Məhkəmə qərarları › İş №2-1(112)-8790/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8790/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8790/2022 13.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «əmrin ləğv edilməsi və iddiaçının xidmətə bərpa edilmiş və qanuni əsaslarla ehtiyata buraxılmış hesab edilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «əmrin ləğv edilməsi və iddiaçının xidmətə bərpa edilmiş və qanuni əsaslarla ehtiyata buraxılmış hesab edilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində bildirir ki, iddiaçı (İddiaçı) cavabdeh Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin üzərinə onun daxili işlər orqanlarından xidmətdən xaric edilməsinə dair 25 fevral 1970-ci il tarixli 225 saylı əmrinin ləğv edilərək daxili işlər orqanlarında xidmətə bərpa edilmiş və qanuni əsaslarla ehtiyata buraxılmış hesab edilməsi ilə bağlı öhdəlik qoyulmasını xahiş edir. O, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 25 fevral 1970-ci i! tarixli 225 saylı əmrinə əsasən Bakı şəhər Daxili İşlər İdarəsinin yol nəzarəti divizionunun yol nəzarəti baş inspektoru vəzifəsindən xaric edilmişdir. Həmin tarixədək onun xidmət müddəti 08 il 06 ay 24 gün təşkil etmişdir. Cavabdeh iddiaçını rəis heyəti adına xələl gətirən hərəkətlər törətmək əsası ilə xaric etmişdir. Bununla bağlı cavabdeh 13 fevral 1970-ci il tarixli SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən göndərilmiş protokola əsaslanmışdır. Həmin əmr və onun əsasını təşkil edən protokol iddiaçıya uzun müddət təqdim edilməmişdir. Həmin qərar və protokol ona cavabdehə qarşı qaldırdığı “qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətlərinin ikiqat ölçüdə hesablanmaqla əmək pensiyasının təyin edilməsinə dair məlumat vərəqəsinin aidiyyəti qaydada göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair” qaldırdığı iddia üzrə Bakı İnzibati Məhkəməsində gedən məhkəmə icraatı çərçivəsində bəlli olmuşdur. Həmin icraat çərçivəsində qeyd edilən sənədlərin surətləri iddiaçıya təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsi həmin iş üzrə 3 dekabr 2020-ci il tarixli qərar çıxararaq onun iddiasını rədd etmişdir. Həmin qərardan müvafiq olaraq apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi 4 may 2021-ci il tarixdə apellyasiya şikayətini rədd etmiş və o, müvafiq olaraq kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi 17 noyabr 2021-ci il tarixdə kassasiya şikayətini rədd etmişdir. Onun (iddiaçının) daxili işlər orqanlarından xaric edilməsinə dair əmr qanunsuz və əsassızdır, buna görə də ləğv edilməlidir. Onun daxili işlər orqanlarından xaric edilməsinin əsasını 13 fevral 1970-ci il tarixli DTK-dan göndərilmiş protokol təşkil edir. Həmin protokola əsasən guya o, qanunsuz əməllərə yol vermişdir. Həmin protokolun məzmunu yalançı şahidlərin verdikləri izahatlar və onun etirafedici ifadəyə məcbur edilməsi əsasında hazırlanıb. Ona görə də həmin protokol etibarsız hesab edilməli və onun əsasında qəbul edilmiş əmr də öz növbəsində ləğv edilməlidir. «İnzibati icraat haqqında» Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazlı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İddiaçının barəsində qəbul edilmiş inzibati akt, yəni 25 fevral 1970-ci il tarixli əmr üzrə işin faktiki hallarını təsdiq edən sübutlar qanunsuz surətdə əldə edilmişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi həmin sübutlar yalançı şahidlərin izahatlarına və ondan məcburetmə əsasında götürülmüş izahata əsaslanmışdır. Hər iki sübut növü qanunsuz olduğundan onların əsasında qəbul edilmiş əmr də qanunsuz sayılmalıdır. Bundan əlavə, onun barəsində daxili işlər orqanlarından xaric edilməsinə dair əmr ləğv ediləcəyinə görə o, qanuni şəkildə daxili işlər orqanlarında xidmətə bərpa edilməli və yaş səbəbi ilə qanuni əsaslarla ehtiyata buraxılmalıdır. Göstərilənlərə və İPM-in 32, 36.1, 45-ci maddələrinə əsaslanaraq, məhkəmədən cavabdeh Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin üzərinə 25 fevral 1970-ci il tarixli 225 saylı əmrin ləğv edilərək iddiaçının daxili işlər orqanlarında xidmətə bərpa edilmiş və qanuni əsaslarla ehtiyata buraxılmış hesab edilməsi ilə bağlı öhdəlik qoyulması barədə qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan iclasın keçirilməsini mümkün saydı. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi (dəyişdirilməsi) barədə ərizə təqdim etmiş və iddianın “DİO-da xidməti ilə bağlı xidmət illəri güzəştli şərtlərə 21 il 24 gün olduğu nəzərə alınaraq iddiuçıya xidmət illərinə görə pensiyanın təyin edilməsi üçün qanunla nəzərdə tutulan məlumat vərəqəsinin göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın dəyişdirilməsinin qəbuıl olunmasını və təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddianın dəyişdirilməsinin qəbulundan imtina edilməli və iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maaddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının 11 sentyabr 1964-cü il tarixli Mülki Prosessual Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 780-İQ nömrəli Qanununa görə qüvvədən düşmüşdür) 243-2-ci maddəsinə görə dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin məhkəməyə şikayət verilməli olan hərəkətlərinə elə kollegial və təkbaşına hərəkətlər aid edilir ki, bunların nəticəsində 1) vətəndaş, hərbi qulluqçu və ya kollektiv qanunun və ya digər normativ aktın ona verdiyi hüququ tamamilə və ya qismən həyata keçirmək imkanından qanunsuz olaraq məhrum edilmiş olsun, 2) vətəndaş, hərbi qulluqçu və ya kollektivin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun. Həmin Məcəllənin 243-5-ci maddəsinə görə vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət edildikdən sonra, ərizəçi bir ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 26-cı fəslinin 297 və 298-ci maddələrinə (Məcəllənin 26-cı fəsli 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə çıxarılmışdır) görə - (maddə 297.1) Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində şəxsin hüquq və azadlıqları pozulmuş olsun, şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın, şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin; - (maddə 297.2) Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar, qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar. Həmin Məcəllənin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 779-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 19-cu maddəsinə görə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, həm mübahisə predmeti olan 25 fevral 1970-ci il tarixli əmrin qəbul olunduğu dövrdə, həm də ondan sonrakı vaxtda (1 yanvar 2011-ci il tarixədək, yəni «İnzibati icraat haqqında» Qanun və İPM qüvvəyə minənədək) qüvvədə olan qanunvericilik normaları – 1964-cü il tarixli Mülki Məcəllənin və Mülki Prosessual Məcəlləsinin müddəaları dövlət hakimiyyəti orqanının aktlarının etibarsızlığı barədə iddiaların verilməsi üçün 1 ay müddət müəyyən etmişdir. Üçüncü şəxsə yönəlmiş əlverişli inzibati aktla bağlı buraxılmış iddia müddəti ilə əlaqədar tətbiq olunan yeni qanunların qəbul edilməsi və qüvvəyə minməsi əvvəlki dövrdə buraxılmış iddia müddətinin nəticələrini aradan qaldırmır. Müvafiq dövrlərdə qüvvədə olan normalarda dövlət hakimiyyəti orqanının aktlarının “etibarsızlığı” nəzərdə tutulsa da, bu, özündə həm də həmin aktların mübahisələndirilməsini ehtiva etmişdir. Hazırkı işin hallarına görə mübahisə predmeti olan 25 fevral 1970-ci il tarixli əmrin iddiaçıya məlum olma tarixi konkret təsdiqlənməsə də, iddiaçının həmin inzibati akt (əmr) barədə xidmətin xüsusiyyətləri baxımından əmrin qəbul edildiyi ərəfədə məlumlı olması təkzibolunmazdır. Odur ki, məhkəmə buraxılmış prosessual müddətin bərpası ilə bağlı sübut və dəlillər təqdim edilməsinin də iddiaçıya təklif olunmasa zərurət görməmişdir. Bununla da, belə nəticə əldə olunur ki, iddiaçı iddianı iddia müddəti buraxılmaqla qaldırdığından, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil və bu səbəbdən də iddia mümkün sayılmamalıdır. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddianın dəyişdirilməsinə gəldikdə isə, məhkəmənin qənaətinə görə ilkin iddiaya inzibati məhkəmə iocraatı qaydasında baxılması yolverilən olmadığından, iddianın dəyişdirilmsənin qəbulu da məqsədəuyğun deyil. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 54.3-cü maddəsinə görə iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. İPM-in 83.4-cü maddəsinə görə bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və İPM-in 23.1, 35, 83, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddianın dəyişdirilməsinin qəbulundan imtina edilsin. İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar