Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8792/2021 10.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə qarşı “məhkəmə qərarlarının icrasının təmin edilməsi və vurulmuş mənəvi zərərə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 fevral 2019cu il tarixli, 2-1(81)-162/2019 nömrəli qərarı ilə xx.xx.2018-ci il tarixdən xidmətdə olmanın son yaş həddinə çatdığına görə, yəni 55 yaşdan yaşa görə əmək pensiyası təyin olunması və “Əmək pensiyaları haqqında” Qanunun 19.1.6-cı maddəsində nəzərdə tutulmuş 11 manat əlavənin və Bakı Apellyasiya Məhkəməsinin 15 may 2019-cu il tarixli 2-1(103)- 1147/2019 nömrəli qərarı ilə əmək pensiyasına əlavənin təminat xərcliyinin xx.xx.2017-ci il tarixə qədər olan dövr üçün müddətə 3 faizlə, xx.xx.2017-ci il tarixdən sonrakı müddətə 2 faizlə hesablanmaqla ödənilməmiş pensiya məbləğinin xx.xx.2017-ci il tarixdən hesablanaraq birdəfəyə ödənilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasının təmin edilməsi və Binəqədi rayon İcra Şöbəsinin əməkdaşının hüquqazidd hərəkətləri, vəzifə səlahiyyətlərinin icrasına laqeyd yanaşması, icra işini hərəkətsiz saxlaması, heç bir məcburi icra hərəkətləri həyata keçirməməsi nəticəsində keçirdiyi stres, narahatlıq, məyusluq, inamsızlıq, ümüdsizlik, mənəvi sarsıntı və sair kimi halları nəzərə alaraq 25.000 (iyirmi beş min) manat məbləğində vurulmuş mənəvi zərərə görə kompensasiyanın tutularaq ona ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2-1(81)-162/2019 nömrəli qərarı ilə xx.xx.2018-ci il tarixdən xidmətdə olmanın son yaş həddinə çatdığına görə, yəni 55 yaşdan yaşa görə əmək pensiyası təyin olunması və “Əmək pensiyaları haqqında” Qanunun 19.1.6-cı maddəsində nəzərdə tutulmuş 11 manat əlavənin ödənilməsi vəzifəsinin cavabdeh İdarəyə həvalə edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Bundan sonra o, iddia tələbinin təmin olunmayan hissəsi ilə bağlı şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2-1(103)-1147/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2-1(81)-162/2019 nömrəli qərarı iddia tələbinin təmin olunmayan hissəsində qismən ləğv edilmiş, ona əmək pensiyasına əlavənin, təminat xərcliyinin xx.xx.2017-ci il tarixə qədər olan dövr üçün müddətə 3 faizlə, xx.xx.2017-ci il tarixdən sonrakı müddətə 2 faizlə hesablanmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin xx.xx.2017-ci ildən hesablanaraq birdəfəyə ödənilməsinin cavabdeh İdarəyə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 21 avqust 2019-cu il tarixli 2-1(102)-2493/19 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 07 fevral 2019-cu il tarixli 2-1(81)-162/2019 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2-1(103)-1147/2019 nömrəli qərarları qüvvədə saxlanılmışdır. Bundan sonra məhkəmə qərarlarının icra olunması üçün icra vərəqi Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. Binəqədi rayon İcra Şöbəsi xx.xx.2020-ci il tarixli xx/xx-192985/2019-14 nömrəli məktubla icra vərəqini icra olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin hazırkı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarlarına əhəmiyyətsiz yanaşma nümayiş etdirməklə bu günə kimi məhkəmə qərarlarının icrasını həyata keçirməmiş, məhkəmə qərarlarında göstərilən qaydada ona yaşa görə əmək pensiyası təyin etməmiş və yenidən hesablamamışdır. Göstərilənlər bir daha Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əməkdaşlarının təkrarən, qəsdən və bilərəkdən şüurlu formada onun qanunla qorunan hüquqlarını pozduğunu və sosial təminat və mülkiyyət hüquqlarını qəsdən məhdudlaşdırdığını subut edir. Hazırkı vaxta kimi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əməkdaşlarının qanunsuz və hüquqazidd xarakterli hərəkətləri davam edir və məhkəmə qərarları icra edilmir. Yuxarıda göstərilən səbəblərdən, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əməkdaşlarının təqsiri nəticəsində pozulmuş hüquqlarının bərpası üçün ayrıca zaman ayırmaqla məhkəmədə iddia qaldırmış, həmin iddiadan ötrü dəfələrlə Bakı şəhərinə getmiş, stres yaşamış, bu səbəblərdən mənəvi sarsıntı və iztirablar keçirmiş, sağlamlığına zərər dəymiş, sağlamlığı pozulmuş, ona mənəvi ziyan dəymişdir. Göstərilən səbəblərdən Binəqədi rayon İcra Şöbəsinin Şakir adlı əməkdaşının öz vəzifə səlahiyyətlərini düzgün icra etməməsi, icra işini hərəkətsiz saxlaması, heç bir məcburi icra hərəkətləri həyata keçirməməsi, nəticədə Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarlarının uzun müddət icra olunmamasına səbəb olmuşdur. Binəqədi rayon İcra və X1 adlı əməkdaşının öz vəzifə səlahiyyətlərinin icrasına laqeyid yanaşması, haqsız və qanunsuz hərəkətləri, təkrarən onun qanunla qorunan hüquqlarını pozmuş, o, cümlədən sosial təminat və mülkiyyət hüquqlarının təkrarən məhdudlaşdırılmasına şərait yaratmışdır. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hazırkı iddianı mümkün hesab etmir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçının tələbi iki hissədən ibarətdir:
1. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2-1(81)- 162/2019 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin 15 may 2019-cu il tarixli 2-1(103)- 1147/2019 nömrəli qərarının icrasının təmin edilməsi;
2. cavabdehin hərəkət və hərəkətsizliyə görə ona vurulmuş 25.000 (iyirmi beş min) manat məbləğində kompensasiyanın tutularaq ödənilməsi. İ tələbə münasibətdə İş materialları ilə müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2-1(81)-162/2019 nömrəli qərarı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx.xx.2018-ci il tarixdən “xidmətdə olmanın son yaş həddinə çatdığına görə”, yəni 55 yaşdan “yaşa görə” əmək pensiyasının təyin edilməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun əvvəllər qüvvədə olmuş 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxıldığından təminat xərcliyinin 55 faizi məbləğində əlavənin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 19-cu maddəsinin 19.1.6-cı bəndində nəzərdə tutulmuş 11 manat əlavənin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qərardan iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 may 2019-cu il tarixli 2- 1(103)-1147/2019 saylı qərarı ilə cavabdehin şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati iqtisadi Məhkəməsinin 07 fevral 2019-cu il tarixli qərarının qismən ləğv edilməsi, iddianın rədd edilən hissədə qismən təmin edilərək iddiaçıya əmək pensiyasına əlavənin təminat xərcliyinin xx.xx.2017ci il tarixinə qədər olan dövr üçün müddətə 3%-lə, xx.xx.2017-ci il tarixdən sonrakı müddətə 2%-lə hesablanmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin xx.xx.2017-ci ildən hesablanaraq birdəfəyə ödənilməsinin cavabdeh şöbəyə həvalə edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bu qərardan cavabdeh inzibati orqan tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 22 avqust 2019-cu il tarixli 2-1(102)-2493/19 nömrəli qərarı ilə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra birinci və apellyasiya instansiya məhkəməsinin qərarları icraya yönəldilmiş, 12 dekabr 2019-cu il tarixdə icra vərəqəsi verilmişdir. Binəqədi rayon İcra Şöbəsi tərəfindən 26 dekabr 2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borclu quruma 10 gün müddətində icranın könüllü olaraq təmin edilməsi təklif olunmuş, xx.xx.2019-cu il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İddiaçının tələbinin birinci hissəsi bu qərarların icrasının təmin olunmasıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 87.1-ci maddəsinə görə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə İnzibati Məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Həmin Qanunun 26-cı maddəsinə müvafiq olaraq icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Məhkəmə qeyd edir ki, icra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxıla bilməsi üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulan iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. İddiaçı isə məhkəmə qərarının icrasının təmin edilməsi üçün icra sənədini vermiş və icraya nəzarət etməli olan məhkəməyə şikayət formasında müraciət etməli olduğu halda, «iddiaçı» kimi müraciət etməklə, ayrıca inzibati iddia qaldırmışdır. İİ tələb münasibətdə İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 7.1-ci bəndində göstərilmişdir ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır........Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. Həmin Qərarın 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunan normaların tələblərindən çıxış etdikdə müəyyən olunur ki, inzibati orqanlara qarşı kompensasiya ödənilməsinə dair iddialar o zaman inzibati məhkəmə icraatında baxıla bilər ki, vurulmuş ziyan inzibati orqanın bilavasitə inzibati hüquq sahəsindəki fəaliyyəti (qərar, hərəkət və ya hərəkətsizliyi) nəticəsində vurulmuş olsun və bununla bağlı yaranmış mübahisə inzibati hüquq mübahisəsi olsun. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən doğan mübahisə isə inzibati mübahisə deyildir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi, eləcə də bu fəaliyyət gedişində vurulmuş ziyanla bağlı mübahisələrə inzibati iddia kimi baxıla bilməsi üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, yuxarıda qeyd edildiyi kimi icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 28.1-ci maddəsində göstərilmişdir ki, inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: - 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; -28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; - 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Göründüyü kimi inzibati icraatda olduğu kimi icra icraatının başlanmasına əsas kimi ərizə, şikayət və yaxud inzibati orqanın öz təşəbbüsü deyil, birbaşa onun üçün icra olunması nəzərdə tutulan məhkəmənin qanuni qüvvəsini almış qərarı çıxış edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir İnzibati aktın əsas xüsusiyyəti onun təkcə inzibati orqan tərəfindən qəbul edilməsi deyil, onun inzibati (publik) hüquq sahəsində yaranan ictimai münasibəti tənzimləyən hakimiyyət tədbiri olmasıdır. Bu mənada demək olar ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar publik hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönələn inzibati akt deyil, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyət gedişində qəbul edilən prosessual qərarlardır. Bu qərarlara isə məhkəmə araşdırmasının tərkib hissəsi və davamı kimi baxılmalıdır. Çünki məhkəmə qərarının icrası yuxarıda qeyd edildiyi kimi məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. Eyni zamanda, icra məmurları tərəfindən qəbul edilmiş qərarlar inzibati aktlar üçün nəzərdə tutulmuş “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 57-59cu maddələri qaydasında qəbul edilmir və həmin maddələrin tələblərinə uyğun tərtib edilmir. İcra məmurunun qərarları “İcra haqqında” Qanunun 85-ci maddəsi qaydasında qəbul edilir. Beləliklə, icra məmuru digər inzibati orqanlardan fərqli olaraq hüquq müəyyən etmir, o yalnız məhkəmənin icra sənədində müəyyən olunmuş tələblərini icra edir. Bu baxımdan icra məmurunun fəaliyyəti nəyisə yaratmır, dəyişdirmir, ləğv etmir, ona görə də onun fəaliyyəti müstəqil, hüquqmüəyyənedici hesab oluna bilməz. Bu icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş icraedici fəaliyyətdir. İcra sənədinin icrası ilə bağlı icra məmurunun qərar, hərəkət və ya hərəkətsizliyindən verilmiş şikayətlərə işin davamı kimi baxılmalı, icra icraatı çərçivəsində icra məmurunun icra sənədinin təmininə yönəlmiş fəaliyyətinin gedişində vurulmuş ziyan isə inzibati hüquq sahəsindəki fəaliyyət nəticəsində vurulmuş ziyan kimi qiymətləndirilməməli və bu mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması istisna edilməlidir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati orqanların inzibati hüquq sahəsinə aid olmayan hərəkətləri nəticəsində vurulmuş ziyanla bağlı analoji iddialar da vardır ki, həmin iddialara mülki məhkəmə icraatında baxılır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 7.1-ci bəndində göstərilmişdir ki, «İnzibati icraat haqqında» Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Mülki Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1101.1-ci maddəsinə görə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Həmin Məcəllənin 1101.2-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Göründüyü kimi inzibati orqanın iştirakı ilə bağlı bütün mübahisələr inzibati hüquq sahəsindəki mübahisə kimi qiymətləndirilmir. Yuxarıda qeyd edildiyi kimi inzibati orqanın cinayət-prosessual fəaliyyəti və inzibati xətalara dair işlər üzrə fəaliyyəti gedişində vurduğu ziyana o məntiqlə inzibati məhkəmə icraatında deyil, mülki məhkəmə icraatı qaydasında baxılır ki, bu fəaliyyət inzibati orqanın inzibati icraatın həyata keçirilməsi ilə bağlı fəaliyyəti deyildir və ziyan da həmin fəaliyyət gedişində vurulmamışdır. Belə olan halda analoji hal kimi demək olar ki, mülki işin, mülki prosesin bilavasitə davamı olan və öz hüquqi təbiətinə görə inzibati icraat hesab olunmayan icra sənədinin icrası ilə bağlı fəaliyyət gedişində icra qurumunun borclu və ya tələbkara vurulmuş ziyanla bağlı mübahisəsinə inzibati məhkəmə icraatında deyil, mülki məhkəmə icraatında baxılmalıdır. Beləliklə, məhkəmə sadalananlara əsasən hesab edir ki, iddiaçının hazırkı tələbi inzibati prosessal qanunvericiliyin tələblərinə əsasən mümkünlük şərtlərinə cavab vermir. Buna görə də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Səlma Salahova