçının istifadəsində olan avtomobili texniki baxışdan keçirə bilmir. Çünki əsassız və qanunsuz yazılmış cərimə silinmir. Cərimə silinməsə texniki baxışdan keçmək münkün deyil. BDYP-nə 21.05.2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin DYPİ-in EQ-rın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərarlarını rəsmi qaydada təqdim etmişdir. Lakin BDYPİ-si qanunsuz hərəkətsizlik edir, məhkəmə qərarlarını icra etmir və hüquqları pozmaqda davam edir. Cərimələri yazmada və artırmaqda davam edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. 27.08.2021-ci il tarixdə iddiaçı tərəfindən İPM-nin 54-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin artırılması barədə ərizə təqdim olunmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, o, dəfələrlə BDYPİ-nin rəhbər vəzifəli şəxslərinin qəbulunda şəxsən olub, məhkəmə qərarlarının icra edilməsini və avtomobilin üzərinə qoyulmuş məhdudiyyətin götürlməsini xahiş etmişdir. Lakin məhkəmə qərarları icra etməkdən imtina edilmiş, qərarlardan apellyasiya şikayəti veriləcəyi bildirilmiş lakin verilməmişdir. Cavabdeh cərimə məbləğini artırmaqda davam edir. Belə ki, 6482660, 198533, 6717049, 6738180, 7431810, ******* saylı protokollar üzrə icra qərarının qüvvəyə minməsi barədə iddiaçıya “asanpay.az”la məlumatlar hazırda istifadəsində olan mobil nömrəyə göndərilir. Cərimə texniki baxışdan keçmədiyinə görə hesablanır, cavabdeh digər tərəfdən avtonəqliyyat vəsitəsinin üzərindən məhdudiyyəti götürmür. Göründüyü kimi cavabdeh qanunsuz hərəkətsizlik edir, məhkəmə qərarlarını icra etmir və hüquqlarını pozmaqda davam edir. 2019-cu ilin dekabr ayının 30-dan başlayaraq iddiaçıya vurulmuş maddi zərər aşağıdakı qaydada hesablanıb ödənilməlidir: - avtomobil Binəqədi rayon, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən pullu cərimə meydançasından çıxarmaq üçün gözətçiyə 200 manat ödənilib. avtomobili çıxarmaq üçün Binəqədi DYPŞ-nə 200 manat; 11 ay hər gün gecələr sərnişin daşımaqla ailəsini doladırırdı və orta hesabla hər gün 40 manat pul qazanırdı. 330 x 11=330 gün edir. Cəmi: 330 x 40 manat = 13.200 manat; poçt, kağız, çap və s. 500 manat xərclənib. Avtomobil üzün müddət dayandığına görə mexaniki hissələr sıradan çıxmış, banı çürümüş, rəngi solmuşdur. Ona görə də əsaslı təmirə ehtiyac yaranmışdır; dəmirçi -qaynaq işləri və rənglənməsinə 1500 manat xərclənib; mühərrikin qabaq salnikinin dəyişdirilməsi 60 manat; mühərrikin (qolovka) açılması, klapanların dəyişdilməsi 90 manat; mühərrikin dirsəkli valının açılması və sıxılması 120 manat; sürətlər qutusunun salnikinin dəyişdirilməsi 60 manat; akumlyatorun dəyişdilməsi 55 manat; mühərrikin yağ kəfkirinin dəyişdilməsi 60 manat; maddi zərərin cəmi: 17.300 manatdır. Bundan başqa,qanunsuz hərəkət və hərəkətsizlik nəticəsində ona mənəvi zərər vurulmuşdur. Qanunsuz hərəkətlər nəticəsində dəfələrlə iztirablar keçirmiş, sağlamlığı çiddi şəkildə pozulmuş və əzab çəkmişdir. Mənəvi zərərə görə cavabdeh ona beş yüz min (500.000) manat ödəməlidir. Göstərilənlərə əsasən Abşeron Rayon Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəmələrinin Azərbaycan Respublikası BDYPİ-nin EQ-ın ləğv edilməsi barədə qərarları icra etməkdən imtina etdiyinə görə qanunsuz hərəkət (hərəkətsizlik) etdiyinə, cərimələri silmədiyinə və avtomobilin üzərinə qoyduğu məhdudiyyəti götürmədiyinə görə hərəkətlərinin qeyri-qanuni (qanunsuz) hesab edilməsi, vurulmuş maddi zərərə görə 17.300 manat, vurulmuş mənəvi zərərə görə 500.000 (beş yüz min) manat, ümumilikdə 517.160 (beş yüz on yeddi min yüz altmış) manat pulun cavabdeh- Azərbaycan Respublikası DİN-yi BDYPİ-dən iddiaçının xeyrinə tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, iddiaçı və cavabdeh müvafiq olaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və məhkəmə iclasına gəlmədiyindən, məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki; Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-503/2020 saylı 18 noyabr 2020-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 3(012)-662/2020 saylı, 21 avqust 2020-ci il tarixli qərarı ləğv edilərək, EQ 909074 saylı 25.03.2019-cu il tarixli protokol əsasında qəbul edilmiş 25.03.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət üzrə materialın yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 3(012)-4/2021 saylı 09 fevral 2021-ci il tarixli qərarı ilə şikayət təmin edilərək, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə tənbeh edilərək 10 manat məbləğində cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-nin BDYPİ-si tərəfindən qəbul edilmiş 25.03.2019-cu il tarixli EQ 908752 saylı qərarının ləğv edilməsi və başlanmış inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-110/2021 saylı 26 fevral 2021-ci il tarixli qərarı ilə İddiaçı barəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən tərtib edilmiş 18.02.2019-cu il tarixli EQ 710419 saylı qərarından verilmiş şikayətin təmin edilməməsinə dair Abşeron Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi, İnzibati materialın yenidən araşdırılması üçün Abşeron rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 3(012)-336/2021 saylı 07 may 2021-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinib 10 manat inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 25.03.2019-cu il tarixdə qəbul edilmiş EQ 909074 saylı qərardan İddiaçı şikayəti əsaslı olduğundan təmin edilmişdir. Azərbaycan Respublikası DİN-nin BDYPİ-si tərəfindən İddiaçı barəsində 25.03.2019-cu il tarixdə qəbul edilmiş EQ 909074 saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 3(012)-713/2021 saylı 08 may 2021-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinib 50 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin EQ 710419 saylı qərardan İddiaçı şikayəti əsaslı olduğundan təmin edilmişdir. Azərbaycan Respublikası DİN-nin BDYPİ-si tərəfindən İddiaçı barəsində 18.02.2019-cu il tarixdə qəbul edilmiş EQ 710419 saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçının müraciətlərinə cavab olaraq Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş 29.12.2020-ci il tarixli 016-120165-1220 №li məktubla bildirilmişdir ki, “VAZ 2109” markalı ** FG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun tərəfindən idarə edilməsi zamanı barəsində çıxarılmış elektron qərarlardan bir qismi üzrə aidiyyati məhkəməyə müxtəlif tarixlərdə verilmiş şikayətlər məhkəmə tərəfindən təmin edilməmişdir. İddiaçı hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində inzibati xətalara dair işlər üzrə çıxarılmış məhkəmə qərarlarının icrası öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 139-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın icrası bütün dövlət orqanları, bələdiyyələr, vəzifəli şəxslər, fiziki şəxslər, hüquqi şəxslər üçün məcburidir. inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın icraya yönəldilməsi vəzifəsi hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə qoyulur. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərar bu Məcəllədə və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada icra edilir. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən məhkəmələr tərəfindən baxılan inzibati xətalara dair işlər üzrə inzibati cərimə tətbiq edilməsi barədə qərarlar, bu Məcəllənin 142, 143, 144.1, 145, 146.3, 147, 150.2, 150.8, 150.9 və 150.10-cu maddələrinin tələbləri nəzərə alınmaqla, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq icra edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi məhkəmələrin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, qərarların icrasına nəzarət isə onların çıxarmış məhkəmə (hakim) tərəfindən həyata keçirilir. Bu zaman, məhkəmə qərarının icrası üçün yeni məhkəmə qərarının çıxarlması qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan əlavə iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın əvəzinin cavabdehdən tutulmasını tələb edir. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsində qeyd olunan tələblə (maddi və mənəvi ziyanın tutulması) bağlı cavabdeh inzibati orqana heç bir müraciət olunmamışdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı cərimənin silinmədiyinə görə hərəkətlətin qeyri-qanuni hesab edilməsi və maddi və mənəvi zərərin ödənilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar