Məhkəmə qərarları › İş №2-1(112)-8792/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8792/2023

11.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8792/2023 11.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya şəhid övladına görə pul kompensasiyansının ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya şəhid övladına görə pul kompensasiyansının ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçının övladı X7 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İddiaçı şəhid övladına görə ona müvafiq kompensasiya ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan 444 saylı Hərbi hissəyə müraciət etmişdir. Lakin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavab məktubu ilə həmin kompensasiyanın verilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin kompensasiya verilməsindən imtinası əsassızdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. İddiaçının şəhid oğlu kəşfiyyat böküyündə baş cavuş olmasına baxmayaraq, faktiki olaraq kəşfiyyat tapşırıqlarını həyata keçirmişdir və əməliyyat zamanı qəhrəmancasına şəhid olmuşdur. Bu faktı təsdiq edən video görüntülər, döyüş yoldaşları şahid kimi, sənədlər, arayışlar təsdiq edə bilər. Bütün qeyd olunalara əsasən hesab olunur ki, iddia tələbi əsaslıdır, qanunidir. İddiaçıya şəhid oğlu X6 görə kompensasiyanın verilməsi vəziləsi cavabdeh Müdafiə Nazirlliyinin üzərmə qovulmalıdır. İmtina məktubu 15 mart 2023-cü il tarixdə alınmışdır. Göstərilənlərə və «İnzibati icraat haqqında» Qanunun 2-ci maddəsinə, İPM-in 2.2, 33, 35-ci maddələrinə, «Dövlət rüsumu haqqında» Qanunun 9.1.12-ci maddəsinə əsaslanaraq, məhkəmədən iddiaçıya şəhid övladı X6 görə kompensasiyanın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (444 saylı Hərbi hissənin) iddia ilə bağlı məhkəmə ünvanlanmış yazılı etirazında bildirilir ki, İddiaçı ərizəsinə Müdafiə Nazirliyinin “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi üzrə Komissiya”sında baxılmışdır. Mərhum övladı gizir X1 tutduğu 218 saylı Hərbi hissənin kəşfiyyat bölüyünün baş çavuşu vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2020-ci il tarixli müvafiq əmrinə əsasən kəşfiyyat və əks-kəşfıyyat fəaliyyətinin subyektləri əməkdaşlarının siyahısına daxil edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan somra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İPM-in 12.4-cü maddəsinə əsasən proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan Beyləqan rayon Qeydiyyat şöbəsi tərəfindən 20 oktyabr 2020-ci il tarixdə verilmiş AZ-İİ 127095 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 6 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunda ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 20 oktyabr 2020-ci il tarixdə 540 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 27 noyabr 2020-ci il tarixli 1/A-15595 nömrəli arayışında bildirilir ki, gizir X7 6 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsinə əsasən X7 “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilir. İş materiallarından görünür ki, İddiaçı 28 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən ******* nömrəli “Şəhid ailəsi” vəsiqəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4 avqust 2022-ci il tarixli 1 saylı Bakı ASAN Xidmət mərkəzində Notariat Ofisinə ünvanlanmış məktubunda bildirilir ki, «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Qanunun 20.11ci maddəsinə əsasən Müdafiə Nazirliyi tərəfindən X2 ailəsinə ödəniləcək sığorta 47.181 manat məbləğində kompensasiyadan ibarətdir. X2 vərəsələrinin dairəsini müəyyən edərək, “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməsi Sizdən xahiş olunur. İş materiallarında olan surəti Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 218 saylı Hərbi hissənin tərkibində yaradılmış müvafiq komissiyanın sədri və üzvləri tərəfindən tərtib edilmiş və Hərbi hissə komandiri tərəfindən təsdiq edilmiş “X3 şəhid olması haqqında” 30 may 2022-ci tarixli aktda qeyd olunur ki, aktı imzalayan şəxslər (Hərbi hissənin hərbi qulluqçuları) Hərbi hissənin kəşfiyyat bölüyünün baş çavuşu vəzifəsində xidmət edən X3 digər hərbi qulluqçularla birlikdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən Müharibəsində bölüyün baş çavuşu olmasına baxmayaraq, döyüş qrupları ilə birgə düşmənin yerləşdiyi ərazidə kəşfiyyat (kəşfiyyat diversiya) fəaliyyətinin icrası ilə bağlı döyüş tapşırıqlarını yerinə yetirərkən Füzuli rayonunun Kənd Horadiz ərazisində şəhid olması barədə akt tərtib etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X4 ünvanlanmış məktubunda bildirilir ki, onun məhrum övladı gizir X1 tutduğu 218 saylı Hərbi hissənin kəşfiyyat bölüyünün baş çavuşu vəzifəsi Azərbaycan Respublikası Müdafiə nazirinin 2020-ci il tarixli müvafiq əmrinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarının siyahısına daxil edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alıb, Nazirlər Kabinetinin 180-24 nömrəli 23 noyabr 2004-cü il tarixli qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiyanın verilməsi Qaydaları”na uyğun tələb olunan kompensasiyanın ödənilməsi mümkün deyil. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanının, siyasi partiyanın, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərkətsizliyindən) inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanunun 12-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsinə əsasən şəhid – Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Qanunun 20.2-ci maddəsinə görə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. Həmin Qanunun 20.11-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. Həmin Qanunun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikası Prezidentinin «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında 3 avqust 2004-cü il tarixli 104 nömrəli Fərmanının 2.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 20.12-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Məhkəmə ilk növbədə cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında gətirdiyi – gizir (şəhid) X1 tutduğu vəzifənin kəşfiyyat və əks-kəşfıyyat fəaliyyətinin subyektləri əməkdaşlarının siyahısına daxil edilməməsi dəlilinə münasibət bildirir. Qeyd olunmalıdır ki, cavabdeh yazılı etirazında iddiaçının şəhid övladının sonuncu tutduğu vəzifənin kəşfiyyat və əks-kəşfıyyat fəaliyyətinin subyektləri əməkdaşlarının siyahısına daxil edilmədiyini bildirir və bu mövqeyini Müdafiə Nazirliyinin əmri ilə əsaslandırır. Lakin yazılı etirazda Nazirliyin istinad olunan əmrinin qəbul olunduğu il (2020ci il) qeyd olunduğundan, məhkəmə tərəfindən cavabdehə müraciət olunaraq, sözügedən əmrin və ya ondan çıxarışın məhkəməyə təqdim olunmasının zəruriliyi bildirilsə də, müraciət nəticəsiz qalmışdır. Belə olan halda, məhkəmə cavabdeh inzibati otqanın iddiaçının qaldırdığı məsələnin müsbət həllindən imtinasının əsası kimi təqdim etdiyi dəlil və sübutu formal xassəli qiymətləndirir. Bundan başqa nəzərə alınmalıdır ki, Müdafiə Nazirliyinin aidiyyəti qurumunun (218 saylı Hərbi hissəsinin) vəzifəli şəxslərindən ibarət Komissiyanın 30 may 2022-ci il tarixli aktında iddiaçının şəhid olmuş övladı X5 müvafiq hərbi hissənin məhz kəşfiyyat bölüyünün baş çavuşu vəzifəsini icra edən hərbi qulluqçu kimi Füzuli rayonunun ərazisində kəşfiyyat fəaliyyətinin icrası ilə bağlı döyüş tapşırığını yerinə yetirərkən həlak olması təsdiqini tapır. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan məhkəmə icraatında hərbi qulluqçu X5 şəhid olduğu tarixədək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularına verilən pul təminatını (təminat xərcliyini) almaması ilə bağlı hər hansı sübut da təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya şəhid övladı X6 görə «Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında» Qanunun 20.12-ci maddəsinə əsasən Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş müvafiq məbləğdə kompensasiyanın verilməsindən imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3, 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı şəhid övladına görə pul kompensasiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 52, 58.7, 62, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı şəhid övladına görə pul kompensasiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar